Məhkəmə qərarları › İş №e-2-2(113)-3143/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3143/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3143/2023 21.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı ASC Cavabdeh1, Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2021 il tarixli 9111***-*******0L №-li kredit müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2021 il tarixli 1 №-li razılaşma üzrə 3016.56 AZN əsas borc, 390.18 AZN faiz borcu, 365.57 AZN cərimə və 60 AZN mediasiya xərcinin müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021 il tarixli kredit limiti müqaviləsinə və həmin müqavilə çərçivəsində imzalanmış xx.xx.2021 il tarixli 1 №-li Razılaşmaya əsasən borcalan Cavabdeh2 (VÖEN **********) bankdan dövriyyə vəsaitlərinin artırılması və cari xərclər üçün 18 ay müddətinə, xx.xx.2023 ilədək qaytarmaq və illik 22 % ödəmək şərti ilə aldığı 4000 AZN krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günün də hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023 il tarixə olan borcun məbləği: əsas borc üzrə 3016.56 AZN, faizlər üzrə 390.18 AZN) cərimə üzrə 365.57 AZN təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zamin Cavabdeh1 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. İlkin mediasiya sessiyası keçirilib və mediator tərəfindən müvafiq arayış verilib. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehlərə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı ASC “kreditverən”, Cavabdeh2 “borcalan” olmaqla imzalanmış xx.xx.2021-ci il tarixli 9111***-*******01L nömrəli kredit müqaviləsinə əsasən “kreditverən” “borcalan”a 100.000 (bir yüz min) AZN məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limiti ayırır və kredit limiti (bundan sonra bu müqavilə) çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı (bundan sonra - razılaşma) imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “borcalan” ona kredit verilməsi barədə “kreditverən”ə müraciət etmək hüququna malikdir. İddiaçı ASC “kreditverən”, Cavabdeh2 “borcalan” olmaqla imzalanmış xx.xx.2021-ci il tarixli 9111***-*******01L saylı kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Razılaşma № 1-ə əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 9111***- *******01L kredit limiti müqaviləsinə əsasən “kreditverən” “borcalana” 120 (bir yüz iyirmi) ay müddətinə illik 30 faizdən çox olmamaq şərtilə 100000 (bir yüz min) manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən “Kreditverən” “Borcalan”-nın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. “Borcalan” və xx.xx.2021-ci il tarixli 9111***-*******01L saylı kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar. 2-ci bəndə əsasən “Kreditverən” xx.xx.2021-ci il tarixli 9111***-*******01L saylı kredit limiti müqaviləsi çərçivəsində illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə xx.xx.2023 il tarixinədək 0 (sıfır) ay güzəşt olmaqla 4000 (beş min ) AZN məbləğdə borc pul vəsaitini “boracalan”ın mülkiyyətinə verir. “Borcalan” isə 40 (qırx) AZN məbləğdə xidmət haqqı ödəyir. 3-cü bəndə əsasən bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədi ilə verilir. 4-cü bəndə əsasən xx.xx.2021-ci il tarixli 9111***-*******01L saylı kredit limiti müqaviləsinə əsasən “borcalan”a verilən kreditin kreditləşmə mənbəyi bank vəsaitidir. İddiaçı ASC və X1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1FİZAM127674001 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu kreditor və borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 9111***-*******01L saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor borcluya 120 (bir yüz iyirmi) ay müddətinə 100.000 (bir yüz min) manat məbləğindək illik 30% (otuz) çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. xx.xx.2021-ci il tarixli 9111***-*******01L saylı kredit limiti müqaviləsinə əlavə olan ödəniş cədvəlindən məlum olur ki, xx.xx.2023 tarixinədək aylıq 263 manat ödəniş tərəflər arasında razılaşdırılmışdır. İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında 3 aprel 2023 tarixli arayışında 3.016,56 manat əsas borc, 390,18 manat faiz borcu, 365,57 manat cərimə məbləği göstərilmişdir. xx.xx.2023 tarixli MŞB/MT015/2023-00192/03 nömrəli mediasiya arayışında 60 manat mediasiya xərci göstərilmişdir. İV. İşin müəyyən edilən halı Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 Nəsrulla oğlu və İddiaçı ASC arasında kredit limiti müqaviləsi və daha sonra həmin müqavilə əsasında kredit müqaviləsi imzalanmışdır. Eyni zamanda Cavabdeh2 Nəsrulla oğlunun öhdəliklərinin icra edilməsi üçün Cavabdeh1 zamin olmuşdur. İddiaçı ASC tərəflər arasında imzalanmış müqavilələrə uyğun olaraq öz öhdəlikərini icra etsə də borclu Cavabdeh2 Nəsrualla oğlu üzərinə düşən öhdəlikləri tam olaraq icra etməmişdir. V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 467 maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan kredit müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərlə Cavabdeh2 İddiaçı açıq səhmdar cəmiyyətinə 3.016,56 manat əsas borc, 390.18 manat faiz borcunun, olması öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, 3.016,56 manat əsas borc, 390.18 manat faiz borcu cavabdehdən tutulmalıdır. Bundan başqa iddiaçı 365,57 manat dəbbə pulunun da cavabdehdən tutulmasını tələb etmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli 9111***-*******01L saylı kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Razılaşma № 1-in 8-ci bəndində nəzərdə tutulmuşdur ki, 9111***-*******01L saylı. xx.xx.2021 il tarixli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilıniş hissəsi illik 22 (iyirmi iki) % üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. “Borcalan” bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə “Kreditverən”ə gecikdiribmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı “Kreditverən” dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Məhkəmə qeyd edir ki, borcalan Cavabdeh2 kredit ödəmələrini vaxtlı-vaxtında etməməsi iş materialları ilə sübuta yetirilir. Belə olan halda iddiaçı cərimə məbləğinin də cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən isə məhkəmə hesablanmış cərimə məbləğinin əsas borca olan nisbətini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan cərimə məbləği 150 manat olaraq müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış krеdit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə borc alan Cavabdeh2 kredit xətti müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, kredit verən İddiaçı QSC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zamin Cavabdeh1 borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla borcun müştərək qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Belə olan halda isə 3.016,56 manat əsas borc, 390.18 manat faiz borcu və eyni zamanda 150 manat dəbbə pulu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin xeyrinə xx.xx.2021 il tarixli 9111***-*******0L №-li kredit müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2021 il tarixli 1 №-li razılaşma üzrə 3016.56 AZN əsas borc, 390.18 AZN faiz borcu, 150 AZN cərimə və 60 manat mediasiya xərci Cavabdeh2 və Cavabdeh1 tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar