Məhkəmə qərarları › İş №e-2-2(113)-3118/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3118/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3118/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olmaqla) iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış 27 noyabr 2018-ci il tarixli 15-B-/18 nömrəli, 17 yanvar 2019-cu il tarixli 02-B/19 nömrəli və 4 dekabr 2019-cu il tarixli 13-B-/19 nömrəli müqavilələrə əsasən ümumilikdə yaranmış 659.964,59 manat məbləğində borcun və 949.96 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 27 noyabr 2018-ci il tarixli 15-B-/18 nömrəli borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə texniki auditin keçirilməsi məqsədilə 142.529 manat məbləğində borc verilmişdir. Həmçinin tərəflər arasında olan 17 yanvar 2019-cu il tarixli 02-B/19 nömrəli müqaviləyə əsasən isə 334.924 manat məbləğində, 4 dekabr 2019-cu il tarixli 13- B-/19 nömrəli müqaviləyə əsasən isə iddiaçı tərəfindən cavabdehə 250.000 manat məbləğində borc verilmişdir. Cavabdeh tərəfindən hər üç müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmədiyinə görə 659.964,59 manat məbləğində ödənilməyən borc qalmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli 2979 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC haqqında 28 fevral 2023-cü il tarixli 45 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh ASC adlandırılmış, bununla əlaqədar hüquqi şəxslərin dövlət reyestr məlumatlarında müəyyən dəyişikliklər edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müvafiq olaraq dövlət qeydiyyatına alınmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdehə 6 fevral 2024cü il tarixli 13-5/2-0052/2024 nömrəli pretenziya məktubu ünvanlanaraq Müqavilə üzrə 2 fevral 2024-cü il tarixinə ödənilməyən 659.964,59 manat məbləğində ödənilməyən borcun 5 (beş) gün ərzində iddiaçıya tələb olunmuş, lakin Cavabdeh bu günə kimi ödəniş etməmişdir. Beləliklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 659.964,59 manat məbləğində pulun ödənilməsi tələb olunur.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3118/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

4. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsində göstərilən 27 noyabr 2018-ci il tarixli 15-B-18 nömrəli müqaviləyə görə verilən borc 27 fevral 2019-cu il tarixində, 17 yanvar 2019-cu il tarixli -02-B/19 nömrəli müqaviləyə görə 17 aprel 2019-cu il tarixində, 4 dekabr 2019-cu il tarixli 13-B-/19 nömrəli müqaviləyə görə 04 noyabr 2020-ci il tarixlərində tam ödənilib qurtarmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 373.2-ci və 373.3- cü maddəsinə görə müqavilə tətləbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Mülki Məcəllənin 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlayır. Həmin Məcəllənin 379-cu maddəsində iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar göstərilmişdir və maddədə göstərilən halların heç biri sözügedən mübahisəyə aid edilə bilməz. İddiaçının təqdim etdiyi borcun etirafı barədə 04 iyun 2021-ci il tarixli müqavilə cavabdeh tərəfin iradə ifadəsi olmadığına görə (cavabdeh müqavilə imzalanan zaman İddiaçının tabeliyində idi) həmin müqavilə iddia müddətinin axımının kəsilməsinə səbəb olmamalıdır. Razılaşma isə cavabdehin iddiaçının tabeçiliyindən çıxmasına cəmi 18 gün qalmış bağlanmışdır. Əgər cavabdehin belə məqsədi olsaydı o bunu daha əvəllər edə bilərdi. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edir ki, iddia müddətinin tətbiqi hüquq münasibətləri iştirakçılarını intizamlandırır, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istina etməsini aradan qaldırır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Əmiraslanova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında borc müqavilələri imzalanmış, borcun bir qismi qaytarılmış, qalıq borcu cavabdeh xx.xx.2021-ci il tarixə qədər ödəməyi öhdəsinə götürsə də, borc ödənilməmişdir. Bundan əlavə, iddiaçı cavabdehin üçüncü şəxsə olan öhdəliklərini icra etmiş, cavabdehin əvəzinə üçüncü şəxsə olan borcu (34982 manat, 17491,14 manat və 17491,14 manat olmaqla) ödəmiş, lakin cavabdeh ödənilmiş həmin vəsaiti iddiaçıya qaytarmamışdır. Bu səbəbdən iddia təmin edilməli, borc müqavilələri üzrə 590000 manat, habelə cavabdehin kreditoruna ödənilmiş vəsaitin əvəzi qismində 69964,59 manat pul tutularaq iddiaçıya ödənilməlidir. İddia müddətinin tətbiqi barədə ərizə əsassızdır, belə ki, borc müqavilələri üzrə iddia müddəti ərzində cavabdeh borcunu etiraf etmiş, 590000 manat borcu qaytarmağı öhdəsinə götürmüş, beləliklə iddia müddətinin axımı kəsilmişdir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edib iddia ərizəsinə yazılı etirazın, habelə iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi A.Hüsiyev iddia ərizəsinə etiraz etdiyini bildirdi.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli, 02- B/19 nömrəli borc müqaviləsinə görə Borc verən ("xxxx" ASC) bu Müqavilənin 1.3-cü bəndində göstərilən pul məbləğini dövriyyə vəsaitinin formalaşdırılması məqsədilə Borc alana ("xxxx" MMC) verməyi, Borc alan isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Müqavilənin 1.2-ci maddəsinə görə müqavilə üzrə borc 17 aprel 2019-cu il tarixinədək verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır.

12. Müqavilənin 1.3-cü maddəsinə görə müqavilə üzrə borc məbləği 334 924 (üç yüz otuz dörd min doqquz yüz iyirmi dörd) manatdır.

13. Müqavilənin 3.2-ci maddəsinə görə borc borc verənə köçürmə yolu ilə qaytarılır.

14. 18.01.2019-cu il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına 334 924 manat pul vəsaiti köçürülmüşdür.

15. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli, 13- B/19 nömrəli borc müqaviləsinə görə Borc verən ("xxxx" ASC) bu Müqavilənin 1.3-cü bəndində göstərilən pul məbləğini dövriyyə vəsaitinin formalaşdırılması məqsədilə Borc alana ("xxxx" MMC) verməyi, Borc alan isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Müqavilənin 1.2-ci maddəsinə görə müqavilə üzrə borc 04 noyabr 2020-ci il tarixinədək verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır.

17. Müqavilənin 1.3-cü maddəsinə görə müqavilə üzrə borc məbləği 250000 iki yüz əlli min) manatdır.

18. Müqavilənin 3.2-ci maddəsinə görə borc borc verənə köçürmə yolu ilə qaytarılır.

19. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına 250000 manat pul vəsaiti köçürülmüşdür.

20. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 27 noyabr 2018-ci il tarixli, 15- B/18 nömrəli borc müqaviləsinə görə bu müqavilə Borc verən ("xxxx" ASC) tərəfindən Borc alana ("xxxx" MMC) 2-ci şüşəbişirən sobanın istehsalat xəttində olan avadanlıqların istismara yararlılığını müəyyən etmək məqsədilə texniki auditinin keçirilməsi üçün Borc alanın müraciətinə əsasən 142529 (Bir yüz qırx iki min beş yüz iyirmi doqquz) manat məbləğdə borcun verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

21. Müqavilənin 2.2-ci maddəsinə görə borc 27 fevral 2019-cu il tarixinə qədər olan müddətə verilir.

22. 28.11.2018-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına 142 529 manat pul vəsaiti köçürülmüşdür.

23. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 04 iyun 2021-ci il tarixli, BE 4/21 nömrəli borc etirafı müqaviləsinə görə Borc alan ("xxxx" MMC) etiraf edir ki, onunla Borc verən ("xxxx" MMC ) arasında bağlanmış 15-b/18 nömrəli xx.xx.2018-ci, 02-b/19 nömrəli xx.xx.2019-cu, 13-b/19 nömrəli xx.xx.2019-cu il tarixli borc müqavilələri üzrə bu Müqavilə imzalandığı tarixə ümumilikdə 590 000 (beş yüz doxsan min) manat məbləğində pul borcu yaranmışdır.

24. Müqavilənin 1.2-ci maddəsinə görə bu Müqavilə üzrə Borcun son qaytarılma müddəti xx.xx.2021-ci il tarixi müəyyən edilir.

25. "xxxx" ASC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, R1/23 saylı razılaşmaya əsasən bu razılaşma ilə iddiaçı, xx.xx.2018-ci il tarixli 001 nömrəli müqavilə üzrə "xxxx" MMC-nin "xxxx" MMC-yə olan 2022-ci ilin noyabr və dekabr ayları üzrə yaranmış 34982,28 manat məbləğində qalıq borcunun və "xxxx" MMC-nin özəlləşdirmə prosesi başa çatanadək yaranacaq aylıq 17491,14 manat məbləğində xidmət haqqının ödənilməsini, "xxxx" MMC isə "xxxx" ASC tərəfindən ödəniləcək məbləğlərin xx.xx.2023-cü il tarixədək hissə-hissə və ya birdəfəlik ödənilməsini, "xxxx" MMC isə müqavilə ilə müəyyən edilən əmlakların mühafizəsini təmin etməyi öhdəsinə götürür.

26. İddiaçı tərəfindən həmin Razılaşma üzrə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə 17491,14 manat, xx.xx.2023-cü il tarixdə 17491,14 manat, xx.xx.2023-cü il tarixdə isə 34982,28 manat pul vəsaiti ödənilmişdir.

27. Cavabdehlə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli Müəssisənin mühafizəsi haqqında 001 saylı müqavilə bağlanmış, müqavilənin xx.xx.2021-ci il tarixli əlavəsi ilə aylıq xidmət haqqının 17491,14 manat olması razılaşdırılmış, "xxxx" MMC tərəfindən cavabdehə həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli elektron qaimələr təqdim edilmişdir.

28. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 45 nömrəli Sərəncamı ilə "xxxx" MMC Cavabdeh ASCyə çevrilmiş, hazırkı cavabdeh "xxxx" MMC-nin hüquqi varisidir.

29. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

35. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

36. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli borc müqavilələri bağlanmış, iddiaçı həmin müqavilələrdən irəli gələn öhdəliklərini icra edərək ümumilikdə 727453 manat vəsaiti nağdsız qaydada cavabdehə vermiş, cavabdeh tərəfindən öhdəlik qismən icra edilərək, qalıq 590000 manat vəsait qaytarılmamışdır.

37. Cavabdeh iddiaya bu hissədə etiraz edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir.

38. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia müddəti keçməmişdir.

39. Belə ki, xx.xx.2018-ci il tarixli borc müqaviləsində öhdəliyin icrasının son günü xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə xx.xx.2019-cu il, xx.xx.2019cu il tarixli müqavilə üzrə isə xx.xx.2020-ci il müəyyən edilmişdir.

40. Həmin müqavilələr üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ərzində tərəflər arasında borcun etirafı barədə xx.xx.2021-ci il tarixli müqavilə bağlanaraq öhdəliyin icrası müddəti uzadılaraq borcun qaytarılmasının son günü kimi xx.xx.2021-ci il müəyyən edilmiş, göründüyü kimi iddia müddətinin axımı kəsilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi vermiş, bununla da iddia müddəti ötürülməmişdir.

41. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli borc müqavilələri üzrə qalıq 590000 manat borcun qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir.

42. Bundan əlavə, materiallardan görünür ki, "xxxx" ASC, "xxxx" MMC və "xxxx" MMC arasında borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, R1/23 saylı razılaşma bağlanmış, iddiaçı tərəfindən həmin Razılaşma üzrə "xxxx" MMC-yə cavabdehin əvəzinə xx.xx.2023-cü il tarixdə 17491,14 manat, xx.xx.2023-cü il tarixdə 17491,14 manat, xx.xx.2023-cü il tarixdə isə 34982,28 manat pul vəsaiti ödənilmişdir.

43. Cavabdeh bu hissədə iddiaya etiraz edərək, həmin müqavilənin əsası olmadığını, cavabdehin "xxxx" MMC-yə hər hansı borcu olmadığını bildirir.

44. Məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edir.

45. Belə ki, cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Müəssisənin mühafizəsi haqqında” 001 saylı müqavilə və müqavilənin xx.xx.2021-ci il tarixli əlavəsinə əsasən aylıq xidmət haqqının 17491,14 manat olması razılaşdırılmış, "xxxx" MMC tərəfindən cavabdehə həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli elektron qaimələr təqdim edilmişdir.

46. Bu səbəbdən məhkəmə hesab edir ki, üçtərəfli razılaşma üzrə iddiaçı cavabdehin əvəzinə "xxxx" MMC-yə ödədiyi 69964,56 manat vəsaiti hazırda cavabdehdən tələb etməkdə haqlıdır.

47. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin borc müqavilələri və borcun ödənilməsi barədə razılaşmaya əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən borc müqavilələri üzrə yaranmış 590000 manat, borcun ödənilməsi barədə razılaşmaya əsasən yaranmış 69964,56 manat, ümumilikdə 659964,59 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 994,96 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC-dən 659964,59 manat məbləğində pul, ödənilmiş 949,96 manat dövlət rüsumu, ümumilikdə 660914,55 (altı yüz altmış min doqquz yüz on dörd manat əlli beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar