Məhkəmə qərarları › İş №e-2-2(113)-328/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-328/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-328/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı cavabdehdən 559.45 manat icarə haqqı borcunun və 100 manat dövlət rüsumunun, cəmi 659.45 manat pulun alınaraq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən icarə obyekti - Biləcəri-Keşlə mənzili 2648 km PK 2-nin 60-cı metrindən PK 3-dək yolun kilometr artımı istiqamətinin sol tərəfində “Solvetka” adlanan dalan dəmir yolunun altında təhkim zolağında yerləşən, ümumi sahəsi 520 kv.m təşkil edən icarə obyektinin boşaldılıb, iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 559.45 manat icarə haqqı borcunun və 100 manat dövlət rüsumunun, cəmi 659.45 manat pulun alınaraq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən icarə obyekti - Biləcəri-Keşlə mənzili 2648 km PK 2-nin 60-cı metrindən PK 3-dək yolun kilometr artımı istiqamətinin sol tərəfində “Solvetka” adlanan dalan dəmir yolunun altında təhkim zolağında yerləşən, ümumi sahəsi 520 kv.m təşkil edən icarə obyektinin boşaldılıb, iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021ci il tarixli 127551 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Biləcəri-Keşlə mənzili 2648 km PK 2-nin 60-cı metrindən PK 3-dək yolun kilometr artımı istiqamətinin sol tərəfində “Solvetka” adlanan dalan dəmir yolunun altında təhkim zolağında yerləşən, ümumi sahəsi 520 kv.m təşkil edən icarə obyekti (qeyri-yaşayış sahəsi) cavabdehə icarəyə verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə müddəti 2021-ci il 15 dekabr tarixdən 2022-ci il 15 noyabr tarixədək müəyyən edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 615.00 manat müəyyən edilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı 2021-ci il 01 dekabr tarixdən hesablanır. İcarəçi müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün İcarəyəverən qarşısında 2022-ci ilin oktyabrına qədər 559.45 manat məbləğində borc öhdəliyi yaranmışdır. Müqavilənin 8.1-ci bəndinə əsasən bu İcarə Müqaviləsinə heç bir artıq və əlavə xərc çəkilmədən və hər hansı bir ödəməni həyata keçirmədən icarəyə götürənə 1 (bir) ay qabaqcadan yazılı xəbərdarlığın verilməsi ilə İcarəyəverən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Müqavilənin 8.5-ci bəndinin 2-ci hissəsinə əsasən torpaq sahəsinə dövlətin ehtiyacı yarandıqda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Müqavilənin 6.1.3-cü bəndinə əsasən icarəyə verilmiş torpaq sahəsini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəyə götürənin vəzifəsidir. Müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixində ona 182283 nömrəli pretenziya məktubu ünvanlanmış və pretenziya tələbi icra edilmədiyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi göstərilmişdir. Lakin pretenziya tələbi təmin olunmamış və tərəflər arasında bağlanmış müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Hazırkı mübahisə də kommersiya mübahisəsi olduğundan xx.xx.2022-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və həmin tarixdə də ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2021-ci il tarixli 127551 nömrəli icarə müqaviləsindən görünür ki, iddiaçı Biləcəri-Keşlə mənzili 2648 km PK 2-nin 60-cı metrindən PK 3-dək yolun kilometr artımı istiqamətinin sol tərəfində “Solvetka” adlanan dalan dəmir yolunun altında təhkim zolağında yerləşən, ümumi sahəsi 520 kv.m təşkil edən icarə obyekti (qeyri-yaşayış sahəsi) cavabdehə 2022-ci il 15 noyabr tarixədək icarəyə verməyi, cavabdeh isə bunun müqabilində aylıq 615.00 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, hesablanmış icarə haqqı 4305 manat, ödənilmiş icarə haqqı 3745,55 manat, qalıq icarə haqqı isə 559,45 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 127551 nömrəli icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinə əsasən iddiaçı Biləcəri-Keşlə mənzili 2648 km PK 2-nin 60-cı metrindən PK 3-dək yolun kilometr artımı istiqamətinin sol tərəfində “Solvetka” adlanan dalan dəmir yolunun altında təhkim zolağında yerləşən, ümumi sahəsi 520 kv.m təşkil edən icarə obyekti (qeyri-yaşayış sahəsi) cavabdehə 2022-ci il 15 noyabr tarixədək icarəyə verməyi, cavabdeh isə bunun müqabilində aylıq 615.00 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Müqavilə üzrə hesablanmış icarə haqqı 4305 manat, ödənilmiş icarə haqqı 3745,55 manat, qalıq icarə haqqı isə 559,45 manat təşkil etmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 127551 nömrəli icarə müqaviləsinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən icarə obyektini (qeyri-yaşayış sahəsi) cavabdehə icarəyə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını tam ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcunun tələb olunması hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin qeyri-yaşayış sahəsinin təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 127551 nömrəli icarə müqaviləsinə xitam verildiyindən qeyri-yaşayış sahəsi boşaldılmaqla iddiaçıya təhvil verilməlidir. Eyni zamanda tərəflər arasında bağlanmış icarə müqaviləsinin 6.1.3-cü bəndinə əsasən icarəyə verilmiş torpaq sahəsini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəyə götürənin vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 559.45 manat icarə haqqı borcu və 100 manat dövlət rüsumu, cəmi 659.45 manat pul alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. X5 tərəfindən icarə obyekti - Biləcəri-Keşlə mənzili 2648 km PK 2-nin 60-cı metrindən PK 3-dək yolun kilometr artımı istiqamətinin sol tərəfində “Solvetka” adlanan dalan dəmir yolunun altında təhkim zolağında yerləşən, ümumi sahəsi 520 kv.m təşkil edən icarə obyekti boşaldılıb, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar