Məhkəmə qərarları › İş №e-2-2(113)-3174/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3174/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3174/2023 16.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit razılaşması, zaminlik müqaviləsi, ipoteka müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması, ipoteka predmetinə tutma yönəldilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 25144,57 manat əsas borc, 13365,73 manat faiz borcu və 18450,33 manat cərimə olmaqla ümumilikdə 56960,63 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan XXXX qeydiyyat nişanlı, “Man TGX 18.440” yük markalı, sarı rəngli, WMA13XZZ88W118640 şassi nömrəli nəqliyyat vasitəsinə və “Schmitz” yarımqoşqu markalı, XXXX qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, onların açıq hərracdan satılması və ümumilikdə 56960,63 manat məbləğində bоrcun, 400 manat mediasiya xərcinin ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Cavabdeh4 iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 021L**********39 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100 000 manat məbləğində krеdit хətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 32500 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 021R**********S saylı, xx.xx.2021-ci il tarixli 021R**********SA saylı, xx.xx.2021-ci il tarixli 021R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 2.2. Lakin Cavabdeh4 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Bundan başqa krеdit razılaşmasına uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 2.3. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən iddiaçı qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. 2.4. Bununla yanaşı, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 ilə iddiaçı arasında bağlanılmış xx.xx.2019cu il tarixli 021M**********01 saylı ipoteka müqaviləsi əsasında ona məxsus “Man TGX” yük markalı, sarı rəngli, XXXX qeydiyyat nişanlı, WMA13XZZ88W118640 şassi nömrəli nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi (bundan sonra BDYPİ) tərəfindən verilmiş 147850 saylı çıxarışa əsasən, Cavabdeh4 məxsus adıçəkilən nəqliyyat vasitəsi sonuncunun kredit öhdəliklərinin icrasını təmin еtmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 2.5. Eyni zamanda uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə sonuncu ilə iddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 021M**********02 saylı ipoteka müqaviləsi əsasında ona məxsus “Schmitz” yarımqoşqu markalı, sarı rəngli, XXXX qeydiyyat nişanlı, WSM**********3210 şassi nömrəli nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. BDYPİ tərəfindən verilmiş 147849 saylı çıxarışa əsasən, Cavabdeh4 məxsus adıçəkilən nəqliyyat vasitəsi sonuncunun kredit öhdəliklərinin icrasını təmin еtmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 2.6. İpoteka qoyanın arvadı Cavabdeh6 hər iki nəqliyyat vasitəsi iddiaçıya ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin nəqliyyat vasitəsinin iddiaçıda yüklü edilməsinə etiraz etmədiyini bildirmişdir. 2.7. İpoteka saxlayan iddiaçı tərəfindən cavabdeh – ipoteka qoyana xx.xx.2023cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizələr elektron xidmətlər portalı vasitəsi ilə xx.xx.2023-ci il tarixdə BDYPİ-yə təqdim olunmuş və həmin idarədə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448.1, 467, 472.2-ci və s. maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında” Qanunun 4, 39.3-cü maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin ikinci hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı olduqlarını bildirdi.

6. İddiaçının nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixli baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

7. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 yaşayış yeri üzrə məhkəmə bildirişləri və mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə olunmuş İddiaçı QSC (bank qismində) ilə Cavabdeh4 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021L**********39 saylı uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100000.00 (bir yüz min) manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Adıçəkilən müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, 15 fevral 2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur.

12. İş materiallarında olan İddiaçı QSC (bank qismində) ilə Cavabdeh4 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasının 1.1-ci bəndində göstərilmişdir ki, bank məbləği 32500.00 (beş min manat) manat olan krediti aylıq faiz dərəcəsi 1,6667 (bir tam on mində altı min altı yüz altmış yeddi) % olmaqla 36 (otuz altı) ay müddətinə kredit alana verir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür.

13. Məhkəməyə təqdim edilən xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasının ödəniş planından görünür ki, ilk ödəniş 05 noyabr 2019-cu il, son ödəniş tarixi isə 05 oktyabr 2022-ci il olmaqla 32500 manat kredit məbləği və 11296,36 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

14. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 021S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli 021L**********39 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

15. Məhkəməyə təqdim edilən xx.xx.2019-cu il tarixli 021S**********04 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 xx.xx.2019-cu il tarixli 021L**********39 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

16. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 021S**********05 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 021L**********39 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

17. İddia ərizəsinə əlavə edilən xx.xx.2019-cu il tarixli 021S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 021L**********39 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

18. xx.xx.2020-ci il tarixli 021R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən, İddiaçı QSC (bank qismində) ilə Cavabdeh4 (kredit alan qismində) arasında xx.xx.2019-cu il tarixli 021L**********39 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 16 iyul 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. 16 iyul 2020-ci il tarixli ödəniş planından görünür ki, ilk ödəniş 05 avqust 2020ci il, son ödəniş tarixi isə 05 aprel 2023-cü il olmaqla 29144,57 manat kredit məbləği və 9704,25 manat faiz məbləği, 1932,97 manat hesablanmış faiz borcunun, 3688,62 manat cərimə borcunun iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

19. xx.xx.2021-ci il tarixli 021R**********A saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən, İddiaçı QSC (bank qismində) ilə Cavabdeh4 (kredit alan qismində) arasında xx.xx.2019-cu il tarixli 021L**********39 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 26 fevral 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. 26 fevral 2021-ci il tarixli ödəniş planından görünür ki, ilk ödəniş 05 mart 2021-ci il, son ödəniş tarixi isə 05 aprel 2023-cü il olmaqla 29144,57 manat kredit məbləği və 7918,25 manat faiz məbləği, 3847,89 manat hesablanmış faiz borcunun, 8701,49 manat cərimə borcunun iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

20. xx.xx.2021-ci il tarixli 021R**********SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən, İddiaçı QSC (bank qismində) ilə Cavabdeh4 (kredit alan qismində) arasında xx.xx.2019-cu il tarixli 021L**********39 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 15 iyul 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. 15 iyul 2021-ci il tarixli ödəniş planından görünür ki, ilk ödəniş 05 avqust 2021ci il, son ödəniş tarixi isə 05 aprel 2023-cü il olmaqla 29144,57 manat kredit məbləği və 6399,63 manat faiz məbləği, 4300,31 manat hesablanmış faiz borcunun, 8701,49 manat cərimə borcunun iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

21. İddiaçı tərəfindən təsdiq edilmiş maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh4 əsas borcu 25144,57 manat, faiz borcu 13365,73 manatdır.

22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3174/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 21 iyul 2023-cü il tarixli 9/5172 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması və əlavə sazişlər üzrə xx.xx.2023-cü il tarixə əsas borc 28972,41 manat, faiz borcu 8175,8 manat təşkil edir.

23. Məhkəməyə təqdim edilən xx.xx.2019 – xx.xx.2023-cü illəri əhatə edən Cavabdeh4 məxsus hesabdan çıxarışdan görünür ki, 21 iyul 2023-cü il tarixli 9/5172 nömrəli ekspert rəyindən sonra xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat ödəniş edilmiş, həmin məbləğlər əsas borcdan silinmişdir.

24. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixli 021L**********39 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasından irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 32500 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh4 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh4 kredit məbləğini təşkil edən 32500 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

25. İddiaçı adıçəkilən kredit razılaşması üzrə 25144,57 manat əsas, 13365,73 faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.

26. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 və Cavabdeh6 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

27. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

29. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

30. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

31. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

32. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

33. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

34. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

35. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

36. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq əsas borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdə ifadə etmiş və həmin bildiriş Cavabdeh4 xx.xx.2023-cü il tarixdə çatmışdır (iş materialları - səh.107).

37. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

38. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

39. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

40. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişi yollayaraq həmin tarixə kredit müqaviləsi üzrə bütün əsas borcu tələb etməsi, tutmanın yönəldiləcəyi barədə xəbərdarlıq etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən (razılaşmadan) imtinaya yönəlmişdir və təklifin cavabdeh tərəfindən qəbul edildiyi (xx.xx.2023-cü il) tarixdən xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı xx.xx.2023-cü il tarixə gecikdirilmiş faiz borcunu və kreditin əsas məbəğini tam şəkildə tələb edə bilər.

41. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə (əsas məbləğ və hesablanmış faizlər) bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

42. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, iddiaçının nümayəndəsi rəy ilə razı olduqlarını bildirmiş, tərəflər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 21 iyul 2023-cü il tarixli 9/5172 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması və əlavə sazişlər üzrə əsas borc 28972,41 manat, müqavilənin birtərəfli ləğvi (xx.xx.2023-cü il) tarixinə faiz borcu 8175,8 manat təşkil edir.

44. Məhkəməyə təqdim edilən xx.xx.2019 – xx.xx.2023-cü illəri əhatə edən Cavabdeh4 məxsus hesabdan çıxarışdan görünür ki, 21 iyul 2023-cü il tarixli 9/5172 nömrəli ekspert rəyindən sonra ödənilmiş 2000 manat əsas borca (“principal debt”) silinmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması və əlavə sazişlər üzrə qalıq əsas borc məbləğinin 26972,41 manat (28972,41-2000) olduğu müəyyən olunur. İddiaçı 25144,57 manat əsas borcun tutulmasını tələb edir.

45. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə tutulmalı borc məbləği 21 iyul 2023-cü il tarixli 9/5172 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmaqla və iddia tələbindən kənara çıxmadan 25144,57 manat əsas borc, 8175,8 manat faiz borcu kimi müəyyən edilməlidir.

46. Məhkəmə zaminlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.

47. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

48. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

49. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

51. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2019-cu il tarixli 021L**********39 saylı uzunmüddətli kredit müqaviləsində və zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması uzunmüddətli kredit müqaviləsində və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 adıçəkilən kredit razılaşması üzrə digər cavabdeh X3 iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar.

52. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 25144,57 manat əsas borc və 8175,8 manat faiz borcu cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

53. İddia ərizəsində iddiaçı 18450,33 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

54. xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasının 4.2 və 4.2.2-ci bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur.

55. xx.xx.2019-cu il tarixli 021S**********01 saylı, xx.xx.2019-cu il tarixli 021S**********04 saylı, xx.xx.2019-cu il tarixli 021S**********05 saylı və xx.xx.2019-cu il tarixli 021S**********01 saylı zaminlik zaminlik müqavilələrinin 3.1.2-ci bəndinə əsasən, uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir.

56. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

57. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

58. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

59. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə ödəniş xx.xx.2021-ci il tarixdən sonra iş məhkəmənin icraatına daxil olandək növbəti ödəniş xx.xx.2023-cü il tarixdə edilsə də, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

60. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında cərimə məbləğinin 1258 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

61. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 1258 manat məbləğində pul cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

c) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı

62. İddiaçı eyni zamanda tutmanın Cavabdeh4 mülkiyyətində olan XXXX qeydiyyat nişanlı, “Man TGX 18.440” yük markalı, sarı rəngli, WMA13XZZ88W118640 şassi nömrəli nəqliyyat vasitəsinə və “Schmitz” yarımqoşqu markalı, XXXX qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, onların açıq hərracdan satılması və ümumilikdə 56960,63 manat məbləğində bоrcun, 400 manat mediasiya xərcinin ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbini də irəli sürmüşdür.

63. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

64. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

65. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

66. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

67. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

68. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

69. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

70. İddiaçı ilə Cavabdeh4 arasında 30 sentaybr 2019-cu il tarixli 021M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli 021L**********39 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “Man TGX 18.440” markalı, yəhərli dartıcı tipli, 2008-ci il buraxılışı XXXX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.

71. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən əldə edilmiş 30 sebtyabr 2019-cu il tarixli 147850 nömrəli çıxarışdan görünür ki, “Man TGX 18.440” markalı, yəhərli dartıcı tipli, 2008-ci il buraxılışı XXXX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ipotekası dövlət qeydiyyatına alınmışdır.

72. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2023-cü il tarixdə ipoteka qoyana çatdırılmış, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

73. İddiaçı ilə Cavabdeh4 arasında 30 sentaybr 2019-cu il tarixli 021M**********02 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli 021L**********39 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “Schmitz” markalı tentli-furqon tipli, 2005-ci il buraxılışı XXXX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.

74. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən əldə edilmiş 30 sebtyabr 2019-cu il tarixli 147849 nömrəli çıxarışdan görünür ki, “Schmitz” markalı tentli-furqon tipli, 2005-ci il buraxılışı XXXX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ipotekası dövlət qeydiyyatına alınmışdır.

75. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2023-cü il tarixdə ipoteka qoyana çatdırılmış, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

76. Bununla yanaşı, “İpoteka haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Bu mənada “Schmitz” markalı tentli-furqon tipli, 2005-ci il buraxılışı XXXX və “Man TGX 18.440” markalı, yəhərli dartıcı tipli, 2008-ci il buraxılışı XXXX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilərinin ipoteka ilə yüklü edilməsinə 30 sentyabr 2019-cu il tarixli müvafiq olaraq **********443 və **********444 nömrəli ərizələrlə Cavabdeh6 razılığı alınmışdır.

77. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

78. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin Cavabdeh4 tərəfindən lazımınca icra edilmədiyini, əsas öhdəliyin bir hissəsinin icrasının 90 təqvim günündən artıq vaxtda (xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) gecikdirildiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh4 mülkiyyətində olan “Man TGX 18.440” markalı, yəhərli dartıcı tipli, 2008-ci il buraxılışı XXXX dövlət qeydiyyat nişanlı və “Schmitz” markalı tentli-furqon tipli, 2005-ci il buraxılışı XXXX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməli, adıçəkilən nəqliyyat vasitələri açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait 30 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 25144,57 manat əsas borc, 8175,8 manat faiz borcu, 1258 manat olmaqla, ümumilikdə 34578,37 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin (bax §82, 84-89) ödənilməsinə yönəldilməlidir.

79. Məhkəmə iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

80. Göründüyü kimi, hazırkı məhkəmə qərarı ilə xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 25144,57 manat əsas borc, 8175,8 manat faiz borcu və 1258 manat cərimə borcunun Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması qət edildiyindən qətnamə həmin hissədə icra edilərkən “İpoteka haqqında” Qanunun 41.2 və 47.5-ci maddələrinə əsasən müəyyən edilən prosedurlar tətbiq ediləcəkdir. Bu səbəbdən çatışmayan məbləğin borclunun başqa əmlakından alınması və ya ipoteka saxlayanın tələblərindən artıq əmlakın qaytarılması kimi ayrıca tələbin təmin edilməsi mümkün deyildir.

d) Məhkəmə xərcləri ilə bağlı

81. İddiaçı eləcə də 400 manat mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.

82. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-00543 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci ödənmişdir.

83. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 21 iyul 2023-cü il tarixli 9/5172 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

84. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

85. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

86. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

87. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

88. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

89. Məhkəmə mübahisənin əmələ gəlməsində cavabdehlərin mediasiya prosesində iştirak etməməsi və pretenziya məktubuna cavab verməməsinin bilavasitə rolu olduğunu (bax §59) nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pul tutularaq İddiaçı QSC-yə, ekspertiza xərci olaraq 100 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

90. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında 15 fevral 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 30 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 25144 (iyirmi beş min yüz qırx dörd) manat 57 (əlli yeddi) qəpik əsas borc, 8175 (səkkiz min yüz yetmiş beş) manat 80 (səksən) qəpik faiz borcu, 1258 (min iki yüz əlli səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 34578 (otuz dörd min beş yüz yetmiş səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində pul cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh4 mülkiyyətində olan “Man TGX 18.440” markalı, yəhərli dartıcı tipli, 2008-ci il buraxılışı XXXX dövlət qeydiyyat nişanlı və “Schmitz” markalı tentli-furqon tipli, 2005-ci il buraxılışı XXXX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilsin. Cavabdeh4 mülkiyyətində olan “Man TGX 18.440” markalı, yəhərli dartıcı tipli, 2008-ci il buraxılışı XXXX dövlət qeydiyyat nişanlı və “Schmitz” markalı tentli-furqon tipli, 2005-ci il buraxılışı XXXX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait 30 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 25144 (iyirmi beş min yüz qırx dörd) manat 57 (əlli yeddi) qəpik əsas borc, 8175 (səkkiz min yüz yetmiş beş) manat 80 (səksən) qəpik faiz borcu, 1258 (min iki yüz əlli səkkiz) manat olmaqla, ümumilikdə 34578 (otuz dörd min beş yüz yetmiş səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində pulun və 400 (dörd yüz) manat mediasiya xərcinin ödənilməsinə yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar