Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3208/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enerjisindən istifadə, əsassız hesablanmış borcun silinməsi, sayğacların göstərişlərində anlaşılmazlıq və ya uçotun müvəqqəti pozulması zamanı sərfiyyatın hesablanması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya akta əsasən hesablanmış 8009,87 manat məbləğində borcun silinməsi və ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçını elektrik enerjisi ilə təmin etmək məqsədilə xx.xx.2016-cı ildə 6 saylı transformator yarımstansiyasında 0,4 kV-luq paylayıcı qurğu quraşdırılmışdır. Elektrik qəbul edicinin gücü 201 kVt, qidalandırıcı xətt 10/0,4 kV olan 3 fazlı kabel xətti qoyulmuşdur. Hesabat sayğacının (“Makel”, № 80060958, göstərişi 000000, əmsal 80) quraşdırıldığı yer 6 saylı transformator yarımstansiyasının içində 0,4 kV-luq paylayıcı qurğuda yerləşir. 2.2. 11 aprel 2023 və 09 fevral 2024 cü il tarixlərində elektrik enerjisindən istifadə edilməsi üçün cavabdeh ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən hər ay istifadə olunan elektrik enerjisinin məbləği vaxtlı-vaxtında ödənilmişdir. 15 fevral 2024cü il tarixdə cavabdehin əməkdaşları Quliyev A., Vəliyev G. və Nizami rayon RETSİ nəzarət mühəndisi Abdullayev E. 6 saylı transformator yarımstansiyasında olan (08/XXXX abonent kodu) elektrik sayğacına baxış keçirmiş və elektrik sayğacının ekranının düzgün oxumadığını, yükün tam qeydiyyata alınmadığını qeyd edərək NDQ 019160 saylı akt tərtib edilmişdir. Aktda gərginlik göstəricisinin 40-80 V aralığında dəyişməsi göstərilir. Bu barədə Nizami RETSİ-dən məlumat almaq üçün müraciət edildikdə elektron sayğacın son 1 il ərzində düzgün işləmədiyi və son 1 illik yaddaşın oxunulduğu bildirilmişdir. Tərtib olunan 15 fevral 2024 cü il tarixli akta görə 72817 kVt elektrik enerjisi hesablanmış və xx.xx.2024 cü il tarixdə 6788,03 manat əsas məbləğ və 1221,84 manat ƏDV olmaqla cəmi 8009,87 manat əsassız borc hesablanmışdır. 2.3. Transformator yarımstansiyası dövlətin mülkiyyətindədir və yüksək gərginlik xətləri olduğu üçün iddiaçının nümayəndələrinin heç bir halda yarımstansiyaya giriş icazəsi yoxdur. Quraşdırılmış ayrıc, kabelin bir hissəsi və sayğac yarımstansiyanın içində olduğuna görə və oraya giriş icazəsi olmadığı üçün xidmət sərhəddi üzrə yoxlamalar yarımstansiyadam sonra mümkündür. Göründüyü kimi, iddiaçının nümayəndələrinin ayrıca, ayrıcdan çıxan kabellərə və elektrik enerjisinin qeydiyyata alınması üçün cavabdeh tərəfindən qoyulan elektron sayğaca müdaxilə etməsi mümkün deyildir. Nizami rayon RETSİ nəzarət mühəndisləri elektrik yarımstansiyanın təhlükəsizliyini qoyumaq və abonentin oraya giriş icazəsi olmadığı üçün bütün ayrıcların, kabel xətlərin və elektron sayğacların texniki vəziyyətini vaxtlı-vaxtında özləri yoxlamalı, həmin xətlərdə və elektron sayğacda problem olduğu təqdirdə, dərhal yazılı formada abonentə məlumat verərək aradan qaldırmalıdırlar. Cavabdeh qoyulan elektron sayğacın texniki vəziyyətini yoxlayaraq istismara yararlı olub-olmadığını aydınlaşdırdıqdan sonra göstəricilərini yazmalı olduğu halda, öz vəzifə səlahiyyətlərini düzgün yerinə yetirməyərək vaxtında baxış keçirmədən sayğacların göstəricilərini yazmışdır. Yalnız alqı-satqı müqaviləsinin vaxtı bitdikdən sonra yoxlayaraq elektrik sayğacının istismara yararsız olduğunu və 1 il ərzində sayğacın düzgün hesablamadığını bldirmişlər. Eyni zamanda tərəflər arasında bağlanan müqavilədə də istehlakçının sayğacda mövcud qüsurlara görə və ya sayğacdan keçən yükün düzgün qeyd edilməməsi barədə məsuliyyət daşımalı olmasını nəzərdə tutan maddə yer almamışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.2.1, 5.2.2, 6.3, 10.17-ci və s. bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443.7-ci maddəsinə istinad edilmişdir.
4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektin (abunə kodu – 08/XXXX) uçot dəstinə baxış keçirilərkən sayğacın sxemdən keçən yükü qeyd etmədiyi müəyyən edilmişdir. Buna səbəb A fazasının gərginlik göstəricisinin 40-80 V aralığında dəyişməsidir. A fazasının üzərində quraşdırılmış cərəyan transformatorunun üzərində yanma izlər müşahidə olunur. Baxış zamanı xx.xx.2024-cü il tarixli NDQ 019160 nömrəli akt tərtib edilmişdir. Pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbinə uyğun olaraq, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən (71146 göst – 69298 göst) x 80 əmsal x 33% : 67% = 72817 kvts, tarif (0,11 man) – 72817 kvts x 0,11= 8009,90 manat sərfiyyat hesablanmışdır. Yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmaqla sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi, akt qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil, iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir.
6. İddiaya etirazda hüquqi əsas kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə istisnad edilmişdir.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı obyektlərinin icarəyə verilməsi ilə məşğuldur. Fəaliyyət göstərdiyi yer isə yüksək gərginlikli ərazi hesab olunur. İddiaçı cavabdehlə müqavilə bağlayaraq elektrik enerjisindən istifadə edir və müqavilə hər dəfə bir illik bağlanır. Sayğac isə tranformatorun daxilində yerləşdiyindən iddiaçı tərəfindən hər hansı müdaxilə mümkün deyildir. 15 fevral 2024-cü il tarixdə cavabdehin əməkdaşları yoxlama keçirmiş, cərəyan tranformatorlarından birini təmir etmiş, təmir xərclərini isə iddiaçı ödəmişdir. Daha sonradan isə yoxlama nəticəsində 8009,87 manat məbləğində borc hesablanmışdır.
8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, iddiaçı “A” fazasının gərginlik göstəricisinin 80 Volt olaraq qəbul edilməsi yolu ilə sərfiyyatın hesablanması ilə razıdır. Lakin cavabdeh “A” fazasının 03 yanvar 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixə tamamilə işləmədiyinə əsaslanaraq hesablama aparmışdır. Halbuki qeydiyyata almada xəta cüzi olmuşdur. “A” fazasının gərginlik göstəricisini 80 Volt olaraq qəbul edib hesablama apardıqda “A” fazasında yaranmış qüsur nəticəsində təxmini 2010 manat sərfiyyatın qeydə alınmadığı görünür, həmin məbləğlə razıdırlar və ödəməyə hazırdılar.
9. Cavabdeh məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Əsassız hesablanmış borcun silinməsi tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunan işin halları aşağıdakılardan ibarətdir: - iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 307148 nömrəli və xx.xx.2024cü il tarixli 306048 nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh enerjitəchizatı müəssisəsi kimi iddiaçıya elektrik enerjisinin verilişini təmin etməyi, iddiaçı isə tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hesablaşma elektrik sayğacı 0,4 kV gərginlik tərəfində 6 saylı tranformator yarımstansiyasında quraşdırılmışdır. - 15 fevral 2024-cü il tarixli KY242081960 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamalarıın vahid məlumat reyestrindən çıxarışa əsasən xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərində sayğacın göstəricilərinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi əsası ilə yoxlamanının aparılması qeydə alınmış, 15 fevral 2024-cü il tarixdə NDQ 019160 nömrəli aktla “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun sayğaca baxış keçirilərkən sayğacın sxemdən keçən yükü tam qeydə almadığı, buna səbəbin “A” fazasının gərginlik göstəricisinin 40-80 V aralığında dəyişdiyi, “A” fazasının üzərində quraşdırılmış cərəyan tranformatorunda yanma izlərinin müşahidə oldunduğu müəyyən edilmiş, Pfaktiki = 140 kVt, Psayğac = 104 kVt, Pqoyulmuş güc = 264 kVt olaraq aşkar edilmişdir. - xx.xx.2024-cü il tarixli icra vərəqinə görə, baxış zamanı elektrik sayğacının “A” fazasından keçən yükü qeyd etmədiyi, sayğacın elektron baxış tablosunda “A” fazasının cərəyan və gərginlik indikatorlarının olmadığı və gərginlik və güc əmsalının göstəricilərinin sıfır kimi qeyd olunduğu məlum olmuş, sayğac sxemi bərpa edilmiş və (71146 göst – 69298 göst) x 80 əmsal x 33% : 67% = 72817 kvts, tarif (0,11 man) – 72817 kvts x 0,11 = 8009,90 manat sərfiyyat hesablanmışdır. - İddiaçıya məxsus abunə haqqında məlumata əsasən, bağlanan aktlar bölməsinə xx.xx.2024-cü il tarixi üçün 8009,87 manat borc daxil edilmişdir. xx.xx.2024-cü il tarixli 297999 nömrəli sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə akta əsasən sayğacın sxemi bərpa edilmişdir.
14. İddiaçı bildirir ki, hesablaşma sayğacı cavabdehə məxsus 6 saylı tranformator yarımstansiyasında yerləşir, həmin sayğaclara iddiaçı tərəfindən hər hansı müdaxilənin edilməsi mümkün deyildir. “A” fazasının gərginlik göstəricisinin 80 Volt olaraq qəbul edilməsi yolu ilə sərfiyyatın hesablanması ilə razıdır və buna uyğun hesablama apardıqda “A” fazasında yaranmış qüsur nəticəsində təxmini 2010 manat sərfiyyatın qeydə alınmadığı aydın olur. Həmin məbləği ödəməyə razıdır.
15. Cavabdeh iddiaya etiraz edərək “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbinə uyğun olaraq sərfiyyatın hesablandığını və iddianın rədd olunmasını xahiş edir.
16. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15-ci bəndinə əsasən, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır.
18. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
19. Məhkəmə qeyd edir ki, sayğacların göstərişlərində anlaşılmazlığın və ya uçotun müvəqqəti pozulmasının müəyyən olunması, bunun səbəbləri və bu halda sərfiyyatın hesablanması məsələlərinin aydılaşdırılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyindən mütəxəssis dəvət olunmuş, məhkəmə iclaslarında iştirak edən Agentliyin baş müfəttişi X3 öz izahatında bildirmişdir ki, iddiaçının sayğacı üç fazalıdır: A, B və C fazası. Hər üç faza sərfiyyatın qeydə alınmasında iştirak edir. Hər hansı bir fazada nasazlıq yarandıqda bu, elektrik enerjisindən istifadəyə mane olmur, lakin nasaz fazadan keçən yük qeydə alınmır. Sayğacın fazalarından hər hansı birinin nasaz olması zamanı sayğacın xətası yalnız laboratoriya şəraitində onun yaddaşının oxunması yolu ilə müəyyən oluna bilər. Hazırkı işdə cavabdehin əməkdaşları 15 fevral 2024-cü il tarixli aktı tərtib edən zaman “A” fazasında gərginliyin 0 Volt deyil, 40-80 Volt arası dəyişməsini müəyyən etmişlər. 22 fevral 2024-cü il tarixli aktda isə həmin fazada gərginliyin 70-90 Volt arası dəyişməsini qeyd etmişlər. Lakin üç fazadan birini tam qeyri-işlək kimi qəbul edərək 33% xəta ilə sərfiyyat hesablamışlar. Halbuki gərginlik 40-80 Volt, 70-90 Volt arasında dəyişdiyindən xəta payı da aşağı olmalı idi. Həmçinin hazırda “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-ci bəndində nəzərdə tutulmuş “abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulması” hadisəsi deyil, 8.15-ci bəndində təsbit edilmiş “sayğacların göstərişlərində anlaşılmazlıq” halı baş vermişdir. Cavabdehin təqdim etdiyi yaddaşın oxunması barədə məlumatlardan 03 yanvar 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixə qədər sayğacın xəta ilə qeydiyyat apardığı görünür. Sayğacda baş vermiş nasazlıq artıq aradan qaldırıldığı üçün sayğaca baxış keçirilməklə və ya ekspertiza tədqiqatı ilə “A” fazasında baş vermiş nasazlığa görə sərfiyyatın qeydə alınmasının xəta %-ni müəyyən etmək mümkün deyildir.
20. Adıçəkilən mütəxəssis tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli rəydən görünür ki: – təqdim olunan sənədlərdən abunə haqqında cədvələ əsasən məlum olmuşdur ki, istehlakçı elektrik enerjisindən istifadəyə görə qeyri-əhali abonenti kimi "xxxx" ASC tərəfindən 08/XXXX saylı kod ilə qeydiyyata alınmışdır. "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçıya aid obyekt üçün "xxxx" ASC-nin balansında olan 6 saylı transformator yarımstansiyasının (TYS) 0,4 kV-luq paylayıcı qurğusunda (PQ) quraşdırılmış hesablaşma elektrik sayğacının sxemdən axan yükü tam qeyd etmədiyi, buna səbəb “A” fazasında gərginlik göstəricisinin 40-80 Volt aralığında dəyişdiyi, “A” fazasında quraşdırılmış cərəyan transformatorunun üzərində yanma izlərinin olduğu, faktiki istehlak olunun yükün Pfaktiki = 140 kVt və sayğacın qeydə aldığı yükün isə Psayğac = 104 kVt olduğu barədə xx.xx.2024-cü il tarixli NDQ 019160 nömrəli akt tərtib edilmiş və aktda uçotun bərpa edilməsi tələbi qoyulmuşdur. Aktda istehlakçının nümayəndəsi tərəfindən imza olunmuşdur. “A” fazasında yeni cərəyan transformatorunun quraşdırıldığı, sayğac sxeminin bərpa edildiyi barədə xx.xx.2024-cü il tarixli 297999 nömrəli protokol tərtib edilmişdir. Protokola istehlakçının nümayəndəsi tərəfindən imza edilmişdir. – Qüsur yaranan xx.xx.2024-cü il tarixindən uçot bərpa olunan xx.xx.2024-cü il tarixinədək olan dövr üçün sayğacın 33% xəta ilə işləyərək sərfiyyatı az qeydə aldığını nəzərə alaraq 72817 kVts sərfiyyat dəyəri 8009,9 manat məbləğində xx.xx.2024-cü il tarixli hesabat aparılmış və hesablanmış borc məbləği abonent hesabına daxil edilmişdir. Müəyyən olunmuşdur ki, sayğacın yaddaşının oxunması barədə sənədə əsasən “A” fazasında gərginliyin qiymətinin aşağı həddə olması xx.xx.2024-cü il tarixindən görünür. Eyni zamanda NDQ 019160 nömrəli aktda, 297999 nömrəli protokolda gərginliyin qiymətinin “A” fazasında aşağı olduğu qeyd edilmişdir. Bu məlumatlar hesabatın qüsur hissəsində qeyd olunan məlumatlarla hər hansı bir uyğunluq təşkil etmir. Həmçinin hesabatın qüsur hissəsindəki qüsurların nəyə əsasən qeyd edildiyi məlum olmur. Sayğac uçot komplekti laboratoriya şəraitində yoxlanılıb xətası müəyyən edilməmişdir. Sənədlərə əsasən sayğacın 33% xəta ilə işləməsi sübuta yetirilmir. Bildiririk ki, göstərilən hal üçün fazalardan birində gərginlik göstəricisi sıfır olduqda, gərginlik itdikdə sayğac 33% xəta ilə işləyə bilər. Lakin təqdim edilən sənədlərdə bu hal yoxdur və gərginliyin qiymətinin aşağı hədlərdə olduğu görünür. Həmçinin hesabat verilən dövr üçün aylar üzrə sayğac göstəriciləri oxunmuş, sərfiyyatlar qeydə alınmışdır və bu sərfiyyatlarda azalma müşahidə edilmir. – Eyni zamanda sayğac uçot komplekti "xxxx" ASC-yə aid elektrik qurğusunda quraşdırıldığı üçün qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə "xxxx" ASC cavabdehlik daşıyır. Sayğacın yaddaşının oxunması barədə sənədə əsasən, cərəyan transformatoru istehlak olunan yükü hiss etmişdir, lakin yaranmış qüsura görə gərginlik göstəricisi aşağı həddə olmuş və buna görə də istehlak olunan yük tam qeydə alınmamışdır. Məlumat üçün bildirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005- ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydalarının (bundan sonra - Qaydalar) 7.7-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasında olan hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. – Yuxarıda qeyd edilənləri nəzərə alaraq məlum olur ki, sayğac 33% xəta ilə deyil, daha az xəta ilə işləmişdir. Belə ki, NDQ 019160 nömrəli aktda, 297999 nömrəli protokolda sayğacın yaddaşının oxunması barədə sənəddə gərginlik göstəriciləri müxtəlif qiymətlərdə göstərilmişdir. Odur ki, orta qiymət müəyyən edilməklə xətanın hesablanması məqsədəuyğun hesab edilir. Orta hesabla gərginlik göstəricisi 80 Volt olduğunu nəzərə alaraq, sayğacın təxminən 11% xəta ilə işləməsi ehtimal olunur.
21. Məhkəmə mütəxəssisin rəyinə və istinad edilən sübutlara əsasən qeyd edir ki, hazırkı halda “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndində göstərilmiş qaydada uçot müvəqqəti pozulması deyil, iddiaçının istifadə etdiyi üç fazadan yalnız bir fazada gərginliyin aşağı düşməsi ilə bağlı sayğacın oxunmasında anlaşılmazlıq yaranmışdır və qeyd edilən hal “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15-ci bəndi ilə tənzimlənir. Bu isə iddiaçının təqsiri olmadan da yenidən hesablaşmaya rəvac verir. İddiaçı da buna etiraz etmir, lakin hesablamanın düzgün aparılmadığını bildirir.
22. Məhkəmə mütəxəssisin məhkəmə iclasında verdiyi izahatları, yazılı rəyini və iş materiallarında olan sübutları əsas götürərək hesab edir ki, sayğacın 11% xəta ilə işləməsi əsas götürülməlidir.
23. Hesablama qaydası ilə bağlı məhkəmə bildirir ki, mütəxəssis sayğacın təxminən 11% xəta ilə işləməsini əsas götürsə də, hesablamada yanlışlığa yol verərək sayğacın 03 yanvar 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixə qədər göstəriciləri və xəta payına uyğun birbaşa hesablama aparmamış, sayğacın 33% xəta ilə işləməsinə uyğun cavabdeh tərəfindən hesablanmış məbləğin (8009,9 manat) 11% nisbətinə mütənasib məbləğ hesablamışdır. Buna görə də mütəxəssisin təqdim etdiyi rəyin qeyd olunan hissəsi ilə məhkəmə razılaşmır.
24. Məhkəmə iclasında mütəxəssis məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdehin apardığı hesablamada 71146 kVt sayğacın qüsur aradan qaldırılan 22 fevral 2024-cü il tarixə olan göstəricisi, 69298 kVt sayğacın sərfiyyatı qüsurla qeydə almağa başladığı 03 yanvar 2024-cü il tarixə olan göstəricisi, 80 əmsal abonent haqqında məlumata və “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun qeyd olunan əmsal, 33% sayğacın xəta göstəricisi, 67% isə sayğacın sərfiyyatı düzgün qeydə aldığı (100%-33%) faiz göstəricisidir.
25. Mütəxəssis rəyinə və iş materiallarında olan sübutlara əsasən sayğacın 11% xəta ilə işlədiyi müəyyən olunduğundan, iddiaçı 11% xətaya uyğun olaraq sərfiyyatın hesablanmasını, cavabdeh tərəfindən aparılmış hesablamanın qaydasını qəbul etdiyindən və xx.xx.2024-cü il tarixli icra vərəqindən 33% xəta ilə hesablama zamanı (71146 göst – 69298 göst) x 80 əmsal x 33% : 67% = 72817 kvts itirilmiş sərfiyyat müəyyən edildiyindən məhkəmə hesab edir ki, 11% xəta ilə hesablama aparılmaqla itirilmiş sərfiyyat məbləği 2010 manat: (71146 göst – 69298 göst) x 80 əmsal x 11% : 89% = 18272,4 kVt; 18272,4 kVt * 0,11 manat = 2010 manat hesablanmalıdır.
26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus 08/XXXX nömrəli abunə koduna 15 fevral 2024-cü il tarixli NDQ 019160 nömrəli akt əsasında hesablanmış 5999,87 (akta əsasən hesablanmış və abonent saldosuna daxil edilmiş: 8009,87 manat – itirilmiş sərfiyyat: 2010 manat) manat borc əsassız olduğundan silinməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
27. İddiaçı ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.
28. Məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ********** nömrəli mədaxil qəbzi ilə 101 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənmişdir.
29. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin MMC-yə ödənilməli, məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 08/XXXX nömrəli abonent koduna 15 fevral 2024-cü il tarixli NDQ 019160 nömrəli akt əsasında hesablanmış 5999,87 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova