Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3110/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un Cavabdeh MMCyə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC BOKT (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17400 manat pulun və 143 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 1 saylı icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (beton istehsalı zavodu), bu müqavilənin 1 saylı Əlavəsində göstərilən tikililəri, avadanlıqları, əşyaları (birlikdə bundan sonra “Əmlak” adlandırılacaq) İcarəçinin müvəqqəti istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş hər ay ƏDV xaric 6.000 (altı min) manat məbləğində icarə haqqınımüəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinin şərtlərinə əsasən icarəyə verilmiş Əmlak kompleksi 01 iyun 2022-ci il tarixli təhvil – təslim aktına əsasən Cavabdeh MMC-yə təhvil verilmişdir (Təhvil –təslim aktı hər iki hüquqi şəxsin səlahiyətli nümayəndəsinin imza və möhürü ilə təsdiq edilmişdir). Sözügedən icarə müqaviləsinə xitam verilməsi barədə tərəflər arasında xx.xx.2023-cü il tarixdə razılaşma imzalanmışdır (Razılaşma hər iki hüquqi şəxsin səlahiyətli nümayəndəsinin imza və möhürü ilə təsdiq edilmişdir). Həmin razılaşamaya əsasən xx.xx.2022-ci il tarixli, 1 saylı icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, razılaşma imzalandığı tarixə icarəçinin icarəyə verənə mövcud olan ƏDV xaric 23.400 (iyirmi üç min dörd yüz) manat məbləğində ödənilməmiş icarə haqqının ödənilməsi öhdəliyiniCavabdeh MMC-nin öz üzərinə götürməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh MMC tərəfindən 6000 (altı min) manat məbləğində ödəniş edilsədə, hazırki tarixə qalıq borcu 17.400 (on yeddi min dörd yüz) manat təşkiledir. İddiaçı tərəfindən öz növbəsində icarə haqqının ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə 20 noyabr 2023-cü il tarixli, 13-7/2-3- 15/3231/2023 nömrəli pretenziya məktubu göndərilərək məlumat verilmiş, tez bir zamanda borcun ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. “13” fevral 2024-cü il tarixdə icarə haqqının ödənilməsi tələbi ilə İddiaçı tərəfindən yenidən pretenziya məktubu göndərilmiş, lakin öhdəlik bu günə kimi yerinə yetirilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Budaqova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaçının nümayəndəsi E.Budaqova məhkəməyə yazılı ərizə ünvanlayaraq sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən icarə sahəsi olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə iddiaçının xüsusi mülkiyyətindədir.
8. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1 saylı icarə müqaviləsinə əsasən iddiaçı ona məxsus olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (beton istehsalı zavodu) icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərə icarəyə verənə ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən bir aylıq icarə icarə haqqı ƏDV xaric 6000 manat müəyyən olunmuşdur.
10. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 1 saylı icarə müqaviləsinin 1 saylı Əlavəsinə əsasən icarə obyektinə daxil olan əsas vəsaitlər göstərilmişdir.
11. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli təhvil aktına əsasən xx.xx.2022-ci il tarixli, 1 saylı icarə müqaviləsinə əsasən iddiaçı ona məxsus olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (beton istehsalı zavodu) icarəçiyə cavabdehə təhvil vermişdir.
12. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 1 saylı icarə müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli Razılaşmaya əsasən icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmiş, cavabdeh qalıq 23400 manat borcunu ödəməyi öhdəsinə götürmüşdür.
13. Ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 6000 manat pul ödənilmişdir.
14. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
17. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 1 saylı icarə müqaviləsi bağlanmış, icarə sahəsi xx.xx.2023-cü tarixdə cavabdehdən geri alınmış, icarə müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən ümumilikdə 23400 manat ödəniş edilməli olduğu halda, 6000 manat vəsait ödənilmiş, qalıq 17400 manat borc ödənilməmişdir.
19. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 17400 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 143 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 17400 manat məbləğində pul, ödənilmiş 143 manat dövlət rüsumu, ümumilikdə 17543 (on yeddi min beş yüz qırx üç) manat məbləğində pul tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova