Məhkəmə qərarları › İş №e-2-2(113)-315/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-315/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-315/2025 28.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı(bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.120 (dörd min yüz iyirmi) manat maddi ziyan, 100 (bir yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 61,2 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1565 saylı “X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd “ RAVON R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 mart 2022-ci il tarixdə bağlanmış icarə müqaviləsiəsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Qobustan qəsəbəsi ərazisində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və onun barəsində İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə cavabdehə Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 (altmış) manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh təqsiri nəticəsində baş vermiş qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün RS Avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 4.120 (dörd min yüziyirmi) manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili RS “Avtoservis”-də 4.120 (dörd min yüziyirmi) manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Həmçinin iddia ərizəsi də eyni qaydada göndərilmişdir. Cavabdeh maddiziyanın alınmasınımümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 01 mart 2022-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edib və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı ilə Cavabdeh arasında 01 mart 2022-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: - 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. - 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. - 3-cü bəndinə əsasən icarə müqaviləsi bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 500 manat depozit məbləği nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. - 5-ci bəndinə əsasən Nəqliyyat vasitəsini İcarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə dəymiş zərəri göstərilən depozit məbləğindən aradan qaldırmalıdır, depozit məbləğindən qalan hissəni nəqliyyat vasitəsini İcarəyə götürən şəxsdən nəqliyyat vasitəsini İcarəyə verən şəxs tələb etməlidir və sonra nəqliyyat vasitəsini İcarəyə verən şəxsdən depozit məbləğini bərpa etməyi tələb etməlidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

9. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, “ RAVON R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki olaraq saz vəziyyətdə cavabdehin istifadəsinə verilmişdir.

10. RS Avtoservis tərəfindən verilmiş dəymiş zərərin hesablanması aktından görünür ki, “ RAVON R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 4120 manat təşkil edir.

11. İXP ******* №-li inzibati xəta haqqında protokol əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat cərimə edilmə haqqında tənbeh verilmişdir.

12. "xxxx" MMC tərəfindən verilmiş MB-18/0562 saylı xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən , “ RAVON R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 19 aprel 2023-cü il tarixdə qəza nəticəsində dəymiş zərərin məbləği 3810 manat təşkil edir.

V. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

13. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Vİ.Məhkəmənin mövqeyi:

14. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. Belə ki, işin mübahisəsiz halları həmçinin məhkəmə iclaslarında tərəflərin izahatları ilə müəyyən edilir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 01 mart 2022-ci il tarixli icarə müqaviləsi imzalanmış və , “ RAVON R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsinə verilmişdir.İş materiallarından görünür ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan “, “ RAVON R3” markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Həmçinin Müqavilə bağlanan zaman cavabdeh tərəfindən iddiaçıya 500 manat məbləğində depozit ödənilmişdir.

16. Məhkəmə tərəfindən iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və "xxxx" MMC tərəfindən verilmiş MB-18/0562 saylı xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən , “ RAVON R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 19 aprel 2023-cü il tarixdə qəza nəticəsində dəymiş zərərin məbləği 3810 olması müəyyən edilmişdir.

17. Ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin "xxxx" MMC-nin 30 may 2025-ci il tarixli, MB-18/0562 saylı ekspert rəyi ilə razılaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.

18. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında mövcud müqavilənin 6-cı bəndi nəzərə alınaraq (Nəqliyyat vasitəsini İcarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə dəymiş zərəri göstərilən depozit məbləğindən aradan qaldırmalıdır, depozit məbləğindən qalan hissəni nəqliyyat vasitəsini İcarəyə götürən şəxsdən nəqliyyat vasitəsini İcarəyə verən şəxs tələb etməlidir ) cavabdeh tərəfindən ödənilmiş depozit məbləği nəzərə alınmalı, Cavabdeh iddiaçıya məxsus avtomobilə vurduğu maddi zərərin əvəzi olaraq (3810 manat dəymiş ziyandan 500 manat ödənilmiş depozit ödənişi çıxıldıqdan sonra yerdə qalan məbləğ) 3310 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödəniməlidir.

19. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 61.20 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

20. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

21. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 100 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. İddia tələbində tələb olunan digər xərclərə dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən həmin hissələrdə iddia rədd edilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh 3310 manat əsas borc, 100 manat vəkil xərci və 50 manat məbləğində dövlət rüsumu İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar