Məhkəmə qərarları › İş №e-2-2(113)-3226/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3226/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3226/2025 11.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MTK və Qanuni nümayəndə2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh Qanuni nümayəndə2 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MTK və Qanuni nümayəndə2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MTK və Qanuni nümayəndə2 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1818-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə: 1-ci tranş üzrə 26958.33 manat əsas, 475.51 manat faiz, 1426.55 manat cərimə olmaqla, cəmi 28860.39 manat borc; 2-ci tranş üzrə 100000 manat əsas, 4625 manat faiz, 11458.33 manat cərimə olmaqla, cəmi 116083.33 manat borc; həmçinin 434.94 manat dövlət rüsumu və 0.65 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında bağlanmış 393-ƏKM nömrəli, xx.xx.2022-ci il tarixli Əsas Kredit Müqaviləsinə əsasən, Bank tərəfindən Borc alanlara 60 ay müddətinə 350000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Həmçinin, Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Qanuni nümayəndə2 arasında 393-İZG/2 nömrəli və Cavabdeh2 MTK arasında 393-İZG/3 nömrəli, xx.xx.2022-ci il tarixli Zaminlik Müqavilələri bağlanılmışdır. Daha sonra yuxarıda göstərilən Əsas Kredit Müqaviləsi daxilində Bankla “Cavabdeh1 MTK arasında bağlanmış 1818-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən, Bank tərəfindən Borc alana dövriyyə vəsaitlərinin artırılması məqsədilə 12 ay müddətinə 150000 manat məbləğində illik 15% ödəmək şərti ilə kredit xətti açılmışdır. Müqavilənin şərtlərinə əsasən Borc alana vəsait 50000 manat və 100000 manat olmaqla 2 tranş üzrə verilmişdir. Əsas və Əlavə Kredit Müqavilələrinə əsasən, borcalan müqavilədə göstərilən müddətdə və qaydada krediti, eyni zamanda kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, Zaminlik Müqavilələrinə əsasən zaminlər Kredit Müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlər tərəfindən müqavilə şərtləri vaxtında yerinə yetirilməmişdir, bununla da müqavilə şərtləri və AR Müki Məcəlləsinin bir sıra müddəaları pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq: 1818-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə: 1-ci tranş üzrə 26958.33 manat əsas, 475.51 manat faiz, 1426.55 manat cərimə olmaqla, cəmi 28860.39 manat borcu; 2-ci tranş üzrə 100000 manat əsas, 4625 manat faiz, 11458.33 manat cərimə olmaqla, cəmi 116083.33 manat borcu mövcuddur. Cavabdehlərə kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında tərəfimizdən həm poçt, həm VÖEN elektron kabinet, həm də elektron məhkəmə sisteminin kabineti vasitəsi ilə xx.xx.2025-ci il tarixli, 6-2-22/2- 7794/2025 saylı bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Hazırki mübahisə üzrə iddia qiyməti ümumillikdə 144943.72 manat olduğundan, iddia irəli sürülərkən 434,94 manat dövlət rüsumu ödənilməlidir ki, iddiaçı "xxxx" ASC tərəfindən 434,94 manat dövlət rüsumu və 0.65 manat bank xidmət haqqı ödənilmişdir.

3. İddiaçı xx.xx.2025-ci il tarixə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1818-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit müqaviləsinə əsasən, 1-ci tranş üzrə 26958.33 manat əsas, müqavilə müddətindən sonra ödənilməmiş (5%)-lə hesablanmış 984.73 manat faiz, 2954.19 manat cərimə olmaqla, cəmi 30897.25 manat borcun, 2-ci tranş üzrə 100000 manat əsas, müqavilə müddətində ödənilməmiş 958.33 manat, müqavilə müddətindən sonra ödənilməmiş (5%)-lə hesablanmış 5722.22 manat olmaqla, cəmi 6680.56 manat faiz, 17125 manat cərimə olmaqla, cəmi 123805.56 manat borcun, məhkəmə rüsumu kimi ödənilmiş 454.46 manat dövlət rüsumu və 1.05 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdeh Qanuni nümayəndə2 nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbinin qismən təmin olunmasını, cərimə borcunun ən aşağı həddə azaldılmasını xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə iclasının digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin:

9. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

10. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

13. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 393-ƏKM nömrəli əsas kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə 350000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açılmışdır.

15. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə2 arasında bağlanmış 393-İZG/2 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə görə cavabdeh əsas kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.

16. İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 393-İZG/3 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə görə cavabdeh əsas kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.

17. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 1818-KQ nömrəli, xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 12 ay müddətinə 150000 manat məbləğində illik 15% ödəmək şərti ilə kredit xətti açılmışdır. Müqavilənin şərtlərinə əsasən Borc alana vəsait 50000 manat və 100000 manat olmaqla 2 tranş üzrə verilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli, 9/2946 nömrəli ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, 19 may 2023-cü il tarixli 181-KQ nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 1-ci tranş üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixə Cavabdeh1 MTK-nın "xxxx" ASC-nə olan borcu 53.166,03 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 50.000,0 manat, faiz borcu 3166,03 manat təşkil edir. xx.xx.2025-ci il tarixə Cavabdeh1 MTK-nın "xxxx" ASC-nə olan borcu 24.609,38 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 23.166,03 manat, faiz borcu 0,0 manat, faiz borcu (5% ilə) 1.443,35 manat təşkil edir. xx.xx.2025-ci il tarixə Cavabdeh1 MTK-nın "xxxx" ASC-nə olan borcu 24.657,64 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 23.166,03 manat, faiz borcu 0,0 manat, faiz borcu (5% ilə) 1.491,61 manat təşkil edir. Hesabdan çıxarış məlumatları, 19 may 2023-cü il tarixli 1818-KQ nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 2-ci tranş üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixə Cavabdeh1 MTK-nın "xxxx" ASC-nə olan borcu 104.683,33 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 100.000,0 manat, faiz borcu 4683,33 manat təşkil edir. xx.xx.2025-ci il tarixə Cavabdeh1 MTK-nın "xxxx" ASC-nə olan borcu 108.516,63 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 100.000,0 manat, faiz borcu 4.683,33 manat, faiz borcu (5% ilə) 3.833,3 manat təşkil edir. xx.xx.2025-ci il tarixə Cavabdeh1 MTK-nın "xxxx" ASC-nə olan borcu 108.725,0 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 100.000,0 manat, faiz borcu 4.683,33 manat, faiz borcu (5% ilə) 4.041,66 manat təşkil edir.

19. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

23. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

24. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

25. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

26. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

27. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 1818-KQ nömrəli, xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləğləri tutulmalı, cavabdehlərdən tutulacaq əsas və faiz borclarının məbləğləri 12 iyun 2025-ci il tarixli, 9/2946 saylı ekspert rəyi nəzərə alınmaqla müəyyən edilməlidir.

29. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlərdən birgə (müştərək) qaydada birinci tranş üzrə 23166,03 manat əsas borc, ikinci tranş üzrə 100000 manat əsas borc, 958,33 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

30. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 1818- KQ nömrəli, xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən birinci tranş üzrə 2954,19 manat cərimə, ikinci tranş üzrə 17125 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimələr tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq olan cərimə məbləği birinci tranş üzrə 1000 manat, ikinci tranş üzrə 5000 manat müəyyən edilməlidir.

34. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla birinci tranş üzrə 984,73 manat, ikinci tranş üzrə 5722,22 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

36. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

37. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

38. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

39. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

40. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

41. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

42. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

44. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

45. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

46. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehlər tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.

47. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya birinci tranş üzrə 23166,03 manat əsas borc, 984,73 manat illik beş faizlə hesablanmış faiz borcu, 1000 manat cərimə, ikinci tranş üzrə 100000 manat əsas borc, 958,33 manat faiz borcu, 5722,22 manat illik 5 faizlə hesablanmış faiz borcu, 5000 manat cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən göstərilən borclar birgə (müştərək) qaydada tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 426,83 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə (müştərək) qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 27,63 manat dövlət rüsumu və 1,05 manat xidmət haqqı isə iddiaçının özünə aid edilməlidir.

50. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir.

51. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MTK və Qanuni nümayəndə2 birgə (müştərək) qaydada birinci tranş üzrə 23166,03 manat əsas borc, 984,73 manat illik beş faizlə hesablanmış faiz borcu, 1000 manat cərimə, ikinci tranş üzrə 100000 manat əsas borc, 958,33 manat faiz borcu, 5722,22 manat illik 5 faizlə hesablanmış faiz borcu, 5000 manat dəbbə pulu, 426,83 manat dövlət rüsumu, ümumilikdə 137258,14 (bir yüz otuz yeddi min iki yüz əlli səkkiz manat on dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 27,63 manat dövlət rüsumu və 1,05 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MTK və Qanuni nümayəndə2 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar