Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-316/2022 19.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 5142,32 manat məbləğində əsas borcun, 72,93 manat məbləğində faiz borcunun və 100 manat məbləğində məhkəmə xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı 22.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 (VÖEN **********) bankdan dövriyyə vəsaitlərinin artırılması və sair xərclər üçün 12 ay müddətinə, 22.06.2021 ilədək qaytarmaq və illik 24% ödəmək şərti ilə aldığı 7000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə 09.09.2021-ci il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 5142,32 manat; b) faizlər üzrə 72,93 manat; c) cərimə üzrə 0,00 manat təşkil edir. Borc alan və bankla bağladığı zaminlik müqaviləsinə görə onun öhdəliyinin icrasına görə bank qarşısında birgə məsuliyyət daşıyan zamin Cavabdeh2 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, borc məhkəmə qaydasında tutulmalıdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdehlər imtina etdiyi üçün mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 11.10.2021 il tarixli MŞ2021-003789 №-li arayış verilmişdir. İddia ərizəsinin surətləri cavabdehlərə müvafiq olaraq 01.10.2021 və 04.10.2021 ildə çatdırılıb. Bakı Kommersiya Məhkəməsinin 16.11.2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehlər gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı ASC (kreditverən) ilə Cavabdeh1 (borc alan) arasında 22 iyun 2020-ci il tarixli 16220***-*******03 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci maddəsinə görə bu müqaviləyə görə kredit verən 0 ay güzəşt olmaqla, 7000 manat məbləğdə və müqavilənin 2.03 (a) bəndində göstərilən faizlə borcalanın istifadəsinə krediti təqdim etməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kredit verənə qaytarmağı öhdəsinə götürür. 2.01-ci (a) bəndinə əsasən güzəşt müddəti ərzində borc alan götürülmüş kreditə görə yalnız bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə borcalan əsas borc, faiz və digər ödənişləri kreditverənə ödyəcəkdir. 2.03-cü (a) bəndinə əsasən borc alan alınmış kredit üçün illik 24% ödəməlidir. 2.07-ci (a) bəndinə əsasən borc alanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə 22.06.2020-ci il tarixli, 16FİZAM190516202 saylı zaminlik müqaviləsi bağlanılır. Müqavilə hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında 22.06.2020-ci il tarixli 16FİZAM190516202 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu kreditor və borclu Cavabdeh1 arasında bağlanmış məbləği 7000 manat, illik faiz dərəcəsi 24, müddəti 12 ay olan 16220***-*******03 saylı 22 iyun 2020-ci il tarixli kredit müqaviləsi ilə müəyyən olunur. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. Cavabdeh1 16-1905132-1 nömrəli bank hesabından çıxarışdan müəyyən edilir ki, kredit müqaviləsinə əsasən 22.06.2020-ci il tarixdə həmin hesaba 7000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 22.06.2020-ci il tarixli EWRNCA**********80 nömrəli kassa məxaric orderinə əsasən müəyyən edilir ki, kredit olaraq hesaba ayrılmış vəsaitin 6860 manat hissəsi Cavabdeh1 tərəfindən nağdlaşdırmışdır. 22 iyun 2020-ci il tarixli 16220***-*******03 saylı kredit müqaviləsinə əlavə olan 22.10.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cəmi ödənişin məbləği 05.11.2020-ci ildən 22.06.2021-ci il tarixədək ümumilkdə 6005,3 manat, o cümlədən əsas borc üzrə 5403,59 manat, faiz borcu üzrə 601,71 manat müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 02.09.2021-ci il tarixli pretenziya məktubları ünvanlanaraq kredit müqaviləsi üzrə yaranmış borcun 3 bank iş günü ərzində ödənilməsi təklif edilmiş, borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilımişdir. İddiaçı ASC tərəfindən verilmiş 09.09.2021-ci il tarixli (maliyyə) arayışa əsasən Cavabdeh1 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə 09.09.2021-ci il tarixə Cavabdeh1 5142,32 manat məbləğində əsas, 72,93 manat məbləğində faiz olmaqla, cəmi 5215,25 manat məbləğində kredit borcu vardır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında 22 iyun 2020-ci il tarixli 16220***- *******03 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC həmin müqaviləyə əsasən Cavabdeh1 12 ay müddətinə illik 24 %-lə 7000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya 09.09.2021-ci il tarixinə kredit müqaviləsi üzrə 5142,32 manat məbləğində əsas; 72,93 manat məbləğində faiz borcu yaranmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh1 22 iyun 2020-ci il tarixli 16220***-*******03 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin banka əsas və faiz borcunun yarandığını nəzərə alaraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Cavabdeh1 22 iyun 2020-ci il tarixli 16220***-*******03 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin banka borcunun yarandığını, belə olan halda İddiaçı ASC-nin əsas borc məbləğinin və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, Cavabdeh1 22 iyun 2020-ci il tarixli 16220***-*******03 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə Cavabdeh2 arasında 22.06.2020-ci il tarixli 16FİZAM190516202 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 Cavabdeh1 22 iyun 2020-ci il tarixli 16220***-*******03 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə 22.06.2020-ci il tarixli 16FİZAM190516202 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 22 iyun 2020-ci il tarixli 16220***-*******03 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durduğunu, Cavabdeh1 isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, 22 iyun 2020-ci il tarixli 16220***-*******03 saylı müqavilə üzrə əsas və faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 72,15 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.142,32 manat (beş min yüz qırx iki manat otuz iki qəpik) məbləğində əsas, 72,93 manat (yetmiş iki manat doxsan üç qəpik) məbləğində faiz borcu, cəmi 5.215,25 manat (beş min iki yüz on beş manat iyirmi beş qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-316/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-316/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver