Məhkəmə qərarları › İş №e-2-2(113)-315/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-315/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-315/2023 14.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı müqavilələrin ləğvi və pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mover MMCdən İddiaçı QSC-nin xeyrinə xx.xx.2021-ci il tarixli E-38/21 saylı Öhdəliklərin verilməsi müqaviləsi və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 saylı və xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişlərin ləğv edilməsini, həmin müqavilə və xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişə əsasən Ferrum Kapital QSC qarşısında 50000 əsas, 2918,89 cərimə borcu , 6800,56 manat komissiya borcu, xx.xx.2021-ci il tarixli E-xx/xx- 0002 saylı sazişə əsasən İddiaçı QSC qarşısında 270000 əsas 13317,81 cərimə borcu, 28044,11 manat komissiya borcu olmaqla ümumilikdə 371081,38 manat borcun, 661,08 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 saylı öhdəliklərin verilməsi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əlavə olunan xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişə əsasən İddiaçı QSC Cavabdeh MMC nin “X3” MMC qarşısında olan 50000 manat öhdəliyini icra etmişdir. Əlavə olaraq xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 saylı sazişə əsasən İddiaçı QSC Cavabdeh MMC-nin "xxxx" MMC qarşısında olan 270000 manat öhdəliyini icra etmişdir. Qeyd olunan sazişlərə əsasən Cavabdeh MMC İddiaçı QSC tərəfindən kreditorlara ödənilmiş ümumi 320000 manat məbləği 18,4 faiz komissiya ilə 24 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin göstərilmiş öhdəliklərin verilməsi müqaviləsi və həmin müqaviləyə əlavə olunmuş sazişlər üzrə öhdəlik Mover MMC tərəfindən lazımi qaydada icra edilməmişdir və nəticədə Cavabdeh MMC-nin İddiaçı QSC qarşısında xx.xx.2022-ci il tarixinə 371081,38 manat icra edilməmiş öhdəliyi yaranmışdır. İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli e-38/21 saylı öhdəliklərin verilməsi müqaviləsinin 2.1-ci maddəsinə “vəsaiti ödəyən, kreditorun müştəriyə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn müştərinin pul borcunu kreditora ödəyir (müştərini maliyyələşdirir), müştəri isə bunun qarşılığında vəsaiti ödəyənə sazişdə göstərilən müddətdə və məbləğdə hissə-hissə maliyyələşdirmə məbləğini və öhdəlik komissiyası, əməliyyat komissiyası və digər komissiyaları ödəyir“. Həmin müqavilənin 6-cı maddəsinin (b) bəndinə əsasən “müştəri borc məbləğini, öhdəlik komissiyasını, əlavə komissiyanı və digər komissiyaları vaxtında ödəməzsə, vəsaiti ödəyən qarşısında bu məbləğlər və sazişdə qeyd olunan dərəcədə hesablanmış dəbbə pulu dəyərində məsuliyyət daşıyır” . Eyni zamanda həmin müqaviləyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 saylı və xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişlərə əsasən müştəri borcu vaxtında ödəmədikdə, hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.2 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixinə xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişə əsasən İddiaçı QSC qarşısında 50000 əsas 2918,89 cərimə borcu, 6800,56 manat komissiya borcu, xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 saylı sazişə əsasən İddiaçı QSC qarşısında 270000 əsas 13317,81 cərimə borcu, 28044,11 manat komissiya borcu olmaqla ümumilikdə 371081,38 manat borc məbləği yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə pretenziya məktubu göndərilmiş və mübahisənin məhkəməyə qədər həlli üçün vaxt verilmişdir. Lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, əsas borc və komissiya borcu sabit borc məbləğidir, yəni borclu vəsaiti vaxtında ödəmədiyi təqdirdə sözügedən əsas və komissiya borcuna gecikmə ilə bağlı əlavə pul hesablanmır, sadəcə olaraq gecikməyə görə yalnız dəbbə pulu (cərimə) hesablanır, borclu tərəfindən ödənilmiş məbləğ isə sazişin “qeydlər” hissəsində göstərilən ödənişlərin aparılma ardıcıllığına uyğun olan qaydada cərimə, komissiya borcu və yekunda əsas borcdan silinir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iş üzrə iddiaçı "xxxx" QSC "X6" Qapalı Səhmdar Cəmiyyətinə daxildir. Müqavilələr bağlanan dövrdə iş üzrə cavabdeh "xxxx" MMC-nin maliyyə mühasibatlıq işləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilmişdir. "xxxx" MMC də öz növbəsində "X6" QSC-nin tərkibinə daxildir. Yəni adları çəkilən sazişlərin hazırlanması və cavabdeh tərəfindən pul və maliyyə məsələlərinin idarə olunmasının "xxxx" MMC tərəfindən həyata keçirilməsi və "xxxx" MMC-nin iddiaçı ilə eyni qrupun törəmə şirkətləri olması mübahisələndirilən müqavilələr ilə cavabdehin borclandırılmasının əslində iddiaçının xüsusi niyyəti ilə həyata keçirildiyini sübut edir. Bu səbəbdən yəni hazırkı iddiaçı və cavabdehin maliyyə mühasibatlıq işlərini aparan şirkətin eyni tərəfə aid olması səbəbindən mübahisələndirilən tələb üzrə müqavilələrin etibarlılığı bağlandığı andan şübhəli hesab olunur. Yuxanda qeyd olunan sazişlər bağlanan zamanlarda "xxxx" MMC-nin maliyyə və mühasibatlıq işləri "X6" QSC-nin tərkibinə daxil olan "xxxx" MMC tərəfindən görüldüyü üçün "xxxx" MMC tərəfindən sazişlər üzrə borc məbləğlərinin ödənilməsini "xxxx" MMC həyata keçirmişdir. Belə ki, həmin dövrdə "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə E-xx/xx-0002 saylı müqavilə üzrə ümumilikdə 24791,33 manat pul, E-xx/xx-0001 saylı saziş üzrə 2708,67 manat pul ödənilmişdir. "xxxx" MMC tərəfindən hər iki saziş üzrə ümumilikdə 27500 manat pul ödənilsə də həmin sazişlər üzrə əsas borcda heç bir dəyişiklik olmamışdır. Əksinə, məhkəməyə təqdim edilmiş iddia tələbində cərimə borcu və komissiya borcu üzrə tələb artırılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən 27500 manat məbləğ ödənilməsinə baxmayaraq iddiaçı tərəfindən borc məbləği süni formada böyüdülmüş və ödənişlər xüsusi olaraq komissiya borcu və cərimə borcuna hesablanmışdır. İşin mübahisə doğuran əsas məqamlarından biri isə komissiya kimi hesablanan və tutulan məbləğin nə ifadə etdiyi və necə hesablanmalı olmasıdır. Nəticə olaraq cavabdeh tərəfindən ümumilikdə 27500 manat ödənişin həyata keçirildiyi halda E-xx/xx-0001 saylı sazişə əsasən 2918,89 manat cərimə borcu, 6800,56 manat komissiya borcunun və E-xx/xx-0002 saylı sazişə əsasən 13317,81 manat cərimə borcu, 28044,11 manat komissiya borcunun yaranması sual olaraq qalmışdır. Bu isə hazırkı iş üzrə süni formada şişirdilmiş borc məbləği üzrə ədalətsiz və əsassız məhkəmə qərarının çıxarılmasına səbəb ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 10 noyabr 2020-ci il tarixli Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış borc müqaviləsindən görünür ki, "xxxx" MMC 270000 manat məbləğində pul vəsaitini Cavabdeh MMC-yə qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca verir. Cavabdeh MMC isə borcu bu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür. 01 dekabr 2020-ci il tarixli Cavabdeh MMC ilə “X3” MMC arasında bağlanmış borc müqaviləsindən görünür ki, “X3” MMC 50000 manat məbləğində pul vəsaitini Cavabdeh MMC-yə qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca verir. Cavabdeh MMC isə borcu bu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli E-38/21 saylı İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış öhdəliklərin verilməsi müqaviləsinin 2.1-ci maddəsinə əsasən vəsaiti ödəyən kreditorun müştəriyə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn müştərinin pul borcunu kreditora ödəyir (müştərini maliyyələşdirir), müştəri isə bunun qarşılığında vəsaiti ödəyənə sazişdə göstərilən müddətdə və məbləğdə hissə-hissə maliyyələşdirmə məbləğini və öhdəlik komissiyası, əməliyyat komissiyası və digər komissiyaları ödəyir. xx.xx.2021-ci il tarixli E-38/21 saylı İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış öhdəliklərin verilməsi müqaviləsinə xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 nömrəli sazişdən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-nin “X3” MMC qarşısında olan 50000 manat borc öhdəliyini icra etməyi öz üzərinə götürür. Həmçinin İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin öhdəliyinin icra edilməsi əvəzində 50000 manat məbləğində borcu Cavabdeh MMC 18,4 % öhdəlik komissiyası ilə, gecikdirilən hər gün üçün 0,2 % məbləğində dəbbə pulu ilə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sazişin 4-cü maddəsinin a bəndində ödənişlərin aparılma ardıcıllığı cərimə 1) cərimə məbləği (yəni dəbbə pulu), 2)komissiya 3)əsas borc məbləği kimi qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli E-38/21 saylı İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış öhdəliklərin verilməsi müqaviləsinə xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 nömrəli sazişdən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-nin "xxxx" MMC qarşısında olan 270000 manat borc öhdəliyini icra etməyi öz üzərinə götürür. Həmçinin İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin öhdəliyinin icra edilməsi əvəzində 270000 manat məbləğində borcu Cavabdeh MMC 18,4 % öhdəlik komissiyası ilə, gecikdirilən hər gün üçün 0,2 % məbləğində dəbbə pulu ilə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sazişin 4-cü maddəsinin a bəndində ödənişlərin aparılma ardıcıllığı cərimə 1) cərimə məbləği (yəni dəbbə pulu), 2)komissiya 3)əsas borc məbləği kimi qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC “X3” MMC-nin bank hesabına 50000 manat məbləğində pul köçürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC "xxxx" MMC-nin bank hesabına 270000 manat məbləğində pul köçürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli E-38/21 saylı İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış öhdəliklərin verilməsi müqaviləsinə xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə Cavabdeh MMC-nin 50000 manat əsas, 6800,56 manat komissiya, 2918,89 manat cərimə, cəmi 59719,46 manat məbləğində borcu vardır. Həmçinin həmin tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh hazırki müqavilə üzrə ümumilikdə 2708,67 manat məbləğində ödəniş etmiş, borcun 2399,52 manatı komissiya borcuna, 309,15 manatı cərimə borcuna silinmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli E-38/21 saylı İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış öhdəliklərin verilməsi müqaviləsinə xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 nömrəli saziş üzrə Cavabdeh MMC-nin 270000 manat əsas, 28044,11 manat komissiya, 13317,81 manat cərimə, cəmi 311361,92 manat məbləğində borcu vardır. Həmçinin həmin tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh hazırki müqavilə üzrə ümumilikdə 24791,33 manat məbləğində ödəniş etmiş, borcun 21635,89 manatı komissiya borcuna, 3155,44 manatı cərimə borcuna silinmişdir. xx.xx.2022-ci il tarixli MŞB/11-00650 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulan 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 261,08 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 196, 421.1 467 və 655.1 və 739.1-ci maddələrinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər.Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 10 noyabr 2020-ci il tarixdə Cavabdeh MMC ilə "xxxx" MMC arasında, daha sonra 01 dekabr 2020-ci il tarixdə isə Cavabdeh MMC ilə “X3” MMC arasında borc müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixli E-38/21 saylı müqaviləsinə əsasən isə İddiaçı QSC hər iki borc müqaviləsi üzrə Cavabdeh MMC-nin borcunu ödəmiş, bunun nəticəsində "xxxx" MMC və “X3” MMC Cavabdeh MMC-yə olan tələb hüquqlarını İddiaçı QSC-yə güzəştə getmişdir. xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 nömrəli və xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 nömrəli sazişlərə əsasən isə müvafiq olaraq 270000 və 50000 manat məbləğində əsas borcla yanaşı, Cavabdeh MMC İddiaçı QSC-yə əsas borca görə hesablanmış sabit olan 18,4% komissiya borcunu və sözügedən borcu ödəmədiyi təqdirdə dəyişən cərimə borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışlarına əsasən cavabdehin xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə 50000 manat əsas, 6800,56 manat komissiya, 2918,89 manat cərimə, xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 nömrəli saziş üzrə isə 270000 manat əsas, 28044,11 manat komissiya, 13317,81 manat cərimə borcu hesablanmışdır. Göründüyü kimi, cavabdeh hər iki saziş üzrə götürdüyü öhdəliyi vaxtında və müəyyən edilmiş həcmdə yerinə yetirməyərək müqavilə və sazişlərin tələblərini pozmuş, bu isə müqavilənin və sazişlərin ləğv edilməsi üçün əsas olmuşdur. Məhkəmə bununla yanaşı hesab edir ki, hər iki saziş üzrə əsas və komissiya borc hissədə iddiaçının tələbi əsaslıdır, belə ki, hər iki sazişin “qeydlər” hissəsində (Cavabdeh MMC sazişi imzalamaqla bu şərtlə razılaşmışdır) borc məbləği ödənildiyi halda ilk öncə silinmələr cərimə, daha sonra komissiya sonda isə əsas borcdan aparılması nəzərdə tutulur. Cavabdeh tərəfindən isə xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə ümumilikdə cəmi 2708,67 manat məbləğində ödəniş edilmiş, həmin borcdan 2399,52 manatı komissiya və 309,15 manatı cərimə borcuna silinmiş, xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə isə ümumilikdə 24791,33 manat məbləğində ödəniş edilmiş, həmin borcun 21635,89 manatı komissiya borcuna və 3155,44 manatı cərimə borcuna silinmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən borc ödənişi kifayət qədər olmadığı üçün əsas borcdan silinmə olmamış, komissiya borcu isə sabit borc məbləği olduğundan aylıq ödənilən ödənişlərin həcminə görə sözügedən borcda mütənasib azalma olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia xx.xx.2021-ci il tarixli E-38/21 saylı öhdəliklərin verilməsi müqaviləsi və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 saylı və xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişlərin ləğv edilməsi xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə 50000 manat əsas, 6800,56 manat komissiya borcu, xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 nömrəli saziş üzrə isə 270000 manat əsas, 28044,11 manat komissiya borcu, həmçinin 400 manat məbləğində mediasiya xərci, 261,08 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı isə qeyd edir ki, iddiaçı tərəfindən hər iki saziş üzrə silinmələr olsa da, cərimə məbləği tənasübsüz surətdə yüksək hesablanmış, bu səbəbdən xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 nömrəli sazişə əsasən cərimə azaldılaraq 699,44 manat, xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 nömrəli saziş üzrə isə 5955,89 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli E-38/21 saylı öhdəliklərin verilməsi müqaviləsi və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 saylı və xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişlər ləğv edilməli, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə 50000 manat əsas, 6800,56 manat komissiya borcu və 699,44 manat cərimə cəmi 57500 manat, xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 nömrəli saziş üzrə isə 270000 manat əsas, 28044,11 manat komissiya və 5955,89 manat cərimə cəmi 304000, ümumlikdə 361500 manat, həmçinin 400 manat mediasiya xərci, 261,08 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli E-38/21 saylı öhdəliklərin verilməsi müqaviləsi və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 saylı və xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişlər ləğv edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə 50000 manat əsas, 6800,56 manat komissiya borcu və 699,44 manat cərimə cəmi 57500 manat, xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 nömrəli saziş üzrə isə 270000 manat əsas, 28044,11 manat komissiya və 5955,89 manat cərimə cəmi 304000, ümumlikdə 361500 manat, həmçinin 400 manat mediasiya xərci, 261,08 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar