Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3171/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi, iddia müddəti) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.000 (otuz min) ABŞ dolları (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin, 12.750 (on iki min yeddi yüz əlli) manat Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində borc, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 500 (beş yüz) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 290 (iki yüz doxsan) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə hüquq mühafizə orqanlarına müraciət edərək, Cavabdeh onun etibarından və inamından sui istifadə edərək 30.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirdiyini bildirmişdir. Belə ki, Cavabdeh müxtəlif işlər qurub qazanc əldə etmək adı ilə İddiaçı müraciət edərək, 2018-ci ilin aprel ayında 3.000 ABŞ dolları, 2018-ci ilin noyabr ayında 10.000 ABŞ dolları, 2018-ci ilin dekabr ayında 13.000 ABŞ dolları, 2019-cu ilin fevral ayında 2.500 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirdiyini bildirmişdir. Qeyd etmişdir ki, Cavabdeh onun inamını qazanmaq üçün əvvəllər ona verdiyi pullardan 3.600 manat və 2.000 ABŞ dolları qazanc kimi vermişdir. Lakin sonda 30.000 ABŞ dollarını ona verməmişdir. İddiaçı ilkin müraciəti AR DİN BMCMİ-də araşdırılmış, sonra material aidiyyatı üzrə AR DİN NBPİ-nin Hava Nəqliyyatında polis idarəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə Cavabdeh AR CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham irəli sürülmüşdür. xx.xx.2021-ci il tarixdə cinayət işi aidiyyəti üzrə Yasamal RPİ-nə göndərilmiş və cinayət işi müstəntiq Asəf Məmmədovun icraatına verilmişdir. xx.xx.2021-ci il tarixdə Asəf Məmmədovun qərarı ilə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və onun ifadəsi alınmışdır. Bundan sonra müvafiq olaraq üzləşdirmə və digər istintaq hərəkətləri də həyata keçirilmişdir. İstintaq hərəkətləri zamanı Cavabdeh İddiaçı pul vəsaitini aldğını etiraf etmiş, guya həmin pulu Pakistan Respublikasının vətəndaşına verdiyini qeyd etmişdir. X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla İddiaçı müraciəti mülki xarakterli olduğundan həmin hissə üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, onun zərəçəkmiş şəxs kimi statusuna xitam verilmiş və material ayrılaraq Yasamal rayon Prokurorluğuna göndərilmişdir. Bundan sonra məhkəmə nəzarəti qaydasında X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından Yasamal rayon Məhkəməsinə şikayət verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(004)-63/2022 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(004)- 63/2022 nömrəli qərarından tərəfimizdən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(103)-238/2022 saylı qərarı ilə şikayət təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Asəf Məmmədovun “sübutların qiymətləndirilməsi” barədə xx.xx.2022-ci il tarixli qərarından İddiaçı və onun nümayəndəsi Vəkil verdiyi şikayətin təmin edilməməsinə dair 05 iyul 2022-ci il tarixli qərarı və Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Asəf Məmmədovun “sübutların qiymətləndirilməsi” barədə xx.xx.2022-ci il tarixli qərarı İddiaçı müraciəti üzrə cinayət təqbinin rədd edilməsi hissəsində ləğv edilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorunun diqqəti Azərbaycan Respublikası CPM-in 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb edilməklə, şikayət vermiş şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi üçün qərarın surəti və Yasamal RPİ-nin İstintaq Şöbəsində toplanılmış material araşdırmanın davam etdirilməsindən ötrü Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Bakı şəhəri yasamal Rayon Polis İdarəsinin istitnaq şöbəsinin müstəntiqi, polis mayoru, X5 HK-1/1081 saylı material üzrə xx.xx.2022-ci il tarixli “cinayət işi başlanılmasınının rədd edilməsi haqqında” qanunsuz və əsassız qərar qəbul etmişdir. Bundan sonra məhkəmə nəzarəti qaydasında X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi başlanılmasınının rədd edilməsi haqqında” qərarından Yasamal rayon Məhkəməsinə şikayət verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 6(004)-117/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Asəf Məmmədovun qəbul etdiyi İddiaçı müraciəti əsasında HK-1/1081 saylı material üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə 01 oktyabr 2022-ci il tarixli qərarı qanunsuz hesab olunaraq ləğv edilmiş, Qərarda göstərilənlər nəzərə alınaraq cinayət işi üzrə cinayətprosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlər yerinə yetirilməklə əlavə araşdırma aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru tərəfindən cinayət-prosessual qanunvericiliyə uyğun araşdırılmaya nəzarət həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin istitnaq şöbəsinin müstəntiqi, polis mayoru, X5 tərəfindən təkrar olaraq HK-1/1081 saylı material üzrə xx.xx.2023-cü il tarixli “cinayət işi başlanılmasınının rədd edilməsi haqqında” qanunsuz və əsassız qərar qəbul etmişdir. Bundan sonra tərəfimizdən Yasamal Rayon Polis İdarəsinin istitnaq şöbəsinin müstəntiqi, polis mayoru, X2 xx.xx.2023-cü il tarixli “cinayət işi başlanılmasınının rədd edilməsi haqqında” qərarından rayon prokurorluğuna şikayət verilmiş, rayon prokurorluğu tərəfindən həmin qərar ləğv edilmiş və material araşdırılması üçün aidiyyəti üzrə Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı, Aqil Ələsgərov xx.xx.2023-cü il tarixli “cinayət işi başlanılmasınının rədd edilməsi haqqında” qanunsuz və əsassız qərar qəbul etmişdir. Daha sonra həmin qərar Nizami rayon Prokuroru tərəfindən ləğv edilmiş, material AR DİN BMCMİ-ə göndərilmiş, həmin idarə tərəfindən cinayət işi başlanılmış və ibtidai istintaq davam etdirilməsi üçün Nizami RPİ-yə göndərilmiş, cinayət işi müstəntiq Əflatun Səlimovun icraatına verilmişdir. Əflatun Səlimov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmiş və mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İbtidai istintaq zamanı cavabdeh pul məbləği barədə ziddiyyətli ifadələr versə də,hazırki iddia ərizəsinə əlavə edilən və cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli şahidlərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, cavabdeh özü İddiaçı 2018-ci ilin dekabr ayında 30.000 ABŞ dolları məbləğində borc pul aldığını və həmin pulu qaytamağınız öz öhdəsinə götürmüşdür. Göründüyü kimi cavabdeh öz öhdəliyini icra etməmiş və iddiaçı ondan dəfələrlə pulunu qaytarmasını tələb etməyinə baxmayaraq pul vəsaitini qaytarmamış və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. İddia ərizəsindən və əlavə olunan sənədlərdən aydın olur ki, iddiaçı tərəfindən 30.000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehə 2018-ci ilin dekabr ayında verilmişdir. Həmin məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərə alınmaqla hesablanmış faiz məbləği illik 2.550 AZN təşkil edir. Pul vəsaitinin verilməsindən 5 ildən çox vaxt keçmişdir. Həmin dövr ərzində ödənilməli olan faiz məbləği 12.750 AZN təşkil edir (2.550 AZN*5 il = 12.750 AZN) İddia ərizəsinin məhkəməyə təqdim olunması üçün iddiaçı tərəfindən 290 (iki yüz doxsan) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa hüquqlarının müdafiə edilməsi üçün vəkillə bağladığı hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən 500 (beş yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Göstərilən bu məsrəfləri iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də Azərbaycan Respublikası MPM-nin yuxarıda sadalanan maddələrinə əsasən Cavabdeh 290 (iki yüz doxsan) manat məbləğində dövlət rüsumu və hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 500 (beş yüz) manat da tutularaq iddiaçıya geri ödənilməlidir. İddiaçı tərəfindən ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edilmiş, lakin Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(011)-3719/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmışdır. Qərardad belə əsaslandırılmışdır: “Belə ki, “Azemis” Elektron Məhkəmə informasiya sistemindən vergi ödəyicisinin məlumatları barədə çıxarışdan görünür ki, iddiaçı ********** saylı VÖEN-ə, cavabdeh ********** saylı VÖEN-ə fəaliyyət göstərən fərdi sahibkardırlar, onlar arasında olan mübahisə onların həyata keçirtdiyi sahibkarlıq fəaliyyətlərindən irəli gəlir. Hazırki mülki işdə hər iki tərəfin vergi ödəyicisi kimi fərdi sahibkar statusuna malik fiziki şəxs olduqları mübahisəsizdir. Göründüyü kimi, tərəflərin subyektiv tərkibi və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Məhkəmə belə qənaətə gəlir ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Göründüyü kimi, müvafiq Plenum qərarına əsasən tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələr kommersiya mübahisəsi olmaqla, kommersiya məhkəməsində baxılmalı olan tələblərə aid edilmişdir. Məhkəmə göstərilənləri, habelə tərəflərin subyektiv tərkibini və onlar arasında mövcud olan hüquq münasibətlərinin xarakterini nəzərə alıb, belə qənaətə gəlir ki, bu halın mövcudluğu məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar kimi çıxış edərək, işə məhkəmə aidiyyəti baxımından ümumi məhkəmədə baxılmasını qeyri-mümkün edir.”
3. Cavabdeh xx.xx.2024-cü il tarixində iddia ərizəsinə yazılı etiraz verib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edir ki, cavabdehin ona 30.000 usd borcu var. Həqiqətdə isə bu yalan, şər və iftiradır. YRPİ istintaq İdarəsində aparılıan araşdırma zamanı polis mayoru Məmmədov Asəf xx/xx/2022 tarixdə , xx/xx/2022 tarixdə HK-1/1081 saylı matrealı, yenidən xx/xx/2023 tarixdə HK-1/1081 saylı matrealı iddiacını ərizəsini rədd etmişdir. İddiacı yalan ifadələr verərək matrealın NRPİ baxılmalı olduğunu bildirmış və matreal xx/xx/2023 ildə NRPİ İstintaq İdarəsinə göndərmişdir.xx/xx/2023 tarixdə NRPİ İstintaq İdarəsi polis polkovnik-leytinantı Aqil Ələsgərov yenidən maereala rədd etmişdir.İddiacı müəyyə əlaqələrindən istifadə edərək matreala ynidən baxılmasına nail olmuşdur və xx/xx/2024 tarixdə NRPİ İstintaq İdarəsi polkovnik-leytinantı Əflatun Səlimov işə xitam vermişdir. YRPİ , NRPİ istintaq idarələrində aparılan araşdırmalar zamanı iddiaçı ilə mənim üzləşmələrimdə İddiaçı ziddiyətli ifadələr verməsi və mənim ondan borc aldığım pulların qaytarılması sübuta yetmişdir. Cavabdehin əməlində heç bir cinayət əməli olmamış və o İddiaçı pullarını mənimsəməmişdir. İddiaçı iddia ərizəsində təqdim etdiyi guya cavabdehin ondan 30.000 usd borc aldığı AKT cavabdehin onun və yaxın qohumluq əlaqəsi olan şəxs və dostu kəndcisi tərəfindən DİN BMCMİ adından hədəqorxu gələrək ,cavabdehin təkliyindən istifadə edərək təziq göstərərək Qara Qarayev metrosunun yanında yazılmışdır. Həmçinin aktın üzərində oynamalar hiss olunur, bir necə qələmdən istifadə olunub. Həmin akta oxşamır. Həmçinin aktın heç bir hüquqi qüvvəsi yoxdur. Çünki notarial qaydada təsdiq olmayıbdır. Bu akt cavabdehin iradəsinin əksinə olaraq tərtib olunub. Cavabdehin ondan aldığıı pul vəsaitlərin geri qaytarılması bütün hüquq mühafizə orqanlarında aparılan üzləşmələrdə özü etiraf edib. Məhkəmədən YRPİ istintaq İdarəsinin xx.xx.2022 qərarında, YRPİ istintaq İdarəsinin xx.xx.2022 qərarında, YRPİ istintaq İdarəsinin xx.xx.2023 qərarında,NRPİ istintaq İdarəsinin xx.xx.2024 qərarında olan İddiaçı üzləşmədə olan izahatları protokollarından çıxarış tələb edilməsi xahiş olunur. Çünki İddiaçı hər dəfə ziddiyətli izahatlar vermişdir. Həmcinin İddiaçı YRPİ İİnin, Yasamal Rayon Prokurorluğunun, Yasamal Rayon məhkəməsinin, NRPİ İİ-nin, Nizami Rayon Prokurorlugunun qanunsuz və əsassız qərarlar qəbul etdiyini öz idda ərizəsində bildirmişdir. Bu qədər hüquq mühafizə orqanını qanunsuz və əsassız qərarlar qəbul etməyi həqiqətdən və reallıqdan uzaq bir şeydir. Cavabdehin İddiaçı heç bir borcu yoxdur.
5. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixində iddia ərizəsinə yazılı etiraz verib iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30.000 ABŞ dolları (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin, 12.750 manat Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində borc, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 500 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 290 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəzərinizə çatdırıram ki, iddiaçı tərəfindən pul vəsaitinin Cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə şikayət ilə Yasamal Rayon Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinə müraciət olunmuş, bu zaman aparılan müvafiq araşdırma və istintaq hərəkətləri zamanı İddiaçı tərəfindən verilən ifadələr ilə istintaq hərəkətlərinin aparılması zamanı ona ünvanlanmış suallara verdiyi cavablar arasında aşkar ziddiyyətlər müşahidə olunmuş, sözügedən borc məbləğinin mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin tərəflər arasında müqavilə münasibətləri də mövcud deyildir. Belə ki, borc məbləğinin predmetinin 3000 (üç min) manatdan çox olduğu hallarda qanunvericiliklə yazılı forma tələbi müəyyən edilsə də, hazırki iş üzrə belə bir hal mövcud deyil. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, əl yazısı ilə tərtib olunmuş akt ilə bağlı qeyd edilməsi zəruridir ki, qeyd olunan akt qanunvericiliyə zidd formada tərtib olunmuşdur. Belə ki, akt Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərtib olunmuş və tərtib olunması zamanı cavabdeh zorakılıq və hədə-qorxuya qorxuya məruz qalmış, bununla da arzu etmədiyi halda aktı imzalamağa məcbur olmuşdur. Akt etibarlılıq üçün əsas olan iradə elementinə malik olmadığı üçün özlüyündə etibarsızdır və buna görə də ondan heç bir hüquqi nəticənin irəli gəlməsi mümkün deyildir. Diqqət edilməli məqam ondan ibarətdir ki, iddiaçı tərəfindən şikayət ilə Yasamal Rayon Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinə edilmiş müraciətlər zamanı sözügedən akt təqdim edilməmiş, onun tərəfindən verilmiş ifadədə, üzləşdirmə aparılması zamanı ünvanlanan suallara verilən cavablarda nəinki borc məbləğinin aktda təsdiq olunması, ümumiyyətlə belə bir aktın mövcudluğu ilə bağlı heç bir fikir bildirilməmiş, yalnız məhkəməyə müraciət edildikdən sonra iddiaçı akt olduğunu bildirmişdir. Bu da aktın sübut kimi mötəbərliliyinin sual altına alınması üçün kifayət qədər əsasların olduğunu bir daha göstərir. Qeyd edilməlidir ki, borc müqaviləsi ilə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi borcalanın müqavfiq borc məbləğini qaytarmaq öhdəliyinin və borcverənin tələb hüququnun yaranması üçün müvafiq vəsait ilkin olaraq borcverən tərəfindən borcalana verilməlidir. Lakin yuxarıda münasibət bildirilmiş və borcverənin tələb hüququnun yarandığını əks etdirməyən xüsuslardan başqa iş üzrə iddiaçının verildiyini bildirdiyi borc məbləğini təsbit edə biləcək başqa mötəbər sübutlar mövcud olmamaqla birlikdə, onun tərəfindən təqdim olunmuş akt zorakılıq və hədə qorxu təsirində hazırlanmış və imzalanmışdır. Buna görə də İddiaçı tərəfindən tələb edilən borc məbləğinin Cavabdeh verilməsi sübutlarla təsdiq olunmadığına görə iddiaçının tələbi təmin edilməməlidir.
7. Cavabdeh həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, Əliyev X1 Anar Zülfəli oğlu barəsində şikayət ilə Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. O burada verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ona 2019-cu ilin martında 30000 ABŞ dolları maya dəyəri, qazanc olaraq isə 2-3 min manat verəcəyini bildirmiş, lakin bunu etməmiş və müxtəlif bəhanələr gətirmişdir. Bundan başqa o eyni əsasla Nizami Rayon Polis İdarəsinə də şikayət ilə müraciət etmiş və burada verdiyi izahatda qeyd etmişdir ki, Cavabdeh ona 2019-cu ilin martında 30000 ABŞ dolları maya dəyəri, qazanc olaraq isə 2-3 min manat verəcəyini bildirmiş, lakin bunu etməmiş və müxtəlif bəhanələr gətirmiş və daha sonra İddiaçı oğluna Cavabdeh onu başqa bir neçə şəxslərin etibarından sui-istifadə edərək onları aldatdığı məlum olmuşdur. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində göstərilmişdir ki, “İbtidai istintaq zamanı cavabdeh pul məbləği barədə ziddiyyətli ifadələr versə də, hazırki iddia ərizəsinə əlavə edilən və cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli şahidlərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, cavabdeh özü İddiaçı 2018-ci ilin dekabr ayında 30.000 ABŞ dolları məbləğində borc pul aldığını və həmin pulu qaytamağınız öz öhdəsinə götürmüşdür.” Göründüyü kimi İddiaçı Cavabdeh verildiyi iddia olunan pul məbləğinin onun tərəfindən qaytarılmamaqla hüququnun pozulduğunu 2019-cu ildə bilmiş və bununla da iddia müddətinin axımı başlanmışdır. İddiaçı tərəfindən 2024-cü ildə müvafiq tələblə məhkəməyə müraciət olunmuş və bununla da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində daşınmaz əşyalarla bağlı müqavilə tələbləri istisna olmaqla digər müqavilə tələbləri üçün müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Beləliklə, qeyd olunanlar ilə müəyyən edilir ki, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür, bu müddətin bərpasının üzrlü hesab edilməsi üçün əsaslar yoxdur.
II. Tərəflərin mövqeləri:
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir, belə ki, iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla İddiaçı müraciəti mülki xarakterli olduğundan həmin hissə üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, onun zərəçəkmiş şəxs kimi statusuna xitam verilmişdir, məhz həmin tarixdən iddia müddətinın axımı hesablanmalıdır.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib iddia ərizəsinə yazılı etirazın, habelə iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı tərəfindən təqdim edilmiş akta görə xx.xx.2019-cu il tarixli akta əsasən cavabdeh 30000 ABŞ dolları məbləğində pulu iddiaçıdan 2018-ci ilin dekabr ayında borc götürdüyünü təsdiq edərək, həmin pulu 2020-ci il yanvar ayının 16-dək iddiaçıya qaytaracağını göstərmiş, akt cavabdehin, şahidlər Rəfail Nağıyev və Elvin Tağıyevin imzaları ilə təsdiq edilmişdir.
13. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin müstəntiqi polis polkovnik-leytenantı Əflatun Səlimovun xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında başlanmış cinayət işi üzrə icraata Cavabdeh əməlində cinayət tərkibi olmaması səbəbilə xitam verilmişdir.
14. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, hər iki tərəflə dostluq münasibətləri var. Tərəfləri 2017-2018-ci il tarixindən bəri tanıyır. Bəhruzla daha əvvəldən dostluğu olub, onun vasitəsilə cavabdehi də da tanımışdır. Anar gəlib Bəhruza hərraca ev çıxarıb-satılması barədə işlər gördüyünü və ondan birlikdə pul qazanmaq məqsədi ilə bu işə pul verrməsini bildirmişdir. Nəticə qazanılan pul tərəflər arasında bölüşdürüləcəkdi. Həmin təklif yalnız Bəhruza edilmişdi. 2-3 il olardı ki, Bəhruz Anarı tanıyırdı. Bəhruzun Əhmədli tərəfdə restoranı var idi. Onlar işdən sonra mütəmadi olaraq orada olurdular. Anar onları çağırdı, onların da iştirakı ilə daha etibarlı olması məqsədi ilə Bəhruzdan 30 000 dollar pul aldı. Əldə etdiyi qazanc tərəflər arasında bölünəcəkdi, lakin bir müddət keçsə də Anardan xəbər olmadı. Daha sonra Anar bildirdi ki, ev məsələsi ilə qazanc əldə olunması barədə işləri alınmayıb əvəzində isə o, verilən məbləği qızıl alqı-satqısı barədə işlərə xərcləyib. Bu məqsədlə başqa bir nəfərə pulu verib lakin həmin adam da sonradan Anarın zənglərinə cavab verməyib. Axırıncı dəfə Bəhruzdan vaxt istədi, borcu evi satıb qaytaracağını dedi və borcu qaytaracağı barədə akt imzalamağı təklif etdi. Aktı iaşə obyektində cavabdehin özünün təklifi ilə imzalamışlar. Aktı imzalayanda o, Anar, Bəhruz və Rəfail orada idi. Aktı Anar özü tərtib etmiş, 30000 dolları akta özü yazmış, onlar də qol çəkmişlər. Aktla bağlı heç biri Anara təzyiq göstərməmişlər. Akt Anarın öz təşəbbüsü ilə 2019-cu ildə tərtib olunub. Aktı yazmamışdan əvvəl və bir müddət sonra da Anarın Bəhruzla arası yaxşı olmuşdur. Aktı imzaladıqdan sonra cavabdeh vaxt istəmiş və bir neçə aya pulu verəcəyini demişdir. Onları da akta özü könüllü qol çəkdiyini görmələri üçün şahid kimi dəvət etmişdir. Bəhruz polisə müraciət etdikdən sonra tərəflər arasında münasibətlər pisləşdi. Anar əvvəllər hava limanında işləyirmiş. Bəhruz onunla bağlı özü araşdırma apardıqda öyrəndi ki, Anar işlədiyi yerdə də iş yoldaşlarını aldadıb, müxtəlif vədlərlə pul alıb lakin sonra pulu qaytarmayıb. Bəhruza bu məsələlər aydın olduqdan sonra Anarın onu da aldatmağı barədə polisə müraciət etmişdir. Aktı yazandan sonra Anarı bir dəfə Naxçıvana gedərkən hava limanında görmüşdür. Ondan sonra görməmişdir.
15. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin olunmamalıdır.
16. İşin məhkəmə tərəfindən sübutlar və izahatlar əsasında müəyyən edilmiş hallarından görünür ki, iş üzrə hər iki tərəf fərdi sahibkardır və bir müddət birgə biznes fəaliyyətləri olmuşdur. Belə ki, iddia ərizəsindən, iddiaçının nümayəndəsi, habelə cavabdehin izahatlarından məlum olmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 2018-ci ilin aprel, sentyabr, oktyabr, noyabr, dekabr, 2019-cu ilin fevral aylarında müxtəlif məbləğlərdə vəsaitlər ödənilmiş, həmin vəsait iddiaçı tərəfindən cavabdehə birgə qazanc əldə edilməsi məqsədilə verilmiş, ödənilən vəsaitlərin müqabilində cavabdeh tərəfindən iddiaçıya müəyyən ödənişlər də edilmişdir.
17. İddiaçının nümayəndəsinin, cavabdehin, habelə məhkəmə iclasında şahid qismində dindirilmiş E.Tağıyevin ifadəsindən görünür ki, iddiaçı cavabdehə verilmiş, lakin cavabdeh tərəfindən qaytarılmayan 30000 ABŞ dolları məbləğində vəsaitin bütünlüklə geri qaytarılmasını cavabdehdən tələb etmiş, cavabdeh öz əli yazıb imzaladığı xx.xx.2019-cu il tarixli aktda həmin vəsaiti xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
18. Cavabdeh iddiaya qarşı etirazında iddiaçıya hər hansı borcu qalmadığını, göstərilən sənədin ona psixi təsir göstərilərək yazdırıldığını bildirsə də, məhkəmə onun göstərilən arqumentini əsaslı hesab etmir.
19. Belə ki, cavabdeh hüquq mühafizə orqanlarında verdiyi izahatlarında da iddiaçıdan mütəmadi olaraq pul aldığını, həmin pulların qazancla birlikdə iddiaçıya ödənildiyini bildirmiş, qalıq 9400 ABŞ dolları və 14950 manat borcun qalmasını təsdiq etmiş, həmin vəsaiti ödəməli olduğunu, lakin həmin vəsaiti pakistan vətəndaşı X8 verdiyini, sonuncunun onu aldatdığını, X9 barəsində özünün də hüquq mühafizə orqanlarına şikayət etdiyini, bu səbəbdən vəsaiti qaytara bilmədiyini göstərmişdir.
20. Cavabdeh məhkəmə iclaslarında verdiyi izahatında hüquq mühafizə orqanlarında verdiyi izahatların təzyiq altında yazıldığını bildirsə də, bu barədə hər hansı orqana müraciət və ya şikayət etdiyini sübut edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan şikayət etməmişdir.
21. Məhkəmə cavabdehin yazılı borc müqaviləsi olmadığı üçün tərəflər arasında bağlanmış müqavilənin etibarlı olmaması barədə dəlili ilə də razılaşmır və bununla bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi hesab edilə bilməz.
22. İşin mübahisəsiz halıdır ki, 30000 ABŞ dolları məbləğində vəsait iddiaçı tərəfindən tərəflərin birgə biznes fəaliyyətinə qoyulmuş məbləğdir. Bu isə Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuş borc müqaviləsinin anlayışına uyğun deyildir.
23. Göstərilənlərə əsasən məhkəmə iddianın faktiki əsasını təşkil edən müqaviləyə biznes ortaqları olmuş sahibkarlar arasında korporativ hüquq münasibətləri çərçivəsində bağlanmış və Mülki Məcəllədə nəzərdə tutulmuş hər hansı müqavilə növünə uyğun gəlməyən müqavilə kimi hüquqi qiymət verir.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
31. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddianı qaldırmaqla müvafiq subyektiv hüquqa malikdir.
32. Bununla yanaşı, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
34. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
35. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
36. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
37. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
38. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 30000 ABŞ dolları məbləğin qaytarılmasını tələb etdikdə, cavabdeh xx.xx.2019-cu il tarixli aktla həmin borcu xx.xx.2020-ci ilədək qaytaracağını öhdəsinə götürmüşdür.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
40. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlanmış, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməklə qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.
41. Məhkəmə iddiaçının hüquqlarının pozulmasını ibtidai istintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla onun müraciəti mülki xarakterli olduğundan həmin hissə üzrə cinayət təqibinin başlanılması rədd edilərkən, onun zərəçəkmiş şəxs kimi statusuna xitam verilərkən bilməsi barədə dəlili ilə də razılaşmır.
42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
43. Həmin Məcəllənin 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.
44. Məhkəməyə hazırkı iddia ərizəsi verilənə qədər iddia müddətinin axımı kəsilməmişdir (belə ki, cinayət mühakimə icraatı çərçivəsində iddiaçı tərəfindən mülki iddianın verilmədiyini, daha əvvəl hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmədiyini iddiaçının nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir).
45. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
46. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
48. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).
49. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
50. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
51. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.
52. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini açıqaşkar ötürdüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia (30000 ABŞ dolları məbləğində pulun və 12750 manat faiz borcunun tutulması) təmin edilməməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 289,56 manat dövlət rüsumu və hüquqi yardımla bağlı çəkilmiş 500 manat xərc iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 289,56 manat dövlət rüsumu və hüquqi yardımla bağlı çəkilmiş 500 manat xərc İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova