Məhkəmə qərarları › İş №e-2-2(113)-3231/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3231/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3231/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seydova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi və Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 92.202,87 (doxsan iki min iki yüz iki manat, səksən yeddi qəpik) manat, hüquqi yardıma görə dörə ödənilmiş 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 (otuz bir) manatı Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 22.06.2018-ci il tarixli, 39 nömrəli müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəsinə dair müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən icarəyəverən İddiaçı Cavabdeh arasında müqavilə bağlandığı andan dəmir dirəklərinin icarəsini həyata keçirmişdir. 22.06.2018-ci il tarixli, 39 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən malları icarəçinin sahibliyinə və istifadəsinə verdikdən sonra icarəçi razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən 92.202,87 (doxsan iki min iki yüz iki manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti ödənilməmişdir. Məhkəmə iclasında iştirak İddiaçı nümayəndəsi və Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 22.06.2018-ci il tarixli, 39 nömrəli müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən icarəyəverən İddiaçı Cavabdehnə müqaviləyə əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini icarəçiyə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun icarəyə götürdüyü əşyaların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Qeyd edilməlidir ki, icarə müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda icarə müqaviləsi üzrə nəzərdə tutulmuş əşyaların icarəçiyə təhvil verilməsini sübutetmə vəzifəsini icarəyəverən İddiaçı daşıyır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 19.07.2020-ci il tarixli 51/10, 51/11, 51/12 saylı aktlardan görünür ki, iskələ sistemləri icarəçi Cavabdehnə təhvil verilmiş və əşyaların hansı müddətə istifadə edildiyi barədə razılaşaraq aktı imza etmişlər. Göründüyü kimi 51/12 saylı aktda göstərilmiş iskələ sistemləri cavabdehə təhvil verilsə də, dirək sistemləri Cavabdehnə təhvil verilməmiş və həmin aktın qeyd hissəsində bu barədə məlumat göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı özü də qeyd edilən əşyaların cavabdehə təhvil verilmədiyini və hazırki iddiada onlara görə pul hesablanmasığını bildirir. Qeyd edilən aktlardan göründüyü kimi, aktların tarixi 19.07.2020-ci il olsa da, iskələ sistemlərinin icarəyə verildiyi period kimi 2018 və 2019-cu illərin müxtəlif ayları olmuşdur. Belə olan halda qeyd edilən aktlarda göstərilmiş əşyaların, göstərilmiş tarixlərdə Cavabdehnə təhvil verildiyini və onun tərəfindən istifadə edildiyi işin müəyyən edilmiş və təsdiq olunmuş haldır. Bundan başqa qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 22.06.2018-ci il tarixli, 39 nömrəli müqavilənin 1 saylı əlavəsindən görünür ki, Cup-Lock İskələ sistemlərinin kv.mnin qiyməti 2 manat təşkil edir. Qeyd edilən qiymət nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 22/01 saylı hesabat aktından görünür ki, Cavabdehin İddiaçı 92.702,87 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə həmçinin 51/10, 51/11, 51/12 saylı aktlarla iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş 22/01 saylı hesabat aktının müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, hesablanmış borc məbləği aktlarda ancaq təhvil verilmiş əşyalara görə hesablanmış borc mələğidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia 92.202,87 manat borcun tələb edilməsi hissəsində əsaslıdır. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərclərin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən vəkilə hər hansı bir məbləğin ödənilməsinə dair sənəd (qəbz) təqdim edilmədiyindən, qeyd edilən hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 92.202,87 (doxsan iki min iki yüz iki manat, səksən yeddi qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar