Məhkəmə qərarları › İş №e-2-2(113)-3159/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3159/2022

30.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3159/2022 30.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən xx.xx.2021-ci il tarixində müvəqqəti quraşdırılmış 75018929 nömrəli qaz sayğacı tərəfindən aprel və may ayları üçün hesablanmış 12117 manat əlavə borc məbləği İddiaçı MMC-nin xeyrinə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh İB İddiaçı MMC-ni təbii qazla təchiz etməyi öhdəsinə götürmüşdir. Həmin öhdəliyə uyğun olaraq Cavabdeh İB tərəfindən təbii qazı təchiz edən qaz xətti üzərində G160 markalı, 75070506 nömrəli, rotor tipli “Elster” qaz sayğacı quraşdırılmışdır. Müqaviləyə əsasən İddiaçı MMC təchiz edilmiş qazın istifadəsinə görə hər ay müəyyən məbləğ ödəməlidir. Qaz sayğacında nasazlıq yarandığından sayğac qaz xətti üzərində xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış və xx.xx.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanılması haqqında akt tərtib edilmişdir. Yoxlama nəticəsində sayğacın zədəli olduğu ortaya çıxmışdır. Yoxlanılan sayğacın əvəzinə eyni tarixdə digər bir aktla G160 markalı, 75018929 nömrəli, rotor tipli müvəqqəti “Elster” qaz sayğacı quraşdırılmışdır. Daha sonra müvəqqəti quraşdırılan sayğac tərəfindən aprel və may ayları üçün İddiaçı MMC-nin faktiki istehlak etdiyi qaz enerjisinə uyğun olmayan 12117 (on iki min yüz on yeddi) manat məbləğində borc hesablanmışdır. Bu səbəbdən iddiaçı tərəfindən Cavabdeh İB-yə müraciət edilərək bu məsələ barədə bildirilmiş və müvəqqəti sayğac xx.xx.2021-ci il tarixində çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2021-ci il tarixində tərtib edilmiş aktda da sayğacın nöqsanlı olduğu təsdiq edilmişdir. Belə ki, laboratoriya rəyinə əsasən göstəricilər arasında fərq olduğu və sayğacın daxili çirkli olduğu bildirilmişdir. Buna görə də iddiaçı tərəfindən Cavabdeh İB-yə artıq hesablanmış borc məbləğinin silinməsi ilə bağlı müraciət edilmişdir. Lakin dəfələrlə edilmiş müraciətlərə baxmayaraq həmin məbləğ silinməmişdir. Həmçinin, Cavabdeh İB ilə iddiaçı arasında bağlanmış qazın alqı-satqı müqaviləsi üzrə bütün öhdəliklər iddiaçı tərəfindən hər zaman tam şəkildə yerinə yetirilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus qaz xəttinin üzərindən Cavabdeh İB əməkdaşları tərəfindən G-160 ELSTER tipli, 75070506 nömrəli qaz sayğacının elektron korrektoru işləmədiyi üçün çıxarılmış və əvəzinə xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında müvəqqəti olaraq eyni tipli 75018929 nömrəli qaz sayğacı quraşdırılmışdır. Tərtib edilmiş ******* saylı aktdan göründüyü kimi müvəqqəti sayğac quraşdırılarkən göstəricisi 00496435 m3 olmuşdur. Abonent saldosuna baxdıqda isə aydın görmək olar ki, 2021-ci ilin aprel ayı ərzində sayğac göstəricisinə əsasən sərf edilən təbii qazın həcmi 36165 m3 təşkil edir. Belə ki, ayın sonunda oxunan sayğac göstəricisindən müvəqqəti sayğac quraşdırılan zaman üzərində olan göstəricini çıxdıqda (532600-496435=36165) bunu asanlıqla müəyyən etmək olar. Mübahisələndirilən dövrün may ayında isə sərf edilən qaz həcmi sayğac göstəricilərinə əsasən 34126 m3 olmuşdur. Beləliklə mübahisələndirilən 12117 manat borcun 7233 manat hissəsi 2021-ci ilin aprel ayında sayğac göstəricilərinə əsasən müəyyən edilmiş 36165 m3 qaz həcminin dəyərini, 4884 manat hissəsi isə may ayında sayğac göstəricilərinə əsasən müəyyən edilmiş 34126 m3 qaz həcminin dəyərini təşkil edir. Göründüyü kimi iddiaçının iddia tələbi tam əsassızdır. Belə ki, mübahisələndirilən məbləğ (7233+4884=12117) sırf sayğac göstəricilərinə əsasən müəyyən edilmiş və 2021-ci ilin aprel və may aylarında faktiki olaraq iddiaçı tərəfindən istifadə edilmiş qazın dəyərini təşkil edir. Bundan başqa iddiaçı mübahisələndirdiyi dövr ərzində faktiki olaraq təbii qazdan istifadə etdiyi halda hesablanmış borcun tamamının silinməsini tələb etməsi tam olaraq əsassızdır və heç bir hüquqi məntiqə sığmır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Sifarişçi qismində "xxxx" MMC ilə icraçı qismində Cavabdeh İB arasında 28 aprel 2021-ci il tarixli, 482 T nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Abşeron rayonunda yerəşən "xxxx" MMC-yə məxsus (bir) ədəd rotor tipli G160 markalı 75070506 nömrəli qaz sayğacının xx.xx.2021-ci il tarixli 00279 nömrəli Qüsur aktı nəzərə alınmaqla təmiri və ehtiyyat hissəsinin ayrılması ilə əlaqədar “Sifarişçi” və “İcraçı” arasında münasibətlərin tənzimlənməsi müqavilələnin perdmetini təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən görüləcək işlərə görə sifarişçi əvvəlcədən köçürmə yolu ilə icraçının göstərdiyi bank hesabına 368,14 manat (üç yüz altmış səkkiz manat on dörd qəpik) (ƏDV daxil) ödəmə aparır. - "xxxx" MMC ilə Cavabdeh İB arasında bağlanmış 28 aprel 2021-ci il tarixli, 482 T nömrəli xidmət müqaviləsinə 1 saylı Qoşmadan (Qiymət-razılaşma protokolu) görünür ki, sözügedən protokolda Cavabdeh İB görüləcək işlərin adları qeyd edilmiş və yekun olaraq görüləcək işlərə görə sifarişçi tərəfindən ümumilikdə 368,14 manat (ƏDV daxil) ödəniş edilməlidir. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, xəttin üzərindən G160 markalı, 75070506 nömrəli rotor tipli “Elster” qaz sayğac çıxarıldı, əvəzinə müvafiq G160 markalı, 75018929 nömrəli rotor tipli sayğac quraşdırıldı. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, xəttin üzərindən G160 markalı, 75070506 nömrəli rotor tipli “Elster” qaz sayğac çıxarılmışdır. Sayğacın elektron hissəsi işləmir, ekran sönmüşdür. Sayğacın korrektor hissəsində tıxaclara vurulan qurğuşun plomblar aşkar olunmadı. Ştekerdən çıxan impuls naqilinin izolyasiya qatı pozulmuşdur. Qaz təminatı G160 markalı, 75018929 nömrəli rotor tipli müvəqqəti sayğac vasitəsilə bərpa olundu. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, İddiaçı MMC-yə quraşdırılmış G160 markalı, 75018929 nömrəli rotor tipli müvəqqəti “Elster” qaz sayğacı çıxarıldı, əvəzinə müəsissəyə məxsus G160 markalı 75070506 nömrəli rotor tipli “Elster” qaz sayğacı quraşdırıldı, yoxlanıldı və təhvil verildi. Nümayəndələrə arayış təqdim olundu. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, İddiaçı MMC-yə quraşdırılmış G160 markalı, 75018929 nömrəli rotor tipli müvəqqəti “Elster” qaz sayğacı çıxarıldı, əvəzinə müəsissəyə məxsus G160 markalı 75070506 nömrəli rotor tipli “Elster” qaz sayğacı quraşdırıldı. - Cavabdeh xx.xx.2021-ci il tarixdə tərtib edilmiş təkrar dövlət yoxlamasına gətirilmiş qaz sayğacının təhvil-qəbul aktında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli, 01400 saylı telefonoqramına əsasən İddiaçı MMC-yə quraşdırılmış G160 markalı, rotor tipli, 75018929 nömrəli müvəqqəti sayğac dövlət yoxlamasına gətirilmişdir. Sayğacın göstəriciləri arasında fərq olduğu və daxili çirkli olduğu müəyyən edilmişdir. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş 29/1640-00713-4 nömrəli, xx.xx.2021-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, “Azərqaz” İB-nin xx.xx.2021-ci il tarixli, SOCAR**********31791640X00713 saylı telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Abşeron rayon Xidmət sahəsinin İddiaçı MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G160 markalı, 75070506 nömrəli, rotor tipli “Elster” qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış (Forma-2 №9023551), xx.xx.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmiş və müəyyən edilmişdir ki, 1) ilkin baxış zamanı sayğacın daxili çirklidir. Korrektor sönüb. Hesablayıcı mexanizmin hər iki tərəfinə və korrektorun tıxaclarına vurulan qurğuşun plomblar aşkar olunmadı. Təzyiq borusunun gövdəyə bağlanan hissəsində vurulan qurğuşun plombun simi 3.2021 qırıqdır. İmpuls naqilinin şteykerə daxil olan hissədə izolyasiya qatı pozulmuşdur. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir; 2) sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir; 3) ehtiyyat batareya quraşdırıldı, korrektor xx.xx.2020-ci il tarixində sönmüşdür. Batareya yoxlandı, gərgınlik 0V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 35649 m3 qaz həcmi elektron hissədə qeydə alındı. İmpuls öturücüsü yoxlanıldı, yoxlama zaman verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Təzyiq borusunun yivli birləşməsi nasaz olduğundan istismara yararsızdır. Yekun olaraq yoxlamanın nəticəsi kimi qeyd edilmişdir ki, minimal sərfiyyatda xəta normaya uyğun deyildir. Batareya və təzyiq borusu tələb olunur. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, “Azərqaz” İBnin xx.xx.2021-ci il tarixli, 29/1640-00713-4 nömrəli rəyinə əsasən dəymiş ziyan hesablansın. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş 29/1640-01400-5 nömrəli, xx.xx.2021-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, "Azəriqaz" İB-nin SOCAR**********31791640X01400 saylı xx.xx.2021-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Abşeron rayon Xidmət sahəsinin İddiaçı MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G160 markalı, 75018929 nömrəli, rotor tipli "ELSTER" qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış (Forma-2 № 9024567), xx.xx.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmiş və müəyyən edilmişdir ki, 1) ilkin baxış zamanı sayğacın daxili çirklidir. İmpuls ötürücüsünün qulaqcığı qırıqdır. Göstəricilər arasinda fərq vardır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Rotorlar səslə işləyir; 2) sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir; 3) batareyanın istehsal tarixi 2019-cu ildir. Təzyiq borusu yoxlanıldı sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 20217 m3 çoxdur. Pbaza=1.01325 bar, Tbaza=293.15 K. Yekun olaraq yoxlamanın nəticəsi kimi qeyd edilmişdir ki, xətalar normaya uyğundur. İmpuls ötürücüsü tələb olunur. - xx.xx.2022-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı MMC-nin (abonent kodu: **********00200) qeyd edilən tarixə ümumilikdə borcu 13504,56 manat (sayğac oxunması: 305118,16 manat + aktlar: 9166,60 manat – ödəmələr: 300780,20 manat = son borc: 13504,56 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2021-ci ilin aprel ayında abonentin sərfiyyatı 7233 manat məbləğində, may ayında isə 4884 manat məbləğində olmuşdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən İddiaçı MMC-yə cavabdeh tərəfindən iddiaçının adına **********00200 saylı abonent kodu açılaraq təbii qazla təchiz edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən qaz sayğacında nasazlıq yarandığından, sayğac xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış və əvəzinə isə eyni tarixdə digər bir aktla G160 markalı, 75018929 nömrəli, rotor tipli müvəqqəti “Elster” qaz sayğacı quraşdırılmışdır. Təbii qazdan istifadəyə görə 2021-ci ilin aprel və may ayları üzrə abonentə ümumilikdə 12117 manat (aprel - 7233 manat + may - 4884 manat = 12117 manat) məbləğində sərfiyyat hesablanmışdır. İddiaçı aprel və may ayları üzrə faktiki istifadə edilən qazın sərfiyatına uyğun olmayan ona hesablanmış borc məbləği ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2021-ci il tarixində abonentə quraşdırılmış G160 markalı, 75018929 nömrəli, rotor tipli müvəqqəti “Elster” qaz sayğacı çıxarılaraq, yerinə müəsissəyə məxsus G160 markalı, 75070506 nömrəli, rotor tipli “Elster” qaz sayğacı quraşdırılmış və sözügedən müvəqqəti sayğac yoxlanmağa göndərilmişdir. Müvəqqəti quraşdırılmış sayğac yoxlanılmış və 9/1640-01400-5 nömrəli, xx.xx.2021-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında yuxarıda qeyd olunan akt tərtib olunmuş və impuls ötürücüsünün qulaqcığının qırıq olması, göstəricilər arasında fərqlərin olması və s. müəyyən olunmuşdur. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, sözügedən aylar üzrə qazdan istifadənin düzgün hesablanmadığını bildirərək, ona hesablanmış ümumilikdə 12117 manat borc məbləğinin silinməsini xahiş etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında deyilirdi ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə hesab edir ki, əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə mübahisələndirilən, yəni 2021-ci ilin aprel və may ayları üçün istifadə edilən təbii qaza görə həqiqətən artıq sərfiyyat hesablanmışdır. Qeyd olunan dövrdə isə cavabdeh tərəfindən iddiaçıya məxsus ünvanda G160 markalı, 75018929 nömrəli, rotor tipli müvəqqəti “Elster” qaz sayğacı quraşdırılmışdır. 2021-ci ilin iyun ayında iddiaçı tərəfindən cavabdehə sayğacın düzgün işləməməsi ilə bağlı müraciət edilmiş və cavabdeh tərəfindən quraşdırılmış müvvəqəti sayğac çıxarılaraq əvvəlki, yəni G160 markalı, 75070506 nömrəli, rotor tipli “Elster” qaz sayğac ilə əvəz edilmişdir. Quraşdırılmış G160 markalı, 75018929 nömrəli, rotor tipli müvəqqəti “Elster” qaz sayğac isə cavabdeh tərəfindən yoxlanılmış və yoxlama nəticəsində sayğacın daxilinin çirkli olması, impuls ötürücüsünün qulaqcığının qırıq olması və göstəricilər arasında fərqin olması aşkar edilmişdir (9/1640-01400-5 nömrəli, xx.xx.2021-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt). Məhkəmə abonentə sözügedən dövr üzrə təbii qazdan istifadəyə görə artıq sərfiyyatın hesablandığı ilə razılaşsa da, həmin dövr üzrə hesablanmış ümumilikdə 12117 manat borc məbləğinin silinməsini məqsədəmüvafiq hesab etmir. Çünki sözügedən dövrlərdə iddiaçı tərəfindən təbii qazdan istifadə edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin dövr ərzində iddiaçıya məxsus ünvana müvəqqəti qaz sayğacı quraşdırıldığından, həmin qaz sayğacında isə nasazlıq olduğundan qeyd edilən dövr üzrə iddiaçının təbii qazdan istifadə etməsinin dəqiq məbləğini müəyyən etmək mümkün deyil. Ona görə də 2021-ci ildən əvvəlki illər üzrə (pandemiya səbəbindən 2020-ci il çıxılmaq şərti ilə) iddiaçının aprel və may aylarında təbii qazdan istifadənin məbləğlərinə nəzər yetirilmiş və müəyyən edilmişdir ki, iddiaçının təbii qazdan istifadəyə görə sərfiyyatın məbləği 2018-ci ilin aprel və may aylarında ümumilikdə 5024,40 manat, 2019-cu ilin aprel və may aylarında ümumilikdə 3152,80 manat olmuşdur. Sözügedən 2 il üzrə aprel və may ayları üçün orta sərfiyyat isə 4088,60 manat (5024,40 + 3152,80 = 8177,20 : 2 il = 4088,60) məbləğində təşkil edir. Beləliklə də, məhkəmə 2021-ci ilin aprel və may ayları üzrə iddiaçının təbii qazdan istifadəsinin sərfiyyatını 2018 və 2019cu ilin müvafiq aylarında iddiaçı tərəfindən istifadə edilmiş istehlak miqdarını əsas götürməklə mübahisəli dövr üzrə istifadə edilmiş təbii qazın dəyərinin 4088,60 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edərək, iddiaçıya həmin dövlər üzrə 8028,40 manat (12117 - 4088,60 = 8028,40) məbləğində artıq sərfiyyatın hesablandığı qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, borcun silinməsinə dair iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh tərəfindən 2021-ci ilin aprel və may ayları üzrə iddiaçıya hesablanmış 12117 manat məbləğində borcun 8028,40 manat (səkkiz min iyirmi səkkiz manat qırx qəpik) hissəsi İddiaçı **********00200 saylı abonent hesabından silinməli, iddia qalan hissədə təmin olunmamalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən 2021-ci ilin aprel və may ayları üçün hesablanmış borcun 8028,40 manat (səkkiz min iyirmi səkkiz manat qırx qəpik) məbləği İddiaçı **********00200 saylı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar