Məhkəmə qərarları › İş №e-2-2(113)-3109/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3109/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3109/2024 20.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqının ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9440 manat məbləğində borcun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh QSC arasında 23 avqust 2023-cü il tarixli 230823 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən Cavabdeh QSC iddiaçı şirkətə məxsus “Atlas Copco” markalı kompressoru icarəyə götürmüşdür. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri müddətində Cavabdeh QSC-nin “Atlas Copco” markalı kompressorun icarə xidmətinə görə "xxxx" MMC-yə borcu 9440 manat təşkil edir. Cavabdeh tərəf, yəni Cavabdeh QSC 230823 saylı, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 3.1-ci və 3.2-ci bəndlərinin tələblərini pozmuş və aylıq icarə ödənişləri həyata keçirilməmişdir. Dəfələrlə yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq, bu günədək borc ödənilməmiş və müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Həmçinin iddiaçı cavabdehə 28 mart 2024-cü il tarixində pretenziya məktubu göndərmiş, pretenziya məktubunun göndərilməsindən 10 iş günü müddəti keçməsinə baxmayaraq, hələ də heç bir ödəniş həyata keçirilməmişdir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

4. Cavabdeh QSC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh QSC arasında xx.xx.2023-cü il tarixli, 230823 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verənə məxsus hava kompressoru Model: Atlas Copco Xas77dd X1; Buraxılış ili: 2006; Mühərrik nömrəsi: AİP726827; Mühərrikin saatı: 2547; Rəngi: sarı, avadanlığı qəbul edən icarəçiyə saz vəziyyətdə təhvil verir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən aylıq icarə haqqı 4000 (dörd min) Azərbaycan manatı təşkil edir. Aylıq icarə haqqına ƏDV daxil deyildir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın sonundan gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir.

7. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 974754 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4720 manat təşkil edir.

8. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 136404 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4720 manat təşkil edir.

9. "xxxx" MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhviltəslim aktından görünür ki, aktda qeyd olunan hava kompressoru Model: Atlas Copco Xas77dd X1; Buraxılış ili: 2006; Mühərrik nömrəsi: AİP726827; Mühərrikin saatı: 2547; Rəngi: sarı icarəyə verən tərəfindən icarəçiyə təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. "xxxx" MMC və Cavabdeh QSC arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh QSC-nin xx.xx.2023-cü il tarixə "xxxx" MMC-yə 9440 manat borcunun olduğu qeyd edilmişdir. Üzləşdirmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. "xxxx" MMC tərəfindən Cavabdeh QSC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 10/24 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi

14. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 230823 saylı icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqaviləyə əsasən iddiaçı ona məxsus “Atlas Copco” markalı kompressoru cavabdehə icarəyə vermiş, cavabdeh xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üzrə icarə haqqını ödəməmişdir. İddiaçı həmin dövr üzrə cavabdehdən 9440 manat məbləğində ödənilməmiş icarə haqqının tutulmasını xahiş edir.

15. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh QSC-dən 9440 (doqquz min dörd yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu üzləşmə aktı və təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapır.

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 9440 (doqquz min dörd yüz qırx) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar