Məhkəmə qərarları › İş №e-2-2(113)-3170/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3170/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3170/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi və "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər olmaqla) qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: torpaq icarə müqaviləsinə xitam verilməsi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin və 3-cü şəxslərin iştirakları olmadan, İddiaçı MMC-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi və "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər olmaqla) qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi təmin edilməsi, "xxxx" MMC (indiki adı: İddiaçı MMC) ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında 19 may 2016-cı il tarixində bağlanmış 1164 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə xitam verilməsi və hüquqi yardımla əlaqədar ödənilmiş 600(altı yüz) manat və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" X1 27 may 2004-cü il tarixində təsis edilməklə dövlət qeydiyyatına alınmışdır. 2023-cü ildə Cəmiyyətin adı dəyişdirilərək İddiaçı MMC (VÖEN **********) olmuşdur. 13 May 2016-cı il tarixli 199 nömrəli qeyriyaşayış obyektinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına sənədləşdirilməsi haqqında sərəncama əsasən, Xətai rayonu, Gen. Şıxlinski küçəsindəki 2942 V saylı məhəllədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçular üçün yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılmış torpaq sahəsinin 426 kv.m hissəsinin və həmin hissədə inşa edilmiş qeyri-yaşayış obyektinin mövcud istifadə vəziyyətində "xxxx" MMC-nin adına sənədləşdirilməsinə icazə verilmişdir. Bildirmək istəyir ki, 7 aprel 2018-ci il tarixində tərtib olunmuş Bölünmə Balansına əsasən, miqdarı: bütün aktivlərin 90%-i olan, ünvan: ünvan 1 Daşınmaz Əmlak Seriya RX № ******* və ünvan 2 ünvanında yerləşən 609.7 kv.m olan Daşınmaz əmlak Seriya RX № (1049360) "xxxx" MMC-nin aktivlərinə aid edilmişdir. Bölünmə balansı dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan torpaq sahəsi 07 aprel 2018-ci il tarixindən etibarən Balans üzrə bölünmə baş verdiyi üçün "xxxx" MMC-nin (VÖEN **********) balansına keçmişdir. Həmin ünvandakı torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsində olmasını təsdiq edən Dövlət Reyestrdən çıxarışın surəti iddia ərizəsinə əlavə olunur. Həmin çıxarışdan da görünür ki, yuxarıda qeyd edilən torpaq sahəsi üzrə "xxxx" MMC ilə icarə müqaviləsi bağlanmışdır. Beləliklə eyni torpaq sahəsinə dair həm "xxxx" MMC (indiki adı: X2 GROUP MMC) və həm də "xxxx" MMC-nin qüvvədə olan icarə müqaviləsi mövcüddur ki, bu da qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil etməkdədir. Hazırda "xxxx" MMC həmin torpaq sahəsinin faktiki istifadəçisidir. Cavabdehə 27 sentaybr 2024-cü il tarixdə, 22 noyabr 2024-cü il tarixdə və 30 yanvar 2025-ci il tarixdə Pretenziya məktublarıgöndərilsədə, mübahisəniməhkəmədən kənar həlletmək mümkün olmamışdlr. Beləliklə, daha öncə "xxxx" MMC-nin balansında olan AZ1126 ünvan 3 ünvanında olan torpaq sahəsi üzrə AR-nın İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətində uçotu aparılan X3 üzrə 23 iyul 2024 tarixinə 3717.62 AZN borc formalaşdırılmışdır və bu borc hər il üçün artmaqdadır və vergi orqanı ilə aparılan yazışmalar və danışıqlar heç bir nəticə vermir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, bildirir ki, onlar Bakı şəhər İcra Hakimiyyətinə dəfələrlə - 27 sentaybr 2024-cü il tarixdə, 22 noyabr 2024-cü il tarixdə və 30 yanvar 2025-ci il tarixdə müraciət ünvanlamışlar, yalnız bir dəfə onlara cavab göndərilmişdir ki, “siz aidiyyatı üzrə sənədləri təqdim etdikdən sonra sizin müraciətə baxılacaqdır.” Hesab edirlər ki, cavab formal xarakter daşıyır. Müraciət zamanı sənədləri qoşma şəklində əlavə etmişlər. Müraciətilərini həm kağız formada, həm də elektron kargüzarlıq vasitəsilə cavabdeh tərəfə göndərmişlər. İddia ərizələrinin təmin edilməsini xahiş edir.

4. Cavabdehə və 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin və 3cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 13 may 2016cı il tarixli Sərəncamına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2016-cı il tarixli, 06 saylı müraciətini və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2016-cı il tarixli, 161 saylı razılıq məktubunu nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 247 saylı və xx.xx.2012-ci il tarixli, 50 saylı sərəncamlarına əsasən Xətai rayonu, Gen. Şıxlinski küçəsindəki 2942 V saylı məhəllədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılmış toıpaq sahəsinin 426 kv.m hissəsinin və həmin hissədə inşa edilmiş qeyri-yaşayış obyektinin mövcud istifadə vəziyyətində "xxxx" MMC-nin adına sənədləşdirilməsinə icazə verilmişdir.

8. "xxxx" MMC (indiki adı: İddiaçı MMC) ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında 19 may 2016-cı il tarixli, 1164 nömrəli Xətai rayonu, General Şıxlinski küçəsi, 2942 V saylı məhəllədə ayrılmış torpaq sahəsinə dair Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır.

9. Müqavilənin 1.1-ci bəndinə əsasən “icarəyə verən” icarə əsasında 426 kv.m olan torpaq sahəsini gələcəkdə “sahə adlanacaq ərazini “icarəçi”-yə 49 il müddətinə istifadəsinə verir, “icarəçi” isə qəbul edir.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən sahənin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələri qeyd olunmuş, müqaviləyə əlavə olunan planda göstərilmişdir.

11. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi qeyri-yaşayış obyektinin tikintisi üçün verilir.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən «İcarəyəverən»-in hüquqları aşağıdakılardır • icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək: • İcarəyə verilmiş torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılışdırılması. • Qorunması və mühafizəsi barəsində icarəçilərdən mə’lumat almaq; • İcarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və uzadılması barədə təklif vermək; • «İcarəçi»-nin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş ziyanın ödənilməsini tələb etmək; • İcarəyə verilmiş torpaqlarda «İcarəyəverən»-nin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların və qurğuların sökülməsini tələb etmək;

13. Müqavilənin 2.2-ci bəndinə əsasən «icarəyəverənin» vəzifələri aşağıdakılardır: • İcarəyə verilən torpaq sahələrini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək; • İcarəyə verilmiş torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilərkən bu sahəni ilk növbədə «lcaroçiyə»təklif etmək; • İcarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə «İcarəçinin» vəsaiti hesabına aparılmış tikintinin dəyərini ödəmək;

14. Müqavilənin 3.1-ci bəndinə əsasən «İcarəçinin» hüquqları aşağıdakılardır: • Torpaq sahsindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə istifadə etmək; • İcarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda obyektə qoyulmuş investisiya dəyəriri «İcarəyovcron»-dən tələb etmək: • İcarə müqaviləsimnin uzadılması üçün «İcarəyəverənə» təkliflər vermək; • «İcarəyoveronin» razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan tə’yinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq; • İcarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proseslərin nəticəsində pisləşdiyi halda icarə haqqının azaldılmasını «ıcarəyəverəndən» tələb etmək; • Torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini «İcarəyəverən»-dən tələb etmək; • Qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut və məhdudiyyətlər qoyulmasını tələb etmək:

15. Müqavilənin 3.2-ci bəndinə əsasən «İcarəçinin» vəzifələri aşağıdakılardır: • İcarəyə götürülmüş torpaq sahələrindən tə’yinatı üzrə istifadə etmək; • İcarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək; • İcarəyə götürülmüş kənd təsərrüfatı tə’yinatlı torpaqların mühafizəsi.keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək; • İcarəyə götürülmüş torpaq sahələrini icarə müddəti başa çatdıqdan sonrıı vaxtında geri qaytarmaq: • İcarəyə götürülmüş torpaq sahələrinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; • Torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək; • İcarəyə götürülmüş torpaq sahəsi «icarəyəveronin» razılığı ilə subicarəyə verilə bilər Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək;

16. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə 49 il müddətinə bağlanır.

17. Müqavilənin 7.2-ci bəndinə əsasən «İcarəçi» hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür. İcarə haqqı tərəflərin razılığı ilə, tə’yin edilmiş normativ qiymətlər əsasında müəyyənləşdirilir və «İcarəçi tərəfindən» ödənilir.

18. Müqavilənin 7.3-cü bəndinə əsasən icarə haqqı «01» may 2016-ci il tarixindən hesablanır.

19. Müqavilənin 7.4-cü bəndinə əsasən «İcarəçi» hər il 627,07 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən ödənişlər «İcarəçi» tərəfindən, təyin olunmuş torpaq icarə haqqı 627,07 manat hüquqi şəxsin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödənilməlidir.

20. Müqavilənin 7.5-ci bəndinə əsasən göstərilmiş müddətdə İcarəçi icarə haqqını ödəməzsə, hesablama günündən başlayaraq, hər gün üçün 0,2 % məbləğində cərimə ödəyir.

21. Müqavilənin 7.6-cı bəndinə əsasən icarə haqqının miqdarı, normativ qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda, tərəflərin razılığı ilə. vaxtından əvvəl dəyişdirilə bilər.

22. Müqavilənin 7.7-ci bəndinə əsasən icarə haqqı hər rübün birinci ayının 5-dən gec olmayaraq ödənilir.

23. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 21 dekabr 2016-cı il tarixli, 0082 nömrəli tikinti obyektinin istismarına icazəyə əsasən ünvan 4 ünvanında yerləşən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 21 dekabr 2016-cı il tarixindən "xxxx" MMC-yə tikinti obyektinin istismarına icazə verilmişdir.

24. 07 aprel 2018-ci il tarixli "xxxx" MMC-nin bölünmə balansına əsasən ünvan 5 ünvanında yerləşən 395,2 kv.m olan Daşınmaz Əmlakın və ünvan 6 ünvanında yerləşən 609,7 kv.m olan Daşınmaz Əmlakın bütün aktivlərinin 90%-i ayrılma formasında yenidən təşkil olunmuş "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixinə balansında olan aktivləri və öhdəlikləri ayrılan "xxxx" MMC-yə keçmişdir.

25. 07 aprel 2018-ci il tarixli Təhvil Aktına əsasən "xxxx" MMC-nin aktivləri və öhdəlikləri bölünmə balansına uyğun olaraq ünvan 5 ünvanında yerləşən 395,2 kv.m olan Daşınmaz əmlak "xxxx" MMC-nə təhvil verilmişdir.

26. 10 aprel 2018-ci il tarixli Əmlakların bölgüsü haqqında razılaşmaya əsasən tərəflər təsdiq edirlər ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX №1011461 №li və RX № ******* №-li Hüquqların Qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən "xxxx"MMC-nin mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 395,2 kv.m olan daşınmaz əmlak və ünvan 6 ünvanında yerləşən 609,7 kv.m olan daşınmaz əmlak "xxxx" MMC-nin balansına verilir.

27. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 609,7 kv.m olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları "xxxx" MMC-nin adına hüquqi qeydiyyata alınmışdır.

28. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən 395,2 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları "xxxx" MMC-nin adına hüquqi qeydiyyata alınmışdır.

29. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyətinə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilərək hazırki pretenziyanı aldıqdan 3 (üç) gün müddətində "xxxx" MMC (indiki adı: İddiaçı MMC) ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında 19 may 2016-cı il tarixində bağlanmış 1164 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə xitam verilməsini xahiş edilmiş, əks təqdirdə müqavilənin ləğv edilməsinə, eləcədə bu tələbin irəli sürülməsi üçün çəkilən xərclərin və müqavilə ləğv edilən tarixədək dövlət büdcəsinə "xxxx" MMC (indiki adı: İddiaçı MMC) tərəfindən həmin torpaq sahəsi üzrə ödənilən vəsaitin Bakı Şəhər İcra Hakimiyyətindən tutulmasına dair iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir, məktub xx.xx.2025-ci il tarixində elektron qaydada Bakı Şəhər İcra Hakimiyyətinə çatdırılmışdır.

30. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 13 may 2016-cı il tarixli sərəncamı ilə "xxxx" MMC (indiki adı: İddiaçı MMC) Xətai rayonu, Gen. Şıxlinski küçəsindəki 2942 V saylı məhəllədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılmış torpaq sahəsinin 426 kv.m hissəsinin və həmin hissədə inşa edilmiş qeyri-yaşayış obyektinin mövcud istifadə vəziyyətində "xxxx" MMC-nin adına sənədləşdirilməsinə icazə verilmiş, Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC (indiki adı: İddiaçı MMC) arasında bağlanmış 19 may 2016-cı il tarixli, 1164 nömrəli Torpaq sahəsinin icarə müqaviləsinə görə ildə 627,07 manat icarə haqqı ödənilməklə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942V saylı 426 kv.m torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC (indiki adı: İddiaçı MMC)-yə icarəyə verilmişdir. İcarə müqaviləsinin Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi qeyri-yaşayış obyektinin tikintisi üçün verilir, göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir və gələcəkdə həmin icarə müqaviləsi “istifadə üçün icazə” adlandırılacaqdır. "xxxx" MMC (indiki adı: İddiaçı MMC) nəzərdə tutulan qeyriyaşayış obyektinin tikintisi başa çatdırmış və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 21 dekabr 2016-cı il tarixli, 0082 nömrəli tikinti obyektinin istismarına icazə əsasında həmin obyekt istismara qəbul edilmişdir. "xxxx" MMC (indiki adı: İddiaçı MMC) 2018-ci ildə bölünmə formasında yenidən təşkil edilmiş və bölünmə balansına əsasən ünvan 5 ünvanında yerləşən 395,2 kv.m olan daşınmaz əmlak və ünvan 6 ünvanında yerləşən 609,7 kv.m olan daşınmaz əmlak "xxxx" MMC-nin balansına verilmişdir. Hazırda iddiaçı cavabdeh ilə bağlanan 19 may 2016-cı il tarixli, 1164 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsini xahiş edir.

31. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan müqaviləyə xitam verilməsi hissəsində təmin olunmalıdır.

32. Belə ki, iddia tələbi torpaq sahəsinə dair icarə müqaviləsinə xitam verilməsi ilə bağlıdır. İddia tələbinin hüquqi əsası isə aşağıdakı qaydada müəyyən olunmalıdır.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən:

34. 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

35. 55.2. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.

36. 56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir.

37. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin aşağıdakı maddələrinə əsasən:

38. 73-cü maddəsinin 1-ci hissəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi əsasları göstərilmiş və həmin əsaslardan biri kimi “torpaq sahəsindən könüllü imtina; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə” müəyyən edilmişdir.

39. Həmin maddənin 4-cü hissəsinə əsasən qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər.

40. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.

41. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 75-ci maddəsinin 2ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır.

42. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsində təsbit olunmuşdur ki, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Mülki Məcəllə ilə müəyyən edilir.

43. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası isə həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.

44. Göründüyü kimi, hazırkı mübahisə üzrə həlledici olan sonuncu maddədə torpaq sahəsi üzərində icarə hüququnun xitamının məhz torpaq icarəçisinin torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etməsi və bu barədə müvafiq ərizə verməsi ilə baş verdiyi qeyd olunmuşdur.

45. İş materiallarından göründüyü kimi "xxxx" MMC (indiki adı: İddiaçı MMC) 2018-ci ildə bölünmə formasında yenidən təşkil edilmiş və bölünmə balansına əsasən ünvan 5 ünvanında yerləşən 395,2 kv.m olan daşınmaz əmlak və ünvan 6 ünvanında yerləşən 609,7 kv.m olan daşınmaz əmlak "xxxx" MMC-nin balansına verilmişdir. Yəni, iddiaçı ilə Bakı Şəhəri İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsində göstərilən torpaq sahəsi bölünmə nəticəsində yaradılan yeni hüquqi şəxs - "xxxx" MMC-nin istifadəsinə keçmişdir və həmin torpaq sahəsi üzərində mövcüd daşınmaz əmlaklar da yuxarıda istinad olunan Çıxarışlara əsasən "xxxx" MMC-nin mülkiyyətindədir. Lakin, bugünə kimi qeyd edilən torpaq sahəsinə dair icarə müqaviləsi üzrə öhdəliklər əsassız olaraq İddiaçı MMC-nin üzərində qalmaqdadır.

46. Beləliklə, hazırkı işin halları da ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən 21 dekabr 2016-cı il tarixində tikinti obyektinin istismarına icazə verildikdən sonra, iddiaçı yenidən təşkil edilir və könüllü olaraq 2018-ci ildə həmin torpaq sahəsindən, bölünmə nəticəsində yeni yaradılan hüquqi şəxsin xeyrinə imtina edir və həmin torpaq sahəsindən istifadə etmir, nədə ki, həmin torpaq sahəsində mövcüd olan hər-hansı daşınmaz əmlak iddiaçının mülkiyyətində deyil.

47. Belə olan halda, məhkəmə hesab edir ki, "xxxx" MMC (indiki adı: X2 GROUP MMC) ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 19 may 2016-cı il tarixli 1164 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə xitam verilməlidir.

48. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 600 manat məbləğində vəkil xərci və 100 manat dövlət rüsumu ödənilmişdir. Və həmin xərclərin cavabdehdən tutulmasını xahiş edir.

49. Məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

50. Azərbaycan Respublikasının MPM-nin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır.

51. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdeh qanunvericiliyə əsasən məhkəmə xərclərindən azad olunduğu üçün, dövlət rüsumunun və vəkil xərcinin cavabdehdən tutulması hissəsində iddia təmin edilməməli, həmin xərclər iddiaçının özünə aid edilməlidir. V. Nəticə:

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" MMC (indiki adı: İddiaçı MMC) ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 19 may 2016-cı il tarixli 1164 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə xitam verilsin. Ödənilmiş dövlət rüsumu və vəkil xərci iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar