Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3216/2025 18.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və “Azərbaycan Yerüste Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinə qarşı müsabiqənin nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hazırda istifadəsində olan 145 və 147 nömrəli avtobus maşrutları üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli müsabiqənin nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələbin yönəldiyi cavabdeh publik hüquqi şəxs hazırkı mübahisə üzrə inzibati orqan funkisyasını həyat keçirdiyindən hazırkı işə inzibati qaydada baxılmalı, iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il oktyabrın 11-də imzaladığı Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Cavabdeh3 publik hüquqi şəxs yaradılıb. X2 Nəqliyyatı Xidmətinin və tabeliyindəki müəssisə və regional nəqliyyat məhdud məsuliyyətli cəmiyyətlərinin, eləcə də Sumqayıt və X1 ilə Sərnişindaşıma İdarələrinin əsasında yaradılıb. Dövlət başçısının Fərmanı ilə bu il sentyabrının 8-də Nizamnaməsi təsdiqlənən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycanda avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, bu sahədə normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Prezidentin 2023-cü il 19 aprel tarixli “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilib. AYNA-nın Nizamnaməsi”nin: 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. müvafiq sahə üzrə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək və bu siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.2. müvafiq sahədə tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək; 2.1.3. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin (Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımalar üzrə dövlət sifarişi istisna olmaqla) formalaşdırılmasını təmin etmək; 2.1.4. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini təmin etmək və bu sahədə nəzarəti həyata keçirmək; 2.1.5. rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunmasında, habelə tənzimlənməsində və idarə olunmasında iştirak etmək; 2.1.5-1. yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək; 2.1.6. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.7. bu Nizamnamə ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər; 43.7. Publik hüquqi şəxslərin fəaliyyəti bu Məcəllə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Publik hüquqi şəxslər haqqında” AR Qanununun: 2.1. Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur; 2.2. Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır; 3.1. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin; 3.4. Publik hüquqi şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda, buna görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur; 4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. “İnzibati icraat haqqında” AR Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsinə görə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər, inzibati orqan hesab olunur. Sadalanan qanunvericilik aktlarının və onların müvafiq müddəalarının təhlili göstərir ki, dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilən Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur və Azərbaycan dövlətinin başçısının icra qaydasında həll etdiyi digər məsələlərə əvvəllər yalnız dövlət orqanlarına məxsus olan idarəçilik funksiyalarının həmin sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün publik hüquqi şəxslərin yaradılması yolu ilə sonunculara həvalə edilməsi də aiddir. Belə bir zərurət ondan irəli gəlmişdir ki, icra hakimiyyəti orqanları qanunla təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə və pullu xidmətlər göstərə bilməzlər. Bunun üçün pullu xidmət göstərən dövlət strukturlarının adi hüquqi şəxs statusu olmalıdır. Mövcud qanunvericiliyə görə isə bu mümkün deyil. Səbəbi də odur ki, adi hüquqi şəxsin əmlakı girov qoyula, onun əmlakına qarşı məhkəmə icraatı başlana və nəhayət, müflis elan edilə bilər. Dövlət və mərkəzi icra hakimiyyəti orqanlarına qarşı isə bunları etmək mümkün deyil. Publik hüquqi şəxs doktrinası qarşıya çıxan bu problemlərin qanuni həll yoludur və məhz bu məqsədlə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1125 nömrəli “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə bir sıra mərkəzi icra hakimiyyəti və dövlət orqanları statusuna malik olan təşkilatların bazasında eyni adlı publik hüquqi şəxslər yaradılmışdır. Bunlar o qurumlar idi ki, dövlətin müxtəlif sahələrdəki siyasətini həyata keçirməklə yanaşı, fiziki və hüquqi şəxslərə müəyyən pullu xidmətlər göstərmək imkanına malik idilər və bəziləri bu xidmətləri göstərirdilər. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir və buna görə də adi hüquqi şəxsdən fərqli olaraq imtiyazlara malikdir. Həmin imtiyazların əsas səbəbi publik hüquqi şəxsin təsisçisinin dövlət olmasıdır. Buna görə də publik hüquqi şəxs heç bir halda müflis ola bilməz və ona qarşı məhkəmə iddiaları ənənəvi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür. Həmçinin, qanunvericilik təsbit edir ki, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də həmin icraat çərçivəsində inzibati orqan kimi qəbul edilməlidirlər. İşdən görünür ki, cavabdeh, Azərbaycan Respublikasının ali icra hakimiyyəti orqanı tərəfindən mərkəzi icra hakimiyyətinin yanında fəaliyyət göstərən dövlət xidmətinin əsasında, həmin sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək məqsədilə yaradılan, nizamnaməsi ilə icrası məcburi olan göstərişlər vermək (inzibati akt qəbul etmək) və bundan irəli gələn tədbirlər görmək səlahiyyəti verilən, əmlakı və hətta özü dövlət mülkiyyəti sayılan, dövlət orqanı olmayan, lakin sözügedən sahədə Azərbaycan Respublikasının dövlət idarəetmə sisteminin subyekti kimi çıxış edib, dövlətin idarə olunmasında bilavasitə iştirak edən, inzibati orqan statusuna malik publik hüquqi şəxsdir, hazırkı mübahisə onun məşğul olduğu, yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Bu məqamda, xüsusi qeyd olunmalıdır ki, cavabdeh yalnız Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının: Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir; Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, nəzərə alınmalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə bildirir ki, hazırkı mübahisə cavabdehin 145 və 147 nömrəli avtobus maşrutları üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli müsabiqənin nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi ilə əlaqədar yaranmışdır. Deməli, cavabdehin qeyd olunan prokolu, “... ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan ...” elementi mövcud olmadığı üçün “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayılmasa da, onun eyni Qanunun 1.2-ci maddəsində nəzərdə tutulan faktiki xarakterli digər fəaliyyətindən irəli gəlmişdir. Bundan əlavə, cavabdeh publik hüquqi şəxs, mübahisənin predmeti dövlət mülkiyyətində olan əmlakla bağlı, mübahisəyə tətbiq olunan hüquq isə ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan yaxud belə statusa malik hüquqi şəxs qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM): 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonar inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Məhkəmə hesab edir ki, tərəflər arasında olan hazırkı mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinin mənasına görə, o mübahisələr kommersiya mübahisələri hesab edilər, o işlərə kommersiya mübahisələri qismində mülki mühakimə icraatı qaydasında baxıla bilər ki, həmin mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olsun. Həmin Məcəllənin 24.2-ci maddəsi isə birmənalı qaydada tələb edir ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri, yəni üç elementin üçü də nəzərə alınmalıdır. Hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə təchizatçıların satınalan təşkilatın hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından inzibati qaydada, nəzarət orqanına və məhkəməyə şikayət vermək hüququ vardır. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Qeyd olunanlardan göründüyü kimi inzibati orqanın tender komissiyasının “Dövlət satınalmaları haqqında” Qanunun 34-cü maddəsinə uyğun qəbul etdiyi qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati aktdır. Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İşin hallarından göründüyü kimi cavabdeh inzibati orqanın hazırkı mübahisə üzrə hərəkətləri (qərarları) mülki dövriyyənin bərabər hüquqlu subyekti qismində malların (işlərin və xidmətlərin və sair) dövlət vəsaiti hesabına alınması, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanması, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsi ilə də əlaqədar olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində bu meyarı dəqiqliklə təhlil edərək, qeyd etmişdir ki, “... məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə mübahisənin kommersiya məhkəməsinə aidiyyəti müəyyən olunarkən işdə iştirak edən şəxslərin subyektiv tərkibi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və “Azərbaycan Yerüste Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinə qarşı müsabiqənin nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı iddia ilə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və “Azərbaycan Yerüste Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinə qarşı müsabiqənin nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırkı iddia ilə məhkəmə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. xx.xx.2025-ci il tarixli, **********92 saylı qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3216/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3216/2025
18.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver