Məhkəmə qərarları › İş №e-2-2(113)-323/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-323/2024

17.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-323/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enejisi borcunun silinməsi və mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli NDQ 010909 saylı akta əsasən İddiaçı MMC-yə hesablanmış 3.352,05 manat elektrik enerjisindən istifadəyə görə borcun və xx.xx.2023-cü il tarixli, 052244 saylı Akta əsasən İddiaçı MMC-yə hesablanmış 3.630 manat borcun, cəmisi 6.362.05 manat elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi, habelə mediasiyaya görə ödənilmiş 100 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xarici investisiyalı şirkətdir, səhmdarları xarici ölkə vətəndaşlarıdır. İddiaçı ünvan 1 ünvanında fəaliyyət göstərir. O, Goranboy rayonuna külli miqdarda xarici investisiya qoymuş, regionda çoxlu iş yerləri açmış, sahibkarlığın inkişafına tövhə vermiş, külli miqdarda vəsait xərcləyib Zavod inşa etdirərək təmir etdirmişdir. İş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı "xxxx" ASC-yə məxsus zavod ASC tərəfindən elektrik enerjisi ilə təchiz edilmiş və bununla bağlı olaraq zavoddan kənarda, Goranboy rayonu, Dəliməmmədli şəhərində cavabdeh “Azərişıq" ASC-nin balansında və mülkiyyətində olan Yarımstansiyada sayğac quraşdırılmışdır və hər-hansı kənar müdaxilə də aşkar edilməmişdir. Bundan sonra isə hər ay müvafiq olaraq cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və aylıq elektrik enerjisindən istifadəyə görə borclar hesablanmışdır, həmin aylıq borclarla bağlı xəbərdarlıq və bildirişlər verilmişdir. Həmin borclar da vaxtı-vaxtında ödənilmişdir. Lakin İddiaçı MMC-nin istifadə etdiyi elektrik enerjisinin dəyəri noyabr 2021-ci ildə bildirişdə qəflətən səhv olaraq 17.712,47 manat göstərilmişdir. Müəssisənin həqiqi işlətdiyi enerjinin dəyəri aylar üzrə əlavə dəyər vergisi nəzərə alınmadan belə olmuşdur: Aprel 2021 1017.61 manat, May 2021 977.19 manat, İyun 2021 804.51 manat, İyul 2021 867.05 manat, Avqust 2021 392.19 manat, Sentyabr 2021 1144.07 manat, Oktyabr 2021 1449.15 manat enerji sərfinin səhv olaraq artırılmasının səbəbini "xxxx" ASC-nin Goranboy rayon Enerji Satış İdarəsindən soruşarkən xəbər verdilər ki, araşdırıb yenidən hesablama aparılacadır. Bu məqsədlə akt tərtib edib qeyd etmişlər ki, onların müdaxilə edə bilmədiyi Dəliməmmədli şəhərindəki Azərişiğin yarımstansiyasında qoyulmuş sayğacda 16 avqust 2021-ci il tarixdən çatışmazlıq olmuşdur. Məsələ ondadır ki, xx.xx.2021-ci ildən hal-hazırda kimi sayğacın cərəyan transfarmatoru sıradan çıxdığı üçün sərf olunan elektrik enerjisi hesablanmır. Bu səbəbdən "xxxx" ASC İddiaçı MMC-yə heç bir əsas olmadan sentyabr, oktyabr aylarında adi aylarda işlətdiyi elektrik enerjisindən dəfələrlə çox hesab təqdim etmiş və cəmiyyətin bundan xəbəri olmadan təqdim olunan hesabı ödəmişdir. Nəticədə əvvəlki məbləğ artırılaraq istifadə edilmiş elektrik enerjisinin dəyəri əlavə dəyər vergisi nəzərə alınmadan 30.008,95 manata qaldırılmışdır. Bundan başqa əsassız təqdim olunmuş hesab ödəniş vərəqəsində sentyabr ayı üçün enerji sərfi xx.xx.2021-ci ildən xx.xx.2021-ci il dövrü üçün 15.000 kilovat hesablanmş, oktyabr ayı üçün enerji sərfi xx.xx.2021-ci ildən xx.xx.2021-ci il dövrünə 19.000 kilovat hesablanmışdır. Beləliklə, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il dövrünə təkrar əsassız sərf yazaraq cəmiyyət üçün cavabdehin fikrincə orta sərf hesab etdiklərindən 4000 kilovat artıq hesab təqdim etmişlər ki, bu da 379,54 manat təşkil edir. Əslində cəmiyyətin adi aylarda sərf etdiyi elektrik enerjisinin orta qiyməti 811 manat təşkil edir. Dekabrın əvvəlində isə noyabr ayında istifadə olunmuş enerjinin belə çox olması səbəbini Goranboy rayon elektrik şəbəkəsindən soruşduqda bildirdilər ki, müraciət edin yenidən baxılsın. Komissiya baxarkən Azərenerjinin tabeliyində və balansında olan sayğacda cərəyan transformatorunda nasazlıq olduğu qeyd olunmuşdur. Belə ki, avqust, sentyabr, oktyabr, noyabr aylarında zavod ümumiyyətlə işləməyib, fəaliyyət göstərməyib, elektrik enerjisi cüzi miqdarda məişət üçün istifadə olunmuşdur. 32.058, 51 manat borca dair hesab ödəniş vərəqi göndərilmişdir. №42 saylı xəbərdarlıqda isə tamamilə başqa məbləğ, 32.350,56 manat göstərilmişdir. Göründüyü kimi, bir neçə gün ərzində böyük fərqlə borcun yaranması mümkün deyildir, bu məbləğlərin göstərilməsi tamamilə absurdur. Göründüyü kimi, borc tamamilə yanlış hesablanmışdır, ödənişlər nəzərə alınmamışdır. Belə ki, hesablamalara görə İddiaçı MMC-nin qeyd olunan məbləğdə borcu yoxdur. Xüsusilə sayğac və transformator məntəqəsi "xxxx" ASC-nin balansındadır. Belə ki, X3 Enerji Təchizatı və Satışı İdarəsi Goranboy Elektrik şəbəkəsinin xx.xx.2022-ci il tarixli № 151 saylı arayışında göstərilmişdir ki, Goranboy EŞ-in 110/35/10 kV Dəliməmmədli y/st-da 10 kVt bölmədə xx.xx.2022-ci il tarixdə sayğac dövrlərinə xidmət edən Gərginlik Transformatoru zədələnib sıradan çıxmışdır. Hal-hazırkı dövrədək Gərginlik Transformatoru bərpa edilməmişdir. Odur ki, İddiaçı MMC-nin 10 kVt çıxış fideri 10 kVt bölmədən qidalandığı üçün sayğac keçən enerjini qeyd etmir. İddiaçı MMC-yə xidmət edən sayğac "xxxx" ASC-nin balansındadır və 110/35/10 kV Dəliməmmədli yarımstansiyasında yerləşir. Göründüyü kimi, həmin sayğacın İddiaçı MMC-nin deyil, "xxxx" ASC-nin balansında olması təsdiq edilmişdir. Belə olan halda, iddiaçıya aidiyyəti olmayan sayğaca görə borcun hesablanması və tələb edilməsi tamamilə absurddur və heç bir qanuni əsası yoxdur. Digər tərəfdən, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə AKT NDQ№ 010909 nömrəli AKT tərtib edilmiş və həmin aktda göstərilmişdir, ki, guya EEİQ-na uyğun olaraq yarımstansiyada quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum oldu ki, sayğacın ekran tablosu sönmüşdür, sayğac xəttən axan yükü qeyd etmir. Guya qüsur araşdırılmasından məlum olub ki, gərginlik transformatoru zədələnmişdir və sayğaca 100 VALT gərginlik gəlmir (daxil olmur). Sayğacın yaddaşı xüsusi kompyuter vasitəsi ilə oxundu, məlum oldu ki, qeyd olunmuş qüsur xx.xx.2021-ci ilə yaranmışdır. Ölçmə zamanı yüksək gərginlik tərəfdən axan yük İa=49A İb=48A İc=49A İfan 757 kot Psaj 0 kot. Uçot komplekti EEİQ-na uyğun bərpa olunsun. Göründüyü kimi, aktla da təsdiq edilir ki, sayğaclara hər hansı müdaxilə edilməmişdir. "xxxx" ASC-nin vəzifəsi - hər ay sayğaca baxış keçirərək hər hansı müdaxilənin olmasını vaxtında aşkar etməklə istehlakçıya bu barədə məlumat verməkdir ki, Bu barədə heç bir məlumat verilmədən əsassız olaraq borc hesablanmışdır. Hal-hazırda İddiaçı MMC-nin işıqdan istifadəyə görə hər hansı borcu qalmamışdır. İstifadə etmədiyi enerjiyə görə hər hansı ödəniş etməyə borclu deyildir. Sayğaca tərəflərindən heç bir müdaxilə olmamışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən hər ay artıq borc hesablanarkən istifadə edilən sayğac göstəriciləri ilə müqayisə olunduqda səhv hesablandığı etiraf olunur və gələn ay fərqin silinəcəyinə dair vəd verilsə də, buna əməl olunmur və nəticədə əsassız və qanunsuz olaraq borc hesablanır. Cavabdeh "xxxx" ASC əməkdaşları tərəfindən xəbərdarlıq edilmişdir ki, borca görə İddiaçı MMC-yə işığın verilməsi dayandırılacaqdır. Halbuki İddiaçı MMC-nin heç bir borcu yoxdur. Borc məbləği tamamilə əsassız olaraq hesablanmış və tələb edilmişdir. Hal-hazırda işığın verilməsi dayandırılarsa şirkətin fəaliyyəti tamamilə dayanacaq, ayın sonu olduğundan işçilərə əmək haqqının köçürülməsində problemlər yaranacaqdır. Şirkətin fəaliyyəti dayandırıldığından şirkətə külli miqdarda ziyan vurulacaqdır. Məhkəmədə iddia qaldıraraq "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli, NDQ 010909 saylı akta əsasən hesablanmış 32.350.56 manat məbləğində borcun silinməsini xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1691/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Lakin qətnamənin icrası zamanı abonent soldasu ilə tanış olarkən və Cavabdeh ASC-nin nümayəndəsi ilə danışarkən məlum olmuşdur ki, Cavabdeh ASC tərəfindən xx.xx.2021-ci il tarixli NDQ 010909 saylı aktla və icra vərəqəsi əsasında 32.350.56 manat borcdan başqa 3.352.06 manat da elektrik enerjisinə görə əlavə borc da yazılıb. Bu hal məhkəmədə işə baxılarkən "xxxx" ASC-nin nümayəndəsi tərəfindən də məhkəməyə verilən izahatda da təsdiq olunub. Həmin 3.352.06 manat hesablanmış borc da əsassız olduğundan silinməlidir. Həmin sayğacın göstəricilərinə uyğun da iddiaçı sərf etdiyi elektrik enerjisinə görə hesablanmış borcu vaxtlı-vaxtında ASC-yə ödəmişdir. Sözügedən sayğac "xxxx" ASC-nin balansındadır. Lakin bu yaxınlarda İddiaçı MMC-yə ya məlum olmuşdur ki, "xxxx" ASC tərəfindən ünvana 3.630 manat məbləğində borc hesablanmışdır. İddiaçının əldə etdiyi sənədlərdən, abonent saldosundan görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmişdir. Baxış nəticəsində müəyyən edilmişdir ki, sayğac “C” klapanından keçən yükü qeyd etmir”. Qeyd olunanlarla bağlı 052244 nömrəli akt tərtib edilmiş, akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmışdır. Sözügedən aktda İddiaçı MMC-nin əməkdaşı E.Səfərov tərəfindən “sayğac YST-da yerləşir, yaranmış qüsurlardan məlumatımız olmayıb, akta görə hesablanacaq məbləğdən imtina edirik” qeydlər aparılmışdır. Sayğacda aşkar olunmuş həmin qüsurla bağlı "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 3.630 manat məbləğində borc hesablanmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı "xxxx" MMC-yə hesablanmış borc əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki, ilk öncə İddiaçı MMC-yə xidmət göstərən sayğac MMC-nin ərazisində deyil, Goranboy rayonu, Dəliməmmədli şəhərində cavabdeh “Azərişıq" ASC-nin balansında və mülkiyyətində olan Yarımstansiyada quraşdırılmışdır. Yəni, İddiaçı MMC-nin həmin sayğaca hər hansı formada müdaxilə etməsi mümkün deyil. İddiaçı MMC həmin sayğaca müdaxilə də etməmişdir. Cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının sayğacda aşkar etdikləri həmin qüsur iddiaçının təqsiri üzündən yaranmamışdır. Cavabdeh "xxxx" ASC-nin tərtib etdiyi 052244 saylı aktda da sayğacda aşkar edilmiş qüsurun məhz İddiaçı MMC=nin təqsiri üzündən baş verməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır, belə bir sübut yoxdur, aktda qeyd edilənlər həqiqəti əks etdirmir. Belə olan halda, sayğacda aşkar edilmiş bu qüsura görə İddiaçı MMC-nin üzərinə məsuliyyət qoyula bilməz. Sözügedən qüsurla bağlı tərtib edilmiş 052244 nömrəli akt əsasında iddiaçıya 3.630 manat borc hesablanması əsassızdır və bu borc silinməlidir. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixdə aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda hesab edilməlidir ki, cavabdehin apardığı qanunsuzdur. Yoxlama qanunsuz olduğuna görə, onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci tələbləri xx.xx.2021-ci il tarixli 010909 saylı akta əsasən hesablanmış hesablanmış 3352,05 manat borcun silinməsidir. Məhkəmə qətnaməsi ilə həmin akt üzrə yazılmış bir cərimə borcu silinmişdir, lakin 3352,05 manat qalmışdır. Həmin akt əsasında cəmi 35410,56 manat borc hesablanmışdır, iddiaçı yalnız 32350,56 manata dair əvvəl iddia qaldırmışdır və məhkəmə də 32350,56 manatı silmişdir. Əvvəllər 3352,05 manat hesablanmış borc sistemdə görünmürdü, lakin bugün abonent saldosunda görsənir. Digər tələb - xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 3630 manat borcun silinməsidir. İkincisi yeni aktdır, onu məhkəmədə birinci dəfə mübahisələndirirlər.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, iddia ərizəsi ilə razılaşmır. İkinci tərtib edilmiş akt yoxlamanın nəticələrinə uyğun olaraq tərtib edilmişdir. Sayğacla bağlı məsələ olmuşdur, sayğacda olan nasazlıq qeyd edilmişdir. Müdaxilə ilə bağlı heç bir qeyd aparılmamışdır. Əvvəlki xx.xx.2021-ci il tarixi akt üzrə iki məbləğ yazılmışdır, lakin məhkəmə qərarı ilə bir məbləğ silinmişdir. Yoxlamalar aparılarkən reyestrindən qeydiyyatdan keçməmişdir. 08 dekabr 2021-ci il tarixli akt üzrə 3352,5 manat məbləğ sistemdə həmin qaydada görsənir.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. 08 dekabr 2021-cü il tarixli, 010909 saylı akta əsasən sayğacın yarımstansiyada quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın ekran tablosunun söndüyü, sayğacın xəttən axan yükü qeyd etmədiyi, qusurun araşdırıldığı və gərginliyin transfarmatordan zədələndiyi, sayğaca 100 kvt gərginlik daxil olmadığı və sayğacın yaddaşı xüsusi kompyuter vasitəsilə oxunaraq qeyd olunmuş qüsurun xx.xx.2021-ci il tarixdə yarandığı bildirilmişdir.

7. "xxxx" ASC-nin xx.xx.2021-cü il tarixli, 010909 saylı icra vərəqinə əsasən tarif (0,11 manatla hesablanan borc 32058,51 manat, tarif – 0,09 manatla hesablanan borc 3352,05 manat, cəmi isə - 35410,56 manat hesablanmış və sayğacın sxeminin bərpası tələb edilmişdir.

8. 18 yanvar 2023-cü il tarixli, 052244 saylı akta əsasən sayğacın “C” fazasından keçən yükü qeyd etmədiyi, “c” fazasının gərginliyi sayğaca çatmadığı,sayğac sxemindən keçən yükün Pjant=574 kvt, Psay= 383 kvt təşkil etdiyi və sayğacın bərpa olunması tələb olunduğu qeyd olunmuşdur.

9. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 052244 saylı icra vərəqinə əsasən "xxxx" MMC-yə məxsus sayğacda “C” fazalarından keçən yükün qeyd edilmədiyi, sayğacın yenisi ilə əvəz edilməsi, o cümlədən 3630 manat yaranmış borcun ödənilməsi tələb olunmuşdur.

10. "xxxx" MMC-nin abonen haqqında məlumatından görünür ki, xx.xx.2021-ci il tarixli NDQ01090 nömrəli akt üzrə 3352,05 manat, RQ052244 saylı akt üzrə - 3630 manat borc məbləği bugün də mövcüddür.

11. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

12. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli NDQ 010909 saylı akta əsasən İddiaçı MMC-yə 3.352,05 manat və xx.xx.2023-cü il tarixli, 052244 saylı Akta əsasən 3.630 manat dəyərinə elektrik enerjisindən istifadəyə görə borc hesablanmışdır.

14. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanması üçün İddiaçı MMC-nin təqsirinin olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir.

15. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın:

18. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

19. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur.

20. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

21. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

22. 08 dekabr 2021-cü il tarixli, 010909 saylı akta əsasən sayğacın yarımstansiyada quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın ekran tablosunun söndüyü, sayğacın xəttən axan yükü qeyd etmədiyi, qusurun araşdırıldığı və gərginliyin transfarmatordan zədələndiyi, sayğaca 100 kvt gərginlik daxl olmadığı və sayğacın yaddaşı xüsusi kompyuter vasitəsilə oxunaraq qeyd olunmuş qüsurun xx.xx.2021-ci il tarixdə yarandığı və 18 yanvar 2023-cü il tarixli, 052244 saylı akta əsasən sayğacın “C” fazasından keçən yükü qeyd etmədiyi, “c” fazasının gərginliyi sayğaca çatmadığı,sayğac sxemindən keçən yükün Pjant=574 kvt, Psay= 383 kvt təşkil etdiyi və sayğacın bərpa olunması tələb olunduğu qeyd olunmuşdur.

23. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun:

24. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

25. 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.

26. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

27. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin:

28. 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

29. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

30. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

31. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktlardan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

32. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq əsassız borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

38. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 100 manat mediasiya xərci ödəmişdir.

39. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli NDQ 010909 saylı akta əsasən hesablanmış - 3.352,05 manat və xx.xx.2023-cü il tarixli 052244 saylı Akta əsasən hesablanmış - 3.630 manat borc məbləğləri silinsin. Mediasiya xərcinin əvəzi olaraq 100 manat cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar