Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3206/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6076,40 manat, 30 manat dövlət rüsumunun, borc məbləğinə hesablanmış 50,77 manat faiz məbləğinin və cəmi 6157,17 manat məbləğində pulun alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-i ilə Cavabdeh MMC-i arasında xx.xx.2020-ci il tarixli 200425 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı ona məxsus ərzaq və qeyri ərzaq məhsullarını vergi qaimə-faktura əsasında satır, alıcı isə həmin malları alır. Müqaviləyə əsasən satıcı satılan malları alıcının sifarişi əsasında öz nəqliyyat vasıtəsilə alıcıya çatdırsa da alıcı-cavabdeh aldığı malın dəyərini ödəməyərək üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı MMC-i xx.xx.2020-ci ildən-xx.xx.2022-ci ilə dək vergi hesab fakturasına əsasən cavabdehə ümumilikdə 19401,54 manat məbləğində geniş çeşiddə qənnadı və başqa qida məhsulları göndərmişdir, həmin məbləğdən ümumilikdə 13325,14 manat məbləgi ödəmişdir və nəticədə 6076,40 manat borcu qalmışdır. Bir necə dəfə yazılı və şifahi xəbərdarlıq edilməsin baxmayaraq cavabdeh İddiaçı MMC-nin hesabına ödəniş etməmişdir xx.xx.2020ci il tarixli 200425 №-li alqı-satqı müqaviləsinin 4.1-ci və 4.2-ci bədlərinə əsasən malların dəyəri köçürmə yolu ilə malların təhvil-təslim aktı imzalandıqdan sonra 15 gün ərzində ödənilməsi qeyd edilmişdir. Ona görə də vergi qaimə-faktura üzrə 6076,40 manat pul cavabdehdən tutulmalıdır. Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək İddiaçı MMC-nə maddi ziyan vurmuşdur. Cavabdehin olduğu borcunun ödənilməsi üçün məhkəməyə ödədiyi 30 manat məbləğində dövlət rüsumu və borc məbləğinə hesablanmış 50,77 manat faiz məbləği də ondan tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 200425 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtərlə ərzaq və qeyri-ərzaq məhsullarını alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürürlər.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən malın miqdarı, keyfiyyəti, çeşidi və qiyməti tərəflər arasında razılaşdırılmış müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi hesab edilən qiymət razılaşdırılması protokolu ilə müəyyən edilir.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməlidir.
12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2022-ci ilin mart ayı üzrə malların təhvil-qəbul aktına və e-qaimələrə əsasən müxtəlif adda mallar (1121,27 manat, 1094,36 manat, 1121,27 manat, 1094,36 manat, 1094,36 manat, 808,70 manat, 1445,90 manat) Cavabdeh MMC-yə təhvil verilmişdir
13. "xxxx" KB ASC-nin UBM/485 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində 1053,85 manat, xx.xx.2020-ci il tarixində 1445,90 manat, xx.xx.2020-ci il tarixində 1000 manat, xx.xx.2021-ci il tarixində 1038,69 manat, xx.xx.2021-ci il tarixində 1402,90 manat, xx.xx.2021-ci il tarixində 915,36 manat, xx.xx.2021-ci il tarixində 685,34 manat, xx.xx.2021-ci il tarixində 1205,18 manat, xx.xx.2021-ci il tarixində 357,42 manat, xx.xx.2022-ci il tarixində 420 manat və xx.xx.2022cu il tarixində 1765,08 manat ödəniş edilmişdir.
14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 200425 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtərlə ərzaq və qeyri-ərzaq məhsullarını alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürürlər.
21. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə,malların təhvil-qəbul aktı ilə təsdiq olunduğu üçün 6076,40 manat məbləğində borca dair iddia tələbi təmin edilməlidir.
22. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 6076,40 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6076,46 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
23. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 80,77 manat dövlət rüsumu ödənilmişdir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 80,77 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 6076,40 manat borc məbləği, 80,77 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova