Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-311/2025 30.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ilk, iddiaçı "X3" MMC-nin cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “pulun tutulması” tələbi barədə qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X1, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk, İddiaçı "X3" MMC-nin cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “pulun tutulması” tələbi barədə qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 aprel 2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə cəmi 264.144,07 (iki yüz altmış dörd min yüz qırx dörd manat yeddi qəpik) manat borc olmaqla – bundan 245.000 (iki yüz qırx beş min) manat əsas, 18.293,38 (on səkkiz min iki yüz doxsan üç manat otuz səkkiz qəpik) faiz borcu və AR MMnin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün 850,68 (səkkiz yüz əlli manat altmış səkkiz qəpik) faiz borcunun, - 09 dekabr 2022-ci il tarixli kredit xətti müqaviləsi üzrə cəmi 180.237,79 (bir yüz səksən min iki yüz otuz yeddi manat yetmiş doqquz qəpik) manat borc olmaqla – bundan 170.000 (bir yüz yetmiş min) manat əsas, 7.428,07 (yeddi min dörd yüz iyirmi səkkiz manat yeddi qəpik) faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün 2.809,72 (iki min səkkiz yüz doqquz manat yetmiş iki qəpik) faiz borcunun, iş üzrə ödənilmiş 735 (yeddi yüz otuz beş) manat məbləğində dövlət rüsumunun cavabdeh “X3” MMC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “X3” MMC arasında bağlanmış 29 aprel 2020-ci il tarixli, 695/M saylı Kredit xətti müqaviləsinə əsasən borcalana 29 aprel 2021-ci il tarixinədək illik 16.5 (on altı tam onda beş) faiz dərəcəsi ilə 245.000 (iki üz qırx beş min) AZN məbləğində bərpa olunan kredit xətti açılmışdır. xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən kreditin illik faiz dərəcəsi 12% təyin edilmişdir. xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən qalıq borcun istifadə müddəti xx.xx.2024-cü il tarixinə artırılmışdır. Həmçinin tərəflər arasında bağlanılmış 09 dekabr 2022-ci il tarixli, 199/M saylı Kredit xətti müqaviləsinə əsasən borcalana 09 dekabr 2023-cü il tarixinədək illik 13 (on üç) faiz dərəcəsi ilə 170.000 (bir yüz yetmiş min) AZN məbləğində bərpa olunan kredit xətti açılmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********342 saylı xx.xx.2024-cü il tarixli və **********076 saylı xx.xx.2024-cü il tarixli bildirişlər göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir.
3. "X3" MMC cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, xx.xx.2022-ci il tarixli, HM/22/000/013305 nömrəli bank hesabı müqaviləsi üzrə "xxxx" MMC-nin «MUĞANBANK” ASC-də olan və xx.xx.2024-cü il tarixli tələbin güzəştinə dair müqaviləyə əsasən tələb hüququ Cavabdeh MMC-də olan 430.000 manat pulun İddiaçı ASC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, HM/22/000/013305 nömrəli bank hesabı müqaviləsi üzrə "xxxx" MMC-nin İddiaçı ASC-də olan cari hesabları üzrə 5.991.989,14 manat pul qalığı vardır. "xxxx" MMC xx.xx.2023-cü il tarixdə «MUĞANBANK” ASC-də olan olan cari hesablar üzrə pul vəsaitinin köçürülməsinə dair tələb irəli sürmüş, pul qalığının tələbi bank tərəfindən icra edilməmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC, Cavabdeh MMC və LPO «MUĞANBANK” ASC arasında “Tələbin güzəştinə dair” müqavilə bağlayaraq, əsas müqavilə üzrə «MUĞANBANK” ASC-nin "xxxx" MMC qarşısında olan "xxxx" MMC-nin İddiaçı ASC-dəki AZ33MUGA**********00753AZM00 nömrəli cari hesabındakı vəsaitdən 430.000 manat pul öhdəliyi Cavabdeh MMC-nin təsisçisi K.İbrahimova tərəfindən "xxxx" MMC-yə ödənilmişdir və "xxxx" MMC əsas müqavilənin 2.3.1ci bəndinə əsasən öhdəliyi İddiaçı ASC-dən tələb etmək hüququnu Cavabdeh MMC-yə güzəşt etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X5 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin olunması, qarşılıqlı iddia üzrə icraata xitam verilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2, ilkin iddianın qismən təmin olunması, qarşılıqlı iddianın tam təmin olunmasını məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya). 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia tam təmin olunmalıdır.
10. Məhkəmə ilk növbədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiasına münasibət bildirilməsini zəruri hesab edir.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti (borc alan) arasında xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 12 ay müddətinə, illik 16,5% olmaqla 245.000 manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür.
12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi”nə xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən borc verən tərəfindən borc alana “dövriyyə vəsaitinin artırılması” məqsədi ilə xx.xx.2021-ci il tarixinə qədər, illik 16.5% hesablamaq şərti ilə açılan 245.000 manat məbləğində olan kredit xəttinin istifadə müddəti bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinə qədər artırılması barədə razılığa gəlmişlər.
13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi”nə xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən illik 16.5% hesablamaq şərti ilə açılan 245.000 manat məbləğində olan kredit xəttinin mövcud borcuna hesablanan (əsas borc 245000, faiz 1235.19 AZN) illik faiz dərəcəsi 16.5%-dən 12%-ə endirilməsi barədə razılığa gəlmişlər.
14. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi”nə xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən illik 12% hesablamaq şərti ilə açılan 245.000 manat məbləğində olan kredit xəttinin istifadə müddəti bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinə qədər artırılması barədə razılığa gəlmişlər.
15. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi”nə 04.5.2023-cü il tarixli Əlavəyə əsasən illik 12% hesablamaq şərti ilə açılan 245.000 manat məbləğində olan kredit xəttinin istifadə müddəti bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixinə qədər artırılması barədə razılığa gəlmişlər.
16. Bundan əlavə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) Cavabdeh (borc alan) arasında xx.xx.2022-ci il tarixli, 199/M saylı “Kredit Xətti Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 12 ay müddətinə, illik 13% olmaqla 170.000 AZN məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür.
17. Müqavilələr, onlara Əlavələr tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.
18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
21. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
22. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
23. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gəlir.
24. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi” xx.xx.2024-cü il tarixə əsas borc 245.000 manat, faiz borcu 18.293,38 manat, əsas borca illik 5% hesablamaqla 850,69 manat olmaqla, cəmi 264.144,07 manat, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli, 199/M saylı “Kredit Xətti Müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə əsas borc 170.000 manat, faiz borcu 7.427,07 manat, əsas borca illik 5% hesablamaqla 2.809,72 manat olmaqla cəmi 180.237,79 manat təşkil edir.
25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5153/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 9/8946 nömrəli rəyə əsasən xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) kreditora ödənilməli məbləğ əsas borc üzrə 245.000 manat, faiz borcu üzrə 129.206,88 manat, xx.xx.2024-cü il tarixə (məhkəmə qərardadının çıxarıldığı tarix) əsas borc üzrə 245.000, faiz borcu üzrə 141.865,21 manat, xx.xx.2022-ci il tarixli, 199/M saylı “Kredit Xətti Müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarix) kreditora ödənilməli məbləğ əsas borc üzrə 170.000 manat, faiz borcu 22.100 manat, xx.xx.2024-cü il tarixə (məhkəmə qərardadının çıxarıldığı tarix) əsas borc üzrə 170.000 manat, faiz borcu üzrə 40.209,72 manat məbləğində müəyyən edilmişdir.
26. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, ilkin iddianı əsas və faiz borcu hissəsində qəbul etdiyini bildirmiş, əsas borca 5 faiz hesablanmaqla tələb edilən məbləğ hissəsində isə, iddianı qəbul etməmişdir.
27. Məhkəmə hesab edir ki, ilkin iddia tam əsaslı olmaqla təmin edilməlidir.
28. Belə ki, cavabdeh tərəf ilkin iddianı əsas və faiz borcu hissəsində qəbul etmiş və Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə təqdim edilən ekspert rəyində qeyd edilmiş məbləğlər təsdiqini tapmışdır.
29. Ona görə də, Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi”nə əsasən əsas borc 245.000 manat, faiz borcu 18.293,38 manat, əsas borca illik 5% hesablamaqla 850,69 manat, xx.xx.2022-ci il tarixli, 199/M saylı “Kredit Xətti Müqaviləsi”nə əsasən əsas borc 170.000 manat, faiz borcu 7.427,07 manat, əsas borca illik 5% hesablamaqla 2.809,72 manat məbləğində pul “X3” MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
30. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq əvəzi olaraq 735 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Bundan sonra Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaya qiymət verilməlidir.
32. İş materiallarından görünür ki, “MuğanBank“ ASC, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli tələbin güzəştinə dair müqavilə bağlanmışdır.
33. Qeyd edilmiş müqavilədən görünür ki, xx.xx.2022-ci il tarixli, HM/22/000/013305 nömrəli bank hesabı müqaviləsi üzrə "xxxx" MMC-nin “MuğanBank“ ASC-də olan cari hesabları üzrə 5.991.989,14 manat pul qalığı olmuşdur. "xxxx" MMC borclu bank müflis elan edilməmişdən əvvəl yəni, xx.xx.2023-cü il tarixdə «MUĞANBANK” ASC-də olan cari hesablar üzrə pul vəsaitinin köçürülməsinə dair tələb irəli sürmüşdür. Pul qalığının tələbi bank tərəfindən icra edilməmişdir və tələbin icra müddəti bitmişdir.
34. Qeyd edilmiş müqavilədən həmçinin görünür ki, “MuğanBank“ ASC-nin "xxxx" MMC qarşısında olan, "xxxx" MMC-nin “MuğanBank“ ASC-də olan cari hesabındakı vəsaitdən 430.000 manat pul öhdəliyi “X3” MMC-nin təsisçisi X2 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir və "xxxx" MMC əsas müqavilənin 2.3.1-ci bəndinə əsasən 430.000 manat pulu tələb etmək hüququnu “X3” MMC-yə vermişdir.
35. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il qərarı ilə “MuğanBank“ ASC müflis elan edilmiş və Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.
36. Məhkəmə iclasında “MuğanBank“ ASC-nin nümayəndəsindən "xxxx" MMC-yə aid pulun əmanət hesabı və yaxud cari hesab üzrə pulun olması dəqiqləşdirilmiş, “MuğanBank“ ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixli tələbin güzəştinə dair müqavilədə göstərildiyi kimi, cari hesabda olan pul olduğunu bildirmişdir.
37. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2- ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında (bax yuxarıda § 30) göstərilmişdir ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.
38. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, “Banklar haqqında” Qanunun 76- 82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır”.
39. Göründüyü kimi, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır.
40. Hazırkı işdən də, göründüyü kimi, "xxxx" MMC, öz cari hesabında olan pulun köçürülməsi ilə bağlı banka, onun müflis elan edilməsi ilə bağlı məhkəmə qərarı çıxmamışdan 14 gün əvvəl müraciət etsə də, tələbi icra edilməmişdir.
41. Bu baxımdan, qarşılıqlı iddiaçının ona güzəşt edilmiş 430.000 manat pulun geri qaytarılmasına dair tələbinin qanuni əsasını “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir.
42. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin (bax yuxarıda § 29) məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun.
43. Ona görə də, qarşılıqlı iddia üzrə tələbə mahiyyəti üzrə baxılmalıdır.
44. Qeyd edilmiş halları yəni, "xxxx" MMC-nin, “MuğanBank“ ASC-yə bank müflis elan edilməmişdən əvvəl yəni, xx.xx.2023-cü il tarixdə cari hesablar üzrə pul vəsaitinin köçürülməsinə dair tələb irəli sürdüyündən, bu tələbin bank tərəfindən icra edilmədiyindən, "xxxx" MMC-nin “MuğanBank“ ASC-də olan cari hesabındakı vəsaitdən 430.000 manat pulun tələb hüququnu “X3” MMC-yə güzəşt etməsini nəzərə alaraq Məhkəmə hesab edir ki, 430.000 manat məbləğində pul Ləğv prosesində olan “MuğanBank“ ASC-dən tutularaq “X3” MMC-yə verilməlidir.
45. Bundan başqa Məhkəmə, Ləğv prosesində olan “MuğanBank“ ASC-nin nümayəndəsinin Bankın xx.xx.2023-cü ildə müflis elan edildiyi, tələbin güzəştinə dair müqavilənin isə xx.xx.2024-cü il tarixdə bağlanması səbəbindən “X3” MMC-nin hazırkı tələb irəli sürmək hüququnun olmaması barədə dəlilini əsassız hesab edir.
46. Belə ki, Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.
47. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
48. Qeyd edilmiş maddədən də, göründüyü kimi, tələbin güzəştinə dair müqavilə, bank müflis elan edildikdən sonra bağlansa da, ilk sahibin ("xxxx" MMC) yerini “X3” MMC tutmuş və bununla da, "xxxx" MMC-nin sahib olmuş olduğu bütün hüquqlara malikdir.
49. Həmçinin Məhkəmə qeyd edir ki, qeyd edilən qarşılıqlı iddia üzrə tələbə hazırki icraat çərçivəsində baxılmalı olduğundan, tutulmuş məbləğlərin əvəzləşdirilməsi də, mümkündür.
50. Belə ki, əks yanaşma, bir tərəfin əsassız olaraq zənginləşməsi, digər tərəfin isə ağır durumuna düşməsi ilə nəticələnə bilməklə, mülki hüquq subyektlərinin bərabərliyi prinsipinin pozulması və hüququn ədalətlilik prinsipinin pozulmasına gətirib çıxara bilər.
51. Ona görə də, məhkəmə hesab edir ki, pul tələbləri qismən əvəzləşdirilməli, “X3” MMC-dən bankın xeyrinə tutulmuş cəmi 444.381,85 manat puldan İddiaçı ASC-dən tutulmuş 430.000 manat pul çıxılmalı və yekunda 14.381,85 (444.381,85-430.000) manat məbləğində pul “X3” MMC-dən tutularaq Ləğv prosesində olan “MuğanBank“ ASC-yə ödənilməlidir.
VI. Nəticə:
52. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. xx.xx.2020-ci il tarixli 695/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 245.000 (iki yüz qırx beş min) manat, faiz borcu üzrə 18.293 (on səkkiz min iki yüz doxsan üç) manat, 38 (otuz səkkiz) qəpik olmaqla, cəmi 263.293 (iki yüz altmış üç min iki yüz doxsan üç) manat, 38 (otuz səkkiz) qəpik məbləğində pul “X3” MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2020-ci il tarixli 695/M saylı kredit müqaviləsinə əsasən əsas borca illik 5 faiz hesablanmaqla 850 (səkkiz yüz əlli) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul “X3” MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2022-ci il tarixli 199/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 170.000 (bir yüz yetmiş min) manat, faiz borcu üzrə 7.428 (yeddi min dörd yüz iyirmi səkkiz) manat, 07 (sıfır yeddi) qəpik olmaqla, cəmi 177.428 (bir yüz yetmiş yeddi min dörd yüz iyirmi səkkiz) manat, 07 (sıfır yeddi) qəpik məbləğində pul “X3” MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2022-ci il tarixli 199/M saylı kredit müqaviləsinə əsasən əsas borca illik 5 faiz hesablanmaqla 2.809 (iki min səkkiz yüz doqquz) manat 72 (yetmiş iki) qəpik məbləğində pul “X3” MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qarşılıqlı iddia təmin edilsin. 430.000(dörd yüz otuz min) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq “X3” MMC-yə ödənilsin. Pul tələbləri qismən əvəzləşdirilsin. Yekun olaraq 14.381 (on dörd min üç yüz səksən bir) manat 85 (səksən beş) qəpik məbləğində pul “X3” MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 735 (yeddi yüz otuz beş) manat məbləğində pul “X3” MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov