Məhkəmə qərarları › İş №e-2-2(113)-3223/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3223/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3223/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1417,57 manat əsas borc, 72 manat dəbbə pulu və 34,89 manat dövlət rüsumu olmaqla cəmi 1452,46 manat pul vəsaiti onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən, borclu tələbkara cəmi 1478 manat borcunun olduğunu etiraf etmişdir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2024-cü il tarixinə qədər 1478 manatı hissə hissə xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 185 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Lakin öhdəlik borclu tərəfindən tam yerinə yetirilməmiş və borcun bir hissəsini ödədikdən sonra 1417,57 manat qalmışdır. Ən sonuncu ödəniş tarixi isə 12 iyun 2024-cü ildə 20 manat olaraq ödənilmişdir. Həmin vaxtdan bəri cavabdeh tərəfindən hər hansı bir ödəniş olunmamışdır. Ümumilikdə Cavabdeh Cəmiyyətə 1417,57 manat əsas borc, 12 iyundan 2024-cü ildən 10 mart 2025-ci ilə qədər 1417,57x5%=71, 71/9 ay=8 manat, ödənilməyən 12 ay üçün 8x9=72 manat dəbbə pulu olmaqla cəmi 1489,57 manat borcu yaranmışdır. Bundan başqa ərizədə qeyd olunan “əməkdaşlıq etmişəm” ifadəsi işçiişəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır. Mübahisənin məhkəmədən kənar qaydada həll еtmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi, xx.xx.2025-ci il tarixində isə pretenziya qaydasında “borcun qaytarılması tələbi” ilə bağlı rəsmi хəbərdarlıq еdilmişdir. xx.xx.2023cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilənin 2.2-cü maddəsinə əsasən, borclu hər ay vaxtı vaxtında ödəniş etməzsə, Tələbkar qarşı tərəfə yazılı (elektron və ya pretenziya qaydasında) bildiriş göndərməli, borclu isə bildiriş ona çatdığı gündən ən gec 5 gün ərzində ödəniş etməzsə, tələbkar qarşı tərəfə xəbər vermədən xitam verə bilər. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən, hazırkı müqavilədən irəli gələn mübahisələrin Azərbaycan Respublikasının Abşeron Rayon Məhkəməsində həll edilməsi ilə bağlı müddəanın qeyd olunmasına baxmayaraq tərəfimizdən göndərilən iddia ərizələri dəfələrlə Abşeron Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyatı ilə bağlı olaraq geri qaytarılmış, bu səbəbdən pul tələbinin ödənilməsi ilə bağlı məsələnin həll edilməsi üçün Kommersiya Məhkəmələrinə iddia ərizəsi ilə müraciət edirik. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385, 425.1, 427.1, 442, 443.1, 443.2, 445.4, 449.1, 882.1 maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh adında şəxs market sahibidir. Onlar öz məhsullarını həmin şəxsə sataraq əməkdaşlıq etmişlər. Şəxs davamlı olaraq ödənişlər edirmiş, lakin bir müddət sonra ödənişlərdə gecikmələr olmuş, sonra isə heç bir ödəniş olunmamışdır. Şəxsə dəfələrlə yazılı və şifahi qaydada pretenziyalar göndərilmişdir. Şəxslə əlaqə saxlanıldıqdan sonra öz iştirakı ilə borcun etirafı müqaviləsi bağlanmışdır. Həmin borcun etirafı müqaviləsində əsas borc 1478 manat qeyd olunmuşdur. Ödənişlər həyata keçirildikdən sonra 1417,57 manat əsas borc qalmışdır. Şəxs borcu olduğunu öz imzası ilə təsdiq edib ödəmək öhdəliyi götürmüşdür. Bu rəhbər şəxslər tərəfindən aktlaşdırılıb rəsmi qüvvəyə mindişdir. Lakin şəxs borcun bir hissəsini ödəyib sonradan danışıqlar aparılmasına baxmayaraq ödəniş etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda o, iddia ərizəsinin təmin olunaraq 1417,57 manat əsas borc, 72 manat dəbbə pulu və 34,89 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını və eyni zamanda iddia ərizəsinin “xahiş edirəm” hissəsində borc məbləğinin cəmi hissəsində əməkdaşlar tərəfindən texniki xətaya yol verilməsini nəzərə alınmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı ASC “tələbkar”, Cavabdeh “borclu” olmaqla imzalanmış xx.xx.2023-cü il tarixli AC-AİT/11-07-23/ƏA saylı mövcud borcun etirafı haqqında müqaviləyə əsasən Borclu Tələbkara cəmi 1478 manat borcunun olduğunu etiraf edir. Borclu borc məbləğini “11” mart 2024-cü il tarixinə qədər 1478 manat məbləği hissə-hissə “11” avqust 2023-cü il tarixindən başlayaraq hər ay 185 manat məbləğində olmaqla Tələbkara ödəməyi öhdəsinə götürür. Borclu öhdəlik kimi öz üzərinə götürür ki, bu müqavilə təsdiqləndiyi gündən başlayaraq “11” mart 2024-cü il tarixinə qədər 1478 manat borcunu Cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir. Bu müqavilə xx.xx.2024-cü il tarixinədək qüvvədədir. Cavabdeh İddiaçı ASC-nin direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsində İddiaçı ASC-nin xəzinəsinə borcu olduğunu qəbul etmiş, borc məbləğini ödəmək üçün imkanı olmadığından 2024-cü ilin mart ayının 11-nə qədər 1478 manat məbləği ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Borc məbləğinin müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı ASC-nin Kommersiya Departamentinin rəhbəri Xaliq Rzayev, Baş mühasib Aslan Quliyev, Baş xəzinədar Sənan Aslanov, X3 Şöbə müdiri Aqşin Əliyev xx.xx.2023-cü il tarixinə Cavabdeh 1478 manat borcunun olduğunu təsdiq etmişlər, Cavabdeh da aktın doğruluğunu imzası ilə təsdiq etmişdir. 11 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli AC- AİT/11-07-23/ƏA saylı mövcud borcun etirafı haqqında müqaviləyə əsasən Cavabdeh 1478 manat borcu var. xx.xx.2023-ci il tarixindən bu günə - xx.xx.2025-ci il tarixinə qədər borclu Cavabdeh tərəfindən qeyd olunan məbləğdəkı borc ödənilməmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ASC-yə olan 1489,57 manat müqavilədən yaranan pul öhdəliyini 2 gün müddətində banka ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 34,89 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. 642-ci maddəsinə əsasən malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün qanunla və ya göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş dəbbə pulu mal göndərəndən onun tam göndərilməmiş malların miqdarını göndərmənin sonrakı dövrlərində tamamlamaq vəzifəsinin hüdudları daxilində öhdəliyini faktik icra edənədək tutulur, bu şərtlə ki, qanunla və ya müqavilə ilə dəbbə pulunun ödənilməsinin ayrı qaydası nəzərdə tutulmasın. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı öhdəliyini icra edərək, müvafiq həcmdə malı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Daha sonra cavabdeh xx.xx.2023-cü il tarixində mövcud borcun etirafı haqqında müqaviləni imzalamaqla iddiaçıya 1478 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Çünki iş materiallarında olan tərəflər arasında imzalanmış müqavilə, eləcə də cavabdehin özü tərəfindən imzalanmış ərizə iddia tələbinin əsaslı olduğunu sübuta yetirir. Buna görə də məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, borcunu etiraf etdiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 1417,57 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, Mülki Məcəllənin 642-ci maddəsinə əsasən iddiaçı cavabdehdən illik 5% ilə hesablanmış dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, 72 manat dəbbə pulu azaldılaraq 60 manat müəyyən olunmalıdır. Bundan başqa məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 34,78 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1417 (min dörd yüz on yeddi) manat 57 (əlli yeddi) qəpik əsas borc, 60 (altmış) manat dəbbə pulu və 34 (otuz dörd) manat 78 (yetmiş səkkiz) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar