Məhkəmə qərarları › İş №e-2-2(113)-312/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-312/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-312/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarə müqavilə üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 19 fevral 2021-ci il tarixdə “Sahənin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən: - 1. İcarəyə verən» soyuducu anbarın (Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev prospekti (Xırdalan) ev 38) 12 m2 hissəsini (bundan sonra Sahə) «İcarəçiyə» icarəyə verməyi, «İcarəçi» isə həmin Sahəni icarəyə qəbul edərək bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqının «İcarəyə verənə» ödəməyi öhdəsinə götürür. - 2. Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 18 fevral 2022-ci il tarixinədək qüvvədədir. Müqavilə müddətinin bitməsinə 1 ay qalanadək Tərəflər müqavilənin xitamı barədə yazılı bildiriş vermədikdə Müqavilə daha bir 1 il müddətinə uzadılır və Tərəflər ona xitam verənədək qüvvədə qalır. - 5. İcarə haqqı 1 təqvim ayı üçün 160 manat (ƏDV daxil) məbləğində müəyyən edilir. - 6. «icarəçi» icarə haqqını «icarə verənin» hesablaşma hesabına və ya qanunla müəyyən olunan şərtləri riayyət etməklə nəğd ödəyir. Ödəmə müddəti - hər ay üçün həmin ayın 5-i. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC tərəfindən 2021-ci il fevral ayı (xx.xx.2021-xx.xx.2021) üçün icarə haqqına dair (8,24 manat ƏDV daxil) 54 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 532267 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

3. İddiaçı MMC tərəfindən 2021-ci il mart ayı üçün icarə haqqına dair (24,41 manat ƏDV daxil) 160 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 149759 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

4. İddiaçı MMC tərəfindən 2021-ci il aprel ayı üçün icarə haqqına dair (24,41 manat ƏDV daxil) 160 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 727506 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

5. İddiaçı MMC tərəfindən 2021-ci il may-iyun ayları üçün icarə haqqına dair ümumilikdə (48,82 manat ƏDV daxil) 320,02 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 054240 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq icarə haqqı borcunun 3 gün ərzində ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı icarə müqavilə üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən icarə müqaviləsi üzrə ödənilməmiş cəmi 694 manat məbləğində borc və mediasiya sessiyasının keçirilməsinə dair xidmət haqqı 40 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən iddiaçı ona məxsus Soduducu Anbarın 12 kv.m hissəsini 01 il müddətinə hər ay 160 manat məbləğində icarə haqqını ödəmək şərti ilə icarəyə vermişdir. Lakin cavabdeh Müqavilə özrə öhdəliklərini pozmaqla icarə haqqını ödəməmiş və cəmi 694 manat məbləğində borcu yaranmışdır.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21.1, 443.1 və 445.2.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

14. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

17. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

18. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 19 fevral 2021-ci il tarixli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə razılaşdırılmış icarə haqqı qarşılığında soyuducu anbarın (Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev prospekti (Xırdalan) ev 38) 12 m2 hissəsini cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin 19 fevral 2021-ci il tarixli müqavilə üzrə cəmi icarə haqqı borcu 694 manat təşkil edir.

22. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləi üzrə icarəyə verilmiş sahəyə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən ümumilikdə 694 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.

23. Hazırkı iş üzrə 40 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.

24. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 30 manat təşkil edir.

25. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 694 manat məbləğində icarə haqqı borcu və çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar