Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3253/2024 09.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, müqavilədən imtina və müqavilənin ləğvi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 08 iyun 2022ci il tarixli kredit müqaviləsi üzrə 2151,43 manat əsas borc, 200,55 manat faiz borcu və 50,42 manat cərimə borcu olmaqla ümumilikdə 2402,4 manat məbləğində pulun və ödənilmiş 44,02 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 120 ay müddətinə 100 000 manat kredit limiti ayrılmışdır. Bundan sonra Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 24 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. 2.2. 2024-cü il mart ayının 13-dək Cavabdeh3 iddiaçıya xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2151,43 manat əsas borcu, 200,55 manat faiz borcu və 100,83 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2452,81 manat borcu vardır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 100,83 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 50,42 manat məbləğində tələb olunur. 2.3. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2.1, 467-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3253/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Cavabdeh3 məhkəmə iclaslarında iştirak edərək, tələb edilən əsas borc və kredit müddətinə hesablanmış faiz məbləği ilə razı olduğunu, lakin maddi çətinliklərlə bağlı ödənişi həyata keçirə bilmədiyini qeyd etdi.
7. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanlara çatdırılmaqla, mobil telefon nömrələrinə “SMS” bildiriş çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehin iştirakları olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 23-MCR-1-783-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə (kreditor qismində iddiaçı, borcalan qismində Cavabdeh3) əsasən, kredit limitinin məbləği 100 000 manat (həmçinin kreditin verildiyi məqamda mövcud olan Bankın xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində), müddətini 120 ay, aylıq faiz dərəcəsini 2,50%, cəriməsini 0,20% (gündəlik) təşkil edir. Həmin razılaşmanın 5-ci bəndinə görə, müştəri bu razılaşmanı imzalamaqla bəyan edir və təsdiq edir ki, Bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Şərtlər Toplusunu oxudu, sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu razılaşmanın imzalanması nəticəsində həmin Şərtlər Toplusunun gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Adıçəkilən razılaşmanın 7ci bəndinə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Şərtlər Toplusu bu razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunur.
13. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 23-MCR-1-783-22/1 nömrəli kredit verilməsinə dair müqaviləyə (kreditor qismində iddiaçı, borcalan qismində Cavabdeh3) əsasən, kreditin məbləği 5000 manat, müddəti 24 ay, faiz dərəcəsi aylıq 2%, təyinatı biznes məqsədi, faktiki illik faiz dərəcəsi (FİFD) 25,07%, cərimə 0,20% (gündəlik) təşkil edir.
14. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 1 saylı əlavədən görünür ki, kredit məbləği üzrə ilkin ödəniş tarixi xx.xx.2022-ci il, sonuncu ödəniş tarixi xx.xx.2024-cü il tarixi olmaqla 5000 manat əsas məbləğ, 1344,48 manat faiz məbləği şərtləşdirilmişdir.
15. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli Z/09293/22 nömrəli (iddiaçı kreditor qismində; Cavabdeh2 zamin qismində), xx.xx.2022-ci il tarixli Z/09292/22 nömrəli (iddiaçı kreditor qismində; Cavabdeh1 zamin qismində) zaminlik müqavilələrinin şərtlərindən görünür ki, müqavilənin predmeti xx.xx.2022-ci il tarixli 23-MCR-1-783-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrıldığı vəsaitdir (1.2). Bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 100 000 AZN (və ya müvafiq valyuta ekvivalentində) təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ bu Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalara əsasən borcalanın kreditordan aldığı kredit məbləğindən ibarətdir); 120 ay təşkil edən kredit limitini qaytarılma müddəti; kredit limiti üzrə aylıq 2,50 faizdən çox olmamaqla hesablanacaq məbləğ (faiz dərəcəsi kreditor tərəfindən tələb edilə biləcək ən çox faiz dərəcəsini ifadə edir, kreditorun bu müqavilə üzrə faiz borcunun tələbi isə bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalar üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır) (2.1).
16. Həmin müqavilələrin 4-cü hissəsinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (4.1). Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır (4.2). Zamin borcalanın kredit müqaviləsindən irəli gələn vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə kreditor qarşısında ona (zaminə) məxsus bütün əmlakı ilə məsuliyyət daşıyır.
17. İş materiallarında olan 13 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 23-MCR-1-783-22/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə xx.xx.2024-cü il tarixə əsas borc 2452,81 manat (sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə 6,21 manat), faiz borcu 200,55 manat (sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə 20,12 manat) təşkil edir.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 23-MCR-1-783-22/1 nömrəli kredit verilməsinə dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 5000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh3 verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmış, sonuncular Cavabdeh3 öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Cavabdeh3 kredit məbləğini təşkil edən 5000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
19. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 2151,43 manat əsas borc, 200,55 manat məbləğində faiz borcunun tutulmasını xahiş edir.
20. Cavabdeh3 tələb olunan borc məbləği ilə razı olduğunu bildirir, lakin maddi çətinliklərlə bağlı ödənişi həyata keçirə bilmədiyini bildirir.
21. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən, iddiaya heç bir etiraz etmirlər.
22. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
23. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
25. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
27. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
28. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
29. İş materiallarından görünür ki, iddiaçı 13 mart 2024-cü il tarixli pretenziya məktubu ilə cavabdehə (borcalana) müraciət edərək, borcun tam nödənilməsini tələb etmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə sonuncuya göndərilmiş, cavabdeh qəbzə imza etməklə qəbul etmişdir.
30. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
31. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
32. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
33. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu yollayaraq borcun tam ödənilməsini tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin məktubun cavabdehə çatdırıldığı həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda, iddiaçı xx.xx.2024-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.
34. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə (əsas məbləğ və hesablanmış faizlər ilə) bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
35. Cavabdeh3 bank hesabından xx.xx.2022 – xx.xx.2024-cü il dövrlərini əhatə edən çıxarışı təhlil etdikdə aydın olur ki, əsas borcdan 2848,57 manat, faiz borcundan 1206,92 manat ödəniş olmuşdur.
36. Bundan başqa bank hesabından çıxarışdan görünür ki, iddia tələbinin əsaslandığı maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixdən sonra hər hansı ödəniş olmamış, sonuncu ödəniş arayışda qeyd edildiyi kimi xx.xx.2024-cü il tarixdə olmuş, 6,21 manat əsas borca, 20,12 manat faiz borcuna, 23,67 manat cəriməyə silinmişdir.
37. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə əsas borc 2151,43 manat, faiz borcu 200,55 manat qalmışdır.
38. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları və izahlı maliyyə arayışı ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, xx.xx.2022-ci il tarixli 23-MCR-1-783-22/1 saylı kredit müqaviləsi üzrə əsas borc 2151,43 manat (5000 manat – ödənilən 2848,57 manat), iddiaçının tələb etdiyi tarixə gecikdirilmiş faiz borcu isə 200,55 manat təşkil edir.
39. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 23-MCR-1-783- 22/1 saylı kredit müqaviləsi üzrə borc məbləği maliyyə arayışına əsaslanmaqla 2151,43 manat əsas borc, 200,55 manat faiz borcu kimi müəyyən edilməlidir.
40. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
41. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
42. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
44. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli 23-MCR-1-783- 22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilədə və həmin tarixli zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, xx.xx.2022-ci il tarixli 23-MCR-1-783-22/1 nömrəli kredit verilməsinə dair müqavilə kredit limitinin ayrılmasına dair razılaşma və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adıçəkilən kredit razılaşması üzrə digər Cavabdeh3 iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar.
45. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli 23- MCR-1-783-22/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 2151,43 manat əsas borc, 200,55 manat faiz borcu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
46. İddiaçı 50,42 manat cərimə məbləğinin cavabdehlərdən tutulmasını xahiş edir.
47. xx.xx.2022-ci il tarixli 23-MCR-1-783-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə və xx.xx.2022-ci il tarixli 23-MCR-1-783-22/1 nömrəli kredit verilməsinə dair müqavilənin müvafiq olaraq 2 və 3-cü bəndi ilə gündəlik 0,20 faiz cərimə nəzərdə tutulmuşdur.
48. xx.xx.2022-ci il tarixli Z/09293/22 və Z/09292/22 nömrəli zaminlik müqavilələrinin 2.1.4-cü bəndi ilə nəzərdə tutulmuşdur ki, zaminliklə təmin edilmiş öhdəliyə o cümlədən kredit limiti üzrə ödənişlər gecikdirildiyi halda gündəlik 0,20 faizdən çox olmayan gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ daxildir.
49. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
50. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
51. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehlər tutulmalı cərimə məbləğinin 50,42 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
52. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 50,42 manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. c) Məhkəmə xərcləri ilə bağlı
53. İddiaçı ödənilmiş 44,02 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını xahiş edir.
54. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, 44,02 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
55. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
56. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,02 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında 23- MCR-1-783-22 saylı xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bağlanmış 23-MCR-1- 783-22/1 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2151 (iki min yüz əlli bir) manat 43 (qırx üç) qəpik əsas borc, 200 (iki yüz) manat 55 (əlli beş) qəpik faiz borcu, 50 (əlli) manat 42 (qırx iki) qəpik cərimə borcu olmaqla ümumilikdə 2402 (iki min dörd yüz iki) manat 40 (qırx) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat 02 (iki) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova