Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3159/2021 30.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı öhdəliyin icra edilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 05 fevral 2020-ci il tarixli müqavilənin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməməsi nəticəsində yaranmış icarə haqqları üzrə 855000 (səkkiz yüz əlli beş min) manat təşkil edən borcun, həmin məbləğin gecikdirilməsinə görə 213750 (iki yüz on üç min yeddi yüz əlli) manat təşkil edən cərimənin, ümumi hesabla ******* (bir milyon altmış üç min yeddi yüz əlli) manat təşkil edən vəsaitin Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 19.02.2010-cu il tarixli **********1 nömrəsi ilə X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin 23 iyul 2019-cu il tarixli 1/K saylı əmrilə X4 Cəmiyyətin direktoru və qanuni təmsilçisidir. İddia tələbi ilə bağlı bildirirlər ki, cavabdeh iddiaçıya məktubla müraciət edərək, hündürmərtəbəli yaşayış binalarının inşa edilməsində istifadə edilən avadanlıqların və texniki vasitələrin icarəyə verilməsini və bununla bağlı onunla müvafiq müqavilənin imzalanmasını xahiş etmişdir. Cavabdehin ərizəsi və ərizəylə təqdim edilmiş sənədlər, həmçinin cavabdehə məxsus tikinti sahələri ilə tanış olaraq, cavabdehə müsbət cavab verilmiş və onunla 05 fevral 2020-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 395 nömrəli, 21.08.2014-cü il tarixli Sərəncamına əsasən «2-ci Tərəfə» məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 14 saylı yaşayış binasının yaxınlığında ayrılmış torpaq sahəsinin və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 264 nömrəli, 28.06.2016-cı il tarixli tikintiyə icazə Sərəncamı ilə həmin ərazidə 3 girişli, 18 mərtəbəli, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 20.07.2017-ci il tarixli 174 saylı Sərəncamı ilə ünvan 1 ünvanda edilən 4 bloklu, 18 mərtəbəli və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 22.12.2016ci il tarixli 175 saylı Sərəncamı ilə ünvan 3 ünvanda 2 bloklu, 18 mərtəbəli yaşayış binalarının inşa edilməsini təmin etmək üçün tələb olunan avadanlıqlar və texniki vasitələr aylıq icarə haqqı 57000 (əlli yeddi min) manat vəsaiti ödəmək şərti ilə və bu müqaviləyə əlavə edilmiş təhvil-təslim aktına əsasən İcarəçiyə icarəyə verilir. Qeyd edilən müqavilənin icra edilməsi ilə əlaqədar cavabdehlə iddiaçı arasında 06.02.2020-ci il tarixli akt imzalandı və aktda qeyd edilən avadanlıqlar və texniki vasitələr cavabdehə təhvil verildi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək, icarə haqqlarını ödəmədi. Bununla bağlı cavabdehə 10.07.2020-ci il tarixli pretenziya təqdim edildi və həmin pretenziya ilə tələb edildi ki, cavabdeh icarə haqqları üzrə yaranmış borcların ödənilməsini qısa müddət ərzində təmin etsin. Qeyd edilən pretenziyanın cavabdehə rəsmi olaraq 10 iyul 2020-ci il tarixdə təqdim edilməsinə baxmayaraq, cavabdeh yenə də icarə haqqlarını ödəmədi, nəticədə iddiaçı 02.12.2020-ci il tarixli “icarə haqqlarının və borcların ödənilməsinə dair” və 03.05.2021-ci il tarixli “icarə haqqları üzrə yaranmış borcların və cərimələrin ödənilməsinə dair” pretenziyalarla müraciət edərək, icarə haqqları üzrə yaranan 855000 (səkkiz yüz əlli beş min) manat borcun, həmin məbləğin gecikdirilməsinə görə əlavə olaraq 213750 (iki yüz on üç min yeddi yüz əlli) manat cərimənin, ümumi hesabla ******* (bir milyon altmış üç min yeddi yüz əlli) manat vəsaitin qısa müddət ərzində iddiaçıya ödənilməsini tələb edərək, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd edilən pretenziyaların cavabdehə rəsmi olaraq 02.10.2020-ci il tarixdə və 03.05.2021-ci il tarixdə təqdim edilməsinə baxmayaraq, cavabdeh bu günədək imzaladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəkilləri icra etmir, iddiaçıya olan borcunu və cərimələri ödəmir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh direktoru X2 28.07.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinə münasibət barədə” ərizə ünvanlayaraq, bildirmişdir ki, maddi vəziyyətlərinin çətin olması ilə əlaqədar müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlilkəri icra edə bilməmişlər, nəticədə icarə haqlarının ödənilməsinə dair iddiaçı tərəfindən dəfələrlə pretenziyalar təqdim edilmişdir. Bildirirlər ki, aralarında imzalanmış 05 fevral 2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən hal-hazırda Cavabdeh MTK-nın İddiaçı MMC-yə icarə haqqları üzrə 855000 (səkkiz yüz əlli beş min) manat borcu, qeyd edilən məbləğin gecikdirilməsinə görə 213750 (iki yüz on üç min yeddi yüz əlli) manat təşkil edən cərimə, ümumi hesabla ******* (bir milyon altmış üç min yeddi yüz əlli) manat təşkil edən borcu vardır. Həmçinin qeyd edirlər ki, dəfələrlə iddiaçıya müraciət edərək, maddi sıxıntılarını nəzərə alaraq, onlara müəyyən müddətin verilməsini və cərimənin məbləğində müəyyən güzəştlərin edilməsini xahiş etmişlər. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir: Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı (icarəyə verən) ilə Cavabdeh MTK (icarəçi) arasında bağlanmış 05.02.2020ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 395 nömrəli, 21.08.2014-cü il tarixli Sərəncamına əsasən «2-ci Tərəfə» məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 14 saylı yaşayış binasının yaxınlığında ayrılmış torpaq sahəsinin və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 264 nömrəli, 28.06.2016-cı il tarixli tikintiyə icazə Sərəncamı ilə həmin ərazidə 3 girişli, 18 mərtəbəli, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 20.07.2017-ci il tarixli 174 saylı Sərəncamı ilə ünvan 1 ünvanda edilən 4 bloklu, 18 mərtəbəli və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 22.12.2016-ci il tarixli 175 saylı Sərəncamı ilə ünvan 3 ünvanında 2 bloklu, 18 mərtəbəli yaşayış binalarının inşa edilməsini təmin etmək üçün tələb olunan avadanlıqları və texniki vasitələrini aylıq icarə haqqını ödəmək şərti ilə İcərəyə verəndən icarəyə götürür, avadanlıqlar və texniki vasitələr bu müqaviləyə əlavə edilmiş təhvil-təslim aktına əsasən İcarəçiyə icarəyə verilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 57000 Azərbaycan manatı təşkil edir. - 06.02.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MTK arasında avadanlıqların və texniki vasitələrin təhvil verilməsi barədə akt bağlanmış və həmin aktı hər iki tərəf imzalayaraq öz möhürləri ilə təsdiq etmişlər. - 21.07.2021-ci il tarixdə tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh MTK-nın İddiaçı MMC-yə 10.06.2021-ci il tarixə olan borcu icarə haqqları üzrə 855000 (səkkiz yüz əlli beş min) manat, həmin məbləğin gecikdirilməsinə görə 213750 (iki yüz on üç min yeddi yüz əlli) manat cərimə, ümumi hesabla ******* (bir milyon altmış üç min yeddi yüz əlli) manat təşkil edir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC 10.07.2020-ci il tarixli, 02.12.2020-ci il tarixli və 03.05.2021-ci il tarixli pretenziya məktubları ilə Cavabdeh MTK-ya müraciət edərək, tərəflər arasında baxğlanmış icarə müqaviləsinə əsasən icarə haqqı və gecikidirilmiş günlər üzrə cərimələrin İddiaçı MMC-yə ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdehdən icarə haqqı qismində 855000 manat əsas borcun iddiaçının xeyrinə tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normaları və müqavilə şərtlərinə əsasən belə qənaətə gəlir ki, iddaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və 855000 (səkkiz yüz əlli beş min) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini gecikdirilmiş günlər üzrə hesablanmış 213750 manat cərimə borcunun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 50000 (əlli min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativindən 855000 (səkkiz yüz əlli beş min) manat borc və həmin məbləğin gecikdirilməsinə görə 50000 (əlli min) manat cərimə olmaqla, ümumilikdə 905000 (doqquz yüz beş min) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3159/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3159/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver