Məhkəmə qərarları › İş №e-2-2(113)-325/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-325/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-325/2023 13.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsinin iştirakı olmadan, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, Cavabdeh2 iştirakı olmadan, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 021R********** saylı krеdit razılaşması üzrə 10444.11 manat məbləğində krеdit bоrcu, 2698.22 manat məbləğində faiz bоrcu və 4793.85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17936 manat məbləğində bоrcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2014cü il tarixli 02L000011378 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 iddiaçı bank ilə bağladığı xx.xx.2019-cu il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 4555.89 manat ödəmiş, onun 10444.11 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 491 gün üçün hesablanmış faiz borcu 2698.22 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 491 gün üçün hеsablanmış cərimə 4793.85 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iclas günü iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, iddianı qismən, əsas borc məbləği hissəsində qəbul edir, faiz və cərimə borclarının əsassız qaydada şişirdildiyini hesab edir. Hazırda mövcud borcunu ödəməkdən imtina etmir. Pandemiya dövründə yaranmış vəziyyətlə əlaqədar olaraq ödənişləri gecikmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq, yalnız 9000 manat ödəniş olunduğu təqdirdə güzəşt olunacağını Bank bildirmişdir. Bundan əlavə, vergi ödəyicilərinə yardım olacağını bildirsələr də, daha sonra heç bir köməklik olmadı, bu səbəbdən bank qarşısında öhdəliklərimi icra edə bilməyib. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddia tələbini qismən, əsas borc hissəsində qəbul edir, digər hissədə hesablanmış faiz və cərimə borcunu qəbul etmir. Evdə işləyən tək şəxs olduğunu nəzərə alaraq cərimə və faiz borcunun təmin edilməməsini xahiş etdi. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" QSC-nin “Babək” filialı (kredit verən) ilə Cavabdeh3 (kredit alan) arasında bağlanmış 09 yanvar 2014-cü il tarixli, 02L000011378 saylı kredit müqaviləsinə əsasən: 1.1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 50.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.2-ci bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 09 yanvar 2024-cü il tarixdən gec olmayaraq verilməlidir. 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 1.5-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan Ödəniş Planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin “Mərdəkan” filialı (kredit verən) ilə Cavabdeh3 (kredit alan) arasında 02L000011378 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bağlanmış 09 yanvar 2014cü il tarixli, 021R********** saylı Kredit Razılaşmasının aşağıdakı bəndlərinə əsasən: 1.1 Bank məbləği 15000 manat olan krediti aylıq faiz dərəcəsi 1.9167% olmaqla 24 ay müddətinə Kredit Alana verir. 1.2-ci bəndinə əsasən Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tairxlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən Kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ10ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.2-ci bəndinə əsasən Bank 75 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 23.94 % təşkil edir. 4.2.2-ci bəndinə əsasən Kredit Alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh3 məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. - "xxxx" QSC-nin “Babək” və “Mərdəkan” filialları (bank) ilə Cavabdeh2 və Cavabdeh1 Emil (zamin) arasında müvafiq olaraq 09 yanvar 2014-cü il tarixli, 02S000023152 saylı və 15 oktyabr 2019-cu il tarixli, 021A**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrin giriş hissəsinə əsasən həmin müqavilələr "xxxx" QSC ilə borclu Cavabdeh3 arasında bağlanmış 09 yanvar 2014-cü il tarixli Kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşmaları üzrə borclunun öhdəliklərini icrasını təmin etmək üçün bağlanmış, Müddətli kredit müqaviləsinin məbləğinin 50000 ABŞ dolları məbləğində, müddətinin 120 ay, faiz dərəcəsinin yuxarı həddinin 28 %, ödənişlərin dövriliyinin hər təqvim aynda bir dəfə olması müəyyən edilmişdir. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. 3.1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zaminlər icra etməlidir. 3.1.2-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq Kredit məbləğinin qalığının 0.5% (xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə) və 0,1% (xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi üzrə) məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zaminlər ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminlərin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklər tam icra edənədək qüvvədədir (xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə) 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir (xx.xx.2019cu il tarixli Zaminlik müqaviləsi üzrə) Müqavilələr bankın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. - Kreditin verilməsinə dair xx.xx.2019-cu il tarixli qəbzdən göründüyü kimi İddiaçı QSC tərəfindən Cavabdeh3 hesabına 15000 manat məbləğində kredit köçürülmüşdür. - xx.xx.2019 - xx.xx.2022-ci il tarixləri əhatə edən hesabdan çıxarışa əsasən Cavabdeh3 tərəfindən istifadə edilmiş kredit məbləği üzrə xx.xx.2019-cu il tarixində banka edilmiş ödənişləri 790 manat, xx.xx.2019-cu il tarixidə 790 manat, xx.xx.2020-ci il tarixində 790 manat, xx.xx.2020-ci il tarixə 790 manat, xx.xx.2020-ci il tarixə 790 manat, xx.xx.2023-cü il tarixə 790 manat, xx.xx.2020-ci il tarixə 873 manat, xx.xx.2020-ci il tarixə 500 manat, xx.xx.2020-ci il tarixə 500 manat, xx.xx.2020-ci il tarixə 500 manat, xx.xx.2020-ci il tarixə 33.39 manat, xx.xx.2020-ci il tarixə 500 manat, xx.xx.2021-ci il tarixə 500 manat və xx.xx.2021-ci il tarixə 225.36 manat təşkil etmişdir. - Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli, 021R**********S saylı Sazişə əsasən bank ilə kredit alan Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli 02L000011378 saylı Kredit Xətti Müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 021R********** sayllı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 31 avqust 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. 31 avqust 2020-ci il tarixli Ödəniş planına əsasən: restruktirizasiya məbləği - 11874,59 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi kredit qalığından aylar üzrə ödəmə məbləği – cəmi 11874,59 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi kreditin qalığı üzrə aylıq faiz ödəməsinin məbləği – cəmi 2106,26 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə İddiaçı QSC ilə Cavabdeh3 Qabil oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 24 ay müddətinə aylıq ödəmək şərti ilə 15000 manat məbləğində kredit verildiyi, lakin müqavilənin şərtlərini pozduğunu, krediti ödəməkdən yayındığını, buna görə də xx.xx.2022-ci il tarixinə gecikdirilmiş ödəniş məbləğinin 16452,25 manat (əsas məbləğ 10444,11 manat, faiz ödənişi 1036,74 manat, cərimə məbləği 4971,40 manat) təşkil etdiyi, xx.xx.2022-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması, qaytarılmadığı təqdirdə müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. - İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli, 11808 saylı maliyyə arayışına əsasən borclu Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2022ci il tarixə olan əsas borcunun 10444,11 manat, faiz borcunun 2698,22 manat, cərimə borcunun 4793,85 manat, cərimə hesablanmış gecikdirilən günlərin saylı 491 gün olmaqla, cəmi borcu 17936,18 manat, xx.xx.2022-ci il tarixli, 13715 saylı maliyyə arayışına əsasən borclu Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə olan əsas borcunun 10444,11 manat, faiz borcunun 1036,74 manat, cərimə borcunun 1975,94 manat, cərimə hesablanmış gecikdirilən günlərin saylı 248 gün olmaqla cəmi borcu 13456,79 manat və xx.xx.2022-ci il tarixli, 13814 saylı maliyyə arayışına əsasən borclu Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə olan əsas borcunun 10444,11 manat, faiz borcunun 1036,74 manat, cərimə borcunun 1975,94 manat, cərimə hesablanmış gecikdirilən günlərin saylı 248 gün olmaqla, cəmi borcu 13456,79 qeyd olunmuşdur. - Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə, həmçinin xx.xx.2020-ci il tarixli sazişin müddəaları nəzərə alınmaqla hal-hazıradək aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışının tərtib olunduğu (xx.xx.2022-ci il) tarixə əsas, faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekpsertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9118 saylı ekspert rəyinə əsasən isə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması və xx.xx.2020-ci il tarixli 021R**********S saylı əlavə sazişinin də şərtləri nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2002-ci il tarixə banka olan əsas borcu 10668,02 manat, faiz borcu 4048,58 manat və xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 10668.02 manat, faiz borcu iə 4852,85 manat təşkil etmişdir. Bunda başqa rəydə xx.xx.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından Cavabdeh3 cərimənin hesablanmasının mümkün olmadığı qeyd olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 02L000011378 saylı krеdit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 50000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 iddiaçı bank ilə bağladığı xx.xx.2019-cu il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit götürmüşdür. Lakin, Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri müəyyən olunmuş müddətdə banka qaytarmamışdır. Bununla da müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh3 mübahisəli kredit müqaviləsi əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 021R********** saylı krеdit razılaşmasına əsasən kredit alan qismində Cavabdeh3 bank tərəfindən 24 ay mdddətinə aylıq faiz dərəcəsi 1.9167 manat olmaqla 15000 manat kredit ayrılmış krediti həmin razılaşmanın 1.2-ci bəndinə əsasən ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüş, lakin qeyd olunan şərtlərə borclu tərəfindən əməl olunmamış və müqavilə şərtləri tərəfindən pozulmuşdur. Məhkəmə həmçinin iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bundan başqa məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2023-cü il tarixli, 9/9118 saylı rəyinə əsasən isə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması və xx.xx.2020-ci il tarixli 021R**********S saylı əlavə sazişinin də şərtləri nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 10668,02 manat, faiz borcu 4048,58 manat və xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 10668.02 manat, faiz borcu isə 4852,85 manat təşkil etmişdir. Bunda başqa rəydə xx.xx.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından Cavabdeh3 cərimənin hesablanmasının mümkün olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Buna görə məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması və xx.xx.2020-ci il tarixli 021R**********S saylı əlavə sazişinin də şərtləri nəzərə alınmaqla Cavabdeh3 ekspert rəyində göstərilən əsas və faiz borcu daha yüksək olmasına baxmayaraq, İddiaçı tərəfindən iddia ərizəsində tələb olunan məbləğlərdə cavabdehlərdən tutularaq İddiaçıya ödənilməlidir. Belə olan halda məhkəmə Cavabdeh3 İddiaçı QSC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması və xx.xx.2020-ci il tarixli 021R**********S saylı əlavə sazişinin də şərtləri nəzərə alınmaqla bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Cavabdeh3 021R********** saylı krеdit razılaşması üzrə 10444.11 manat məbləğində krеdit bоrcu, 2698.22 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə iddia tələbinin yönəldiyi digər cavabdehlərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı QSC ilə bağlanmış xx.xx.2014-cü il tarixli 021S000023152 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və xx.xx.2019-cu il tarixli 021S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun xx.xx.2014-cü il tarixli 02L000011378 saylı krеdit xətti müqaviləsindən və xx.xx.2019-cu il tarixli 021R********** saylı krеdit razılaşmasından irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün iddiaçı qarşısında tam məsuliyyəti öz öhdələrinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə hesablanmış 4793.85 manat məbləğində dəbbə pulunun cavabdehlərdən müştərək tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh3 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu 522 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 021R********** saylı krеdit razılaşması üzrə 10444.11 manat məbləğində krеdit bоrcu, 2698.22 manat məbləğində faiz bоrcu və 522 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 13664,33 (on üç min altı yüz altmış dörd manat, otuz üç qəpik) manat pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 150 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar