Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-327/2024 20.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC (borc verən) ilə "xxxx" MMC (borc alan) arasında 18 mart 2022-ci il tarixli, 09/2022KT saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borc verən borc alana dövriyyə vəsaitinin artırılması məqsədi ilə İllik 18 % hesablanmaq şərti ilə, 12 ay müddətinə 260.000 manat məbləğində kredit xətti açır. 5.1-ci bəndinə əsasən kreditin ödənilməsi borc verən tərəfindən bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə həyata keçirilir. Borc alan kreditdən istifadə üçün, faizləri hər ayın 18-dən gec olmayaraq, əsas məbləği müddət ərzində olmaqla xx.xx.2023-cü il tarixinə qədər ödəməlidir. 5.2-ci bəndinə əsasən kredit bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə və məbləğlərdə borc alan tərəfindən ödənilməzsə, borc verən ödənilməmiş borc məbləğini vaxtı keçmiş borca aid edərək, həmin gündən borc alandan gecikdirilmiş ödənişlərin məbləğindən illik 32% dərəcəsi ilə kreditdən istifadə haqqı tutacaqdır. Kredit xətti müqaviləsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı ASC (ipoteka saxlayan) ilə "xxxx" MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında 18 mart 2022-ci il tarixli 09/2022KT saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2022-ci il tarixli. 09/2022KT№-li krediti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndinə əsasən ipoteka predmeti Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 14 və 15 mərtəbəli binada 178.18 kv.m. ümumi sahədən ibarət 4 otaqlı 208 nömrəli mənzildir. 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 360.000 manat dəyərində müəyyən olunmuşdur. 3.1-ci bəndinə görə bu ipoteka müqavilə üzrə əsas öhdəlik borc verən ilə borc alan arasında Sumqayıt şəhərində bağlanmış xx.xx.2022-ci il tarixli, 09/2022KT №-li Kredit müqaviləsidir. 3.2-ci bəndinə əsasən bağlanmış xx.xx.2022-ci İİ tarixli, 09/2022KT№-li kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə qədər, illik 18 % olmaqla 260.000 manat məbləğində kredit verilir. 9.1-ci bəndinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyan və borc alanın imzası (o cümlədən ipoteka saxlayanın və borcalanın) möhürü vurulmaqla notariat qaydasında təsdiq edilmişdir.
3. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında yerləşən sahəsi 178,18 kv.m olan 208 nömrəli mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında xx.xx.2022-ci il tarixli, 09/2022KT saylı kredit müqaviləsinə istinad edilmişdir.
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş Sum/123 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 09/2022KT nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 23 avqust 2023-cü il tarixinə əsas borcu 260.000 manat, faiz borcu 18.339,61 manat olmaqla cəmi borcu 278.339,61 manat təşkil edir.
5. İddiaçı ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarələrinə ünvanladığı müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinin təsdiqetmə barədə bildirişi ilə təsdiq edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında yerləşən sahəsi 178,18 kv.m olan 208 nömrəli mənzilə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc alan "xxxx" MMC-yə və ipoteka qoyan Cavabdeh1 xx.xx.2023-cü il tarixli, xx/xx-6140 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 1 nömrəli mənzil ipoteka ilə yüklü edildiyi bildirilmiş və borc alan tərəfindən xx.xx.2022-ci il tarixli, 09/2022KT nömrəli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc alan "xxxx" MMC-yə və ipoteka qoyan Cavabdeh1 pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli, 9/391 saylı ekspert rəyinə əsasən "xxxx" MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) faiz borcu 4.680,30 manat müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdən (kreditin verilmə müddətinin bitdiyi tarixdən) sonra da cavabdeh tərəfindən iddiaçı banka 10.000,69 manat məbləğində ödəniş aparılmış, həmin ödənişlərin 4.680,30 manat hissəsi müqavilə müddətinin bitdiyi tarixə hesablanmış faiz borcuna görə silinmiş, geriyə qalan 5.320,39 manat (10.000,69- 4.680,30) məbləğində pul vəsaiti isə cavabdehin əsas borcundan silinməklə, xx.xx.2024cü il tarixə (ekspert rəyinin verildiyi tarixə) cavabdehin 254.679,61 manat əsas borcu müəyyən edildi. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir.
9. "xxxx" MMC-nin 18 mart 2024-cü il tarixli, LP-028/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 1 nömrəli mənzilin hazırki bazar qiyməti 508.000 manat, likvid qiyməti isə 457.000 manat dəyərində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir.
10. "xxxx" MMC-nin 10 may 2024-cü il tarixli, 044/KS/024 saylı mütəxəssis rəyinə əsasən ünvan 1 nömrəli mənzilin xx.xx.2024-cü il tarixinə bazar qiyməti 559.000 manat, likvid qiyməti isə 520.000 manat dəyərində müəyyən edilmişdir.
11. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2022ci il tarixli, 09/2022KT saylı kredit müqaviləsi üzrə "xxxx" MMC sonuncu dəfə xx.xx.2023cü il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
12. İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMCyə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən (VÖEN: **********) 260000 manat məbləğində əsas borc, 18.339,61 manat məbləğində faiz borcu, ümumilikdə 278.339,61 manat məbləğində pul vəsaiti, tərəflərindən bildirişin qeydiyyatı üçün ödənilmiş 51 manat rüsumun və mediasiya üçün 400 manat və ödənilmiş 169 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 251a saylı evin, 208 nömrəli mənzilinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh1 və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 278.959,61 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC (VÖEN: **********) xx.xx.2022-ci il tarixində 09/2022KT saylı kredit xətti müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 09/2022KT saylı Kredit xətti müqaviləsinə əsasən, Cavabdeh2 MMCyə (VÖEN: **********) illik 18% (on səkkiz) faiz hesablanmaq şərti ilə, 260000 manat məbləğində 12 (on iki) ay müddətinə bərpa olunan kredit xətti açılmışdır. xx.xx.2022-ci il tarixli 09/2022KT saylı Kredit xətti müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixində 09/2022KT saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 251a saylı evin, 208 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi-**********27- 05301- 093016, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixixx.xx.2022-ci il). İddiaçı ASCnin xx.xx.2023-cü il tarixli arayışına əsasən, xx.xx.2022-ci il tarixli 09/2022KT saylı Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 MMC-nin (VÖEN: **********) əsas borcu 260000 manat, faiz borcu – 18.339,61 manat, ümumilikdə 278.339,61 manat təşkil edir. Lakin Cavabdeh2 MMC (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixli 09/2022KT saylı kredit xətti müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir.
14. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1 və 445.1-ci maddələrinə, «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən istinad etmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı əmlak satıldıqdan sonra mənzildən çıxarılma və həmin mənzilin boşaldılması tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
16.İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
17. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. .
18. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
19. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
20. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
21. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
22. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuşr redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - AR Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
1. ““İpoteka haqqında” Qanunun: - 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. -39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
23. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
24. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
27. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında 18 mart 2022-ci il tarixli, 09/2022KT saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə illik 18 % hesablanmaq şərti ilə, 12 ay müddətinə 260.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə kredit borcunu ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır.
29. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh "xxxx" MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) faiz borcu 4.680,30 manat müəyyən edilmişdir.
30. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
31. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri) yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün hesablamaqda haqlıdır.
32. Odur ki, hazırkı halda kredit müqaviləsi üzrə kreditin verilmə müddəti xx.xx.2023cü il tarixdə bitdiyindən iddiaçı yalnız həmin tarixədək olan müddət üçün hesablanmış faiz borcunu tələb edə bilər.
33. Ekspert rəyindən həmçinin görünür ki, xx.xx.2023-cü il tarixdən (kreditin verilmə müddətinin bitdiyi tarixdən) sonra da cavabdeh tərəfindən iddiaçı banka 10.000,69 manat məbləğində ödəniş aparılmış, həmin ödənişlərin 4.680,30 manat hissəsi müqavilə müddətinin bitdiyi tarixə hesablanmış faiz borcuna görə silinmiş, geriyə qalan 5.320,39 manat (10.000,69-4.680,30) məbləğində pul vəsaiti isə cavabdehin əsas borcundan silinməklə, xx.xx.2024-cü il tarixə (ekspert rəyinin verildiyi tarixə) cavabdehin 254.679,61 manat əsas borcun olması müəyyən edilmişdir.
34. Belə olan halda əsas borcun tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 254.679,61 manat əsas borc tutulmalı, faiz borcunun tutulması tələbinə dair hissədə isə iddia rədd edilməlidir.
35. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.
36. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 18 mart 2022-ci il tarixli, 09/2022KT saylı əsas kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan) ilə "xxxx" MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 18 mart 2022-ci il tarixli 09/2022KT saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.
37. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma ünvan 1 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdeh "xxxx" MMC-dən ümumi qaydada tutulmalıdır.
38. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır.
39. "xxxx" MMC tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli, LP-028/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 1 nömrəli mənzilin hazırki bazar qiyməti 508.000 manat, likvid qiyməti isə 457.000 manat dəyərində müəyyən edilmişdir.
40. Həmçinin Cavabdeh1 sifarişi əsasında aparılmış və onun tərəfindən məhkəməyə təqdim edilən "xxxx" MMC tərəfindən verilmiş 10 may 2024-cü il tarixli, 044/KS/024 saylı mütəxəssis rəyinə əsasən ünvan 1 nömrəli mənzilin xx.xx.2024-cü il tarixinə bazar qiyməti 559.000 manat, likvid qiyməti isə 520.000 manat dəyərində müəyyən edilmişdir
41. Bununla yanaşı iş materiallarından görünür ki, ipoteka predmeti olan əmlak ipoteka müqaviləsi bağlanarkən də tərəflər arasında qarşılıqlı razılıq əsasında qiymətləndirilmiş və həmin qiymətləndirmələrə əsasən ipoteka predmeti olan ünvan 1 nömrəli mənzil 360.000 manat məbləğində dəyərləndirilmişdir.
42. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə razılaşmamaq üçün əsas olmadığını, həmin rəyin tərəflərin ipoteka müqaviləsində müəyyənləşdirdikləri ilkin satış qiymətinə (360.000) daha yaxın olmasını, eləcə də "xxxx" MMC-nin rəyinin tərəflərdən birinin sifarişi ilə alındığını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetin ilkin satış dəyərinin məhkəmə tərəfindən alınmış "xxxx" MMC-nin rəyində müəyyən edilmiş likvid qiymətə əsasən (457.000 manat) müəyyənləşdirilməlidir.
44. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 169 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
45. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 568,34 manat təşkil edir.
46. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
47. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
48. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərclərinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti, digər məhkəmə xərclərinin əvəzi olaraq 51 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
49. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 130 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 15 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməli, qiymətləndirmə rəyinin alınmasına görə 300 manat məbləğində pul vəsaitinin 270 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 18 mart 2022-ci il tarixli, 09/2022KT saylı kredit müqaviləsi üzrə 254.679,61 manat əsas borc, dövlət rüsumunun və mediasiya xərclərinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 51 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus olan ünvan 1 nömrəli mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 457.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdeh "xxxx" MMC-dən ümumi qaydada tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 130 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 15 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qiymətləndirmə rəyinin alınmasına görə 300 manat məbləğində pul vəsaitinin 270 manat hissəsi ccavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva