Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3212/2024 09.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1014,84 manat əsas borcun və ödənilmiş 30,15 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli 193682 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ona məxsus ərzaq və qeyri-ərzaq məhsullarını vergi qaimə-faktura əsasında satmağı, cavabdeh isə həmin malları almağı öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı satılan malları cavabdehin sifarişi əsasında öz nəqliyyat vasitəsilə sonuncuya çatdırsa da, cavabdeh aldığı malın dəyərini ödəməyərək üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək vergi hesab-fakturasına əsasən cavabdehə ümumilikdə 3929,01 manat məbləğində geniş çeşiddə qənnadı və başqa qida məhsulları göndərmiş, həmin məbləğdən ümumilikdə 2914,17 manat ödənilmiş və nəticədə 1014,84 manat borc qalmışdır. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçının hesabına ödəniş etməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 567-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, iddia ərizəsində faiz məbləği dedikdə 30 manatdan əlavə ödənilmiş dövlət rüsumunu nəzərdə tutulur.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana və müqavilədə qeyd etdiyi ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirakı etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC (Satıcı qismində) ilə Cavabdeh (Alıcı qismində) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 193682 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, “Satıcı” bu müqavilədə müəyyən olunmuş şərtlərlə ərzaq və qeyri-ərzaq məhsullarını “Alıcı”ya satmağı, “Alıcı” isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür (1.1). Malın miqdarı, keyfiyyəti, çeşidi və qiyməti Tərəflər arasında razılaşdırılaraq Müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi hesab edilən Qiymət razılaşdırılması protokolu ilə müəyyən olunur (1.2). “Satıcı” malı Müqaviləyə uyğun olaraq “Alıc”nın müəyyən etdiyi yerdə alıcıya təhvil verməyi öhdəsinə götürür. Mal əskik təchiz olunduğu və ya keyfiyyətsiz olduğu halda “Alıcı” tərəfindən “Satıcı”ya irəli sürülən bütün tələblərin əks olunduğu Akt tərtib olunur (1.3). Müqavilə üzrə ödənişlər nağd və köçürmə yolu ilə həyata keçirilir (4.1). Malların dəyəri köçürmə yolu ilə Malların təhvil-təslimi aktı imzalandıqdan sonra 15 gün ərzində ödənilməlidir (4.2). Malın qiyməti və qiymətlərin qüvvədə olma müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlər cədvəli ilə (“prayz-list”) müəyyən olunur. Hər bir qiymət dəyişikliyi barədə 5 gün əvvəldən məlumat verilməlidir (4.3). Malın satış qiyməti ümumi razılaşma əsasında müəyyənləşdirilir və qiymətlərin razılaşdırılması protokolunda qeyd olunur. Malın qiymətinə bütün xərclər (daşıma və s.) daxildir (4.4). Malın “Alıcı”ya çatdırılması tərəflərin razılığı ilə “Satıcı” və ya “Alıcı”nın özü tərəfindən həyata keçirilir.
12. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixli EBAH 746103 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 277,5 manat, xx.xx.2020-ci il tarixli EBAİ 648175 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 411,92 manat, xx.xx.2020-ci il tarixli EBAK 539467 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 154,9 manat, xx.xx.2020-ci il tarixli EBAK 840064 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 57,42 manat, xx.xx.2020-ci il tarixli EBAK 840069 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 40,25 manat, xx.xx.2020-ci il tarixli EBAK 841710 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 27,6 manat, xx.xx.2020-ci il tarixli EBAK 841718 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 218,2 manat, xx.xx.2020-ci il tarixli EBAL 057102 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 296,2 manat, xx.xx.2020-ci il tarixli EBAM 748121 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 496,51 manat, xx.xx.2020-ci il tarixli EBAN 724661 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 267,15 manat, xx.xx.2020-ci il tarixli EBAP 984658 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 365,72 manat, xx.xx.2020-ci il tarixli EBAQ 532867 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 284,33 manat, xx.xx.2020-ci il tarixli EBAT 548341 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 303,03 manat, xx.xx.2020-ci il tarixli EBAT 928201 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 301,38 manat, xx.xx.2020-ci il tarixli EBAV 422590 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 30,76 manat, xx.xx.2021-ci il tarixli EBAW 579523 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 163,44 manat, xx.xx.2021-ci il tarixli EBBD 051321 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 470,2 manat, ümumilikdə isə ƏDV daxil olmaqla 4166,33 manat dəyərində malın verilməsi üçün tərtib edilmiş, həmin qaimə-fakturalar sistem tərəfindən təsdiqlənmişdir.
13. İş materiallarında olan malların təhvil-qəbul aktlarından görünür ki, malların qəbul edildiyi yer “Cavabdeh **********” qeyd edilməklə müxtəlif tarixlərdə mallar təhvil verilmişdir.
14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli 193682 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilədə müəyyən olunmuş şərtlərlə ərzaq və qeyri-ərzaq məhsullarını cavabdehə satmağı, cavabdeh isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən ƏDV daxil olmaqla 4166,33 manat mal cavabdehə verilmişdir.
15. İddiaçı xx.xx.2020-ci il tarixli 193682 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 1014,84 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.
16. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
17. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
19. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
20. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
21. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
22. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
25. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
27. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
33. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
34. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2020-ci il tarixli 193682 nömrəli alqı-satqı müqaviləsi üzrə 1014,84 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
35. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və 0,15 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
36. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 31 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
38. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Lakin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırkı iddianın qiymətinə (1014,84 manat) uyğun ödənilməli dövlət rüsumu 30,15 manat təşkil edir.
40. Məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,15 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 02 mart 2020-ci il tarixdə bağlanmış 193682 saylı müqavilə üzrə 1014 (bir min on dörd) manat 84 (səksən dörd) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 15 (on beş) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova