Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-324/2025 23.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qarşı ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: ziyanın ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 120000 (yüz iyirimi min) manat pul, vəkilə hüquqi yardım üçün ödənilmiş 1500 manat və 410 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının vətəndaşı olan İddiaçı1 fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçərək, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin noyabr ayında o, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə razılığa gələrək, ASC-nin mülkiyyətində olan, həmin dövrdə istifadə üçün yararsız halda olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 437 kv.m hissəsini icarəyə götürmüş və həmin sahənin istifadəyə yararlı hala gətirilməsi üçün 120000 (yüz iyirimi min) manatdan artıq pul vəsaiti xərcləyərək, həmin qeyri-yaşayış sahəsini istifadəyə yararlı vəziyyətə gətirmişdir. Razılaşmaya əsasən icarə müqaviləsinin müddəti iki il qeyd olunmuş, lakin tərəflər beş illik müddətə razılaşmışdılar. 01 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin şərtlərinə əsasən icarə müddəti ərzində hər hansı dövlət orqanının inzibati göstərişi əsasında əmlak müvəqqəti və ya daimi olaraq bağlanarsa, onun istifadəsi məhdudlaşdırılarsa, onun üzərində müliyyət hüququ ləğv olunarsa, və ya sökülərsə və bunun nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilərsə, və ya icarəçi əmlakı təyinatı üzrə tam istifadə edə bilməzsə, icarəçi ona dəymiş zərəri, icarəyə götürdüyü zaman təmirə çəkilən xərci icarəyə verəndən tələb etmək hüququna malikdir. Qeyd edilir ki, bir müddət öncə polis əməkdaşları ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə gələrək, həmin ərazinin yenidənqurma işləri ilə bağlı söküləcəyi və 24 iyundan etibarən həmin qeyri-yaşayış sahəsindən istifadə olunmasının qeyri-mümkün olacağını bildirmişdi. Hazırda həmin qeyriyaşayış sahəsi sökülmüş və mövcud deyil. İddiaçı təmir üçün çəkdiyi xərci tələb etsə də, cavabdeh bundan imtina edir, pretenziyaya ümumiyyətlə cavab vermir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425.1, 442, 443.1, 443.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Mövcud qanunvericiliyin və iddiaçının istinad etdiyi tərəflər arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli, 05 saylı icarə müqaviləsinin müddəalarına tamamilə zidd olduğundan təmin oluna bilməz və rədd olunmalıdır. Belə ki, qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (MM-nin 389.1-ci maddəsi). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (MM-nin 390.1-ci mad). AR MM-nin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. MMnin 422.1-ci maddəsinin tələbinə görə də tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Qanunun 422.1-ci maddəsi baxımından bildirilir ki, Bakı ŞİHB-nin 85 saylı, xx.xx.2024-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin əhatəsində yerləşən 3.6 ha ərazidə abadlıq işlərinin aparılması məqsədilə sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürlüməsinə qərar vermiş və bu məqsədlə də Xətai rayon İcra Hakimiyyəti vahid sifarişçi təşkilat təyin olunmuşdur. Bakı ŞlHB-nın qeyd edilən sərəncamından sonra qeyd edilən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri sökülmüş və ərazi təmizlənmişdir. Bu baxımdan hazırkı iş üzrə tərəflər arasında bağlanmış 01 noyabr 2022- ci il tarixli, 05 saylı icarə müqaviləsinin “Qarşısıalınmaz hallar (Fors- Major) adlanan 11.1-ci bəndində nəzərdə tutulmuşdur ki, tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi fors-major hallarının (yanğın, subasma, zəlzələ, tətil, qiyam, vətəndaş müharibəsi, hökumət qərarları və hərəkətləri və s.) yaranması ilə bağlı olduğu halda öhdəliklərin müqavilə ilə müəyyən edilmiş icra müddətləri, bu halların və onların tərəflərə təsiri aradan qalxdığı dövrə kimi uzadılır. Fors-major hallarının təsirinə məruz qaldıqda tərəflər müqavilənin lazımı qaydada icra edilməsi və ya edilməməsi üçün məsuliyyət daşımır”. Göründüyü kimi, hazırkı halda “Fors-major” halı cavabdehdən (eləcə də iddiaçıdan) asılı olmayaraq hakimiyyət orqanının qərarı ilə yaranmış və bu halın baş verəcəyi onlardan asılı olmamışdır. Beləliklə, yuxarıdakılara əsasən hesab edilir ki, hazırkı halda qaldırılmış iddianın faktik və hüquqi əsası yoxdur və ona görə də iddia tələbi təmin oluna bilməz, rədd olunmalıdır. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 etiraz ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində Cavabdeh ASC ilə icarəçi qismində Alekberov Kamil arasında 01 noyabr 2022-ci il tarixli, 05 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı icarəçinin müvəqqəti istifadəyə verməyi. İcarəçi isə müqavilənin 5-ci bəndində nəzərdə tutulan qaydada və məbləğdə icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarəyə verən xüsusi mülkiyyətdə olan AZ1025 ünvan 1 ünvanda yerləşən xidmət binası 437 m2 qeyri-yaşayış sahəsini icarəçinin müddətli istifadəsinə verir. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən icarəyə verən əmlakın ona mülkiyyət hüququ əsasında məxsus olduğuna zəmanət verir. Bu müqavilənin qüvvədə olduğu müddət ərzində üçüncü tərəflərin iddiası əsasında icarəyə verənin əmlak üzərində mülkiyyət hüququna xitam verilərsə və bunun nəticəsində bu müqaviləyə vaxtından əvvəl xitam verilərsə, icarəçi ona dəymiş ziyanı (icarəyə götürdüyü zaman təmirə çəkilən xərci) icarəyə verəndən tələb etmək hüququ əldə edəcək; (icarəçi çəkdiyi xərci təmirdən sonra icarədara bildirib müqaviləyə əlavə etməlidir ki, gələcəkdə dəymiş ziyan məsələsi yaranarsa, məbləğ müəyyən olunmuş olsun. Həmin müqavilənin 1.9-cu bəndinə əsasən icarə müddəti ərzində hər hansı dövlət orqanının inzibati göstərişi əsasında əmlak müvəqqəti və ya daimi bağlanarsa, onun istifadəsi məhdudlaşdırılarsa, onun üzərində mülkiyyət hüququ ləğv olunarsa və ya sökülərsə və bunun nəticəsində bu müqaviləyə vaxtından əvvəl xitam verilərsə və ya icarəçi əmlakın təyinatı üzrə və tam istifadə edə bilməzsə, icarəçi ona dəymiş ziyanı (icarəyə götürdüyü zaman təmirə çəkilən xərci) icarəyə verəndən tələb etmək hüququ əldə edəcək. 3.1-ci bəndinə əsasən icarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq əmlakı təyinatı üzrə istifadə etmək üçün öz mülahizəsinə uyğun olaraq zəruri avadanlıqlar, elektrik cihazları, qurğular və digər daşınar əşyalarla təmin və təchiz etmək hüququna malikdir. Əşyaları quraşdırdığı zaman icarəçi icarəyə verəndən icazə almamalıdır. Əşyalar üzərində icarəçinin mülkiyyət hüququ qalır; 3.2-ci bəndinə əsasən bu Müqavilə ləğv olunarkən bütün əşyalar əmlaka zərər vurmadan ayrıla bilərsə, icarəçi tərəfindən geri götürülə və ya tərəflərin qarşılıqlı razılığı ilə icarəyə verənə satıla bilər; 3.3-cü bəndinə əsasən əmlaka zərər vurmadan ayrıla bilməyən əşyalar tərəflərin qarşılıqlı razılığı ilə icarəyə verənə satıla bilər (giriş qapı konstruksiyası). Müqavilənin 9.2-ci bəndinə əsasən əmlak təyinatı üzrə istifadə zərurəti ilə əlaqədar icarə predmetində əlavə qurğular və avadanlıqlar quraşdırmaq, kiçik konstruktiv yenidənqurma (ana konstruksiyaya ziyan vurmadan) və xırda təmir işləri aparmaq; 9.6-cı bəndinə əsasən müqavilə ləğv olunarkən quraşdırdığı bütün avadanlıq və qurğuları özü ilə aparmaq icarəçinin hüquqlarına aid edilmişdir; 11-ci bəndinə əsasən tərəflərin Müqavilə iizrə öhdəliklərini icra etməməsi fors-major hallarının (yanğın, subasma, zəlzələ, tətil, qiyam, vətəndaş müharibəsi, hökümət qərarları və hərəkətləri və s.) yaranması ilə bağlı olduğu halda, öhdəliklərin Müqavilə ilə müəyyən edilmiş icra müddətləri, bu halların və onların tərəflərə təsiri aradan qalxacağı dövrə kimi uzadılır. Fors-major hallarının təsirinə məruz qaldıqda tərəflər Müqavilənin lazımi qaydada icra edilməsi və ya icra edilməməsi üçün məsuliyyət daşımır.
8. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 may 2024-cü il tarixli, 3-23/3-1-314/2024 nömrəli Əmri ilə ayrılmış vəsaitlə Bakı şəhərinin Xətai rayonu ərazisində köçürülmə işlərinin təşkil edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 85 nömrəli Sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin əhatəsində yerləşən 3.6 ha ərazidəki 12500 kv.m yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsinin maliyyələşdirilməsi ilə bağlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 18 may 2024-cü il tarixli 1-1-2/2-331/2024 nömrəli məktubunu nəzərə alaraq “Büdcə ssudasının ayrılmasına dair” 24 may 2024-cü il tarixli, 3-23/3-1-314/2024 nömrəli Əmri ilə Bakı Şəhər İcra Hakimiyyətinə faizsiz büdcə ssudası ayırmışdır və bununla əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə öhdəliklərinin X2 arasında 24 may 2024-cü il tarixli, 2024-18-BS nömrəli Ssuda müqaviləsi imzalanmışdır. Ayrılmış vəsaitlə qeyd olunan ünvanda köçürülmə işlərinin təşkil edilməsi məqsədilə qərara alınır: 1. Xətai Rayon İcra Hakimiyyəti Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin əhatəsində yerləşən 3.6 ha ərazidə abadlıq işlərinin aparılması məqsədilə sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 may 2024-cü il tarixli, 3-23/3-1-314/2024 nömrəli Əmri ilə Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsait dairəsində nəzərdə tutlan tədbirlərin həyata keçirilməsi üçün vahid sifarişçi təşkilat təyin olunsun. 2. "xxxx" MMC (Abit Əliyev) ayrılmış vəsaitin Xətai Rayon İcra Hakimiyyətinin təqdim etdiyi müvafiq hesaba köçürülməsini təmin etsin. 3. Xətai Rayon İcra Hakimiyyəti bu Sərəncamla ayrılmış vəsaitlə qanunvericiliyə uyğun şəkildə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin əhatəsində yerləşən 3.6 ha ərazidəki yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsini və köçürülən ərazidə söküntü işlərinin aparılmasını, həmçinin sözügedən ərazinin tullantılardan daşınmasını zəruri tədbirlər görməklə təmin etsin.
9. Cavabdeh ASC tərəfindən tərtib edilmiş ƏEX seriyalı, 252539 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh ASC-yə 10488 manat (01.xx.xx-3500; 07.xx.xx-4366; 01.xx.xx-2622) məbləğində pul vəsaiti köçürülmüşdür.
10. İddiaçı tərəfindən iş materiallarına fotoşəkillər əlavə edilmişdir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, hər hansı tikilinin təmir olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin, eləcə də tikilinin sökülməsi nəticəsində vurulmuş ziyanın dəyəri, həmin tikiliyə baxış keçirilərək, ölçü işləri aparılmaqla, tikilinin təmirinə dair tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri əsasında müəyyən edilir. Mülki iş materialları araşdırılarkən, tədqiq olunan təmir işləri ilə əlaqədar layihə-smeta və materialların alınmasına dair qaimə sənədlərinin iş materiallarına əlavə edilmədiyi müəyyən edilmişdir. Buna görə də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
12. “X1” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 97 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “Monza” avtoyuma məntəqəsində və gözləmə otağında aparılmış təmir-tikinti işlərinə sərf olunan vəsait – 98071,02 manat təşkil edir.
13. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, QCM/M 02-019/25 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirdən öncəki vəziyyəti ilə bağlı təqdim edilmiş fotoşəkillər ilə qeyri-yaşayış sahəsinin təmirdən sonrakı vəziyyəti ilə bağlı təqdim edilmiş fotoşəkillər müqayisəli şəkildə təhlil edilməklə, təmirə çəkilmiş xərcin məbləği 102242,80 manat təşkil edir.
14. İddiaçı1 tərəfindən Cavabdeh ASC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 99.1-ci maddəsinə əsasən ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmənin mövqeyi
18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 01 noyabr 2022-ci il tarixli, 05 nömrəli icarə müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilənin bağlanması və icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcud olması, icarə obyektinin iddiaçıya təhvil verilməsi, icarə obyektinin dövlət orqanının qərarı əsasında sökülməsi işin mübahisəsiz hallarıdır.
19. İşin mübahisəli hallarını icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsində təmir işlərinin aparılması, təmir işlərinə xərcin çəkilməsi, iddia olunan dəymiş zərərin (təmir xərcləri) cavabdehdən tutulması təşkil etmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə daha sonrakı tarixə aid icarə müqaviləsi təqdim edilmiş, lakin müqavilənin iddiaçı tərəfindən imzalanmadığı, imzanın iddiaçıya aid olmadığı qeyd olunmuş, cavabdeh də həmin də halı mübahisələndirməmişdir (o baxımdan sübut qismində qəbul olunmur).
20. İddia tələbi 120000 (yüz iyirimi min) manat pulun Cavabdeh ASC-dən tutularaq iddiaçı Alekberov Kamilə ödənilməsindən ibarətdir.
21. İddiaçı hazırkı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin noyabr ayında o Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə razılığa gələrək ASC-nin mülkiyyətində olan həmin dövrdə istifadə üçün yararsız halda olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 437 kv.m hissəsini icarəyə götürmüş və həmin sahənin istifadəyə yararlı hala gətirilməsi üçün 120000 (yüz iyirimi min) manatdan artıq pul vəsaiti xərcləyərək həmin qeyri-yaşayış sahəsini istifadəyə yararlı vəziyyətə gətirmişdir. Bakı ŞİHB-nin müvafiq sərəncamı əsasında sözügedən ərazidə icarəyə götürdüyü qeyriyaşayış sahəsi söküldüyündən, müqavilə şərtlərinə əsasən dəymiş ziyanla bağlı hazırkı iddia tələbi ilə məhkəmə müraciət etmişdir.
22. Cavabdeh tərəf isə etiraz ərizəsində göstərilən əsaslarla, eyni zamanda müqavilənin müvafiq bəndlərinə istinad etməklə (1.8 və s.) iddia tələbini qəbul etməmişdir. Eyni zamanda cavabdeh “istifadəyə yararlı vəziyyətə gətirmə” ifadəsi ilə razılaşmayaraq, əmlakın istifadəyə yararlı vəziyyətdə olduğunu, müqavilədə yalnız təmirsiz verildiyinin qeyd olunduğunu bildirmişdir.
23. Məhkəmə aşağıdakılara əsasən belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.
24. Əvvəla, iddiaçı tələbini təsdiq edən sübut qismində “X1” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 97 saylı mütəxəssis rəyini və fotoşəkillər təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 99.1-ci maddəsinə əsasən ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə qeyd olunan rəyin çəkişmə prinsipinə əməl edilmədən birtərəfli qaydada əldə olunmasını, cavabdehin həmin rəyin verilməsində iştirak etməməsini və həmin rəylə razılaşmamasını nəzərə alaraq, həmin rəyi mötəbər sübut kimi qəbul etmir.
25. Həmçinin qeyd olunmalıdır ki, təqdim olunan fotoçəkillər də özlüyündə mötəbər sübut sayıla bilməz. Həmin fotoşəkillər sübut kimi qəbul olunsa belə, oradakı əşyaların əmlakdan çıxarılması istisna olunmur, çünki əmlak iddiaçının istifadəsində olmuşdu.
26. Çəkilməsi iddia olunan təmir xərclərinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, hər hansı tikilinin təmir olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin, eləcə də tikilinin sökülməsi nəticəsində vurulmuş ziyanın dəyəri, həmin tikiliyə baxış keçirilərək, ölçü işləri aparılmaqla, tikilinin təmirinə dair tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri əsasında müəyyən edilir. Mülki iş materialları araşdırılarkən, tədqiq olunan təmir işləri ilə əlaqədar layihə-smeta və materialların alınmasına dair qaimə sənədlərinin iş materiallarına əlavə edilmədiyi müəyyən edilmişdir. Buna görə də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
27. Daha sonra yenidən məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, QCM/M 02-019/25 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirdən öncəki vəziyyəti ilə bağlı təqdim edilmiş fotoşəkillər ilə qeyri-yaşayış sahəsinin təmirdən sonrakı vəziyyəti ilə bağlı təqdim edilmiş fotoşəkillər müqayisəli şəkildə təhlil edilməklə, təmirə çəkilmiş xərcin məbləği 102242,80 manat təşkil edir. Təkcə fotoşəkillər əsasında aparıldığından, fotoçəkillər hazırkı mübahisə ilə bağlı mötəbər sübut sayılmadığından, həmin rəy də mötəbər sübut qismində qəbul oluna bilməz.
28. Eyni zamanda qeyd olunur ki, hazırkı mübahisəyə münasibətdə müqavilənin bir sıra bəndləri birlikdə götürülərək sistemli şəkildə şərh olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.8-ci bəndində qeyd edilmişdir ki, bu müqavilənin qüvvədə olduğu müddət ərzində üçüncü tərəflərin iddiası əsasında icarəyə verənin əmlak üzərində mülkiyyət hüququna xitam verilərsə və bunun nəticəsində bu müqaviləyə vaxtından əvvəl xitam verilərsə, icarəçi ona dəymiş ziyanı (icarəyə götürdüyü zaman təmirə çəkilən xərci) icarəyə verəndən tələb etmək hüququ əldə edəcək; icarəçi çəkdiyi xərci təmirdən sonra icarədara bildirib müqaviləyə əlavə etməlidir ki, gələcəkdə dəymiş ziyan məsələsi yaranarsa, məbləğ müəyyən olunmuş olsun. Göründüyü kimi, tərəflər həmin bənddə icarə predmeti icarəyə götürülən zaman təmirə çəkilən xərcləri ziyan kimi nəzərdə tutmuşlar. Bundan əlavə, tərəflər müəyyən etmişlər ki, icarəçi çəkdiyi xərci təmirdən sonra icarədara bildirərək, müqaviləyə əlavə etməlidir ki, gələcəkdə dəymiş ziyan məsələsi (yəni təmir xərcləri) yaranarsa, məbləğ müəyyən olunmuş olsun, yəni çəkilən xərci təmirdən sonra icarədara bildirərək, müqaviləyə əlavə etmək icarəçinin, yəni iddiaçının vəzifəsi kimi müəyyən edilmişdir. Lakin icarəçi həmin qaydaya əməl etməmiş, çəkilən xərclə bağlı müqaviləyə hər hansı əlavələr edilməmiş, məhkəməyə də hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
29. Müqavilənin qeyd olunan bəndi ilə əlaqəli olan 1.9-cu bəndə əsasən icarə müddəti ərzində hər hansı dövlət orqanının inzibati göstərişi əsasında əmlak müvəqqəti və ya daimi bağlanarsa, onun istifadəsi məhdudlaşdırılarsa, onun üzərində mülkiyyət hüququ ləğv olunarsa və ya sökülərsə və bunun nəticəsində bu müqaviləyə vaxtından əvvəl xitam verilərsə və ya icarəçi əmlakın təyinatı üzrə və tam istifadə edə bilməzsə, icarəçi ona dəymiş ziyanı (icarəyə götürdüyü zaman təmirə çəkilən xərci) icarəyə verəndən tələb etmək hüququ əldə edəcək. Məhkəmənin qənaətinə əsasən icarəçi 1.8-ci bənddə qeyd olunan imperativ qaydada müəyyən olunan qaydaya riayət etmədiyindən, çəkilən xərclə bağlı müqaviləyə hər hansı əlavələr edilmədiyindən iddiaçı belə bir hüququ, yəni təmirə hər hansı xərc çəkibsə belə, həmin xərci icarəyə verəndən tələb etmək hüququ əldə etmir.
30. Eyni zamanda məhkəmə nəzərə alır ki, müqavilənin 9.2-ci bəndinə əsasən əmlak təyinatı üzrə istifadə zərurəti ilə əlaqədar icarə predmetində əlavə qurğular və avadanlıqlar quraşdırmaq, kiçik konstruktiv yenidənqurma (ana konstruksiyaya ziyan vurmadan) və xırda təmir işləri aparmaq; 9.6-cı bəndinə əsasən müqavilə ləğv olunarkən quraşdırdığı bütün avadanlıq və qurğuları özü ilə aparmaq icarəçinin hüquqlarına aid edilmiş, yəni müqavilədə iddiaçının kiçik konstruktiv yenidənqurma (ana konstruksiyaya ziyan vurmadan) və xırda təmir işləri aparmaq hüquqlarından bəhs edilir. Halbuki, iddiaçı iddia tələbində qeyd olunan məbləğdə xərc çəkdiyini iddia edir və buna dair heç bir sübutu məhkəməyə təqdim etmir. O cümlədən 3.1-ci bəndə əsasən icarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq əmlakı təyinatı üzrə istifadə etmək üçün öz mülahizəsinə uyğun olaraq zəruri avadanlıqlar, elektrik cihazları, qurğular və digər daşınar əşyalarla təmin və təchiz etmək hüququna malik olmuş və əşyalar üzərində icarəçinin mülkiyyət hüququnun olduğu qeyd olunmuşdur. Müqavilənin 3.2-ci bəndində qeyd olunur ki, müqavilə ləğv olunarkən bütün əşyalar əmlaka zərər vurmadan ayrıla bilərsə, icarəçi tərəfindən geri götürülə və ya tərəflərin qarşılıqlı razılığı ilə icarəyə verənə satıla bilər; 3.3-cü bəndinə əsasən əmlaka zərər vurmadan ayrıla bilməyən əşyalar tərəflərin qarşılıqlı razılığı ilə icarəyə verənə satıla bilər (giriş qapı konstruksiyası). Əmlak söküldüyündən iddiaçının özünə aid bütün daşınar əşyaları geri götürmək hüququ olmuşdur.
31. Həmçinin əmlak söküləndən təxminən 4 ay sonra müqavilənin müddəti bitəcəkdi və iddiaçının müqavilədə qeyd olunan hüququ da müqavilə müddəti üçün nəzərdə tutulmuşdu.
32. Məhkəmə qeyd edir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri).
33. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
35. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırkı nəticəyə gəlmişdir.
36. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova