Məhkəmə qərarları › İş №e-2-2(113)-3142/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3142/2025

14.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3142/2025 14.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim etdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında 724,23 manat məbləğində pulun və ödənilmiş 30,4 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin həmin Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-nin 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Hazırkı iş üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin sahibliyində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2024-ci il tarixli RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində sığortalı Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin sahibliyində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh sahibliyində olan 21 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2525 nömrəli dəymiş zərərin hesabatından görünür ki, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin sahibliyində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (qeyriyaşayış sahəsi) subasma nəticəsində 3225 manat məbləğində zərər vurulmuşdur. Həmçinin iş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativinin 30 sentyabr 2024-ci il tarixli subasma hadisəsinə dair arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi aparatının yerləşdiyi 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində birliyə məxsus daşınmaz əmlaka (qeyri-yaşayış sahəsinə) binanın yuxarı mərtəbəsi, yəni Cavabdeh sahibliyində olan 21 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər dəymişdir. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2024-cü il tarixli CFİ-0174/2024-AKT342/24 nömrəli aktla iddiaçı tərəfindən sığortalı Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə 2500 manat azadolma və s. məbləğlər çıxılmaqla 724,23 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, iddianın faktiki əsasına görə iddiaçı ilə Səbail Rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi arasında icbari sığorta müqaviləsi bağlanmış, sığorta hadisəsi baş vermiş, sığortalıya sığorta ödənişi edilmişdir. Sığorta hadisəsinin Cavabdeh sahibliyində olan 21 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində baş verdiyi qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, hazırda cavabdehə yönələn tələb sığorta hadisəsinin ona məxsus mənzildən axan su nəticəsində baş verməsinə əsaslanır. Bu isə həmin münasibətdə cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar hüquq və vəzifələr daşımasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə fərdi sahibkar Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı olmadığından iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edir ki, ********** nömrəli qəbzlə 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 30 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24- 26, 31, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbi barədə sadələşdirilmiş icraat qaydasında təqdim etdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçıya izah edilsin ki, “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə müarciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar