Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3182/2021 23.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən iddiaçının xeyrinə 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 424543.19 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 424543.19 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 424543.19 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 424543.19 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə 23 noyabr 2012-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən illik 60 ay müddətinə ******* manat kredit limiti ayrılmışdır. Cavabdeh 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən illik 18 faizlə 36 ay müddətinə ******* manat kredit götürmüşdür. Borcun təminatı olaraq, cavabdehin mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində yerləşən, 6315.45 kv.m ümumi sahədən ibarət əmlak kompleksi 2012-ci il 23 noyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 30 yanvar 2015-ci il tarixli 2-2(83)-29/2015 saylı Gəncə İnzibati–İqtisadi Məhkəməsinin qətnaməsi ilə cavabdehdən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin (“Yelo Bank “ ASC) xeyrinə ümumilikdə ******* manat tutulması qət edilmişdir. Hal-hazırda 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin banka gecikdirilmiş vaxt üçün 30 yanvar 2015-ci il tarixdən 07 may 2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 424543.19 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 424543.19 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, cavabdehə 23 noyabr 2012-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən illik 60 ay müddətinə ******* manat kredit limiti ayrılmışdır. Cavabdeh 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən illik 18 faizlə 36 ay müddətinə ******* manat kredit götürülmüşdür. Borcun təminatı olaraq, cavabdehin mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində yerləşən, 6315.45 kv.m ümumi sahədən ibarət əmlak kompleksi 2012-ci il 23 noyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydiyyata alınmışdır. 30 yanvar 2015-ci il tarixli 2-2(83)-29/2015 saylı Gəncə İnzibati-İqtisad Məhkəməsinin qətnaməsi ilə cavabdehdən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı ASC) xeyrinə ümumilikdə cəmi ******* manat tutulması qət edilmişdir. 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə (İddiaçı ASC) 200.000 manatdan artıq kredit borcu ödənilmişdir. Lakin ödənilmiş bütün məbləğdən 49.782,59 manat əsas borca qalan məbləğ bank tərəfindən faiz borcuna hesablanmışdır. Bundan sonra iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 995.217.41 manat əsas borc, 125.766.06 manat faiz borcu, iddia qaldırılması üçün 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 1.121.043.47 manat pul vəsaitinin cavabdehdən tutulmasına, tutulacaq məbləğin 23.11.2012-ci il tarixli 10-BİZ-3-0-2107-12 nömrəli girov müqaviləsinə əsasən cavabdehə məxsus 654.720 manat məbləğində qiymətləndirilmiş daşınar əmlak (avadanlıq) və 23.11.2012-ci il tarixli BİZ-3-0-2107-12 (Sİ) nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı ******* nömrəli çıxarışa əsasən cavabdehin xüsusi mülkiyyətində olan və Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi, 6180.45 əsas, 135 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsinə, həmin əmlakın açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 30 yanvar 2015-ci il tarixli 2-2(83)-29/2015 saylı Gəncə İnzibati-İqtisad Məhkəməsinin qətnaməsi ilə cavabdehdən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı ASC) xeyrinə ümumilikdə cəmi ******* manat tutulması qət edilərək iddia təmin edilmiş, tutma cavabdehin əmlak kompleksinə yönəldilərək bütün daşınar əmlaklar və əmlak kompleksi açıq hərracda çıxarılaraq satılması, cavabdehin "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə olan borcu satışdan əldə olunan vəsait hesabina ödənilməsi və borcun tam ödənilməsindən sonra daşınar və daşınmaz əmlakların açıq hərracda satışından əldə olunan vəsaitin qalan hissəsi cavabdehə verilməsi barədə qətnamə qəbul edilmişdir. 30 yanvar 2015-ci il tarixli qətnamənin qət etdi hissəsində qeyd olunanlarla bağlı icra işi gecikdirilmişdir. Belə ki, məhkəmə qətnaməsinə cavabdeh tərəfdən hər hansı laqeyd münasibət göstərilməmiş cavabdeh 30.01.2015-ci il tarixli qətnamənin icrasına razı olaraq qətnamənin icrasına marağlı olmuşdur. 18.04.2018-ci il tarixdə "xxxx" MMC-yə Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən əmlakın qiymətləndirilməsi barədə müraciət olunmuşdur. Lakin 24.04.2018-ci il tarixdə "xxxx" MMC tərəfindən əmlakların qiymətləndirilməsi barədə hesabat təqdim olunmuş, həmin hesabata əsasən əmlak 5.700.000 manat dəyərində qiymətləndirilməsinə baxmayaraq, 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, həmin əmlak hərraca çıxarılmamışdır. 27.02.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin təqdimatı əsasında "xxxx" MMC-yə müraciət olunaraq, əmlakın 5.700.000 manat məbləğində qiymətləndirildiyini və əmlakın həmin qiymətə hərrac yolu ilə satılmasına dair sərəncam verilməsi xahiş olunmuşdur. 17.06.2020-ci il tarixdə hərrac keçirilmiş, 25.06.2020-ci il tarixdə icra idarəsinin təqdimatı əsasında tələbkarın xahişi ilə hərrac dayandırılmışdır. Həmin gündən bu günədək hərrac keçirilməmiş, qətnamənin icrası təmin edilməmişdir. İddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti 23.11.2012-ci il tarixli kredit müqaviləsindən 07.05.2021-ci il tarixədək illik 5 % olmaqla əldən çıxmış fayda kimi 424.543.19 manat məbləğində borc hesablamışdır. 30.01.2015-ci il tarixli qətnamənin icra olunmaması cavabdehin cavabdeh olduğu haldan irəli gəlmir. Belə ki, cavabdeh hərracın keçirilməsində marağlı olmuş hərracın keçirilməməsindən dəfələrlə şikayət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi X5 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 23 noyabr 2012-ci il tarixli 10-BİZ-3-0-2107-12 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ümumilikdə 2.500.000 manat məbləğində 60 ay müddətinə, yəni 23.11.2017-ci il tarixədək kredit limiti açılmışdır. "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 23 noyabr 2012-ci il tarixli 10-BİZ-3-0-2107-12(Ə1) saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə illik 18 faizlə 36 ay müddətinə, yəni 23.11.2015-ci il tarixədək 1.045.000 manat məbləğində kredit verilmişdir. Gəncə İnzibati–İqtisadi Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2-2(83)-29/2015 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdehdən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin (“Yelo Bank “ ASC) xeyrinə 23 noyabr 2012-ci il tarixli 10-BİZ-3-0-2107- 12(Ə1) saylı kredit müqaviləsi üzrə ümumilikdə 1.335.391,41 manat tutulması qət edilmişdir. 07 may 2021-ci il tarixli KBD-760712 saylı maliyyə arayışından görünür ki, cavabdehə 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik 18 faizlə 36 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Cavabdehin əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) olmaqla 424543,19 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) ilə cavabdeh arasında bağlanmış 23 noyabr 2012-ci il tarixli 10-BİZ-3-0- 2107-12(Ə1) saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə illik 18 faizlə 36 ay müddətinə, yəni 23.11.2015-ci il tarixədək 1.045.000 manat məbləğində kredit verilmişdir. Gəncə İnzibati–İqtisadi Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2-2(83)-29/2015 saylı qətnaməsi ilə cavabdehdən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin (“Yelo Bank “ ASC) xeyrinə 23 noyabr 2012-ci il tarixli 10-BİZ-3-0- 2107-12(Ə1) saylı kredit müqaviləsi üzrə ümumilikdə 1.335.391,41 manat tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. İşin hallarından göründüyü kimi Gəncə İnzibati–İqtisadi Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2-2(83)-29/2015 saylı qətnaməsi ilə "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 23 noyabr 2012-ci il tarixli 10-BİZ-3-0-2107-12(Ə1) saylı kredit müqaviləsinə əsasən cavabdehdən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin (“Yelo Bank “ ASC) xeyrinə ümumilikdə 1.335.391 manat tutulmuş, bununla da müqavilənin müddəti faktiki olaraq məhkəmənin qətnaməsi ilə 30 yanvar 2015-ci il tarixdə bitmişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliy icra edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi qətnamənin icrası iddiaçının tələbi əsasında 25.06.2020-ci il tarixdə dayandırılmışdır ki, bu halda məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi gecikdirilmiş vaxt üçün illik beş faiz 25.06.2020-ci il tarixədək hesablanmalıdır. Bu halda, gecikdirilmiş vaxt üçün illik beş faizin məbləği 361668,39 manat (1335391 manat x 5% : 12 ay x 65 ay = 361668,39 manat) təşkil etdiyindən məhkəmə hesab edir ki, göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 361668,39 manat məbləğində əldən çıxmış fayda cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 89,01 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25,55 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 4,45 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 361668,39 manat məbləğində əldən çıxmış fayda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 25,55 manat məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 4,45 manat məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3182/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3182/2021
23.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver