Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3200/2021 29.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh və qeyrilərinə qarşı icarəyə verilmiş ərazinin boşaldılması və pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rafiq oğlunun və qeyrilərinin H.Z.Tağıyev adına "xxxx" ASC-nin ərasizində icarəyə verilmiş 350 kv.m sahədən çıxarılmaqla həmin obyektin boşaldılması, Cavabdeh Rafiq oğlundan ödənilməmiş 7000 (yeddi min) manat məbləğin, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, H.Z.Tağıyev adına "xxxx" ASC-nin sədri X1 ilə Cavabdeh Rafiq oğlu arasında 01.10.2020-ci il tarixli 08 saylı İcarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı ünvan 1 ünvanında yerləşən 350 kv.m olan sahəni mebel rənglənməsi üçün istifadə məqsədilə cavabdehin müvəqqəti istifadəsinə vermişdir. Cavabdeh həmin müqavilənin 1.2-ci bəndinə əsasən həmin sahəyə görə 1000 (bir min) manat ödəməklə icarəyə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə 11 ay müddətinə bağlanmışdır. İcarəçi icarə haqqını hər ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. Lakin dekabr ayından hazıradək Cavabdeh birgə işlədiyi X3 ilə bərabər həmin icarə obyektindən çıxmır icarə haqqını ödəməkdən imtina edir və digər işçiləri öldürməklə hədələyir, kombinatın ərazisinə icazəsiz daxil olaraq orda xoşagəlməz hərəkətlər edirlər. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar öz əməllərindən əl çəkmirlər. Göründüyü kimi müqavilənin şərtləri tam və layiqincə yerinə yetirildiyi halda cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin şərtləri kobud şəkildə pozulmuşdur. Dəfələrlə edilən müracitələrə baxmayaraq cavabdeh müqavilə ilə nəzərdə tutulmuş məbləğin ödənilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yaranacaq mübahisələrin həllində qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail ola bilərlər. Cavabdehə pretenziya göndərilmiş lakin cavabdeh bu dəfə də ödənişi etməkdən imtina etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rafiq oğlu, X2 və qeyrilərinin H.Z.Tağıyev adına "xxxx" ASC-nin ərasizində icarəyə verilmiş 350 kv.m sahədən çıxarılmaqla həmin obyektin boşaldılması, Cavabdeh Rafiq oğlundan ödənilməmiş 7000 (yeddi min) manat məbləğin, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili yenidən məhkəməyə müraciət edərək, X2 cavabdehlər siyahısından çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun ərizə verib əlavə olaraq qeyd etdi ki, tərəflər arasında müqavilə imzalanmazdan əvvəl də obyekt icarəyə verilmiş, həmin dövrdə də icarə haqqının ödənilməsində problemlər yaranmışdır. İcarə haqqlarının ödənilməsi ilə bağlı uzun müddətdir ki, müraciətlər edilməsinə baxmyaraq heç bir nəticə olmamışdır. Dəfələrlə cavabdehin və digər şəxslərin qanunsuz əməlləri ilə bağlı polisə müraciət olunmuş, izahatları alınmış, lakin ərazini tərk etməmişlər. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə izahatında qeyd etdi ki, oktyabr ayının 20-dən etibarən obyektə qıfıl vurulmuşdur. Fevral ayının 20-də obyekt Quliyev Şahin tərəfindən icarəyə götürülmüş o da Quliyev Şahinin işçisidir. Obyekti icarəyə götürdükdən sonra karantin dövrü başlamış bununla bağlı olaraq maddi vəziyyətləri ağırlaşmışdır. Problemlərini həll edilməsi üçün Quliyev Şahin ona məxsus “Priora” markalı maşınını satmalı olmuş, kreditlə pul götürməli olmuşlar. İcarə haqqını ödəmişlər. Sənətkar olduqları üçün karantin tədbirləri yekunlaşdıqdan sonra vəziyyətlərinin düzələcəklərinə ümid etmişlər. Daha sonra oktyabr ayında Şahin ona icarə müqaviləsini imzalamaq üçün vermiş və onu imzalamışdır. Müqavilə bağlandıqdan 4 gün sonra obyekti tərk etmələri bildirilmişdir. Cavabdeh o yox Şahin olmalıdır, çünki icarəyə obyekti o götürmüş pulu o ödəmişdir. Daha sonra aprel ayında Quliyev Şahin polis bölməsinə aparılmışdır. Obyekti götürdükləri zaman ora xarabalıq olmuş, onlar pul qoyaraq oranı təmir etmiş, avadanlıqlar almışlar. Hal-hazırda orada əmlakları mövcuddur. Qeyd olunanlara əsasən cavabdeh sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 məhkəməyə izahatında bildirmişdir ki, mebel fabrikində 10-12 nəfər şərikli olaraq işləməyə başlamış, Quliyev Şahin də onların müdiri olmuşdur. Quliyev Şahin 55.000 manatlıq sifariş götürmüş, hər bir şərikin də həmin sifarişdə payı olmuşdur. Bununla bağlı olaraq icarəyə götürdükləri sexdə təmir-tikinti işlərinə başlamış, təxminən 15-18.000 manat aralığında sexə yenidən bərpa işləri ilə bağlı xərc çəkmişlər. Fevral ayında karantin tədbirləri başlamış, onların fəaliyyəti dayanmış buna baxmayaraq onlardan ödəniş tələb olunmuşdur. Fevral ayından etibarən icarə haqqını ödəyə bilməmiş, lakin ondan əvvəlki ödənişlərin hər birini etmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “icarədar” H.Z.Tağıyev adına "xxxx" ASC, “icarəçi” Cavabdeh olmaqla imzalanmış 01 oktyabr 2020-ci il tarixli 08 nömrəli icarə müqaviləsinə əsasən “icarədar” ərazisində Bakı şəh. Xətai rayonu E.Əliyev küç 1 ünvanda yerləşən 350 (üç yüz əlli) kv.m sahəni (mebelin rənglənməsi) “icarəçi”nin müvəqqəti istifadəsinə veririr. 1.2-ci bəndə əsasən “icarəçi”nin götürülmüş sahəyə görə bir aylıq icarə haqqı 1.000 (bir min) manat (ƏDV) ilə təşkil edir. 1.3-cü bəndə əsasən icarə haqqı hər ayın 10-a qədər “icarədar”-ın xəzinəsinə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında icarə müqaviləsi imzalanmış, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək qeyri-yaşayış sahəsini icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, icarə müqaviləsi üzrə borclarını ödəməmişdir. Belə olan halda iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi borc hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən tərəflər arasında imzalanmş müqavliə üzrə ödənişin aparılması təsdiqini tapmadığından 7.000 manat məbləğində icarə haqqı Cavabdeh tutularaq H.Z.Tağıyev adına "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbinin Cavabdeh "xxxx" ASC-nin ərazisində icarəyə verilmiş 350 kv.m sahədən çıxarılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış icarə müqaviləsinin müddəti bitdiyindən, eyni zamanda ödənişlər həyata keçirilmədiyindən iddia tələbi əsaslı olduğundan Cavabdeh qeyd olunan icarə obyektindən çıxarılmalıdır. Əlavə olaraq iddia ərizəsindən məlum olur ki, iddiaçı iddia ərizəsində həm də qeyrilərinin icarəyə verilmiş qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qeyri-dəqiq olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin ərazisində icarəyə verilmiş 350 kv.m sahədən çıxarılsın. Cavabdeh ödənilməmiş 7.000 (yeddi min manat) manat icarə haqqı və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3200/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3200/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver