Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3162/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz" İB-ə qarşı cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə bağlanması və yeni abonent kodunun verilməsi) X7 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İB-ə qarşı cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (Kod:**********00000) qazın alqısatqısı müqaviləsi bağlanaraq İddiaçı adına yeni abonent kodunun verilməsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X2 xx.xx.2024-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda yerləşən torpaq sahəsini almışdır. Bununla bağlı ona xx.xx.2024-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi olan çıxarış verilmişdir. Hazırda mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış sahəsi mövcuddur. Həmin qeyri-yaşayış sahəsi Cavabdeh İB tərəfindən **********00000 saylı qaz kodu verilərək təbii qazla təchiz edilmişdir. Mülkiyyəti əldə edərkən keçmiş sahibinin adına təbii qazdan istifadəyə görə heç bir borcu olmamışdır. Alqı-satqıdan sonra iddiaçı çıxarışla cavabdeh təşkilata müraciət edərək onunla qazın alqı-satqısı müqaviləsinin bağlanmasını, təbii qaz kodunun adına rəsmiləşdirilməsini və təbii qazın verilməsinin bərpa edilməsini xahiş etmişdir. Lakin ona bildirmişlər ki, ona məxsus qeyri-yaşayış sahəsində təbii qazdan istifadəyə görə 18850,20 manat ödənilməmiş borc vardır və yalnız həmin borc ödənildikdən sonra təbii qazın verilməsi bərpa ediləcəkdir. Bu məsələni araşdırdıqda məlum oldu ki, 2019-cu ilin aprel ayınadək həmin qeyri-yaşayış sahəsində icarə müqaviləsi əsasında "xxxx" MMC təbii qazdan istifadə etmişdir. Təbii qazdan istifadə nəticəsində "xxxx" MMC-nin 18850,20 manat debitor borcu yaranmışdır. Bu səbəbdən Cavabdeh İB debitor borcun ödənilməsi tələbi ilə 2021-ci ilin yanvar ayında Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-189/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdeh "xxxx" MMC-dən 18850,20 manat borcun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönləndirilmişdir. Cavabdeh təşkilatın hazırda iddiaçıdan tələb etdiyi borc məbləği ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Hazırda qeyri-yaşayış sahəsində təbii qazdan istifadə üçün ELSTER G-25 markalı, 75106470 nömrəli qaz sayğacı mövcuddur. Lakin cavabdeh təşkilat bildirir ki, sözügedən borc məbləği ödənilməyincə təbii qazın verilməsi bərpa edilməyəcəkdir. İddiaçı tərəfindən cavabdeh təşkilata yeni abonent kodunun verilməsi ilə bağlı müraciət edilsə də bundan da imtina edilmişdir. Göründüyü kimi cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui-istifadə edərək iddiaçıya aidiyyəti olmayan hüquqi şəxsin borcunu ödətdirmək istəyir. Abonent kodu iddiaçının adına olmadığı təqdirdə onunla müqavilə bağlanmayacaq və təbii qazın verilməsi bərpa edilməyəcəkdir. İddiaçı tərəfindən cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və iddiaçının adına müqavilə bağlanaraq yeni abonent kodunun açılması tələb edilmişdir, lakin müsbət nəticə əldə edilməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 oğlu bildirmişdir ki, iddia tələbini qəbul etmir. İş materiallarından da göründüyü kimi həmin qeyri-yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. Öncəki istehsalçının dövründə borc məbləği yaranması və hazırda da ödənilməməsi səbəbindən yeni abonent kodunun verilməsi mümkün deyildir. Yeni abonent kodunun verilməmə səbəbi məhz ödənilməmiş borc məbləğidir. Borc məbləğinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunmuş və qətnamə qəbul edilmişdir. Lakin hazırkı mərhələdə də borc məbləği qalmaqda davam edir. Qanunvericiliyə əsasən hər bir müraciət edən şəxsə abonent kodu verilməlidir və qeyd edilən əsasa görə tərəfə yeni abonent kodunun verilməsindən imtina nəzərdə tutulmamışdır. Lakin ortada ödənilməmiş borc məbləği olduğundan, həmin borc məbləğinin ödənilməsini təmin etmək üçün bu yola əl atmalı olduqlarını bildirmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ilə X5 arasında xx.xx.2024-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda yerləşən 0,1172 h torpaq sahəsini İddiaçı almışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda yerləşən 0,1172 h torpaq sahəsi üzrə ********** saylı qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı tərəfindən Cavabdeh İB-ə ünvanlanmış pretenziyada qeyd edilmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (Kod: **********00000) qazın alqı-satqısı müqaviləsi bağlanaraq İddiaçı adına yeni abonent kodu verilməsi xahiş edilmişdir. e-2-2(119)-189/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddiaçı Cavabdeh cavadeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbi təmin edilərək cavabdeh "xxxx" MMC-dən 18850,20 manat borcun tutulması qət edilmişdir. Abonentin saldosundan görünür ki, İddiaçı 2024-2025-ci illər üzrə borcu yoxdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2-ci maddəsinə əsasən bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqısatqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X5 arasında xx.xx.2024-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda yerləşən 0,1172 h torpaq sahəsini İddiaçı almış, bununla bağlı iddiaçıya xx.xx.2024-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi olan çıxarış verilmişdir. İddiaçı yeni mülkiyyətçi olaraq müqavilə bağlanması və yeni abonent kodu verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının mülkiyyətində olan əmlakın abonent kodunda borc olduğu üçün müqavilə bağlanmasından və yeni abonent kodu verilməsindən imtina etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfi dinləyib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Çünki qanunvericilikdə əvvəlki abonentin borcuna görə yeni abonentlə müqavilə bağlanmasından imtina edilməsi və qazın dayandırılması əsası nəzərdə tutulmamışdır. Qanunvericiliyə görə cavabdeh təbii inhisar subyekti olaraq ölkə üzrə ona müraciət etmiş hər bir şəxsi qaz şəbəkəsinə birləşdirib təchiz etməli və qazın sаtılmаsını təşkil etməlidir. Bunun üçün isə ilk növbədə həmin şəxslə qaydalara uyğun təbii qazın alqı-satqısına dair müqavilə bağlamalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-189/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən ilə aydın olur ki, iddiaçının mülkiyyətində olan əmlakın abonent kodundakı 18850,20 manat borc "xxxx" MMC-yə aiddir və məhkəmə qətnaməsinə əsasən sonuncu həmin borcu ödəməlidir. Hətta məhkəmə iclasındakı izahatında cavabdehin nümayəndəsi abonent kodunda əvvəlki istifadəçinin borcunun olmasının müqavilə bağlamaqdan və yeni abonent kodu verməkdən imtina üçün əsas olmadığın bildirmiş, sadəcə borcun ödənilməsi üçün bu yoldan istifadə etdiklərini etiraf etmişdir. Cavabdehin öz inhisarçı mövqeyindən istifadə etməklə əvvəlki abonent "xxxx" MMC-nin borcuna görə iddiaçı ilə müqavilə bağlamaqdan və yeni abonent kodu verməkdən imtina etməsi, həmin borcun ödənilməsini şərt kimi iddiaçıya irəli sürməsi hüquqdan sui-istifadədir və bu, qanunla yolverilməzdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (Kod:**********00000) dair təbii qazın alqı-satqısı müqaviləsi bağlanaraq İddiaçı adına yeni abonent kodunun verilməsi Cavabdeh İB-yə həvalə edilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (Kod:**********00000) dair təbii qazın alqı-satqısı müqaviləsi bağlanaraq İddiaçı adına yeni abonent kodunun verilməsi Cavabdeh İB-yə həvalə edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumun əvəzi Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3162/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3162/2025
30.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver