Məhkəmə qərarları › İş №e-2-2(113)-3250/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3250/2023

30.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3250/2023 30.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 14.400 (on dörd min) ABŞ dolları (qətnamə icra olunan günə manatla məzənnəsi ilə) maddi ziyanın və 20.000 manat dəyərində əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulması barədə qətnamə edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur və sahibkarlıq fəaliyyətinin əsas istiqamətini kiçik və böyük tutumlu seyflərin topdan və pərakəndə satışı təşkil edir. Belə ki, Çin Xalq Respublikasında yerləşən seyf istehsalı ilə məşğul olan zavoddan sifariş edir və sifariş olunan malların pulunu həmin zavodun hesabına köçürmə yolu ilə ödədikdən sonra sifariş etdiyi seyflər Azərbaycan Respublikasında fəaliyyət göstərən logistika ilə məşğul olan şirkətlər vasitəsi ilə ünvanına göndərilir. Bu məqsədlə sonuncu dəfə 2022-ci ilin mart ayında eyni qaydada Çin Xalq Respublikasından ümumi dəyəri 15.000 ABŞ dolları olan seyf sifariş etmiş, həmin məbləği köçürmə yolu ilə zavodun hesabına ödədikdən sonra sifariş olunan seyflərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi üçün Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» Ticarət Mərkəzində fəaliyyət göstərən "xxxx" MMC ilə şifahi olaraq razılaşmışdır. "xxxx" MMC-nin formal olaraq direktoru Nümayəndə2 olsa da, faktiki olaraq MMC-yə rəhbərliyi onun atası X4 və şəriki X5 həyata keçirmişlər. İddiaçı Elxan və Mahirdən razılaşmaya dair müqavilə bağlamağı təklif etdikdə onların hər ikisi sifariş olunan malları deyilən ünvana təhvil vedikdən sonra müqavilə bağlayacağını bildirmişdir. Razılaşmaya əsasən, onlar Çin Xalq Respublikasından iddiaçıya məxsus 15.000 ABŞ dolları dəyərində seyfləri Azərbaycan Respublikasına gətirərək təhvil verməli və bundan sonra iddiaçı tərəfindən onlara yol haqqı ödənilməli idi. İddiaçı onlara sifariş olunan malların siyahısını və Çin Xalq Respublikasından malları göndərən zavodun rekivizitlərini onlara təqdim etmişdir. Mahir və Elxan sifariş etdiyi malların maksimum 60 gün müddətində ona çatdıracaqlarını bildirmişlər. Müəyyən müddət sonra Çin Xalq Respublikasında malları göndərən zavodla əlaqə saxladıqda onlar iddiaçının istəyinə uyğun olaraq sifariş etdiyi malları zavod əməkdaşları vasitəsi ilə "xxxx" MMC-nin malları təhvil alacaqları ünvana təhvil verdiklərini bildirmişlər. Sifariş etdiyi malların gecikdiyini gördükdə Həsənov Mahir və Eynalov Elxan ilə əlaqə saxlamış, onlar isə öz növbəsində ona yalnış məlumat şəkilində sənəd göndərərək malların yolda olduğunu və qısa bir vaxt ərzində Azərbaycan Respublikası ərazisinə gətirəcəklərini bildirmişdilər. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, "xxxx" MMC-nin Çin Xalq Respublikasında ofisi olan sahibkar Rəhmancan adlı şəxsə 70.000 ABŞ dolları borcu olduğu üçün ona və ayrı-ayrı şəxslərə məxsus "xxxx" MMC tərəfindən daşınan mallar girov qismində saxlanılmış və borc ödənilməyincə mallar sahiblərinə təhvil verilməyəcəkdir. Bununla bağlı Həsənov Mahir və Eynalov Elxanla danışarkən onlar etiraf etmişdir ki, həqiqətən onların Rəhmancan adlı şəxsə borclu olduqları pula görə mallar orada saxlanmışdır. İddiaçı onlardan qısa zamanda ya sifariş etdiyi malları, ya da həmin malların dəyərini ödəmələrini tələb etmişdir. Onlar müxtəlif bəhanələr gətirərək guya malları girovdan çıxararaq ona təhvil verəcəklərini desələr də, onu aldatdıqlarını və başqa şəxslərə də külli miqdarda borclu olduqları üçün malların artıq girovdan çıxarmalarının mümkünsüz olduğunu anlayıb Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı dindirilən X5 baş verənləri tam etiraf etsə də, təhqiqatçı polis baş leytenantı Vüqar Eyyubovun 23 oktyabr 2022-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması iş üzrə xüsusatların mülki xarakterli olması səbəb ilə rədd edilmişdir. Hüquq mühafizə orqanlarına müraciətdən sonra ona dəymiş ziyandan cüzi bir hissəsi yəni, 600 ABŞ dolları cavabdeh tərəfindən ödənilmiş, qalan 14.400 ABŞ dolları isə ödənilməmişdir. Onların təqsirli əməli nəticəsində iddiaçı nəinki sifariş etdiyi mallardan, həmçinin həmin malların satışından əldə edəcəyi ən azı 20.000 manat dəyərində gəlirlərdən də məhrum olduğunu bildirmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi

- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

10. Məhkəmə iclaslarında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tərəflər arasında yükdaşıma ilə bağlı şifahi razılaşma olduğunu, Cavabdeh rəhbəri Nümayəndə2 adlı şəxs olsa da, şirkətə faktiki olaraq rəhbərliyi X4 və şəriki X2 həyata keçirdiyini, iddiaçının da məhz danışıqları X4 və X5 ilə apardıqlarını bildirmişdir.

11. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin qanuni nümayəndəsinin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilsə də məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəmə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq Cavabdeh Eynalov Elxan və Mahir Həsənov adlı işçiləri olmadığını, adları qeyd edilən şəxslərə MMC-nin adından hər hansı hərəkətlərin edilməsini rəsmi qaydada həvalə edilmədiyini, Cavabdeh MMC ilə iddiaçı arasındakı şifahi razılaşmanı qəbul etmədiyini, Mahir Həsənov adlı şəxsin polisə verdiyi hər hansı izahatın da Cavabdeh MMC-yə qarşı öhdəliyin olması hissəsində sübut kimi heç bir əhəmiyyətinin olmadığını bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir.

12. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsinin məzmununa nəzər yetirildiyində aydın olur ki, iddiaçı tərəf məhz cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi (indiki halda sifariş verilmiş seyflərin gətirilməməsi) səbəbindən maddi ziyana düşdüyünü bildirir.

13. Ona görə də, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə münasibətlərinin yaranıbyaranmamasıdır. Qeyd olunan hal əgər sübut olunarsa bundan sonra maddi ziyanın vurulub-vurulmamasına qiymət verilməlidir.

14. İş materiallarına əlavə olunmuş AR DİN Bakı şəhər Baş Polis İdarəsi Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsində izahatı alınan X5 izahatında xarici dövlətlərdə olan yüklərin respublika ərazisinə gətirilməsi işi ilə məşğul olduğunu, 2021-ci ilin avqust ayında “Sədərək” Ticarət Mərkəzində Elxan adlı şəxslə tanış olduğunu, 2022-ci ilin mart ayında İddiaçı ofisə yaxınlaşaraq Çin Xalq Respublikasından dəmir seyflər sifariş etdiyini, sifarişlərin qiyməti və respublika ərazisinə 60 gün ərzində çatdırılacağı barədə şifahi razılaşdıqlarını, daha sonra İddiaçı məxsus malların Rəhmancan adlı şəxsə məxsus anbara təhvil verildiyini, Elxanın Rəhmancan adlı şəxsə borcu olduğu üçün malların borc ödənilənə kimi girov saxlanıldığını və İddiaçı sifarişlərini bu ilin sonuna kimi gətirəcəyini öz üzərinə götürdüyünü və malların ölkəyə gətirilməməsinin cavabdehliyinin Eynalov Elxanın daşıdığını bildirmişdir.

15. Göründüyü kimi iddiaçı tərəfin özü yükdaşıma ilə bağlı danışıqların məhz X4 və X5 ilə apardığını bildirmişdir.

16. Cavabdeh MMC-nin direktoru isə Nümayəndə2dur. Yəni yuxarıda qeyd edilmiş şəxslərin heç biri Cavabdeh MMC-nin əməkdaşı deyildir.

17. Həmçinin də, Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsində verilmiş X2 izahatından görünür ki, X1 İslamın onunla və Eynalov Elxanla danışdığını bildirmişdir.

18. Belə olan halda, Məkəmə qeyd edir ki, iddiaçı tərəf məhz Cavabdeh MMC ilə hər hansı bir müqavilə münasibətlərinin yaranmasını sübuta yetirə bilməmişdir. Belə ki, qeyd edilən halla bağlı hər hansı bir yazılı müqavilə, qəbz və yaxud şifahi müqavilənin belə olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

19. Qeyd olunan hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, tərəflər arasında hər hansı bir müqavilə münasibəti yaranmamışdır və belə olan halda da, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurması halı istisna olunur.

20. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar