Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3112/2024 05.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən İddiaçı Şəxsi İstehsalat və Komersiya Şirkətinə əsassız olaraq hesablanmış 23.170 (iyirmi üç min yüz yetmiş) manat məbləğində borcun **********00001 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ünvanda yerləşən **********00001 saylı abonent kodu olan İddiaçı X3 Şirkəti fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri daim vaxtlı vaxtında ödənilmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cu il tarixədək 23.179 manat miqdarında qaz sərfiyyati ilə bağlı borc bildirişi gəlmişdir. Səbəb kimi isə qəza nəticəsində havaya axan qaz sahəsində hesablanmış 23.179 manat borcun ödənilmə tələbini göstərirlər. 26 yanvar 2024-cü il tarixdə X7 Səhmdar Cəmiyyətinə müraciət edərək texniki baxış keçirilərək akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, qaz xəttinin 50-100 metrlik hissəsində ciddi korroziya aşkar edildi və bir neçə dəlik müəyyən olundu. Hazırda cavabdeh təşkilat tərəfindən tələb edilən borc məbləği qanunsuz tərtib edilmiş akt əsasında hesablanmışdır. Azəriqaz İB isə öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcu ona məcburi ödətdirməyə çalışır. Bəlli olan haldır ki onun fəaliyyət sahəsində (soyuducu və dondurucuların istehsalı) təbii qaz olmadan fəaliyyət göstərmək qeyri-mümkündür. Təbii qaz dayandırılacağı halda o müflis ola bilər. Göründüyü kimi, qeyri-yaşayış sahəsində qaz təchizatı dayandırılsa o fəaliyyət göstərə bilməyəcək. Cavabdeh İB tərəfindən barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan isə görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 məhkəməyə izahatında iddia müddətinin ötürüldüyünü bildirərək iddianın rədd olunmasını xahiş etdi.
4. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
AR NK-nin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın: 1.2-ci bəndinə əsasən balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi. - 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. - 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci madəsinə əsasən müayinə – istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə həyata keçirilən fəaliyyət; - texniki xidmət – istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin (bundan sonra – qaz qurğularının və qaz xətlərinin), tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işləri; - 6-3-cü maddənin 2-ci bəndinə əsasən müayinə aktında istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, o, bu Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən müayinə aktını tərtib etdikdən sonra 2 (iki) iş günü müddətində istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) texniki xidmətin göstərilməsi ilə bağlı müqaviləni sifarişli poçt göndərişi və ya istehlakçının razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir (göndərməlidir). İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) müqavilə şərtləri ilə razı olduqda 3 (üç) iş günü müddətində müqaviləni imzalayaraq qaz paylayıcısına onun təqdim edildiyi (göndərildiyi) üsulla təqdim edir, razılaşmadıqda isə həmin müddətdə seçdiyi ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti barədə məlumatı bu Qanunun 6-3-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan qaydada qaz paylayıcısına təqdim etməlidir. Tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət bu Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq yaşayış evlərinə münasibətdə istehlakçının seçdiyi ixtisaslaşmış podratçı, digər tikinti obyektlərinə münasibətdə isə bu Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinə uyğun olaraq ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir. - 4-cü bəndinə əsasən bu Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə uyğun keçirilən müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların tərtib edilmiş müayinə aktında göstərilmiş müddətdə, lakin bir aydan çox olmayan müddətdə aradan qaldırılması üçün istehlakçı qaz paylayıcısını və ya ixtisaslaşmış podratçını bunun üçün istifadə olunacaq mal-materialla təmin etməyə və ya onların, habelə görülmüş işin dəyərini ödəməyə borcludur. Texniki xidmət zamanı görülən işlərin siyahısı və onların dəyəri qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən təsdiq edilir və qaz paylayıcının və ya ixtisaslaşmış podratçının (olduğu halda) internet saytında yerləşdirilir, həmçinin bu Qanunun 6-3-cü maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulan müqaviləyə əlavə edilir, istifadə olunan mal-materialın dəyəri istehlakçı tərəfindən ödənilmək şərtilə qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edildikdə həmin mal-materialın dəyəri istehlakçı ilə qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı arasında razılaşma yolu ilə müəyyən edilir. Texniki xidmət zamanı istifadə olunan, o cümlədən qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edilən və dəyəri istehlakçı tərəfindən ödənilən malmaterialın, habelə görülən işlərin dəyəri texniki xidmət aktında qeyd edilir. Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş texniki xidmət aktlarının təhlili əsasında görülmüş işlərin dəyərinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiymətinə uyğunluğuna mütəmadi nəzarət edir, habelə əvvəlki ildə tərtib edilmiş texniki xidmət aktlarına əsasən onların orta qiymətini müəyyən edir və rəsmi internet saytında yerləşdirir. Qaz paylayıcısı və ya ixtisaslaşmış podratçılarla istehlakçılar arasında münasibətlər, eləcə də texniki xidmətin göstərilməsinə görə xidmət haqqının məbləği onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
9. İddia ərizəsinin məzmunundan və məhkəmə hazırlıq iclaslarında iştirak etmiş iddiaçı tərəfin izahlarından aydın olur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cu il tarixədək 23.179 manat miqdarında qaz sərfiyyatı ilə bağlı iddiaçıya borc bildirişi göndərilmiş, 26 yanvar 2024-cü il tarixdə X7 Səhmdar Cəmiyyəti tərəfindən texniki baxış keçirilərək akt tərtib olunmuş, aktda qaz xəttinin 50-100 metrlik hissəsində ciddi korroziyanın aşkar edildiyi və bir ədəd dəliyin müəyyən olunduğu qeyd olunmuş, cavabdeh tərəfindən tələb edilən borc məbləği qanunsuz tərtib edilmiş akt əsasında hesablanmış, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmiş, yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf məhkəməyə elektron qaydada ünvanladığı iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cu il tarixədək iddiaçının ünvanında hər hansı bir yoxlamanın aparılmadığını və iddiaçı barəsində hər hansı bir akt tərtib edilmədiyini, 23.170 manat məbləğində borcun sırf sayğac göstəricisi əsasında hesablandığını, X7 Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş aktda qeyd olunan korroziya və dəliyin iddiaçıya məxsus qeyriyaşayış sahəsinə quraşdırılmış qaz sayğacından sonra çəkilmiş qaz xətlərində aşkar edildiyini, qaz xəttinə də cavabdehliyi iddiaçının daşıdığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
11. İşə əlavə olunmuş X7 Səhmdar Cəmiyyətinin 26 yanvar 2024-cü il tarixli aktına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ünvanda yerləşən qaz təsərrüfatına baxış keçirilən zaman qaz xəttinin 50-100 metrlik hissəsində ciddi korroziyanın aşkar edildiyi və bir ədəd dəliyin müəyyən olunduğu qeyd olunmuşdur.
12. İş materiallarından görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixində “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” tərtib edilmiş və hər iki tərəfin təsdiq etdiyi akta əsasən qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi kimi layihədə qeyd olunan mənbəyə uyğun quraşdırılmış qaz sayğacı müəyyən olunmuşdur.
13. Göründüyü kimi, qaz paylayıcı ilə istehlakçı arasında balans mənsubiyyəti sərhədi kimi qaz sayğacı müəyyən olunmuşdur.
14. Aktdan da görünür ki, qaz xəttinin 50-100 metrlik hissəsində korroziya və bir ədəd dəlik qaz sayğacından sonra çəkilmiş qaz xəttində aşkar olunmuşdur.
15. Məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinin 2-ci və 4-cü bəndlərinin məzmunundan belə aydın olur ki, qaz sayğacına qədər baş vermiş hadisələrə görə qazpaylayıcı, qaz sayğacından sonrakı hissədə baş vermiş hadisələrə görə istehlakçı məsuliyyət daşıyır.
16. AR NK-nin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
17. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində cavabdeh tərəfindən tələb edilən 23.179 manat məbləğində borcun qanunsuz tərtib edilmiş akt əsasında hesablandığını və yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirsə də, 23.179 manat məbləğində borc məhz sayğacdan keçən qaz sərfiyyatına görə hesablanmış borcdur.
18. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov