Məhkəmə qərarları › İş №e-2-2(113)-324/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-324/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-324/2023 18.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı icarə sahəsinin boşaldılıb iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən icarə obyekti - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşən sol “Vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot olan icarə sahəsinin boşaldılıb, iddiaçı "xxxx" QSC-yə təhvil verilməsi, Cavabdeh MMC-dən 100 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşən sol “Vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot olan icarə sahəsi Cavabdeh MMC-yə icarəyə verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə müddəti 2021-ci il 29 yanvar tarixdən 2021-ci il 29 dekabr tarixədək müəyyən edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 590 manat müəyyən edilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı 2021-ci il 01 fevral tarixdən hesablanır. Müqaviləyə əlavə olaraq tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 128139 nömrəli 1 nömrəli razılaşma üzrə müqavilənin müddəti xx.xx.2022-ci il tarixinə qədər uzadılmış və icarə haqqı 649 manat müəyyən edilmişdir. İcarəçi 2022-ci ilin may və iyun ayları üzrə icarə haqqını ödəməmiş, nəticədə 1298 manat borcu yaranmışdır. Müqavilənin 8.1-ci bəndinə əsasən bu icarə müqaviləsinə heç bir artıq və əlavə xərc çəkilmədən və hər hansı bir ödəməni həyata keçirmədən icarəyə götürənə 1 ay qabaqcadan yazılı xəbərdarlığın verilməsi ilə İcarəyəverən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Müqavilənin 8.5-ci bəndinin 2-ci hissəsinə əsasən torpaq sahəsinə dövlətin ehtiyacı yarandıqda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Müqavilənin 6.1.3-cü bəndinə əsasən icarəyə verilmiş torpaq sahəsini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəyə götürənin vəzifəsidir. Göstərilənlərə əsasən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli 182322 nömrəli pretenziya məktubu ünvanlanmış və pretenziya tələbi icra edilmədiyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi göstərilmişdir. Lakin pretenziya tələbi təmin olunmamış və tərəflər arasında bağlanmış müqaviləyə "xxxx" QSC tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Daha sonra Cavabdeh MMC tərəfindən 2022-ci ilin avqust ayında icarə haqqından yaranmış1298 manat borc tam şəkildə ödənilmiş, lakin icarə müqaviləsinə xitam verilməsinə baxmayaraq cavabdeh tərəfindən icarə obyekti boşaldılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. V.Qasımov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, icarə müqaviləsinə əsasən cavabdehə verilmiş icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmayıb, həmin reyestrdən çıxarışla rəsmiləşdirilməyib və torpaqğın icarəyə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı yoxdur. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Dəmir Yolu “Yol Təsərrüfatı” İstehsalat Birliyi tərəfindən Biləcəri yol distansiyasının Bakı-Biləcəri mənzilində təhkim zolağının xüsusi və sanitariya mühafizə zonalarının sxematik planı tərtib edilmiş və Biləcəri yol distansiyasının rəisi N.Mustafayev tərəfindən təsdiq edilmişdir. - "xxxx" QSC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəyə götürən) arasında bağlanmış xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən mülkiyyətçiyə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşmiş sol “Vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot təşkil edən icarə sahəsini qanunamüvafiq fəaliyyətini təşkil etmək məqsədilə icarə şərtləri əsasında icarəyə götürənin müddətli (qısa müddətli) istifadəsinə verilmişdir. Müqavilənin: 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və həmin tarixdən 11 ay müddətində qüvvədə qalır. 3.2-ci bəndinə əsasən bu müqavilə, tərəflərin yazılı razılığı əsasında müqavilə müddətinin bitməsinə 1 ay qalmış,sonrakı müddətə uzadıla bilər. Uzadılmadıqda, hazırki müqavilə sonlanmış və qüvvədən düşmüş hesab edilməlidir. 4.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində icarəçi icarəyəverənə götürdüyü ərazi üçün ƏDV daxil hər ay 590 manat (icarə haqqı) ödəyir. 7.2.4-cü bəndinə görə icarəçi 2 ay bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını vaxtında ödəmədikdə icarəçiyə əvvəlcədən xəbərdarlıq etmədən bu icarə müqaviləsinə xitam vermək icarəyəverənin hüququdur. 8.1-ci bəndinə görə bu icarə müqaviləsinə heç bir artıq və əlavə xərc çəkilmədən və hər hansı bir ödəməni həyata keçirmədən icarəyə götürənə 1 ay müddətdən az olmamaq şərti ilə qabaqcadan yazılı xəbərdarlığın verilməsi ilə icarəyəverən/mülkiyyətçi tərəfindən xitam verilə bilər. 8.2-ci bəndinə əsasən icarəçi bum müqavilənin 4.1-ci bəndində müəyyən olunmuş aylıq icarə haqqını ardıcıl olaraq 2 dəfə (ay) vaxtında ödəmədikdə icarəyəverən bu müqaviləyə dərhal xitam verə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsinə dair xx.xx.2021-ci il tarixli 1 nömrəli razılaşmaya əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinə kimi uzadılır, müqavilənin 4.1ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: - 4.1. xx.xx.2021-ci il tarixdən bu müqavilənin qüvvədə olduğu müddət ərzində icarəyə götürən icarəyə verənə icarəyə götürdüyü əmlak üçün ƏDV daxil hər ay 649 manat (icarə haqqı) ödəyir. Bu razılaşma imzalandığı və tərəflərin möhürü ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. xx.xx.2021-ci il tarixli İM-02 nömrəli müqavilənin qalan bəndləri dəyişməz olaraq qalır. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsi üzrə Cavabdeh MMC-yə: - 2022-ci ilin may və iyun aylarında hər ay 649 manat icarə haqqı hesablanmış, həmin aylar üzrə (2 dəfə (ay) ardıcıl olaraq) heç bir ödəniş edilməmiş, 2022-ci ilin avqust ayında 1298 manat icarə haqqı ödənilmiş və Cavabdeh MMC-nin ödənilməmiş icarə haqqı qalmamışdır. "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq icarə obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşən sol “Vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot olan icarə sahəsinin boşaldılması xahiş edilmiş, əks təqdirdə tələbin təmin edilməsi məqsədi ilə qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşən sol “vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot olan icarə sahəsi cavabdehin icarəsinə verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinə kimi uzadılmışdır. Hazırda iddiaçı "xxxx" QSC xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehin 2 aylıq müddət üçün icarə haqqını ödəməməsi ilə əlaqədar icarə müqaviləsinə birtərəfli qaydada xitam verildiyini və icarəçinin müqaviləyə xitam verildikdən sonra icarə obyekti olan torpaq sahəsini qaytarmaq öhdəliyini daşıdığını əsas göstərməklə icarə obyekti olan torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmaqla onlara təhvil verilməsini tələb edir. İddiaçı iddia ərizəsində iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 722.1-ci maddəsinə istinad edilmişdir. Həmin maddəyə görə müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadının : 26-cı bəndinə əsasən hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. 27-ci bəndinə görə məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. 28-ci bəndinə görə yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Yuxarıda göstərilən qərarlarda formalaşmış hüquqi mövqeyə görə hər hansı əqdə əsaslanaraq irəli sürülmüş iddiaya baxılarkən ilk növbədə istinad edilən əqdin etibarlılıq məsələsi araşdırılmalıdır. Odur ki, məhkəmə iddiaçı "xxxx" QSC tərəfindən hazırkı iddia tələbinin xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsinə əsaslanmaqla irəli sürüldüyünü nəzərə alaraq ilk növbədə sözügedən müqavilənin etibarlı olub-olmaması məsələsinə hüquqi qiymət verilməsini zəruri sayır. Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 2-ci hissəsinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 109-cu maddəsinə görə torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə görə Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının (ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. 29-cu maddəsinə görə torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Hazırkı halda tərəflər arasında mübahisəli torpaq icarəsi müqaviləsi dövlət mülkiyyətində olan torpaq sahəsinə dair bağlansa da, həmin torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı mövcud deyildir, eləcə də həmin müqavilə əsasında icarəçiyə ilkin olaraq 11 ay müddətinə icarə hüququ verilməsinə (və sonradan həmin müddətin bir il müddətinə uzadılmasına) baxmayaraq həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə mübahisəli torpaq sahəsini icarəyə vermək hüququna malik olmasını təsdiq etmək üçün iddiaçının istinad etdiyi AR Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33/N saylı qərarına münasibətdə məhkəmə qeyd edir ki, həmin qərarla təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nda dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələrinin onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə vermək hüququ nəzərdə tutulmuşdur ki, həmin müddəa iddiaçının sözügedən torpaq sahələrini icarəyə vermək hüququna da malik olması anlamına gəlmir. Belə ki, Torpaq Məcəlləsinin: 48.2-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 50.1-ci maddəsinə görə torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. 51.1-ci maddəsinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Göründüyü kimi Torpaq Məcəlləsi torpaqdan istifadə və icarə hüquqlarını birbirindən ayırmaqla torpaq sahəsi üzərində istifadə hüququnu müvafiq qərar (müqavilə) əsasında torpaqdan haqqı ödənilmədən daimi və ya müvəqqəti istifadə etmək hüququ kimi, icarə hüququnu isə müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etmək hüququ kimi müəyyən etmişdir. Odur ki, hazırkı halda iddiaçıya Nazirlər Kabinetinin istinad edilən qərarına əsasən torpaq mülkiyyətçilərinə və istifadəçilərinə verilmiş dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələrindən fiziki və hüquqi şəxslərə qısamüddətli istifadəyə vermək hüququ həmin torpaq sahələrinə dair icarə hüququnun verilməsinə dair müqavilə bağlamaq hüququnu da özündə ehtiva etmir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış mübahisəli icarə müqaviləsi Torpaq Məcəlləsi və torpaq icarəsi haqqında qanunvericiliyin tələblərini pozulmaqla bağlandığından etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli İM-02 nömrəli icarə müqaviləsi etibarsız əqd olmaqla hüquqi nəticələrə səbəb olmadığından iddiaçı "xxxx" QSC həmin əqdə əsaslanaraq hər hansı iddia, o cümlədən hazırda irəli sürdüyü icarə obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyasına birləşən sol “Vetka dalan” yolunun 2648-ci km-də yerləşən ümumi sahəsi 5 sot olan icarə (torpaq) sahəsinin cavabdeh "xxxx" MMC tərəfindən boşaldılmasına dair iddia tələbini irəli sürməkdə haqlı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddial verilərkən ödənilmiş dövlət rüsumu müvafiq olaraq iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı icarə sahəsinin boşaldılıb iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar