Məhkəmə qərarları › İş №e-2-2(113)-3280/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3280/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3280/2024 26.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Nümayəndə2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Nümayəndə2 qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən, Nümayəndə2 və Cavabdeh1 müştərək qaydada 14081.43 manat əsas borc, 562.95 manat kredit üzrə faiz borcu, 1308.47 manat cərimə borcu olmaqla, cəmi 15952.85 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 137.86 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-ci il tarixli Razılaşmasına əsasən Cavabdeh2 MMC-yə 6 ay müddətinə illik 20 % dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Nümayəndə2 və Cavabdeh1 ilə 44FİZAM158608401 saylı və 44FİZAM158639601 saylı xx.xx.2023-ci il tarixli zaminlik müqavilələri bağlanmış və onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh2 MMC onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminlər Nümayəndə2 və Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə iddiaçıya 14081.43 manat məbləğində əsas kredit borcu, 562.95 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, 1308.47 manat gecikdirilmiş əsas borc üzrə cərimə borcu olmaqla, cəmi 15952.85 manat məbləğində borcu qalmaqdadır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (Kreditverən) və "xxxx" MMC (Borcalan) arasında imzalanmış 17 iyul 2023-cü il tarixli Razılaşmaya əsasən, Kreditverən (Bank) 20000 manat məbləğdə və illik faiz dərəcəsi 20 olmaqla, xx.xx.2024 tarixədədək, 0 ay güzəşt müddəti olmaqla dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədli kredit verir, müştəri (Borcalan) isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Kreditverənə qaytarmağı öhdəsinə götürür. Razılaşmanın 3-cü bəndinə əsasən ödəmə vaxtı çatmış lakin Borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 20 (iyirmi) % üstəgəl 5 (beş) % gecikdirmə faizi ilə hesablanır. Müqavilənin 6-cı bəndinə əsasən Borcalan bu Razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faizi məbləğində cəriməni ödəyir. Qeyd olunanlarla yanaşı Kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. İddiaçı ASC və Nümayəndə2 arasında imzalanmış xx.xx.2023-cü il tarixli 44FİZAM158608401 saylı zaminlik müqaviləsinin, İddiaçı ASC və Cavabdeh1 arasında imzalanmış xx.xx.2023-cü il tarixli 44FİZAM158639601 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulmsı üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kredit qarşısında borclu ilə eyni həmcdə və birgə məsuliyyət daşıyır. 2.2ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasının borcludan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. İddiaçı ASC və "xxxx" MMC arasında imzalanmış 17 iyul 2023-cü il tarixli Razılaşma üzrə əlavə olan ödəniş cədvəlindən məlum olur ki, ümumi məbləği 20000 manat olan kreditə görə "xxxx" MMC 17 avqust 2023-cü il tarixdən 17 yanvar 2024-cü il tarixinə qədər hər ayın 17-i (və ya 18-i) 3531,1 manat, sonuncu ay 3531,18 manat ödəməlidir. 01 aprel 2024-cü il tarixinə olan maliyyə arayışında İddiaçı ASC və "xxxx" MMC arasında imzalanmış 17 iyul 2023-cü il tarixli Razılaşma üzrə "xxxx" MMC-yə xx.xx.2024cü il tarixə 14081,43 manat əsas borc, 562,95 manat faiz borcu, 1308,47 manat cərimə məbləği hesablandığı qeyd edilmişdir. CWRNCA**********061338 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, Nümayəndə2 müvafiq olaraq 19602 manat məbləğində pul vəsaiti verilmişdir xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 137,86 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC və "xxxx" MMC arasında imzalanmış 17 iyul 2023-cü il tarixli Razılaşmaya əsasən illik faiz dərəcəsi 20 olmaqla, xx.xx.2024 tarixədədək 20000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh1 və Nümayəndə2 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasındakı müqaviləyə əsasən 14081,43 manat məbləğində əsas borc, 562,95 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı eyni zamanda cavabdehlərdən 1308.47 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 700 manat müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş 137,86 manatın dövlət rüsumunun 134,86 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh1, Nümayəndə2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, razılaşma üzrə 14081,43 manat əsas borc, 562,95 manat faiz borcu, 700 manat cərimə məbləği olmaqla cəmi 15344 (on beş üç yüz qırx dörd) manat 38 (otuz səkkiz) qəpik məbləğin pul vəsaiti, habelə ödənilmiş 137,86 manat dövlət rüsumunun 134 (bir yüz otuz dörd) manat 86 (səksən altı) qəpiyinin əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar