Məhkəmə qərarları › İş №e-2-2(113)-3270/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3270/2022

31.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3270/2022 31.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi , iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 23733 (iyirmi üç min yeddi yüz otuz üç) manat məbləğində ziyanın silinməsi və hazırkı iddianın verilməsi ilə bağlı çəkilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 900 (doqquz yüz) manat məbləğində vəkilə ödənilmiş qonorar, ümumilikdə 1100 (bir min yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları 2020-ci ilin əvvəlindən başlayaraq bir neçə dəfə İddiaçı MMC-nin Xəzər rayonunda yerləşən xidmət sahəsinə gələrək bayırda quraşdırılmış qaz sayğacının yenisi ilə əvəz edilməsini təklif etmişlər. Qaz sayğacının işləməsində hər hansı problem olmadığı üçün cavabdehin əməkdaşlarının bu təklifi rədd edilmişdir. xx.xx.2020-ci il tarixində Cavabdeh əməkdaşları tərəfindən növbəti dəfə iddiaçıya məxsus xidmət sahəsinə gələrək bayırda quraşdırılmış G1000 markalı 83047667 nömrəli turbin tipli “Elster” qaz sayğacına baxış keçirilmiş, heç bir zərurət olmadan həmin tarixdə qaz sayğacı yoxlamaya göndərilməsi üçün xətdən çıxarılmışdır. Qaz sayğacı xətdən çıxarılan zamanı sayğacın üzərində olan plomb bütöv və salamat olmuşdur. Cavabdeh X1 departamenti tərəfindən xx.xx.2020-ci il tarixində təsdiq etdiyi SS № 29/1640-01376-6 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” Aktına əsasən “ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Sayğacın mexaniki hissəsi işləkdir. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücüsünün vəziyyəti normaldır. Baza temperatur qazın sıxılma əmsalı və CO2 standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsində, keçən qazın sərfi düzgün qeydə alınmayıb”. Yoxlamanın nəticəsi: “Xətalar normaya uyğundur. Batareya tələb olunur.” Beləliklə, yoxlama zamanı müəyyən olunan qüsur kənardan mexaniki və digər təsir vasitəsilə olmamış, istehlakçı tərəfindən müdaxilə olmadan sayğacın daxili elektron hissəsində baş vermiş xətadır. Cavabdeh tərtib etdiyi xx.xx.2021-ci il tarixli “Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə”yə əsasən, “sayğacın korrektorun parametr göstəricilərində baza temperaturu standarta uyğun olmadığı üçün elektron hissədən keçən qazın sərfi düzgün qeydə alınmayıbdır”. Cavabdeh tərtib etdiyi ******* saylı xx.xx.2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt”a əsasən, 83047667 saylı sayğacda elektron göstəricisi V1 mexaniki göstəricidən 1318 m3 çoxdur. Nəticədə İddiaçı MMC-yə 107881 m2 həcmdə əlavə qazın istifadəsi, onun əsasında isə 23733 manat məbləğində ziyan hesablanmışdır. Cavabdehİstehsalat Birliyi tərəfindən İddiaçı MMC-yə tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında ”Aktı, xx.xx.2021-ci il tarixli“ Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə” və xx.xx.2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt”ı əsassız və qanunsuzdur, ona görə də İddiaçı MMC-yə hesablanmış 23733 manat məbləğində ziyan silinməlidir. Borcun silinməsi ilə bağlı Cavabdehnə edilən şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır. Məsələni məhkəmədən kənar həll edilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixli pretenziya göndərilmiş və mübahisəni məhkəməyədək həll edilməsini və əsassız yazılmış borcun silinməsi xahiş edilmişdir. Pretenziya ilə bağlı cavabdeh heç bir fikir bildirməmişdir. Pretenziya nəticəsiz qaldığı üçün mübahisəni məhkəməyədək həll edilməsi üçün Mediasiya Şurasına müraciət edilmiş və mediasiya xərcləri ödənilmişdir. Mediator tərəfindən cavabdehə mediasiya sessiyasında iştirak edilməsi barədə təklif göndərilmiş, lakin cavabdeh təyin olunmuş vaxtda mediasiya sessiyasına gəlməmişdir. Bu barədə 5 saylı Mediasiya Təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Beləliklə, mübahisənin məhkəməyədək həll olunması üçün bütün mövcud qanuni addımlar atılsa da, bunun heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında iddia tələbinə etiraz edərək qeyd etdi ki, əməkdaşlar tərəfindən qaz sayğacına baxış keçirilən zaman sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərq müəyyən olunmuşdur. Tərtib edilən ******* saylı xx.xx.2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt”a əsasən, 83047667 saylı sayğacda elektron göstəricisi V1 mexaniki göstəricidən 1318 m3 çoxdur. Qarşı tərəfə 107881 m2 həcmdə əlavə qazın istifadəsi, onun əsasında isə 23733 manat məbləğində ziyan hesablanmışdır. İddia tələbi əsassızdır, rədd edilməlidir. İş materiallarında olan: Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2021 tarixli aktda qeyd olunmuşdur ki, 83047667 saylı sayğacın elektron göstəricisi V1 mexaniki göstəricidən 1318 m3 çoxdur. İddiaçı MMC (istixana) adlı **********00000 saylı, Bakı, Xəzər, Hövsan südçülük sovxozu, Bina: 003 ünvanda qeyd olunan abonentin saldosunda cəmi 2021-ci ilin noyabr ayına 23.733,82 manat məbləğində borc qeyd olunmuşdur. 30 noyabr 2021-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixli 29/1640-01376-6 nömrəli aktına əsasən G-1000 markalı 83047667 nömrəli sayğacda korrektorun parametr göstəricilərində baza tempraturu standarta uyğun olmadığı üçün elektron hissədən keçən qazın sərfi düzgün qeyd alınmayıb. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən “Vəliyev, Bağırov və partnyorları” Vəkil Bürosunun bank hesabına 900 manat köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 5 saylı Bakı Mediasiya Təşkilatının hesabına İddiaçı MMC tərəfindən 200 manat köçürülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 23733 (iyirmi üç min yeddi yüz otuz üç) manat məbləğində cərimə silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 900 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-yi tərəfindən İddiaçı MMC-yə hesablanmış 23733 (iyirmi üç min yeddi yüz otuz üç) manat məbləğində borc (abonent kodu **********00000) hesabından silinsin. İş üzrə ödənilmiş 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı 900 manat Cavabdeh İB-dən İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar