Məhkəmə qərarları › İş №e-2-2(113)-3213/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3213/2024

14.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3213/2024 14.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mərkəzi küçə, ev 112 ünvanda yerləşən evə (abonent kodu : 10/456 ) əsassız hesablanmış 1.452 manat borcun məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ASC arasında su təchizatı ilə bağlı olaraq 01 avqust 2012-ci il tarixdə 102808 saylı müqavilə bağlanmışdır, ALFA-15 markalı , 49816045 nömrəli uçot sayğacı quraşdırılmışdır, 10/456 abonent kodu verilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmişdir və əsassız olaraq xx.xx.2023-cü il tarixdə 602327 nömrəli akt tərtib edilmişdir və aktda sayğacdan kənar qeyri-qanuni istifadə aşkar edildiyi göstərilmişdir. xx.xx.2023-cü il tarixdə qanunsuz istifadə fakturası verilmiş və qanunsuz istifadə müddəti 238 gün göstərilməklə dəymiş ziyan 1452,00 manat olmaqla 1446,9 manat qalıq borcun ödənilməsi tələb edilmişdir. Sayğacdan kənar qeyri-qanuni xəttin mövcudluğu və ləğv edilməsi barədə cavabdehdə hər hansı bir sübut da yoxdur. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan əsassız olaraq əlavə borc hesablanmışdır. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də, cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir .

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə izahatında iddiaya etiraz etdiyini bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

7. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

8. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

9. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.

11. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Azərsu” ASC arasında 01 avqust 2012-ci il tarixdə 102808 saylı su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyriəhali istehlakçıları üçün müqavilə imzalanmışdır.

12. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 602327 nömrəli akta əsasən Cavabdeh ASC-nin nümayəndələri tərəfindən Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mərkəzi küçə, ev 112 ünvanında yerləşən, abunə kodu 102808 olan obyektə baxış zamanı d=15 mm-lik xətt vasitəsi ilə sayğacdan qeyri-qanuni istifadə olunduğu aşkar olunmuşdur.

13. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qanunsuz istifadə fakturasından görünür ki, İddiaçı məxsus 102808 saylı abunə kodu üzrə xx.xx.2023-cü il tarixdə 602327 nömrəli akt əsasında 1.452 manat məbləğində borc hesablanmışdır.

14. İş materiallarında olan 102808 saylı abonent kodu üzrə İddiaçı məxsus olan Abonent Saldosundan görünür ki, İddiaçı cari tarixə qalıq borcu 1.445,90 manat təşkil edir.

15. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2023-cü il tarixli 602327 nömrəli akta əsasən hesablanmış olan borc məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınıb-alınmaması barədə sualına cavab olaraq yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını bildirmişdir.

17. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

18. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

19. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli 602327 nömrəli akta əsasən hesablanmış 1.452 manat borcun silinməsini xahiş etsə də, hazırda onun qalıq borcu 1.445,90 manat təşkil edir.

20. Ona görə də, 1.445,90 məbləğində borc silinməlidir.

21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus 10/456 saylı abunə kodu üzrə hesablanmış 1.445 (bir min dörd yüz qırx beş) manat, 90 (doxsan) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar