Məhkəmə qərarları › İş №e-2-2(113)-3268/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3268/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3268/2022 27.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdehnə (MMC) qarşı icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə yaranmış 23010 manat icarə haqqının və icarə haqqının ödənilməyən günlərə görə hesablanmış 40267,50 manat cərimə olmaqla, ümumilikdə 63277,50 manat məbləğində pul vəsaitinin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 410 manat məbləğinin "İmport Group of Azerbaijan” MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan binada ümumi sahəsi 325 kv.m olan ofis sahəsini 11 ay müddətinə icarəyə götürməyi və aylıq 5752,5 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən hazırkı müqavilənin 6-cı hissəsinin müddəalarına uyğun olaraq icarə müddətinin qurtarmasından əvvəl müqaviləyə xitam verilə bilər. Eyni zamanda, müqavilənin 3.5-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarəyə verənə icarə haqqının 1%-i məbləğində cərimə ödəyir. Göstərilənləri nəzərə alaraq, cavabdehə 13 aprel 2022-ci il tarixli 11-2022-0036 nömrəli pretenziya məktubu ünvanlanaraq 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə 1 oktyabr 2020-ci il tarixinə qədər yaranmış 23010 manat icarə haqqı borcu və icarə haqqının ödənilməyən günlərə görə hesablanmış 33191,93 manat cərimə olmaqla, ümumilikdə 56201,93 manat məbləğinin ödənilməsi tələb olunmuş, cavabdeh isə bu günə kimi ödəniş etməmişdir. Buna görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə öhdəlikləri üzrə ödənilməmiş 23010 manat icarə haqqı və icarə haqqının ödənilməyən günlərə görə hesablanmış 40267,5 manat cərimə olmaqla, ümumilikdə 63277,5 manat məbləğinin ödənilməsi tələb olunur. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə yaranmış 23010 manat icarə haqqı borcu, icarə haqqının ödənilməyən günlərə görə hesablanmış 40267,5 manat cərimə və kobud pozuntuya görə yaranmış 11505 manat cərimə olmaqla, ümumilikdə 74782,5 manat məbləğində pul vəsaitinin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 410 manat məbləğinin "İmport Group of Azerbaijan” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında qeyd etmişdir ki, cavabdeh 2017-ci ilin sonlarından Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti 35 ünvanında yerləşən ofis binasında icarə müqaviləsi əsasında fəaliyyət göstərməyə başlamışdır. 2018-ci ilin əvvəllərində yuxarıda qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ofis binası) mülkiyyətçisi dəyişərək iddiaçı olmuşdur. Bundan başqa, Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti 35 ünvanının yaxınlığında yerləşən 33 nömrəli qeyriyaşayış binası da iddiaçıya məxsusdur. Tbilisi prospekti 35 ünvanında yerləşən ofis binasında ofis sahəsinin icarəsi ilə bağlı iddiaçı və cavabdeh arasında müxtəlif tarixlərdə icarə müqaviləsi bağlanmış və bununla tərəflər arasında inam və işgüzar münasibətlər formalaşmışdır. Cavabdehin əsas fəaliyyət sahəsi təmir tikinti işlərinin həyata keçirilməsindən ibarətdir. Məhz bu səbəbdən, iddiaçı və onun törəmə şirkəti olan "xxxx" MMC ilə 2018-2019-cu illərdə bir neçə dəfə xidmət müqavilələri imzalanmış, həmin xidmət müqavilələrinə əsasən "xxxx" MMC "xxxx" ASC-yə məxsus olan qeyri-yaşayış binasında təmir tikinti işləri həyata keçirmişdir. Bu təmir tikinti işləri həyata keçirildikdən sonra xidmət haqqı iddiaçının törəmə şirkəti tərəfindən tam olaraq ödənilmişdir. Bu münasibətlərin nəticəsində cavabdehin "xxxx" ASC-yə olan inamı daha da artmışdır. 2018-ci ilin əvvəllərində "xxxx" ASC cavabdehə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, 1033cü məhəllə, Tbilisi prospekti 35 ünvanında yerləşən yaşayış binasının təyinatının dəyişdirilməsi ilə əlaqədar layihə işlərinin həyata keçirilməsi üçün qiymət təklifi verməsini xahiş etmişdir. Həmin müraciət əsasında cavabdeh qiymət təklifi hazırlayaraq "xxxx" ASCyə təqdim etmiş, onun tərəfindən həmin qiymət təklifi qəbul edilmişdir. Qiymət təklifinin qəbul edilməsi ilə bağlı "xxxx" ASC tərəfindən 21 may 2018-ci il tarixli 02\04-289 nömrəli məktub verilmişdir. Bununla əlaqədar, tərəflər arasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən yaşayış binasının ofis binasına dəyişdirilməsi ilə əlaqədar layihə işlərinin görülməsi üçün 17 may 2018-ci il tarixli, 12 saylı satınalma müqaviləsi bağlanmışdır. Qeyd olunan satınalma müqaviləsinin dəyəri "xxxx" ASC tərəfindən hissəvi olaraq, 2018-ci ilin avqust və 2019-cu ilin yanvar ayları aralığında ödənilmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı və cavabdeh arasında qarşılıqlı inam və işgüzar münasibətlər mövcud olduğundan "xxxx" ASC göstərilən ünvanda təmir tikinti işlərinin tez zamanada görüləməyə başlanılmasını cavabdehdən xahiş etmiş, cavabdeh isə buna etiraz etməmişdir. Bu minvalla həmin ünvanda cavabdeh tərəfindən təmir tikinti işlərinin görülməsinə 2018-cil ilin iyun ayında başlanılmışdır. Cavabdeh tərəfindən görülən təmir tikinti işlərinə nəzarət "xxxx" ASC tərəfindən "xxxx" MMC adlı şirkətə həvalə edilmişdir. Eyni zamanda, "xxxx" MMC tərəfindən də həmin ünvanda müəyyən işlər görülmüşdür. Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 33 ünvanında yenidənqurma işlərinin görülməsi müəyyən sübutlarla tam təsdiq olunur. 03 yanvar 2019-cu il tarixli və 06 dekabr 2018-ci il tarixli müqavilələrdən də görünür ki, cavabdeh qeyd olunan ünvanda işlərin görülməsi üçün üçüncü şəxsləri cəlb etmişdir. Buradan aydın olur ki, cavabdeh iddiaçının razılığı olmadan ona məxsus olan əmlakda işlərin görülməsinə digər şəxsləri və podratçıları cəlb edə bilməzdi. İddiaçı ilə cavabdeh arasında etibarlı işgüzar münasibətlər olduğundan, tərəflər razılaşmışlar ki, bütün ödənişlər cavabdehə nağd qaydada ödəniləcəkdir. İddiaçı cavabdehə ödənilməli olan 510626,9 manat məbləğində pul vəsaitindən 413626,9 manat ödənişi müxtəlif vaxtlarda ödəmiş, cavabdehin qarşısında 97000 manat məbləğində ödənilməmiş pul vəsaiti qalmışdır. Tərəfələr icarə münasibətlərində olduğundan iddiaçının cavabdehə ödəməli olduğu pul vəsaitinin ödəniləcəyindən narahatçılığı olmamışdır. Qeyd etmək istərdik ki, həmin təmir tikinti işləri görülüb qurtardıqdan sonra, iddiaçı cavabdehi borcun ödəniləcəyinə inandırmaq üçün, "xxxx" ASC-nin törəmə şirkəti olan "xxxx" MMC tərəfindən 2019-cu ilin iyul ayında cavabdeh "xxxx" MMC ilə yenidən xidmət müqaviləsi imzalamış, lakin heç bir xidmət göstərilməmişdir. "xxxx" ASC həmin müqavilə ilə cavabdehin onunla arasında olan işgüzar münasibətlərin davam edəcəyinə inandırmağa çalışırdı və cavabdeh buna inanaraq iddiaçıdan pul tələb etməyib. 2020-ci ilin fevral ayında tərəflər icarə münasibətlərinə xitam vermək qərarına gəlmiş və bununla bağlı iddiaçı ilə cavabdeh arasında 28 fevral 2020-ci il tarixli 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 saylı icarə müqaviləsininin ləğvinə dair saziş imzalanmışdır. Həmin sazişdə cavabdehin iddiaçıya icarə müqaviləsi üzrə borcunun olması barədə qeyd olmamışdır. Həmin sazişin 2-ci bəndində də göstərilmişdir ki, icarəçi yalnız 28 fevral 2020-ci il tarixdən 18 mart 2020-ci il tarixədək yaranan icarə haqqını ödəyəcəkdir. İddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşmaya əsasən, 01 noyabr 2019-cu il tarixdən 01 mart 2020-ci il tarixədək olan dörd aylıq icarə haqqı iddiaçının cavabdehə olan 97000 manat məbləğində borcundan çıxılmalı idi. Eyni zamanda, "xxxx" ASC cavabdehi əmin etmişdir ki, onlar arasında daimi işgüzar münasibətlər mövcuddur və yeni layihələr olacaqdır, həmin layihələr üzrə işlərin görülməsi də məhz cavabdehə həvalə ediləcəkdir. Həmin qalıq borc məbləği (97.000- 23.000=74.000) qısa zamanda İddiaçı tərəfindən ödənilməli idi. 2020-ci ildə baş tutan sonuncu görüşdən sonra ölkədə hökm sürən pandemiya səbəbindən cavabdeh məcbur olaraq bununla razılaşmış və qısa müddət səbr edib gözləməyə məcbur olmuşdur. Lakin “ASK" ASC öz vədinə əməl etməyərək 04 avqust 2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 01 noyabr 2019-cu il tarixli 11-İC- AX-19 saylı icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqını tələb etmişdir. Halbuki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən həmin icarə haqqı iddiaçının cavabdehə olan borcundan çıxılmalı idi. Bundan sonra 08 oktyabr 2021-ci il tarixdə cavabdeh iddiaçıya pretenziya məktubu ünvanlayaraq, görülmüş təmir tikinti işləri nəticəsində yaranmış borcun ödənilməsini tələb etmişdir. Bununla əlaqədar, iddiaçı və cavabdeh arasında yenidən danışıqlar baş tutmuş, müvəqqəti olsa da razılıq əldə edilmişdir. Lakin sonradan iddiaçı 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 saylı icarə müqaviləsi üzrə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan: "xxxx" ASC ilə "İmport Group of Azerbaijan” MMC arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsinə əsasən İcarəyə verən – "xxxx" ASC Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan binanda 325 kv.m. ibarət sahəni icarəçi – "İmport Group of Azerbaijan” MMC-yə ofis kimi istifadə üçün icarəyə verir, icarəçi isə icarə obyektini ona zərər vurmadan icarəyə götürür; "xxxx" ASC ilə "İmport Group of Azerbaijan” MMC arasında bağlanmış 28 fevral 2020-ci il tarixli “01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi”nin ləğvinə dair sazişə əsasən 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi 02 mart 2020-ci il tarixdən ləğv edilir; xx.xx.2019-cu il tarixli, EBAC seriyalı, 276028 nömrəli elektron qaiməyə əsasən noyabr ayı üzrə 5752,5 manat, xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 652795 nömrəli elektron qaiməyə əsasən dekabr ayı üzrə 5752,5 manat, xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 038616 nömrəli elektron qaiməyə əsasən yanvar ayı üzrə 5752,5 manat, xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 247235 nömrəli elektron qaiməyə əsasən fevral ayı üzrə 5752,5 manat (4) ay üzrə "İmport Group of Azerbaijan” MMC-nin sahənin icarəsi ilə bağlı 23010 manat məbləğində borcu yaranmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, "xxxx" ASC ilə "İmport Group of Azerbaijan” MMC arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə cavabdehin 2019-cu ilin noyabr və dekabr, 2020-ci ilin yanvar və fevral ayları üzrə ümumi 23010 manat məbləğində borcu yaranmışdır. "xxxx" ASC ilə "İmport Group of Azerbaijan” MMC arasında bağlanmış 28 fevral 2020-ci il tarixli “01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi”nin ləğvinə dair sazişin 2-ci bəndində qeyd olunmuşdur ki, icarəçi bəyan edir ki, “....18 mart 2020-ci ilə qədər icarə dövrü üzrə icarə və kommunal haqqına görə yaranan borcları öz öhdəsinə götürür”. Cavabdeh MMC tərəfindən icarə müqaviləsi üzrə borcun mövcudluğu mübahisələndirilmir. Belə ki, məhkəməyə təqdim olunmuş Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 08 oktyabr 2021-ci il tarixli pretenziya məktubunda belə iddiaçıdan “qarşılıqlı haqq-hesab aparılması” xahiş olunmuşdur. Cavabdeh MMC-nin iddia tələbinə etirazını o hal təşkil edir ki, iddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşmaya əsasən, 01 noyabr 2019-cu il tarixdən 01 mart 2020-ci il tarixədək olan dörd aylıq icarə haqqı iddiaçının cavabdehə olan 97000 manat məbləğində borcundan çıxılmalı idi. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəliklərin qarşılıqlı əvəzləşdirməsi barədə yazılı razılaşma məhkəməyə təqdim olunmamış, iddiaçı tərəfindən isə şifahi razılaşmanın mövcud olması qəbul olunmur. Bundan başqa, Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı irəli sürülmüş tələbi hazırki mübahisə predmeti olmamaqla, digər icraatda araşdırılır, borcun olub-olmaması, olduğu təqdirdə isə miqdarı müəyyən olunmamışdır. Buna görə də cavabdehin icarə haqqı borcunun ödənilməməsi ilə bağlı etirazı əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh hesablanmış icarə haqqının məbləği ilə razı olmadığı təqdirdə iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən icarə haqqının ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Cavabdeh MMC tərəfindən 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə 23010 manat məbləğində icarə haqqı üzrə borcun olması mübahisələndirilmədiyindən, məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, iddia 23010 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarəyə verənə icarə haqqının 1%-i məbləğində cərimə ödəyir. Tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən icarəçi kobud pozuntuya yol verdikdə icarəyə verənə iki aylıq icarə haqqı həcmində cəriməni ödəməlidir. Müqavilənin 6.2.1-ci bəndində göstərilmişdir ki, icarə haqqının 10 gündən artıq gecikdirilməsi kobud pozuntu hesab olunur. Bununla da, müqavilənin 3.5-ci bəndinə əsasən hesablanmış cərimənin miqdarı 40267,50 manat, 6.3-cü bəndinə əsasən hesablanmış cərimənin miqdarı isə 11505 manat, ümumilikdə cərimə 51772,5 manat müəyyən olunur. Lakin, məhkəmə 23010 manat əsas borca 51772,5 manat cərimənin hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 51772,5 manat cərimənin miqdarı azaldılaraq 1500 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 131 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 23010 manat məbləğində pul əsas borc və 1500 manat məbləğində cərimə olmaqla ümumilikdə 24510 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 131 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar