Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3273/2022 19.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı yaranmış pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 7700 (yeddi min yeddi yüz) manat məbləğində pulun, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli № 2 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına yanlışlıqla 3850 (üç min səkkiz yüz əlli) manat və xx.xx.2020-ci il tarixli № 22 saylı ödəniş tapşırığına əsasən isə İddiaçı tərəfindən Cavabdeh Məhdud Məsuliyyətinin Cəmiyyətinin bank hesabına yanlışlıqla 3850 (üç min səkkiz yüz əlli) manat, beləliklə hər iki ödəniş tapşırığına əsasən ümumilikdə 7700 (yeddi min yeddi yüz) manat məbləğində pul köçürülmüşdür. Cavabdeh MMC ümumilikdə 7700 (yeddi min yeddi yüz) manatdan hazırki tarixədək heç bir məbləği geri ödəməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsində kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh MMCnin hüquqi ünvanı AZ1138, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad, ev 65 ünvanıdır. İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin qeydiyyatda olduğu ünvanına 7700 (yeddi min yeddi yüz) manat məbləğində pulun geri ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 2 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 3850 (üç min səkkiz yüz əlli) manat və xx.xx.2020-ci il tarixli 22 saylı ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən Cavabdeh Məhdud Məsuliyyətinin Cəmiyyətinin bank hesabına 3850 (üç min səkkiz yüz əlli) manat köçürülmüşdür. İş materiallarında olan Cavabdeh MMC-yə ünvanlanan 29 dekabr 2020-ci il tarixli, 545 nömrəli pretenziya məktubunda xx.xx.2020-ci il tarixli 2 saylı ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən Cavabdeh bank hesabına yanlışlıqla 3850 (üç min səkkiz yüz əlli) manat və xx.xx.2020-ci il tarixli 22 saylı ödəniş tapşırığına əsasən isə İddiaçı tərəfindən Cavabdeh Məhdud Məsuliyyətinin Cəmiyyətinin bank hesabına yanlışlıqla 3850 (üç min səkkiz yüz əlli) manat olmaqla hər iki ödəniş tapşırığına əsasən ümumilikdə 7700 (yeddi min yeddi yüz) manat məbləğində pul köçürüldüyü qeyd olunmuş, qeyd olunan yanlışlığı nəzərə alaraq 7.700 (yeddi min yeddi yüz) manat məbləğində pul vəsaitinin 10 (on) gün ərzində İddiaçı MMC-nin bank hesabına geri ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 1091.1-ci maddəyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəyə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəyə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında heç bir razılaşma olmadığı halda iddiaçı tərəfindən cavabdehin bank hesabına yanlışlıqla pul köçürürlmüş, daha sonra iddiaçı bu barədə qarşı tərəfə məlumat verərək, ödənişin geri ödənilməsini tələb etsə də, cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və 7.700 (yeddi min yeddi yüz manat) manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7.700 (yeddi min yeddi yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 7.730 (yeddi min yeddi yüz otuz manat) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3273/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3273/2022
19.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver