Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3146/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi və pulun abonent koduna geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi və pulun abonent koduna geri qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Ocaq Holding” MMC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silnməsi və pulun abonent koduna geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 183486,79 manat ümumi məbləğin 148977,16 manat hissəsinin **********00000 nömrəli abonent kodundan silinməsi və ümumi məbləğdən ödənilmiş 34509,62 manat pulun **********00000 nömrəli abonent koduna geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Digah qəsəbəsi ünvanda yerləşən, İddiaçı MMC-yə məxsus qeyri yaşayış sahəsi (kərpic istehsalı) müqavilə əsasında **********00000 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2025-ci ilin yanvar ayına qədər cavabdeh tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatsız olunduğundan tərəflər arasında hər-hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim vaxtlı vaxtında ödənilmişdir. 2025-ci ildə isə cavabdehlə mübahisə yaranmışdır. Belə ki, 2025-ci ilin yanvar ayında cavabdeh təşkilat iddiaçıya bildirmişdir ki istifadədə olan qaz sayğacını çıxararaq dövlət yoxlamasına göndərilməsi zəruridir. Səbəbini soruşduqda bildirildi ki, qaz sayğacının arada elektron hissəsi işləmədiyi üçün aktlar tərtib edilir və belə halların qarşısını almaq məqsədi ilə sayğacı təmir etdirmək lazımdır. Aktların tərtib edildiyi ilk dəfə o zaman bilinmişdir. Bu məsələ ilə cavabdeh təşkilata müraciət edilmiş və sonradan məlum olduğu kimi cavabdeh tərəfindən 2010-cu ilin oktyabr ayından 2025-ci ilin yanvar ayınadək ümumilikdə 12 akt əsasında 183486,79 manat məbləğində sayğac göstəricisindən əlavə aktlar əsasında borc hesablanmışdır. Abonent saldosundan da göründüyü kimi aktlar əsasında iddiaçıya ümumilikdə 183486,79 manat məbləğində əsassız borc hesablanmışdır və bu borcun 34509,62 manat hissəsi ödəniş kimi cavabdeh təşkilat tərəfindən iddiaçının iradəsinə zidd şəkildə etdiyi ödənişlərdən alınmış 148977,17 manat hissəsi isə ödənilməmiş qalmışdır. Mübahisələndirilən ümumi məbləğin ödənilmiş hissəsi ilə bağlı bildirilir ki, iddiaçıya hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilmir. Hesab fakturada əks olunan borc sırf sayğac göstəricilərinə əsasən hesablandığı kimi qələmə verilir. Təbii qazdan istifadəyə görə iddiaçı tərəfindən edilən ödənişlərdən qanunsuz olaraq cavabdeh həmin aktların ödənişinə pul çıxıb və bu qanunsuzluqlardan iddiaçının məlumatı yalnız 2025-ci ilin yanvar ayında olmuşdur. Sözügedən aktlarla bağlı cavabdeh təşkilata müraciət edildikdə aktlar tərtib edilən aylarda istifadədə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparıldığı və əlavə borc müəyyən edilərək qaz hesabına işləndiyi bildirilmişdir. Belə bir halın mümkün olmadığı və anlaşılmazlıq olduğu bildirildi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini (əgər artıq ödəniş olarsa pulun geri qaytarılacağını) bildirdilər. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı və iddiaçının aldadıldığı aydın oldu. Əfsuslar olsun ki, 2010-cu ilin oktyabr, noyabr, dekabr, 2013-cü ilin avqust, sentyabr və 2016-cı ilin may, iyun aylarında tərtib edilmiş aktların surətləri iddiaçıya təqdim edilmədi. Səbəb kimi isə cavabdeh təşkilatda aparılmış struktur dəyişikliyi ilə əlaqədar həmin aktların itirilməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş saxta aktlarla bağlı bildirilir ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi təbii ki bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “Əmsal” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (istehlakçı) ilə cavabdeh (paylayıcı) arasında bağlanmış qaz paylaycısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli, AMX-2510/21 saylı müqaviləyə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
8. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, iddiaçıya 2010-cu ilin oktyabrında 4950 manat, 2010-cu ilin noyabr ayında 11086,60 manat, 2010-cu ilin dekabr ayında 8177 manat, 2013-cü ilin avqust ayında 11120 manat, 2013-cü ilin sentyabr ayında 13510 manat, 2016-cı ilin may ayında 20935,60 manat, 2016-cı ilin iyun ayında 2000 manat, 2023-cü ilin sentyabr ayında 21334,94 manat, 2023-cü ilin oktyabr ayında 29088,40 manat aktlar əsasında borc (ümumilikdə 183886,79 manat) hesablanmışdır.
9. Cavabdeh tərəfindən tərtib olunmuş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta görə 21334,94 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta görə 29088,40 manat sərfiyyat borcu hesablanmışdır.
10. Cavabdeh tərəfindən tərtib olunmuş xx-xx/2024 nömrəli akta görə xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80071943 nömrəli qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmamış və 92033 kub metr sərfiyyat hesablanmışdır.
11. Cavabdeh tərəfindən tərtib olunmuş xx-xx/2025 nömrəli akta görə xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80071943 nömrəli qaz sayğacının elektron hissəsi işləmədiyi üçün əvəzlənərək dövlət yoxlamasına göndərilmiş və 37926 kub metr sərfiyyat hesablanmışdır.
12. Cavabdeh tərəfindən tərtib olunmuş xx-xx/2024 nömrəli akta görə xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80071943 nömrəli qaz sayğacının elektron hissəsinin keçən qazın hesabatını düzgün qeyd etmədiyi aşkar edilmiş və 145270 kub metr sərfiyyat hesablanmışdır.
13. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli MT2412 10263617 nömrəli 23587,3 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 10725620 nömrəli 34566,4 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBED 134685 nömrəli 27542,02 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 10606650 nömrəli 35243,1201 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 10767819 nömrəli 35334,86 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10429531 nömrəli 33251,9 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10398064 nömrəli 32556,2601 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2502 10594742 nömrəli 44515,7491 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2503 10637605 nömrəli 24275,76 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2504 11116925 nömrəli 37016,1601 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 043196 nömrəli 36949,88 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDY 706654 nömrəli 40221,28 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEA 531553 nömrəli 29766,88 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEC 044440 nömrəli 29423,24 manat məbləğində elektron qaiməfakturalar təqdim olunmuşdur.
14. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
15. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən 2010-cu ilin oktyabr, noyabr və dekabr ayları, 2013-cü ilin avqust və sentyabr ayları, 2016-cı ilin may və iyun ayları, 2023-cü ilin sentyabr və oktyabr aylarında iddiaçıya məxsus qaz sayğacına baxışlar keçirilmiş, həmin yoxlamalar nəticəsində iddiaçı barəsində aktlar tərtib edilərək ona ümumilikdə 183886,79 manat borc hesablanmışdır.
16. Cavabdeh tərəfindən mübahisələndirilən aktlar ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir.
17. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
18. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
21. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
22. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
23. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
25. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
26. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
27. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
28. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
29. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.
30. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
31. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.
32. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 183486,79 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.
33. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 183486,79 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış həmin borclar da əsaslı hesab edilə bilməz.
34. Materiallardan görünür ki, yoxlamaların nəticəsi olaraq iddiaçıya əsassız olaraq hesablanmış 183486,79 manat məbləğində borcun bir qismi (34509,62 manat) iddiaçı tərəfindən ödənilmiş, iddiaçının hazırkı qalıq borcu 148977,16 manat təşkil edir.
35. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 148977,16 manat borcun silinməsi və iddiaçı tərəfindən ödənilmiş 34509,62 manat pulun iddiaçıya məxsus **********00000 nömrəli abonent koduna geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 474 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 148977,16 (bir yüz qırx səkkiz min doqquz yüz yetmiş yeddi manat on altı qəpik) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. İddiaçı MMC tərəfindən ödənilmiş 34509,62 (otuz dörd min beş yüz doqquz manat altmış iki qəpik) manat pulun İddiaçı MMC-yə məxsus **********00000 nömrəli abonent koduna geri qaytarılması öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 474 (dörd yüz yetmiş dörd) manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova