Məhkəmə qərarları › İş №e-2-2(113)-32/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-32/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-32/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “icarə müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: torpaq icarəsi müqaviləsi, icarə haqqının tutulması, icarə müqaviləsinə xitam verilməsi, iddia müddəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “icarə müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə (bundan sonra Cavabdeh MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə üzrə 31012 manat və 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə üzrə 9332 manat məbləğində haqqın dövlət büdcəsinin, 200 manat mediasiya xərcinin iddiaçınn xeyrinə tutularaq iddiaçının Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ******************** VÖEN: **********, S.W.İ.F.T. bik: NABZA2ZC) köçürülməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsinin faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Bakı Şəhər İcra Hakimiyyəti ilə cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə ayrılmış torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2003-cü il tarixli 235 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə ayrılmış torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli 597 nömrəli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilələrin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri və müqavilənin şərtləri pozulmuşdur. Hazırda cavabdehin dövlət büdcəsinə ödənilməli olan 235 nömrəli icarə müqaviləsi üzrə 31012 manat və 597 nömrəli icarə müqaviləsi üzrə 9332 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq xidməti vasitəsilə xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqı borcunu dövlət büdcəsinə ödəməmişdir. 2.2. Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanın 2.4-cü bəndinə əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi eyni tələblə cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmış, lakin həmin məhkəmə xx.xx.2021-ci il tarixli e-2-2(113)-1955/2021 saylı qətnamə ilə qeyd edilən iddianın Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qaldırıla biləcəyini və Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddianı qaldırmaq üçün subyektiv hüququnun olmamasını qeyd edərək, iddianı təmin etməmişdir. Həmçinin kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həlli ilə bağlı iddiaçı tərəfindən Mediasiya Təşkilatına müraciət olunmuş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir (xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00526 nömrəli arayış). Mediasiya sessiyasının keçirilməsi üçün 200 manat məbləğində vəsait iddiaçı tərəfindən mediatorun bank hesabına ödənilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 700.1-ci maddəsi, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14, 18 və 23-cü maddələri göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia ərizəsinə etiraz təqdim edərək iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “icarə müqavilələri üzrə pulun tutulması” tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilərək ərizənin icraata götürülməsindən imtina edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində xx.xx.2003-cü il tarixli 235 nömrəli və xx.xx.2005-ci il tarixli 597 nömrəli icarə müqavilələri üzrə konkret olaraq hansı illər, hansı aylar üzrə icarə haqqını tələb etdiyini dəqiq şəkildə qeyd etməmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı müqavilə bağlandığı tarixdən bu günə qədər olan dövr üçün icarə haqqını tələb edir. İcarə müqavilələri xx.xx.2023-cü il və xx.xx.2005-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri iizrə iddia müddəti 6 ildir. Uzun müddət ötdüyü üçün burada iddia tələbi üzrə 6 illik iddia müddəti tətbiq edilməlidir. Bununla əlaqədar olaraq iddiaçı iddia ərizəsini məhkəməyə təqdim etdiyi tarixdən yanlız 6 il geriyə icarə haqqını tələb edə bilər. Əlavə olaraq, artıq 2007-ci ildən cavabdeh tikinti işlərini başa çatdırdıqdan sonra öz fəaliyyətini dayandırmışdır. Həmçinin icarə müqaviləsində icarə predmeti olan torpaq sahəsi hazırda öz nizamnaməsi ilə fəaliyyət göstərən “Nəsimi-45” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin mükiyyətindədir. Bu baxımdan cavabdeh olaraq hazırkı iddia tələbinə cavab verməli olan tərəf olmadığına görə də həmin iddia tələbi cavabdehə qarşı irəli sürülə bilməz.

6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 373.2-ci maddəsi göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X5, X4 və X6 iddianın məzmununa uyğun izahat verdilər və iddianın təmin edilməsini xahiş etdilər.

8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X6 19 dekabr 2024cü il tarixli 9/9158 nömrəli ekspert rəyinə etiraz etmədiklərini bildirdi.

9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqaviləyə xitam verilmişdir, lakin 07 sentyabr 2005ci il tarixli 0597 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə qüvvədədir.

10. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili Vəkil 19 dekabr 2024-cü il tarixli 9/9158 nömrəli ekspert rəyinə etiraz etmədiklərini bildirdi.

III. Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Torpaq icarəsi müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – Bakı Şəhəri İcra Hakimiyyəti ilə cavabdeh arasında 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli və 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilələrindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 383 saylı xx.xx.2003-cü il tarixli sərəncamı və xx.xx.2003-cü il tarixli 11270 saylı inşaat pasportu əsasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə ayrılmış 2212 kv.m olan torpaq sahəsini yaşayış binasının tikintisi üçün, illik 8 614 196 AZM icarə haqqı və icarə haqqının hər rübün birinci ayının 5-dən gec olmayaraq ödənilməsi şərtilə 49 il müddətinə, 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli müqavilə üzrə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 203 saylı xx.xx.2005-ci il tarixli sərəncamı və xx.xx.2003-cü il tarixli 11270 saylı inşaat pasportu və xx.xx.2005-ci il tarixli 05/328 saylı ayrıc aktı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə ayrılmış 432,7 kv.m olan torpaq sahəsini çoxmərtəbəli qaraj binasının tikintisi üçün, illik 2 592 046,08 AZM icarə haqqı və icarə haqqının hər rübün birinci ayının 5-dən gec olmayaraq ödənilməsi şərtilə 49 il müddətinə icarəyə götürmüşdür; – iddiaçı Cavabdeh MTK cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Cavabdeh MTK ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli 0235 nömrəli və xx.xx.2005-ci il tarixli 0597 nömrəli icarə müqavilələrinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-287/2024 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MTKnın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi “tərəflər arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli 0597 nömrəli icarə müqaviləsinə xitam verilməsi hissəsində” baxılmamış saxlanılmış, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-287/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqavilə xx.xx.2022-ci il tarixdən xitam verilmiş hesab edilmişdir. Həmin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(103)-517/2024 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-287/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, həmin qətnamədən kassasiya şikayəti verilməmişdir.

15. İddiaçı 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə üzrə 31012 manat və 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə üzrə 9332 manat icarə haqqının cavabdehdən tutulmasını tələb edir.

16. Cavabdeh iddiaya etiraz edərək, 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqavilənin qüvvədə olmadığını, hər iki müqavilə üzrə iddia müddətinin ötdüyünü bildirərək iddianın rədd edilməsini xahiş edir.

17. Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

19. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

20. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir.

21. Mülki Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

22. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir.

23. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlərdir. Azərbaycan Respublikası adından icarə münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.

24. Həmin Qanunun 14-cü maddəsinə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

25. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən, həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddia ilə çıxış etməyə subyektiv hüququ mövcuddur.

27. Lakin 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verilmiş hesab edildiyindən və təqdim edilən xx.xx.2023-cü il tarixli cavabdehə məxsus şəxsi hesab vərəqəsindən ödənişlər də nəzərə alınmaqla 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə, 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə icarə haqqı borcunun hesablanması xüsusi bilik tələb etdiyindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(113)-121/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2024-cü il tarixli 9/9158 nömrəli ekspert rəyinə əsasən, hazırkı ekspertiza tədqiqatı zamanı iş materiallarında olan Cavabdeh MTK (VÖEN: **********) Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə üzrə xx.xx.2022-ci il tarixə icarə haqqı borcu 27565,44 manat, Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə üzrə hal-hazıra kimi aparılmış ödənişlər nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə icarə haqqı borcu 9331,37 manat məbləğində müəyyən olunur. Qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilmiş 3000 manat məbləğində pul vəsaitinin hansı icarə müqaviləsi üzrə ödənilməsi iş materiallarında olan sənədlərdə öz əksini tapmamışdır. Bu səbəbdən hər iki müqavilə üzrə aparılmış hesablamalarda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilmiş 3000 manat məbləğində pul vəsaiti nəzərə alınmamışdır.

29. Göründüyü kimi, ekspert rəyi ilə 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə (xitam tarixi) icarə haqqı borcu 27565,44 manat, 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə icarə haqqı borcu 9331,37 manat müəyyən edilmiş, ödənilmiş 3000 manat icarə haqqının təyinatı, yəni hansı müqavilə üzrə silinməsi müəyyən edilə bilmədiyindən nəzərə alınmamışdır.

30. Məhkəmə qeyd edir ki, həmin məbləğin Cavabdeh MTK-nın şəxsi hesab vərəqəsindən hansı müqavilə üzrə borca silindiyi müəyyən edilə bilmədiyindən Mülki Məcəllənin pul öhdəliklərinin ödənilməsi növbəliyi ilə bağlı nomaları əsas götürülməlidir.

31. Belə ki, Mülki Məcəllənin 440-cı maddəsinə əsasən, əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Əgər tələblər eyni dərəcədə ağırdırsa, daha az təmin edilmiş tələb birinci növbədə icra olunmalıdır.

32. Göründüyü kimi, əvvəla, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc, əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb, əgər tələblər eyni dərəcədə ağırdırsa, daha az təmin edilmiş tələb birinci növbədə ödənilir.

33. Hazırkı iş üzrə ödənişin təyinatı ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmiş, icarə haqqının hər rübün birinci ayının 5-dən gec olmayaraq ödənilməsi şərtləşdirildiyindən öhdəliklərin icra müddətləri də eyni olmuşdur. Lakin 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqavilə üzrə həm icarə haqqının digər müqavilədən çox təşkil etməsi, həm də müqavilənin digərindən daha əvvəl bağlanması səbəbindən ödəniş edilən tarixə borclu üçün daha ağır tələbli müqavilə 11 sentyabr 2003cü il tarixli 0235 nömrəli müqavilədir və edilmiş ödəniş məhz həmin müqavilə üzrə borca yönəldilməlidir.

34. Beləliklə, məhkəmə bu qənəatə gəlir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış 11 sentyabr 2003-cü il tarixli 0235 saylı torpaq icarəsi müqaviləsi üzrə borc 24565,44 manat, 07 sentyabr 2005-ci il tarixli 0597 saylı torpaq icarəsi müqaviləsi üzrə borc 9331,37 manat olaraq müəyyən edilməlidir.

35. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.

36. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

37. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

38. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

39. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).

40. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2).

41. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. ... Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

42. Məhkəmə qeyd edir ki, 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verildiyindən, 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli müqavilə qüvvədə olduğundan və iddiaçının mediasiya tətbiqi barədə təkliflə xx.xx.2022-ci il tarixdə müraciət etdiyi nəzərə alındığında iddiaçı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərkən Mülki Məcəllənin 377-ci maddəsinə nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir.

43. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti keçməmişdir.

44. Hazırkı işin hallarından görünür ki, cavabdeh icarə müqavilələri üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.

45. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.

46. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

47. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

48. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

49. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

50. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

51. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış 11 sentyabr 2003-cü il tarixli 0235 saylı torpaq icarəsi müqaviləsi üzrə 24565,44 manat, 07 sentyabr 2005-ci il tarixli 0597 saylı torpaq icarəsi müqaviləsi üzrə 9331,37 manat pul olmaqla ümumilikdə 33896,81 manat pul Cavabdeh MTK-dan tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

52. İddiaçı eyni zamanda 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş edir.

53. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00526 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 manat ödəniş etmişdir.

54. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

55. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2022-ci ilin dekabr ayı) və mediasiya sessiyası keçirilərkən (xx.xx.2023-cü il) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

56. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 19 dekabr 2024-cü il tarixli 9/9158 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

57. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

58. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

59. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

61. İş materialları ilə müəyyən olunur ki, icarə haqqının lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, mediasiya sessiyasında da iştirak etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.

62. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, ekspertiza xərci olaraq 100 manat pul Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

63. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 242-244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 sentyabr 2003-cü il tarixli 0235 saylı torpaq icarəsi müqaviləsi üzrə 24565,44 manat, 07 sentyabr 2005-ci il tarixli 0597 saylı torpaq icarəsi müqaviləsi üzrə 9331,37 manat pul olmaqla ümumilikdə 33896,81 manat pul Cavabdehndən tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ******************** VÖEN: **********, S.W.İ.F.T. bik: NABZAZ 2C) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ******************** VÖEN: **********, S.W.İ.F.T. bik: NABZAZ 2C) ödənilsin. Ekspertiza xərci olaraq 100 manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar