Məhkəmə qərarları › İş №e-2-2(113)-3251/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3251/2023

29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3251/2023 29.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş ziyan, subroqasiya, mediasiya xərci) hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İdiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Cavabdehin nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 10761,30 manat sığorta ödənişinin, ödənilmiş 200 manat İlkin mediasiya xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə xidmət müqaviləsi əsasında çalışan X4 tərəfindən idarə olunan mopedlə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PE *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və sürücü X4 təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PE *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 10861,30 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 10761,30 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC -nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş məbləğ olan 10761,30 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Beləliklə, "xxxx" ASC tərəfindən sığortalıya 10761,30 manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh MMC-dən subroqasiya qaydasında tutulmalıdır.

3. Cavabdehin nümayəndəsinin iddia tələbinə dair təqdim etdiyi yazılı mülahizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tələbini AR Mülki Məcəlləsinin 1099-cu maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi qanun mülki hüquq müqaviləsi əsasında fəaliyyət göstərən şəxsin vurduğu zərərə münasibətdə iki şərt müəyyən etmişdir: hüquqi şəxsin tapşırığının icra edilməsi və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyəti göstərilməsi. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi hadisənin X4 ilə bağlanmış mülki hüquqi müqavilə üzrə tapşırıqların icra edilməsi zamanı baş verdiyini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə X4 ilə bağlanmış müqaviləyə əsasən o işlərin təhlükəsiz aparılmasına cavabdehin nəzarəti altında fəaliyyət göstərməmişdir. Belə ki, həmin müqavilənin 3.2.3.3-cü maddəsinə əsasən xidmət vaxtı kuryer tərəfindən üçüncü şəxslərə vurulan maddi və mənəvi zərərə görə X4 məsuliyyət daşıyır. Qeyd olunan maddənin mətninə əsasən X3 cavabdehin nəzarəti altında fəaliyyət göstərmədiyi aşkardır. Cavabdeh pizza satışı ilə məşğuldur və yalnız satdığı məhsulla bağlı məsuliyyət daşımaqdadır. Həmin məhsulun alıcılara çatdırılması üçün müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə etmişdir. Sahibkarlıq fəaliyyəti ilə müstəqil fəaliyyət göstərən şəxsin vurduğu zərərə görə cavabdehin məsuliyyət daşıması qanun, tərəflərin arasında bağlanmış müqavilə, həmçinin sadə məntiq baxımından da ağlabatan deyil. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyil, lakin təcrübəyə əsaslanaraq məbləğlər eyni hesablanacağı üçün təkrar ekspertizanın keçirilməsinə dair vəsatətin verilməsinə ehtiyac olmadığını bildirdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi/vəkili iddia tələbinə etiraz edərək, yazılı etirazına/mülahizəsinə uyğun çıxış edərək iddianın təmin edilməməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bildirdi ki, Cavabdeh MMC ilə bağlanmış xidmət müqaviləsi əsasında pizzaların çatdırılması üçün kuryer xidmətlərini göstərirmiş. xx.xx.2020-ci il tarixində sifarişi icra edən zaman yol-nəqliyyat hadisəsi baş vermiş və inzibati xəta haqqında protokol tərtib olunaraq o, təqsirli bilinmişdi. Həmin dövrdə yalnız Cavabdeh MMC-yə kuryer xidmətlərini göstərirdi. Gün ərzində iş saatı 11 saat təşkil edirdi. Belə ki, gün ərzində 9 saat üçün 600 manat, 11 saat üçün 920 manat məbləğində maaş verilirdi. Müqavilədə 600 manat göstərilib, amma o 920 manat alırdı. Sonradan müqavilə dəyişildi və 9 saatlıq iş rejiminə keçdi. İşə səhər saat 11-də gəlib axşam saat 23-də gedirdi. Cavabdeh MMC-də həftədə 6 gün olmaqla təxmini 10 ay müddətində işləyib. İş saatları dövründə Cavabdeh MMC-də olurdu və yalnız sifariş daxil olan kimi onu gəbul edib aparırdi. Cavabdeh MMC-yə xidmət göstərdiyi zaman başqa şirkət və ya qurumlara motokuryer xidmətlər göstərməyi mümkün deyildi. Çünki şirkətdə şifarişin icra edilməsi üçün müəyyən vaxt qoyulmuşdur. Sifarişin çatdırılmasına çatdırılma ərazisindən aslı olaraq 30-40 dəqiqə vaxt verilirdi və həmin müddətdən gec qayıdanda Cavabdeh MMC-nin əməkdaşı zəng edib işə gecikmənin səbəbini soruşurdu. Kompyuterdə sifarişi öz adına qəbul edəndən sonra artıq həmin andan vaxtın hesabatı başlanırdı və işə (Cavabdeh MMC-yə) qayıtdıqda komyuterdə qayıtma vaxtını qeyd etməli idi. Yol-nəqliyyat hadisəsi baş verən zaman idarə etdiyi moped onun mülkiyyətimdə olan moped idi, özü almışdı. Sifarişlərin müəyyən müddət ərzində çatdırılmalı olması barədə staj keçdiyi dövrdə təlimatlandırılmışdır. İşə düzələn zaman yanacaq ilə bağlı xərcləri şirkətin özünün qarşılayacağı bildirilmişdir, lakin sonradan bununla bağlı ödənişlər olunmadı. Mopedinə dəymiş zərəri heç kim ödəmədi, onu o vəziyyətdə də satıb. Hadisə baş verən zaman şirkətə zəng edib bununla bağlı məlumat verib və hadisə yerinə şirkətin nümayəndələrindən Elnur və Kamil adlı şəxslər Cavabdeh MMC-yə məxsus avtomobili ilə gəlmişdilər.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Cavabdeh MMC ilə X4 arasında bağlanmış “Moto-kuryer xidmətinin göstərilməsi haqqında” xx.xx.2019-cü il tarixli müqaviləyə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi moto-kuryer xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada Bakı şəhəri daxilində moto-kuryer xidmətləri göstərməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi sifarişçi tərəfindən verilir.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi Bakı şəhəri daxilində moto-kuryer xidmətlərini həyata keçirir.

12. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Camry” markalı, 10PE616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir.

13. “Avtonəqliyyat vasitələrinin tam sığortası” şəhadətnaməsinə əsasən “Toyota Camry” markalı, 10PE616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi "xxxx" ASC-də 71500 manat dəyərində sığortlanmışdır.

14. “Yol hərkət qaydaları, yol hərəkəti təhükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarda bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı qərarına əsasən xx.xx.2020-ci il tarixində, saat 15:45-də X.Şuşinski-Vaqif ərazisində MİNKS D4/50 49KUB markalı motosikel idarə edilərkən velosipedlər və moded idarə edən şəxslər tərəfindən yol nişanlarının və ya yolun hərkət hissəsinin nişanlanması tələblərinin pozulması nəticəsində X4 tərəfindən Azərbaycan Respublikası İXM 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və həmin xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

15. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda xx.xx.2020-ci il tarixdə “Toyota Camry” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “MİNSK D4/50 49KUB” motosiklın iştirak etdiyi yolnəqliyyat hadisəsi Bakı BPİ-nin inspektoru tərəfindən AR İXM-nin 338.4.3 maddəsi ilə İXP ******* nömrəli inzibati protokol tərtib edildiyi qeyd olunmuşdur.

16. 13.05.2020-ci il tarixli heab-fakturaya əsasən "xxxx" MMC tərəfindən sifarişçi "xxxx" ASC-yə “Toyota Camry” markalı, 10PE616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin dəyişdirilməsi və təmiri ilə bağlı 9204,49 manat məbləğində təmir xidməti göstərilmişdir, ƏDV 1656,81 manat müəyyən edilmişdir.

17. 15.05.2020-ci il tarixli, EBAJ seriyalı, 932372 saylı elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə 10861,30 manat məbləğində təmir xidməti göstərilmişdir.

18. Təhvil-təslim aktına əsasən baş vermiş sığorta hadisəsi nəticəsində 10PE616 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən təmir olunuraq səlahiyyətli şəxsə təhvil verilmişdir.

19. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən Bakı şəhəri, Vaqif prospekti ünvanında "xxxx" ASC-də sığortalı olan “Toyota Camry” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10861,30 manat məbləğində ziyan dəydiyi, həmin zərər məbləği avtomobilin təmiri üçün Toyota Bakı Mərkəzi” MMC-nin hesabına köçürüləcəyi, həmçinin sığortalı tərəfindən 100 manat məbləğində azadolma ödəniləcəyi qeyd edilmişdir.

20. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödənişə dair çıxarışından görünür ki,"xxxx" ASC tərəfindən CM-83812020 10PE616 UCB1016747 sığorta ödənişi təyinatı üzrə "xxxx" MMC-nin hesabına 10861,3 manat məbləğində ödəniş həyata keçirilmişdir.

21. Azərbaycan Respublikası MEM-in xx.xx.2022-ci il tarixli, 9/2687 saylı ekspert rəyinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxışlı Toyota Camry markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8939 manat müəyyən edilir.

22. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

23. Belə ki, iddiaçı Cavabdeh MMC-dən subroqasiya qaydasında onun xeyrinə dəymiş ziyana görə 10761,30 manat sığorta ödənişinin verilməsini məhkəmə qaydasında mübahisələndirir. Həmin dəymiş ziyana dair aktlar, ödəniş qəbzi, elektron-qaimə və inzibati xətanın törədilməsinə dair qərarı sübut qismində iş materiallarına əlavə edilmişdir.

24. Cavabdeh tərəf isə iddianı qəbul etmədiyini və hazırkı iş üzrə iddiaçının istinad etdiyi hadisənin X4 ilə bağlanmış mülki hüquqi müqavilə üzrə tapşırıqların icra edilməsi zamanı baş verdiyini təsdiq edən heç bir sübut təqdim edilmədiyini, bundan əlavə X4 ilə bağlanmış müqaviləyə əsasən o işlərin təhlükəsiz aparılmasına cavabdehin nəzarəti altında fəaliyyət göstərmədiyini, o cümlədən həmin müqavilənin 3.2.3.3-cü maddəsinə əsasən xidmət vaxtı kuryer tərəfindən üçüncü şəxslərə vurulan maddi və mənəvi zərərə görə X3 məsuliyyət daşıdığı təkzibedici əsas kimi göstərilmişdir.

25. Məhkəmə ilk olaraq hazırkı mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını sadalamağı və həmin normaların müqayisəli təhlili əsasında iddiaçı və cavabdeh tərəfin dəillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

29. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

30. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

31. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

34. İddiaçı tərəfindən zərərin mövcud olmasını təsdiq edən sübut olaraq məhkəməyə baş vermiş qəzaya dair tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərar, xx.xx.2022-ci il tarixli elektron qaimə, xx.xx.2020-ci il tarixli sığorta aktı, dəymiş zərərin ödənilməsinə dair bank ödəniş çıxarışı təqdim olunmuşdur. Həmin sənədlər əsasında iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinin 10761,3 manat dəyərində təmir xərcləri ödənildiyi qeyd olunmuşdur.

35. Zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması ilə bağlı isə məhkəməyə sübut kimi baş vermiş qəzaya dair tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərar və xx.xx.2020-ci il tarixli sığorta akt, CD-disk daşıyıcıda foto şəkillər təqdim olunmuşdur. Həmin sənədlərdə təqsirkar şəxs kimi MİNKS D4/50 49KUB markalı motosikli idarə edən moto-kuryer X4 tanınmışdır. Eyni zamanda həmin şəxs Cavabdeh MMC-də moto-kuryer olması işdə olan xx.xx.2020-ci il tarixli müqavilə ilə və proses iştirakçılarının təsdiqi ilə də sübuta yetirilir.

36. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin:

37. 1099.1 və 1099.2-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

38. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə vəi.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

39. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1099.1-ci maddəsinin tələbi baxımından sığortalı nəqliyyat vasitəsinə dəymiş zərərin subroqasiya qaydasında Cavabdeh MMC-dən tələb etməsi qanunauyğundur.

40. Bundan əlavə dəymiş zərərin məbləğinin müəyyən edilməsi il bağlı işə rayon məhkəməsində baxılan zaman dəymiş zərər məbləği xx.xx.2022-ci il tarixli, 9/2687 saylı ekspert rəyinə əsasən Toyota Camry markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8939 manat müəyyən edilmişdir. Buna görə də məhkəmə həmin məbləğ həcmində dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanunauyğun hesab edir.

41. Bundan əlavə məhkəmə cavabdehin etirazında hadisənin X4 ilə bağlanmış mülki hüquqi müqavilə üzrə tapşırıqların icra edilməsi zamanı baş verdiyini təsdiq edən heç bir sübut təqdim edilmədiyini, bundan əlavə X4 ilə bağlanmış müqaviləyə əsasən o işlərin təhlükəsiz aparılmasına cavabdehin nəzarəti altında fəaliyyət göstərmədiyini, o cümlədən həmin müqavilənin 3.2.3.3-cü maddəsinə əsasən xidmət vaxtı kuryer tərəfindən üçüncü şəxslərə vurulan maddi və mənəvi zərərə görə X3 məsuliyyət daşıması ilə bağlı irəli sürdüyü dəlillər formal mülahizələrdən ibarət olduğundan qanunsuz və əsassız hesab edir. Bununla bağlı gəlmiş olduğu qənaəti aşağıdakı hüquqi mövqeyi ilə əsaslnadırılmasını zəruri hesab edir.

42. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsasən Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

43. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.

44. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.

45. Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır.

46. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.

47. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

48. Qeyd olunan qərardadan da göründüyü kimi cavabdeh hüquqi şəxslə sığorta predmetinə zərər vurmuş üçüncü şəxs arasında xidmət müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdeh şəxsə xidmət göstərilmişdir. Qeyd edilən faktın özü belə tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci, 2.1-ci və 2.2-ci bəndləinə öz əksini tapmış və həmin müqavilə şərtlərinə əsasən üçüncü şəxs – X4 cavabdehin tapşırıqları əsasında xidmət göstərmiş və cavabdehin funksiyasının icrası (cavabdeh-Cavabdeh MMC-nin alıcısının/müştərisinin onlayn sifarişi əsasında pitsanın çatdırılması) zamanı iddiaçı şirkətdə sığortalanmış nəqliyyat vasitəsinə zərər yetirmişdir.

49. Keçirilmiş ekspertiza xərci olan 100 manat Bakı şəhəri Nizami Rayon Məhkəməsində qəbul edilmiş e-2(007)-579/2022 saylı (iddia ərizəsinin baxılmamış saxlanmılması barədə) qərardadla tərəflərdən tutulduğundan, məhkəmə, təkrar həmin xərcin cavabdehdən tutulmasına lüzum olmadığı qənaətinə gəlir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə (8939 manat) mütənasib olaraq iş üzrə ödənilmiş 110 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən 8939 manat məbləğində pul vəsaiti və mediasiya xərcinin əvəzi olaraq 110 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar