Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3196/2024 27.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada İddiaçı ASCnin xeyrinə 13128,52 manat əsas borc, 2762,32 manat faiz borcu, 571,17 manat məbləğində cərimə olmaqla, cəmi 16462,01 manat borc və 140 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 22% olmaqla 14999 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4, 442, 445.2.1, 448, 462.2, 472.1, 472.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə iddiaçıya və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştiakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borcun olduğunu qəbul edir, cərimə məbləğini qəbul etmir, kredit götürülübsə faiz hesablanmalıdır.
8. İddiaçı ASC ilə kredit alan – Cavabdeh1 və zamin – Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/36539/88/36 nömrəli kredit sazişindən görünür ki, Cavabdeh1 bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 22% (faktiki illik faiz dərəcəsi 23,3%) olmaqla, 14999 (on dörd min doqquz yüz doxsan doqquz) manat məbləğində kredit verilir, qeyd edilən razılaşma üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin- Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürür.
9. İddiaçı tərəfindən iş materiallarına tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/36539/88/36 nömrəli kredit sazişinə 1 nömrəli əlavə - ödəniş cədvəli əlavə edilmişdir.
10. İddiaçı tərəfindən iş materiallarına İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri (mikrokreditləşmə üzrə) preambula əlavə edilmiş, preambula kredit alan - Cavabdeh1 və zamin - Cavabdeh2 tərəfindən imzalanmışdır.
11. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 13128,52 manat əsas borc, 2762,32 manat faiz və 571,17 manat məbləğində cərimə borcu vardır.
12. İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli bildiriş (pretenziya) məktubundan görünür ki, kredit müqaviləsinn birtərəfli qaydada ləğv edilməsi bildirilmiş, 13128,52 manat əsas borc, 1606 manat faiz və 571,17 manat cərimə borcunun dərhal tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4789 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, MK/36539/88/36 nömrəli kredit sazişində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə olan əsas borcu 13109,14 manat, faiz borcu 1589,18 manat, xx.xx.2024-cü il tarixə olan əsas borcu 13109,14 manat, faiz borcu 2734,77 manat təşkil edir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
17. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə kredit alan - Cavabdeh1 və zamin - Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, MK/36539/88/36 nömrəli kredit müqaviləsi bağlanmış və razılaşmaya əsasən Cavabdeh1 bankdan 36 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla, 14999 manat məbləğində kredit verilmiş, qeyd edilən razılaşma üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin- Cavabdeh2 bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borclu və zamin) müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
18. İddia tələbinin bir hissəsini cavabdеhlərdən birgə qaydada iddiaçının хеyrinə 13128,52 manat məbləğində əsas borc, 2762,32 manat məbləğində faiz borcunun tutulması təşkil edir.
19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4789 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində qismən (ekspert rəyinə uyğun) təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 13109,14 manat (on üç min yüz doqquz manat on dörd qəpik) əsas borc, 1589,18 manat (min beş yüz səksən doqquz manat on səkkiz qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, əsas və faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır.
20. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, cavabdehlərə göndərilən xx.xx.2023-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, kredit müqaviləsinn birtərəfli qaydada ləğv edilməsi bildirilmiş, cavabdehlərdən müqavilə üzrə borcun dərhal tam ödənilməsi tələb olunmuş, borc ödənilməzsə, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Ona görə də kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. Ekspert qarşısında xx.xx.2023cü il tarixə olan borcun müəyyən edilməsi ilə bağlı müvafiq sual qoyulmuş və həmin tarixə faiz borcunun 1589,18 manat təşkil etdiyi rəydə göstərilmişdir.
21. İddia tələbinin digər hissəsini cavabdеhlərdən birgə qaydada 571,17 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
23. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada 571,17 manat (beş yüz yetmiş bir manat on yeddi qəpik) məbləğində cərimə məbləği tam şəkildə iddiaçının xeyrinə tutulmalıdır.
24. Eləcə də, iddiaçı 140 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
25. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 129,30 manat (yüz iyirmi doqquz manat otuz qəpik) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
26. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 185,51 manat (yüz səksən beş manat əlli bir qəpik) hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada, 14,49 manat (on dörd manat qırx doqquz qəpik) hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 13109,14 manat (on üç min yüz doqquz manat on dörd qəpik) əsas borc, 1589,18 manat (min beş yüz səksən doqquz manat on səkkiz qəpik) faiz borcu, 571,17 manat (beş yüz yetmiş bir manat on yeddi qəpik) cərimə, ödənilmiş dövlət rüsumuna görə 129,30 manat (yüz iyirmi doqquz manat otuz qəpik) olmaqla, ümumilikdə 15398,79 manat (on beş min üç yüz doxsan səkkiz manat yetmiş doqquz) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 185,51 manat (yüz səksən beş manat əlli bir qəpik) hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada, 14,49 manat (on dörd manat qırx doqquz qəpik) hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova