Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3199/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 Cavabdeh İB-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı1(bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindənİddiaçı1 akt əsasında hesablanmış 10110 manat pulun **********00014 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Görədil kəndi 1542a ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (Miracle kafesi) təbii qazla təchiz etmək məqsədi ilə cavabdeh təşkilata müraciət etmişdim. Qeyri-yaşayış sahəsinin qazlaşdırılma sənədlərindən göründüyü kimi mənə xx.xx.2021-ci il tarixdə 18068 saylı texniki şərt verilmişdir. Texniki şərt verilməmişdən öncə cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək kafenin adına **********00014 nömrəli qaz hesabı açmış və guya kafedə təbii qazdan qanunsuz istifadə edildiyi üçün xx.xx.2021-ci il tarixdə ******* saylı akt tərtib edərək 10110 manat məbləğində cərimə hesablamışdır. Abonent saldosuna baxdıqda açıq aydın görünür ki, qaz sayğacı quraşdırıldıqdan sonra mən istifadə etdiyim qazın dəyərini daim vaxtında ödəmişəm. Cavabdeh təşkilat müvafiq sənədləşmə işləri görülmədən öz təbii inhisar subyekti mövqeyindən sui istifadə edərək istehlakçılar barədə istədiyi qanunsuz hərəkətləri həyata keçirir. Tərtib edilmiş saxta akt nə zaman və kim tərəfindən tərtib edildiyindən mənim məlumatım olmamışdır. Tərtib edilmiş saxta akta əsasən 104 gün geriyə müddətinə cərimə hesablanmışdır. Belə bir hesabat qaydası və nəyə əsaslanaraq məhz 104 gün nəzərə alındığı müəyyən deyil. Buradan da cavabdeh təşkilatın qanunsuz əməlləri aydın görünür.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
4. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, istirahət mərkəzində əhali xəttinə qeyri-qanuni qoşularaq sayğacsız təbii qazdan istifadə etməsi aşkar olunmuşdur.
8. Abonentin saldosundan müəyyən olunur ki, İddiaçı1 (abonent kodu: **********00014) ümumilikdə borcu 29352.71 manat (sayğac oxunması: 90710.92 + aktlar: 10110 manat – ödəmələr: 71468.21 manat – güzəşt: 0 manat = son borc: 29352.71 manat) təşkil edir.
9. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 0051 sənayə üzrə inventar aktında iddiaçının sayğcın parametrləri,müəssisədə istəfadə olunan qaz qurğuları göstərilmişdir.
V. Tətbiq edilən hüquq:
10. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
11. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
13. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
VI. Məhkəmənin mövqeyi:
14. Məhkəmə hesab edir ki,iddia ərizəsi təmin edilməlidir.
15. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən, İddiaçı1 məxsus qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən müqavilə əsasında təbii qazla təchiz edilir. İddiaçı təbii qazdan istifadə etmiş, sərf olunan sərfiyyata uyğun sərfin məbləği hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, debitor borcla yanaşı, xx.xx.2021-ci -cü il tarixində cavabdeh tərəfindən akt tərtib olunaraq, iddiaçıya əlavə borclar hesablanmışdır. Abonent saldosundan göründüyü kimi, 2021-cü ildə tərtib olunmuş aktlara əsasən iddiaçıya 10110 manat məbləğində borc hesablanmışdır.
16. Məhkəmə qeyd edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
17. Göründüyü kimi İddiaçı1 silinməsini tələb etdiyi 10110 manat məbləğində borcun hesablanmasına səbəb olmuş abonentə məxsus obyektdə qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında vrdiyi izahatında yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmadığını bildirmişdir.
18. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
19. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.
20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2021-ci -cü il tarixli akta əsasən hesablanmış 10110 manat məbləğində borc iddiaçının abunə hesabından (kod: **********00014) silinməlidir.
21. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 121 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
22. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 121 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında hesablanmış 10110 (on min yüz on) manat cərimə İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Abonent kodu: **********00014) hesabından silinsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova