Məhkəmə qərarları › İş №e-2-2(113)-3164/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3164/2025

16.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3164/2025 16.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X11 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı2 Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz” İB tərəfindən **********00000 nömrəli abonent koduna akt əsasında hesablanmış 5457,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qızıl şərq hərbi şəhərcik ünvanda yerləşən qeyri-yaşayış sahəsi (çörək sexi) müqavilə əsasında X1 adına **********00000 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilmişdir. Bildirir ki, X2 onun həyat yoldaşı olmuş və o, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Vəfat etmiş həyat yoldaşının qanun üzrə vərəsəsi iddiaçı tanınmışdır. Bu barədə xx.xx.2024-cü il tarixdə şəhadətnamə verilmişdir. Sonradan iddiaçıya məlum olduğu kimi cavabdeh təşkilat tərəfindən onlara 5457,60 manat məbləğində sayğac göstəricisindən əlavə akt əsasında borc hesablanmışdır. Akt nə zaman və kim tərəfindən tərtib edildiyindən məlumatsız olmuşdur. Sözügedən aktla bağlı tərəfindən cavabdeh təşkilata şifahi müraciət edildikdə bildirmişlər ki, təbii qazdan qanunsuz olaraq sayğacdan kənar istifadə edildiyi üçün cavabdeh təşkilat tərəfindən həyat yoldaşı barəsində xx.xx.2019-cu il tarixdə, ******* nömrəli akt tərtib edilərək 5457,60 manat borc hesablanmışdır. Belə bir halın məntiqsiz olduğu və tam qanunsuz olduğu tərəfindən bildirilmişdi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini bildirmişlər. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırma aparılmadığı və istehlakçının aldandıldığını başa düşmüş. Cavabdeh tərəfindən tərtib edilmiş saxta aktla bağlı Məhkəmənin nəzərini bir neçə məqama çəkmək istəyirik. Belə ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən istifadəsində olan və olmayan cihazları götürmüşlər həmin mövcud olmayan cihazları 90 gün müddətə və gündəlik 16 saat işləmə rejiminə vurmaqla 5457,60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh təşkilatın “dəymiş ziyan” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmiş, iddiaçı elektron qaydada məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən etiraz təqdim olunmadı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 798 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Xaçmaz rayon Pirqulu Oba kənd soveti 12 may 1979-cu il tarixli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X6 birgə nikah bağlamışlar və Laçınova İddiaçı2 familiyasını götürmüşür. xx.xx.2024-cü il tarixli Bakı şəhər 12 saylı natariat kontorunun xüsusi natariusu X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi ünvan 2 ünvanda yaşayan İddiaçı2dır. 30 may 2019-cu il tarixli ******* nömrəli AKT-ın surətindən görünür ki, Hərbi şəhərcik, Eldar Ağayev küçəsində yerləşən çörəkbişirmə sexində Cavabdeh İB-nin İSGNŞ-nin mühəndisi X4, X8, X7, BRASD-nın mühəndisi X9 göstərilən aktı tərtib etmişlər. Abonentin sayğacdankənar əlavə reyzin boru ilə qoşulma aşikar edilmişdir. Bunun əsasında eyni tarixli, dəymiş ziyanın bərpasına dair tələbnamədə cəmi 27288M/2 qazın bərpası üçün aparılmış hesabat aparılmışdır. Abonentin saldosundan görünür ki, iddiaçının cavabdehə 2025-ci ilin yanvar ayı üzrə borcu (qalıq və aktlar üzrə) 5457.60 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı2 tərəfindən 75 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 2.7-ci maddəsinə əsasən qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. 2.8-ci maddəsinə əsasən qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim edildikdə (göndərildikdə), istehlakçı qaz paylayıcısının işçilərinin xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətməməli və müayinənin keçirilməsinə şərait yaratmalıdırlar. 2.10-ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-2-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Göründüyü kimi Cavabdeh İB qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşı tərəfindən iddiaçıya məxsus obyektdəki sayğaca vizual baxış keçirməklə bağlı hesablanmış borc məbləğidir. Halbuki cavabdehin əməkdaşları iddiaçının sayğacında aşkar etdikləri nasazlığa görə vahid məlumat reyestrində qeydə aldırmaqla yoxlama keçirməli, iddiaçının nümayəndəsinin iştirakı ilə sayğac açılaraq laborator müayinəyə göndərilməli, müayinənin nəticəsinə uyğun olaraq müvafiq qərar qəbul olunmalı idi, bundan sonra qanunvericiliyə uyğun qaydada borc hesablana bilərdi. Lakin cavabdehin əməkdaşları yoxlamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata aldırmadan, vizual baxış keçirməklə həyata keçirmişlər və heç bir sənəd tərtib etmədən borc hesablamışlar. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 5457,60 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azəriqaz” İB tərəfindən **********00000 nömrəli abonent koduna akt əsasında hesablanmış 5457,60 manat borc silinsin. İddiaçı məhkəməyə müraciət edərkən ödəmiş olduğu 75 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar