Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-323/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə və Şahinli Duyğuya qarşı qalıq "pulun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə və Şahinli Duyğuya qarşı qalıq pulun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Şahinli Duygudan müştərək qaydada xx.xx.2023-cü il tarixli, TZM2323009-001 saylı invoys maliyyələşdirmə müqaviləsi üzrə əsas borca görə 50000 manat, faiz borcuna görə 5066,67 manat, cəmi 55066,67 manat və dövlət rüsumu kimi ödənilmiş 258 manat pulun onun xeyrinə tutulması, tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-nə məxsus olan 2017-ci il buraxılışlı, qara rəngli, Şassi nömrəsi 1G1FB1RX9J0109481, dövlət qeydiyyat nişanı 77PN157 olan “X6” markalı avtomaşına yönəldilməsi, həmin avtomaşının açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına cəmi 55066,67 manat borcun və 258 manat dövlət rüsumunun ödənilməsi, hərracdan əldə edilən vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TZM2323009saylı, 6 ay müddətinə bağlanmış maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində xx.xx.2023-cü il tarixdə imzalanmış TZM2323009-001 saylı İnvoys maliyyələşdirilməsinə və tələbin güzəştinə dair 1 nömrəli Razılaşmaya əsasən illik 22 % FİFD faiz dərəcəsi olmaqla xx.xx.2024-cü il tarixində son icra müddəti göstərilməklə 50000 Manat məbləğində Bank vəsaiti vasitəsilə cavabdehin Razılaşmanın 17-ci bəndində qeyd edilən invoysu maliyyələşdirilmişdir. Həmin müqavilələr üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər cavabdeh Şahinli Duygu arasında xx.xx.2023- cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx.xx.2023-cü il tarixli, TZM2323009-001 saylı Razılaşma üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli, TZM2323009-001 saylı Razılaşma müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh1 MMC-nə və Şahinli Duyguya dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Sonuncu dəfə xəbərdarlıq edilməklə bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehlərə müvafiq qaydada göndərilmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2024-cü il tarixinə xx.xx.2023-cü il tarixli, TZM2323009-001 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 50000 manat, faiz borcuna görə 5752,12 manat, borcun cəmi məbləği 55752,12 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, TZM2323009 saylı kredit limitinin ayrılması müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMCnə məxsus olan 2017-ci il buraxılışlı, qara rəngli, Şassi nömrəsi 1G1FB1RX9J0109481, dövlət qeydiyyat nişanı 77PN157 olan “Chevrolet Comaro kupe” markalı avtomaşın İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli, TZM2323009 saylı İpoteka müqaviləsi ilə yüklü edilmiş, İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 385.1. 427.3, 442, 445.1, 445.2.1, 449.1, 449.2, 449.3, 449.4, 472.1, 472.2-ci maddələrinə, «İpoteka haqqında» AR Qanununun 34.1.1, 39.1, 59.3, 37.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, avtomobilin yerinin məlum olmaması və hazırda cavabdeh Şahinli Duyğunun ölkə sərhədlərindən kənarda olması ehtimalı olduğundan avtomobilin likvid dəyərinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinin əhəmiyyətsiz olacağını bildirmişdir. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi X1 məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC-nin Nərimanov Filialı ilə Cavabdeh1 MMC arasında Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə TZM2323009 saylı, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılması müqaviləsi tərkibində ayrılan TZM2323009- 001 saylı, xx.xx.2023-cü il tarixli Maliyyələşdirmə limiti müqaviləsi üzrə İnvoys maliyyələşdirilməsinə və tələbin güzəştinə dair 1 nömrəli Razılaşma imzalanmışdır. Razılaşmaya əsasən: İnvoys məbləği 50.000 manat təşkil edir; İnvoysun maliyyələşdirlən hissəsi 50.000 manat təşkil edir; İllik 16% faiz hesablanır; Faktiki illik faiz dərəcəsi (FİFD) 22%; Əsas borcun son ödəniş tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir; Tələbi güzəşt edilmiş pul vəsaiti müştəri tərəfindən bir dəfəyə qaytarılmalıdır; Müştəri bu Razılaşmanın 1-ci bəndində qeyd olunan məqsəd üzrə Sifarişçi tərəfindən ona ödənilməli olan pul vəsaitinin Müştərinin Bankdakı cari hesab(lar)ma köçürülməsini təmin etməyi öhdəsinə götürür; köçürülən pul vəsaitini Bank akseptsiz qaydada bu Razılaşmaya əsasən verilən kreditin şərtlərinə uyğun olaraq onun ödənilməsinə yönəldir. Müştəri razılığını bildirir ki, bu Razılaşmanın 9-cu yarımbəndində qeyd olunan tarixdən sonra həmin pul vəsaiti Banka qaytarılmazsa, məbləği bu Razılaşmanın 4-cü bəndində nəzərdə tutulmuş pul vəsaiti və ona hesablanmış faiz və gecikmə faizləri və Razılaşma şərtlərinə uyğun olaraq öhdəlik tam icra olunanadək faiz və olduğu halda gecikmə faizləri Bank tərəfindən Müştəridən tələb edilir. İddiaçı ASC-nin Nərimanov Filialı ilə Müştəri "ETT MMC" arasında bağlanmış Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə Maliyyələşdirmə limitinin ayrılmasına dair Əsas şərtlər üzrə Razılaşmaya əsasən müqavilənin predmeti bank tərəfindən bu müqavilənin əsasında və bu müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən, müştəri ilə bağlanılacaq ayrıca razılaşmalar üzrə kredit verilməsi üçün müştəriyə 1 saylı cədvəldə qeyd olunan şərtlərlə maliyyələşdirmə limitinin ayrılması, müştəri tərəfindən isə sifarişçilər ilə bağladığı müqavilə(lər)dən irəli gələn pul tələbinin banka güzəşt edilməsi və digər təminatlar verilməklə razılaşmalar üzrə limit çərçivəsində bank tərəfindən verilən invoys, sifariş və anbar maliyyələşməsi, faktorinq və bankın təklif etdiyi digər məhsullarından istifadə edilərək, razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində kreditin qaytarılmasına dair pul öhdəliyidir. Razılaşmaya əsasən: limitin növü-bərpa olunan; limitin məbləği 50.000 manat təşkil edir; maliyyələşdirmə limitinin müddəti 6 ay; limitin ayrılması məqsədi dövriyyə vəsaitlərinin artırılması; 2017-ci il istehsalı olan Chevrolet Camaro cupe avtomobili təminat kimi göstərilmişdir; Müştəri bu müqavilə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ayrıca Razılaşma(lar) əsasında ona verilmiş kredit öhdəliklərini və ya kredit öhdəliklərindən hər hansı birini bu müqavilədə və/və ya həmin razılaşma(lar)da nəzərdə tutulmuş şərtlərlə icra etməzsə və ya lazımınca icra etməzsə, borc verən müştəriyə verdiyi bütün kreditlərin vaxtından əvvəl qaytarılmasını tələb edə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada təminatların hamısına tutma yönəldə bilər. İddiaçı ASC-nin Nərimanov Filialı ilə Müştəri "ETT MMC" arasında bağlanmış Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair TZM2323009 saylı, xx.xx.2023-cü il tarixli Ümumi Şərtlər imzalanmışdır. Razılaşmanın 3.1.1-ci maddəsinə əsasən kredit limiti/baş kredit müqaviləsinə (bundan sonra - kredit limitinin ayrılması müqaviləsi) əsasən bank müştəriyə razılaşma və həmin razılaşmanın ayrılmaz tərkib hissələri hesab edilən digər razılaşmalarda nəzərdə tutulmuş məbləğdə, valyutada, illik faiz dərəcəsi, qaytarılması gecikdirildiyi halda ödəniləcək gecikdirilmə faizi ilə kredit limitini ayırmağı, müştəri isə razılaşmalar üzrə bank tərəfindən verilən kredit məhsulundan istifadə etməyi, habelə razılaşmada və bu şərtlər toplusunda nəzərdə tutulmuş şərtlər daxilində pul öhdəliyini icra etməyi öhdəsinə götürmüşdür. Həmin razılaşmanın 3.5.17.1-ci maddəsinə əsasən bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İddiaçı ASC-nin (Kreditor) və Şahinli Duyğu (Zamin) arasında imzalanmış xx.xx.2023-cü il tarixli TZM2323009 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti 20 oktyabr 2023-cü il tarixli, TZM2323009 saylı TZM İnvoys müqaviləsinə əsasən bankdan kredit götürmüş ETT MMC ( **********) (bundan sonra “Borcalan” adlanacaq) tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. Müqavilənin 2-ci bəndinə əsasən bu Müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 50000 (Əlli min manat, 00 qəpik) manat təşkil edən kredit məbləği; 6 ay ( xx.xx.2023-cü il) təşkil edən kreditin qaytarılma müddəti; kredit üzrə illik 16 faizlə hesablanacaq məbləğ. Müqavilənin 2.1.4-cü bəndinə əsasən bu müqavilənin 2.1.2-ci bəndində qeyd olunan müddət ərzində ödənişlərin gecikməsi halında ödənilməmiş məbləğin gecikmə faizi bu müqavilənin 2.1.3-cü bəndində qeyd olunan illik faiz dərəcəsinin üzərinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi əlavə edilərək hesablanır. X4 uçot dərəcəsi ilə Mərkəzi Bankın rəsmi internet səhifəsinə daxil olmaqla tanış ola bilər. 4.2-ci bəndinə əsasən kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, gecikmə faizləri borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı ASC-nin Nərimanov Filialı ilə Müştəri "ETT MMC" arasında bağlanmış xx.xx.2023-cü il tarixli TZM2323009 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı aşağıdakı tərəflər arasında Bakı şəhərində bağlanmış xx.xx.2023-cü il tarixli, tzm2323009 saylı müqaviləyə (bundan sonra - kredit müqaviləsi) əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana (ipoteka saxlayan həm də kreditordur) ipotekaya verir. Müqavilənin 2-ci bəndinə əsasən ipotekanın predmeti Cavabdeh1 MMC-yə məxsus olan X5 markalı kupe tipli, qara rəngində, Şassi nömrəsi-1G1FB1RX9J0109481, Qeydiyyat nömrəsi - 77PN157, İstehsal tarixi - 2017-ci il olan avtomobildir. Həmin müqaviənin 7.1-ci bəndinə əsasən ipoteka qoyanın və/və ya Borcalanın Kredit müqaviləsi və /və ya bu Müqavilə üzrə yaranmış öhdəlikləri lazımınca yerinə yetirilmədikdə, yaxud yerinə yetirilməkdən imtina edildikdə, habelə qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulmuş hallar baş verdikdə, ipoteka saxlayan ipoteka ile təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmetinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərrac vasitəsi ilə satılması üçün tədbirlər görmək hüququna malikdir. xx.xx.2025-ci il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh1 MMC-nin oğlunun 50.000 manat məbləğində əsas, 5066,67 manat məbləğində faiz, cəmi 55066,67 manat borcu vardır. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrinin AA151490 saylı xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Cavabdeh1 MMC-nin mülkiyyətindəki 77PN157 dövlət qeydiyyat nişanlı, Chevrolet Comaro minik kupe markalı avtomobil xx.xx.2023-cü il tarixli TZM2323009 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, ipoteka saxlayan İddiaçı ASC qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 MMC-dən borcun ödənilməsi tələb olunmuş, əks halda borcun ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeyd alınması üçün DİN BDYPİ-nə göndərilmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/8077 saylı rəyi ekspert rəyi ilə cavabdehin İddiaçı ASC-yə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə əsas borcu 50.000 manat, faiz borcu 5066,67 manat, ekspert rəyinin tərtib edildiyi xx.xx.2024cü il tarixə əsas borcu 50.000 manat, faiz borcu 7444,44 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 258 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC və Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, TZM2323009 saylı, 6 ay müddətinə bağlanmış maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində xx.xx.2023-cü il tarixdə imzalanmış TZM2323009-001 saylı İnvoys maliyyələşdirilməsinə və tələbin güzəştinə dair 1 nömrəli Razılaşmaya əsasən illik faiz dərəcəsi 16 faiz olmaqla, 3 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC və Şahinli Duyğu arasında imzalanmış xx.xx.2023-cü il tarixli TZM2323009 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşlər, həmçinin İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TZM2323009 saylı ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 MMC-nin mülkiyyətindəki 77PN157 dövlət qeydiyyat nişanlı, Chevrolet Camaro minik kupe markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, ekspert rəyini, eləcə də cavabdehlərin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 50000 manat əsas, 5066,67 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərdən müştərək qaydada 50000 manat əsas, 5066,67 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, cavabdehlər müqaviləyə əsasən üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiklərinə görə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsas yaranmışdır. Buna görə də tələb üzrə tutma Cavabdeh1 MMC-nin mülkiyyətindəki 77PN157 dövlət qeydiyyat nişanlı, “X6” markalı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına 55066,67 manat məbləğində borc iddiaçının xeyrinə ödənilməli, hərracdan əldə edilən vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borc cavabdehlərdən ümumi qaydada tutulmalıdır. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 258 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Şahinli Duyğudan müştərək qaydada 50000 manat əsas, 5066,67 manat faiz borcu olmaqla cəmi 55066 (əlli beş min altmış altı) manat 67 (altmış yeddi) qəpik borc, ödənilmiş 258 (iki yüz əlli səkkiz) manat dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 MMC-nin mülkiyyətindəki, ipoteka ilə yüklü edilmiş **- PN-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı, qara rəngli, şassi nömrəsi 1G1FB1RX9J0109481 olan avtomobilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına 55066,67 manat məbləğində borc ödənilsin, hərracdan əldə edilən vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borc cavabdehlərdən ümumi qaydada tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC və Şahinli Duyğudan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-323/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-323/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver