Məhkəmə qərarları › İş №e-2-2(113)-3275/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3275/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3275/2024 31.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Musayeva (Əliyeva) Günay Rafiq qızına və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı, İddiaçı ASC-nin cavabdehlər Musayeva (Əliyeva) Günay Rafiq qızına və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (kreditor) ilə Musayeva Günay Rafiq qızı (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR-1-755-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən tərəflər kredit limitinin məbləği 100.000 manat, kredit limitinin müddəti 120 ay, kredit limiti üzrə aylıq faiz dərəcəsi 2,50%, kredit limiti üzrə gündəlik cərimə faiz dərəcəsi 0,20% olmaqla razılığa gəlmişlər. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında 31 may 2022-ci il tarixli, Z/08798/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin xx.xx.2022-ci il tarixli, 23-MCR-1-755-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı ASC (kreditor) ilə Musayeva Günay Rafiq qızı (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR-1-755-22/1 saylı kredit verilməsinə dair müqaviləyə əsasən kreditor borc alana biznes məqsədli ilə 8.500 manat məbləğində kredit verir, kreditin müddəti 24 ay, kredit üzrə aylıq faiz dərəcəsi 1,92%, kredit üzrə gündəlik cərimə faiz dərəcəsi 0,20% təşkil edir. Həmin müqavilənin 12-ci bəndinə əsasən bu müqavilə xx.xx.2022-ci il tarixli, 23-MCR-1-755-22 saylı kredit limitinin ayrılmasına dair müqavilənin əsasında rəsmiləşdirilmişdir bə həmin müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.

4. 23-MCR-1-755-22/1 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh Musayeva Günay Rafiq qızı tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2024-cü il olmaqla) ödəyəcək əsas məbləğ 8.500 manat, faizin məbləği 2.189,32 manat, cəmi ödəniləcək məbləğ 10.689,32 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır.

5. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Musayeva Günay Rafiq qızının İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, 23-MCR-1-755-22/1 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2025-cü il tarixdə 82,80 manat əsas məbləğind, 18, 41 manat faiz məbləğində ödəniş edilmiş və xx.xx.2024cü il tarixinə əsas borcu 3.272,9 manat, faiz borcu 314,1 manat, cərimə borcu 66,03 manat olmaqla cəmi borc 3.653,03 manat təşkil edir.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehlərə xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, 23-MCR-1-755-22/1 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı cavabdehlər Musayeva (Əliyeva) Günay Rafiq qızına və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Musayeva (Əliyeva) Günay Rafiq qızı, Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3.272,9 manat əsas borc, 314,1 manat faiz borcu, 33,02 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.620,02 manat borcun və 56,2 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Musayeva (Əliyeva) Günay Rafiq qızınaİddiaçı ASCnin “11 saylı” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. Musayeva (Əliyeva) Günay Rafiq qızı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23 faizlə 24 ay müddətinə 8500 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır 2024-cü il martın 13-dək Musayeva (Əliyeva) Günay Rafiq qızının banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3.272,9 manat əsas borcu, 314,1 manat faiz borcu, 66,03 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.653,03 manat borcu vardır. Musayeva (Əliyeva) Günay Rafiq qızının xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 66,03 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 33,02 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

10.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri). 13.Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). İV. TƏTBİQ EDİLƏN HÜQUQ

14. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

15. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdeh Musayeva Günay Rafiq qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR- 1-755-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR-1-755-22/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC cavabdeh Musayeva Günay Rafiq qızına kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 8.500 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh Musayeva Günay Rafiq qızı kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdeh Musayeva Günay Rafiq qızının iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

18. Belə olan halda məhkəmə cavabdeh Musayeva Günay Rafiq qızının xx.xx.2022-ci il tarixli, 23-MCR-1-755-22/1 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC cavabdeh Musayeva Günay Rafiq qızından xx.xx.2022-ci il tarixli, 23-MCR-1-755-22/1 saylı kredit müqaviləsi üzrə 3.272,9 manat məbləğində əsas və 314,10 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

19. Bununla yanaşı iddiaçı Yelo Bank” ASC kredit razılaşması üzrə əsas borcu ödəniş cədvəlinə uyğun qaytarmadığına görə Musayeva Günay Rafiq qızına hesablanmış 33,02 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

20. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, cavabdeh Musayeva Günay Rafiq qızının kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də tələb edilən dəbbə pulunun əsas borc məbləğinə qeyri-mütənasib hesab edilməsi üçün əsaslar olmadığından Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərin əsasən mübahisəli kredit müqaviləsi üzrə 33,02 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

21. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (kredit verən) ilə Musayeva Günay Rafiq qızı (kredit alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23- MCR-1-755-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kredit verən) ilə Cavabdeh2 (zamin) arasında 31 may 2022-ci il tarixli, Z/08798/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 kredit alan Musayeva Günay Rafiq qızının xx.xx.2022-ci il tarixli, 23-MCR-1-755-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

22. Məhkəmə zamin Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 23-MCR-1-755-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır.

23. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 56,20 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

24. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 56,20 manat təşkil edir.

25. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56,20 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdehlər Musayeva (Əliyeva) Günay Rafiq qızı və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 23-MCR-1-755-22/1 saylı krеdit müqaviləsi üzrə 3.272,9 manat məbləğində krеdit bоrcu, 314,10 manat məbləğində faiz bоrcu və 33,02 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.620,02 manat məbləğində bоrc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56,20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar