Məhkəmə qərarları › İş №e-2-2(113)-3165/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3165/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3165/2021 03.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 172063,41 manat pulun – bundan 125610.00 manat əsas, 44771.93 manat faiz borcun, 1681.48 manat cərimə borcun və iş üzrə ödənilmiş 60 manat dövlət rüsumunun Cavabdeh2 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 8 otaqlı 81 saylı fərdi yaşayış evinə 0,098 ha torpaq sahəsi ilə birlikdə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin evin boşaldılaraq, ləğv prosesində olan LPO "xxxx" ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 31 oktyabr 2017-ci il tarixli 01XZBK saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 200000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17.08.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1, 81 saylı fərdi yaşayış evi 0,098 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuşdur. Evin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 arasında 31 oktyabr 2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06.11.2017-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə NF00078 saylı 16.01.2020-ci il tarixli, **********935 saylı 17.0.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizanın rəyi ilə razı deyil, belə ki, həmin rəydə faiz borcu düzgün hesablanmamışdır. Bu səbəbdən həmin rəyin sübut kimi nəzərə alınmamasını xahiş edir. Bundan əlavə, cavabdehə məxsus bank hesabı üzərində vergi orqanın çoxsaylı sərəncamları olmuş, bu səbəbdən 06.09.2019-cu il tarixdə təyinatı kredit ödənişi olan 100000 manat pul həmin sərəncam üzrə silinmişdir. Belə ki, bank üzərinə düşən öhdəliyi icra etmiş, mülki qanunvericiliyin tələblərini nəzərə alıb ardıcıllıqla həmin vəsaiti silmişdir. Bu səbəbdən, 100000 manat ödəniş kredit borcunun ödənilməsi kimi nəzərə alına bilməz. Əvvəlki məhkəmə iclasında cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 06.09.2020-ci il tarixdə kredit ödənişi olaraq banka 100000 manat pul ödənilmiş, lakin həmin vəsait təxminən 1 ay 20 gün sonra vergi orqanının sərəcamı əsasında vergi borcunun ödənilməsinə silinmişdir. Belə ki, həmin vaxt bank hesabı üzərində sərəncam olmamış, bank vaxtında öz öhdəliyini icra etmədiyi, yəni həmin pulu kredit borcuna silmədiyi üçün daha sonra qoyulmuş sərəncam üzrə əsassız olaraq silinmişdir. Bu səbəbdən həmin vəsaitin də kredit borcundan silinməsini xahiş edir. Cavabdehlərə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 01XZBK saylı, 31.10.2017-ci il tarixli kredit müqaviləsinə əsasən kredit verən kredit alana kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərləkrediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən bu müqavilə kredit alanın (Cavabdeh2 MMC) ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın (Cavabdeh1) Bakı şəhəri Nizami rayonu 4085-ci məhəllə, 8-ci km yaşayış sahəsi, 1-ci Şərq küçəsində xüsusi mülkiyyətində olan 0,098 ha torpaq sahəsində yerləşən 5571,63kv.m ümumi sahədən, 205,75 kv.m yaşayış sahəsindən, 365.88 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 81 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi “kredit alan” tərəfindən müqavilənin 2-ci maddəsində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə. Habelə 5.1-ci bəndi ilə müəyyənləşdirilən hallarda ipoteka saxlayanın kredit alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. İpotekanın predmeti 1.349.400 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış 24 yanvar 2019-cu il tarixli XZF 21-00028 nömrəli bildirişə əsasən iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcunu 3 iş günü müddətində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barəsindən xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış 16.01.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcunu 3 iş günü müddətində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barəsindən xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 17 mart 2021-ci il tarixli **********912 saylı arayışdan məlum olur ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli 01 XZBK saylı kredit müqaviləsi üzrə 01.03.2021-ci il tarixinə yaranmış əsas borc 125610 manat, faiz borc 44771.93 manat, cərimə borcu 1681.48 manat, ümumi 172063.41 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 17 mart 2021-ci il tarixli **********935 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişə əsasən kredit müqaviləsi üzrə götürülmüş öhdəliyin borclu tərəfindən lazımınca icra edilmədiyi və 172063.41 manat məbləğində kredit borcunun yarandığı bildirilmiş, borcun ipoteka predmetinə yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 30 mart 2021-ci il tarixli **********016 nömrəli kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması barədə ərizəyə əsasən bildirişin qeydiyyata alınması xahiş olunmuşdur. Cavabdehə məxsus 27.07.2019-cu il tarixli hesabdan çıxarışdan məlum olur ki, cavabdehin dövrün sonuna 56.989,82 manat qalıq borcu qalmışdır. Cavabdeh4 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, X3 məxsus olan Bakı şəhəri Nizami rayonu 4085 məhəllə, 8-ci km yaşayış sahəsi, 1-ci Şərq küçəsi ev 81 ünvnada yerləşən fərdi yaşayış evi və mülkiyyətdə olan 0,098 ha həyətyanı torpaq sahəsinin iddiaçının xeyrinə ipoteka qoyulmasına razıdır. İpoteka qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh1 tərəfinən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, ona məxsus olan Bakı şəhəri Nizami rayonu 4085 məhəllə, 8-ci km yaşayış sahəsi, 1-ci Şərq küçəsi ev 81 ünvnada yerləşən fərdi yaşayışş evi və mülkiyyətdə olan 0,098 ha həyətyanı torpaq sahəsinin iddiaçının xeyrinə ipoteka qoyulmasına razıdır. İpoteka qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 13.08.2021-ci il tarixli, MB-14/1003 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 13 avqust 2021-ci il tarixinə hesablanmış bazar dəyəri 910.000 manat, likvid dəyəri isə 819.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli 9/5513 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh2 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 31 oktyabr 2017-ci il tarixli, 01 XZBK nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq "xxxx" MMC-nin 01.03.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 163156,83 manat məbləğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə 125610 manat, faiz borcu üzrə 37546,83 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şətrlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-cü maddəsinə əsaəsn bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit və ipoteka müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə kredit ödənişi kimi banka ödənilmiş və vergi orqanını sərəncamı üzrə silinmiş 100000 manat vəsaitin kredit müqaviləsi üzrə ödənilməli olan borca nəzərə alınmalı olması barədə cavabdehlərin dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2-ci maddəsinə əsasən “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir: 965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 965.2.2. ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir; 965.2.3. üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; 965.2.4. dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; 965.2.5. beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 965.2.6. altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir. Materiallarda olan hesabdan çıxarışlardan, ödəniş tapşırığı və kassa-mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə 06.09.2019-cu ildə hesabın möhkəmləndirilməsi (kredit ödənişi) kimi 100000 manat məbləğində pul köçürülmüşdür, iddiaçının nümayəndəsi həmin vəsaitin banka daxil olmuş vergi orqanının sərəncamları əsasında silindiyini bildirmiş, həmin sərəncamları Məhkəməyə təqdim etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi icra etmiş, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edərək göstərilən ardıcılıqla hesabda olan vəsaiti silmişdir. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərdən faiz borcu üzrə 44771.93 manat məbləğində pulun ödənilməsini tələb etsə də, ekspert rəyinə əsasən cavabdehin 31 oktyabr 2017-ci il tarixli, 01 XZBK nömrəli kredit müqaviləsi üzrə 24 mart 2020-ci il tarixədək banka olan faiz borcu 37546,83 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəyinə uyğun müəyyən edilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 1681,48 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia ərizəsinin ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan iddiaçıya təhvil verilməsinə dair hissəsi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı qeyd olunan tələbləri irəli sürmək hüququna malik olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh2 MMC-nin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, kredit müqaviləsi üzrə əsas borc üzrə 125610.00 manat, faiz borcuna görə 37546,83 manat, 500 manat cərimə, cəmi 163656,83 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 40 manat hissəsi cavabdehdən, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 250 manat hissəsi cavabdehdən, 50 manat hissəsi isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 31 oktyabr 2017-ci il tarixli, 01 XZBK nömrəli kredit müqaviləsi üzrə 125610 (bir yüz iyirmi beş min altı yüz on) manat əsas borc, ona hesablanmış 37546,83 manat (otuz yeddi min beş yüz qırx altı manat səksən üç qəpik) məbləğində faiz borcu, 500 (beş) yüz manat cərimə, ümumilikdə 163656,83 manat (bir yüz altmış üç min altı yüz əlli altı manat səksən üç qəpik) məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 60 (altmış) manat tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 4085-ci məhəllə, 8ci km yaşayış sahəsi, 1-ci Şərq küçəsi, 0.098 ha torpaq sahəsi və üzərində yerləşən 81 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin likvid dəyəri 819000 (səkkiz yüz on doqquz min) manat müəyyən edilməklə açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 125610 (bir yüz iyirmi beş min altı yüz on) manat əsas borc, ona hesablanmış 37546,83 manat (otuz yeddi min beş yüz qırx altı manat səksən üç qəpik) məbləğində faiz borcu, 500 (beş) yüz manat cərimə, ümumilikdə 163656,83 manat (bir yüz altmış üç min altı yüz əlli altı manat səksən üç qəpik) məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 60 (altmış) manat tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 MMC-dən alınaraq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Aparılmış ekspertiza ilə bağlı 40 (qırx) manat və 250 (iki yüz əlli) manat, cəmi 290 (iki yüz doxsan) manat ekspertiza xərci Cavabdeh2 MMC-dən tutularaq müvafiq olaraq 40 (qırx) manatla bağlı hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 250 (iki yüz əlli) manatla bağlı hissədə isə "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, Kod: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Aparılmış ekspertiza ilə bağlı 10 (on) manat və 50 (əlli) manat, cəmi 60 (altmış) manat ekspertiza xərci iddiaçı LPO İddiaçı ASC-dən tutularaq müvafiq olaraq 10 (on) manatla bağlı hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 50 (əlli) manatla bağlı hissədə isə "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, Kod: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar