Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3224/2024 09.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsas və törəmə cəmiyyət, xidmət müqaviləsi, podrat münasibətləri, iddia müddətinin tətbiqi, sübutetmə vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cavabdeh1 ASC) və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh2 QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 2017-ci tarixli xidmət müqaviləsi üzrə 29000 manat əsas borcun, Yevlax rayonundan alınmış 7000 kv.m tametin dəyəri olaraq 70000 manat və tametin Yevlax rayonundan Gəncə şəhərinə daşınması üçün 16000 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh1 ASC-nin tərkibində fəaliyyət göstərən "xxxx" MMC ilə 01 avqust 2017-ci ildə xidmət müqaviləsi bağlanmışdır. Müqavilə əsasında Gəncə şəhərində küçələrdə aparılan təmir-tikinti işləri, əsasən də səkilərin döşənməsi ilə bağlı işlər görülməli idi. İddiaçı tərəfindən qeyd edilən müqavilədə nəzərdə tutulmuş işlərin icra edilməsinə baxmayaraq, müqavilə əsasında ödənilməli olan cəmi 29000 manat məbləğində pul bu günədək ödənilmir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdehlər pul məbləğini ödəməkdən boyun qaçırırlar. Bundan başqa işlər icra edilərkən küçəyə döşənməsi üçün tamet lazım olmuş, Prezidentin Gəncə şəhərinə gəlmək ərəfəsi olduğundan və cavabdehlərin balansında pul olmadığı üçün sonuncuların xahişi ilə Yevlax şəhərində tamet istehsal edən “Azinşaat” şirkətinin direktoru ilə iddiaçı arasında etibarlı işgüzar münasibət olması səbəbindən Gəncə şəhərində istifadə edilməsi üçün 70 000 manat dəyərində 7000 kv.m tametin Gəncə şəhərinə gətirilməsi və Heydər Əliyev prospektində səkilərə döşənməsini iddiaçı təşkil etmişdir. Tametin Yevlax şəhərindən Gəncə şəhərinə gətirilməsi üçün 16 000 manat da xərc çəkilmişdir. İddiaçı evini satmış, "xxxx" ASC-dən kredit götürüb bu pulları ödəmişdir. Ancaq cavabdehlər vəd etdiklərini icra etməmişlər. Odur ki, məhkəmə qaydasında cavabdehlərdən yuxarıda qeyd edilən müqavilə əsasında görülmüş işlərə görə 29 000 manat, mal-materialın dəyəri olan 70 000 manat və materialların daşınması xərci olaraq 16 000 manat pulun tutulması xahiş edilir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 152, 157.2-ci maddələri göstərilmişdir.
4. Cavabdeh2 QSC-nin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı Cavabdeh2 QSC-yə qarşı olan iddiasının iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2017-cü il tarixli xidmət müqaviləsinin 6.1-ci bəndində müqavilənin müddəti 1 il müəyyən edilmiş və xidmət müqaviləsinin icra müddətinin sonu xx.xx.2018-ci il sayılmışdır. Həmin vaxtdan iddia ərizəsi verilən tarixə qədər 6 ilə qədər müddət keçmişdir və bununla da iddia müddəti ötürülmüşdür. İddia ərizəsindən göründüyü kimi, müqavilənin icra müddətinin bitməsindən 6 ilə qədər müddət keçməsinə baxmayaraq, iddiaçı hüquqlarının pozulduğunu bildiyi halda, pozulmuş hüququnun müdafiəsi üçün hər hansı tədbir görməmişdir. Xüsusilə iddia müddətinin axımının kəsilməsinə və ya dayandırılmasına hər hansısa əsas olmamışdır.
6. İddiaya etirazda hüquqi əsası kimi Mülki Məcəllə 373.2, 375.2 və 377.2-ci maddələri göstərilmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Cavabdeh1 ASC tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddiaçı ilə Cavabdeh2 QSC (əvvəlki "xxxx" MMC) arasında 01 avqust 2017-ci il tarixdə xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə tərtib edilmiş 15 dekabr 2017-ci il tarixli akt üzrə 10000 manat ödəniş edilmiş, 4250 manat borc qalmışdır. Eyni zamanda Cavabdeh1 ASC-nin tərtib etdiyi 16 avqust 2017-ci il tarixli aktda göstərilən 25030 manat məbləğində pul ödənilməmişdir. Bundan başqa, cavabdehlərin balansında pul vəsaitinin olmaması ilə əlaqədar iddiaçı, direktoru ilə yaxın münasibəti olduğu “Azinşaat” şirkətindən 70000 manat dəyərində tamet alaraq işlərin görülməsi üçün cavabdehlərə vermişdir. Belə ki, Cavabdeh2 QSC ilə “Azinşaat” arasında müqavilə olsa da, iddiaçının vasitəçiliyi ilə alındığından tametin dəyəri “Azinşaat” şirkəti tərəfindən iddiaçıdan tələb edilir.
9. Məhkəmənin suallarına cavab olaraq iddiaçı göstərdi ki, 2018-ci il tarixdə Qazax rayonunda işlər görülməli, işlərin görülməsinə iddiaçı da cəlb edilməli və əvəzləşdirmə aparılmalı idi. Lakin işlərin görülməsinə iddiaçı cəlb edilməmişdir. Ötən dövr ərzində iddiaçı dəfələrlə cavabdehlərlə əlaqə saxlamış, sonuncular hər dəfə müxtəlif bəhanələr gətirərək pulun ödənilməsindən imtina etmişlər. Cavabdeh "xxxx" MMC həm də digər Cavabdeh1 ASC-nin törəmə şirkəti olduğundan hazırda pulun müştərək qaydada tutulması tələb edilir. Bundan başqa məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, sonrakı illərdə iddiaçıya müəyyən ödənişlər edilmiş, lakin həmin ödənişlər başqa işlərin görülməsi ilə bağlı olmuşdur.
10. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iddia tələbinin tamamilə əsassız olması ilə yanaşı, həmin tələb üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki, iddiaçı 2017-ci ildə tərtib edildiyi göstərilən müxtəlif sənədlərə istinad edərək, guya cavabdehlərin ona borcunun qaldığını bildirir. Məsələn, iddiaçı 15 avqust 2017-ci il tarixli arayışa istinad edərək, 25 030 manat “əmək haqqı” tələb etdiyi halda, “işçilər” cəlb etdiyini, belə “işçilərə” ödənilmiş “əmək haqqı” üzrə vergi, sosial sığorta və s. ödənişlər etdiyinə dair heç bir sübut təqdim etməmişdir. Bundan başqa, özü tərəfindən çəkilmiş xərclərə (materialların alınmasına və s.), qeyd edilən xərclərin onun vergi orqanındakı şəxsi vərəqəsində də olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 24 noyabr 2004-cü il tarixli, 28 saylı əmri ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nın 1355-ci bəndinə əsasən, “Podrat işlərinin yerinə yetirilməsi barədə yazışma” 2 il müddətində saxlanılır. Qeyd edilənlərə əsasən, hazırkı iş üzrə iddia müddəti tətbiq edilərək iddia rədd olunmalıdır (ərizədə həmçinin Mülki Məcəllənin 373.2, 375.2-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına istinad edilmişdir).
11. Məhkəmə iclaslarında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, uzun müddət keçdiyindən və sənədlərin saxlama müddəti bitdiyindən hazırda iddiaçının istinad etdiyi işlərlə bağlı cavabdehlərdə hər hansı məlumat yoxdur.
12. Məhkəmənin suallarına cavab olaraq cavabdehlərin nümayəndəsi və vəkili qeyd etdi ki, 16 avqust 2017-ci il tarixli aktda (arayışda) Cavabdeh1 ASC-nin sahə rəisi kimi göstərilən X3 adında şəxs Cavabdeh1 ASC-nin əməkdaşı olmamışdır.
13. Məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı baxış iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
15. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
16. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
17. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə "xxxx" X1 (VÖEN – **********; hazırkı Cavabdeh2 QSC) arasında 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulan şərtlər əsasında Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsində Gəncə şəhəri, Heydər Əliyev prospektində tamet işlərinin yerinə yetirilməsini, Cavabdeh2 QSC isə yerinə yetiriləcək işləri qəbul edərək dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli əlavə olan razılaşma protokoluna əsasən, 1 kv.m tametin vurulması üçün qiymət şərtləşdirilmiş, 31 avqust 2017-ci il tarixli aktla 15000 manat, 20 noyabr 2017-ci il tarixli aktla 14250 manat, 15 dekabr 2017-ci il tarixli aktla 14250 manat dəyərində görülmüş iş təhvil alınmışdır. Həmçinin Gəncə şəhərində Cavabdeh1 ASC tərəfindən kanalizasiya və su xətlərinin çəkilişi ilə əlaqədar səki daşlarının sökülüb yenidən döşənməsi haqqında 16 avqust 2017-ci il tarixli iddiaçı və Cavabdeh1 ASC-nin sahə rəisi qismində X3 tərəfindən imzalanan arayışda əmək haqqı kimi 25030 manat əks olunmuşdur.
18. İddiaçı Cavabdeh2 QSC-nin Cavabdeh1 ASC-nin törəmə şirkəti olduğunu göstərir və 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 15 dekabr 2017-ci il tarixli aktda göstərilən işlərin dəyərindən 10000 manatın ödənildiyini bildirərək qalan 4250 manat, 16 avqust 2017-ci il tarixli arayışda göstərilən 25030 manat, tametlərin dəyəri olan 70000 manat, onların daşınması xərci olan 16000 manat məbləğində pulun cavabdehlərdən tutulmasını tələb edir.
19. Cavabdehlər uzun müddət keçdiyindən işlərin görülməsi ilə bağlı hər hansı təsdiqedici sübutlarının olmadığını, hazırda iddia müddətinin keçdiyini və iddianın rədd olunmasını xahiş edir.
20. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
21. Əvvəla, 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsindən Cavabdeh1 ASC üçün hər hansı öhdəliyin yaranıb-yaranmamasına münasibətdə göstərilməlidir ki, mülki hüquq nəzəriyyəsində öhdəlik hüququ əşya hüququndan fərqli olaraq nisbi hüquq hesab edilir. Başqa sözlə, öhdəlik bir qayda olaraq yalnız onun tərəfləri üçün hüquq və vəzifələr müəyyən edir, müqavilə iştirakçısının tələb etmək hüququ əşya hüquqlarında olduğu kimi hamı və hər kəs üçün deyil, yalnız kontragent üçün vəzifələr yaradır. Məhz Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən də öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
22. Lakin mülki qanunvericilikdə müəyyən istisnalar da nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 67.3-cü maddəsinə əsasən, törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququ olan əsas ortaqlıq və ya cəmiyyət həmin göstərişlərin icrası üçün törəmə cəmiyyətin bağladığı əqdlər üzrə onunla birgə məsuliyyət daşıyır. Əsas ortaqlıq və ya cəmiyyət törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququna yalnız o halda malik sayılır ki, bu hüquq törəmə cəmiyyətlə müqavilədə nəzərdə tutulmuş olur.
23. Mülki Məcəllənin 67.1-ci maddəsində isə törəmə cəmiyyətə anlayış verilmişdir. Həmin anlayışa görə, təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur.
24. Göründüyü kimi, törəmə cəmiyyətin öhdəliyindən irəli gələn əsas cəmiyyətə qarşı tələblərdə, əvvəla, hüquqi şəxslərin əsas cəmiyyət və törəmə cəmiyyət statusuna malik olub-olmaması, daha sonra isə əsas cəmiyyətin törəmə cəmiyyətinin bağladığı əqdlər üçün birgə məsuliyyət daşıyıb-daşımaması müəyyən olunmalıdır.
25. Hazırkı halda Cavabdeh1 ASC-nin əsas, Cavabdeh2 QSC-nin törəmə cəmiyyət olduğu, Cavabdeh1 ASC ilə Cavabdeh2 QSC arasında birincinin sonuncuya məcburi göstərişlər vermək hüququnun nəzərdə tutulduğu müqavilənin mövcud olduğu, 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsinin Cavabdeh1 ASC-nin göstərişlərinin icrası üçün bağlandığı kimi hallar iş materialları ilə təsdiq olunmur. Belə olan halda isə qanuna görə Cavabdeh1 ASC-nin 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi üzrə birgə məsuliyyət daşıması istisna olunur.
26. Digər tərəfdən, Mülki Məcəllənin 67.2-ci maddəsinə əsasən, törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin borcları üçün cavabdeh deyildir. Bu isə Cavabdeh1 ASCnin əsas, Cavabdeh2 QSC-nin törəmə cəmiyyət kimi statusu təsdiqlənsə belə, Cavabdeh2 QSC-nin Cavabdeh1 ASC-nin öhdəlikləri üçün məsuliyyətini istisna edir. Başqa sözlə, Cavabdeh2 QSC və Cavabdeh1 ASC biri digərinin öhdəlikləri üçün hər hansı məsuliyyət daşımır.
27. Belə olan halda, məhkəmə qeyd edir ki, iddia tələbi 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 4250 manat məbləğində pulun tutulması hissəsində yalnız Cavabdeh2 QSC-yə, 16 avqust 2017-ci il tarixli arayış üzrə 25030 manat pulun tutulması hissəsində yalnız Cavabdeh1 ASC-yə, Yevlax rayonundan alınmış 7000 kv.m tametin dəyəri olaraq 70000 manat və tametin Yevlax rayonundan Gəncə şəhərinə daşınması üçün 16000 manat məbləğində pulun tutulması hissəsində isə hər iki cavabdehə münasibətdə qiymətləndirilməlidir.
28. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Məhkəmə qeyd edir ki, 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi mahiyyəti etibarilə işlərin təhvil verilməsi nəzərdə tutulan, hüquqi məqsədini konkret işin görülməsi təşkil edən podrat müqaviləsidir. Həmçinin 16 avqust 2017-ci il tarixli arayış üzrə tələb edilən məbləğ də şifahi podrat müqaviləsi üzrə görülmüş işlərinin dəyərinin ödənilməsi tələbidir.
32. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
33. Həmin Məcəllənin 753.1-ci maddəsində əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
34. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).
35. 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 15 dekabr 2017-ci il tarixli aktla təhvil alınmış işlərin dəyərinin ödənilməsinə münasibətdə nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsi və mülki qanunvericilik normalarına əsasən, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.
36. Hazırkı halda isə Cavabdeh2 QSC 15 dekabr 2017-ci il tarixli aktla təhvil alınmış işlərin dəyərinin tam ödənildiyini sübut edə bilməmişdir. Lakin Cavabdeh2 QSC iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
37. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).
38. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, hazırda 01 avqust 2017-ci il tarixli podrat müqaviləsi üzrə 4250 manat məbləğində pulun tutulması hissəsində iddiaçı subyektiv hüquqa malikdir, həmin subyektiv hüquq isə Cavabdeh2 QSC tərəfindən pozulmuşdur.
39. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
40. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
41. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
42. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
43. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3).
44. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. ... Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
45. 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsinin 5.2 – 5.3-cü bəndlərinə əsasən, işlərin dəyərinin 50%-ə qədəri avans kimi ödənilə bilər. İşlərin dəyərinin qalan hissəsi faktiki yerinə yetirilmiş işlər üzrə tərtib edilən, “Sifarişçi” və “İcraçı” tərəfindən imzalanmış, görülmüş işlərin qəbul aktlarına uyğun olaraq köçürmə yolu ilə ödənilir. Avans qarşılıqlı razılıqla hissə-hissə tutulur.
46. İş materiallarında olan 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi üzrə sonuncu təhvil-qəbul aktı 15 dekabr 2017-ci il tarixdə imzalanmış, beləliklə, həmin tarixdən hesablanmaqla tələb hüquq üçün iddia müddəti 15 dekabr 2020-ci il tarixdə başa çatmışdır. Həmçinin iddia müddətinin axımının dayanması və ya kəsilməsi halı da müəyyən edilmir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia verməklə iddia müddətini ötürmüşdür.
47. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
48. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 4250 manat məbləğində pulun tutulması hissəsində iddia tələbi iddia müddəti ötdüyündən rədd edilməlidir.
49. İddiaçının Cavabdeh1 ASC-dən 25030 manat məbləğində pulun tutulması tələbi barədə yeganə sübutu isə 16 avqust 2017-ci il tarixli iddiaçı və Cavabdeh1 ASC-nin sahə rəisi qismində X3 tərəfindən imzalanan arayışdır. Cavabdeh1 ASC X3 şəxsin əməkdaşı olduğunu inkar etdiyindən həmin halı sübutetmə vəzifəsini iddiaçı daşımışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
50. Hazırkı halda isə iddiaçı Cavabdeh1 ASC ilə podrat münasibətlərinin mövcud olduğunu, X2 Cavabdeh1 ASC-nin nümayəndəsi olduğunu sübut edə bilməmişdir.
51. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 ASC-dən 25030 manat məbləğində pulun tutulması hissəsində də rədd edilməlidir.
52. Məhkəmə Yevlax rayonundan alınmış 7000 kv.m tametin dəyəri olaraq 70000 manat və tametin Yevlax rayonundan Gəncə şəhərinə daşınması üçün 16000 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsində isə göstərir ki, həmin hissədə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu izahatından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
53. Lakin iddiaçı həmin hissədə də sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, formal mülahizələrdən çıxış etmişdir.
54. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Yevlax rayonundan alınmış 7000 kv.m tametin dəyəri olaraq 70000 manat və tametin Yevlax rayonundan Gəncə şəhərinə daşınması üçün 16000 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsində də iddia rədd edilməlidir.
55. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 QSC-yə qarşı “xidməti müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.
56. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən qeyd olunan məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xidməti müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova