Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3281/2023 28.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarə haqqı və mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-ilə bağlanmış 51/19 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdehdən onun xeyrinə 11328 manat əsasə borc, 331 manat kommunal xidmətlərə dair borc, mediasiya xərci 200 manat, ümumilikdə 11859 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-ilə Cavabdeh MMC arasında bağlanmış 51/19 saylı, 10 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı Bakı ş. Nizami rayonu Q.Qarayev pr. 87 ünvanında yerləşən 160 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə vermişdir. Həmin müqavilə üzrə icarə obyektinin icarə haqqı ƏDV daxil olmaqla 944 manat müəyyən edilmişdir. Həmin müqaviləni 10.1-ci bəndinə əsasən, müqavilənin müddətinin bitməsinə 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda həmin müqavilə növbəti 1 il müddətinə uzadılmış hesab edilir. Bundan sonra tərəflər arasında bağlanmış 1 saylı əlavəyə əsasən müqavilənin müddəti 10 oktyabr 2022-ci il tarixinədək uzadılmış, 1 oktyabr 2022-ci il tarixli 2 saylı əlavəyə əsasən isə müqavilənin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. Bundan sonra tərəflər arasında 31 yanvar 2023-cü il tarixli Üzləşmə aktı imzalanmışdır, həmin akta əsasən cavabdehin iddiaçıya müqavilə üzrə 11328 manat icarə haqqına dair, 331 manat isə kommunal xidmətlərə görə ödənilməmiş borcu olması təsdiqlənmişdir. Bütün yuxarıda qeyd edilənlərə baxmayaraq cavabdeh bu günə qədər müqavilə üzrə üzərinə götürmüş öhdəkiyi icra etməmişdir. Müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni iddiaçıya olan qalıq borcunun ödənilməsi məqsədilə Cavabdehə bildiriş/pretenziya göndərilsə də, Mediasiya təşkilatına müraciət edilsə də, cavabdeh İddiaçıya olan borcun ödənilməsi təmin edilməmişdir. Bu səbədən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli 51/19 nömrəli icarə müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəyə verən ona məxsus aşağıda göstərilən sahəni Cavabdeh MMC-yə icarəyə verir. İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən sahənin yerləşdiyi ünvan kimi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 87.
11. Müqavilənin 1.3-cü bəndinə əsasən sahənin ümumi ölçüsü 160 kv.m. qeyd olunmuşdur.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə xx.xx.2019-cu il tarixdə qüvvəyə minir.
13. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə xx.xx.2020-ci il tarixədək qüvvədə qalır.
14. Müqavilənin 3.1.4-cü bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə (o cümlədən beynəlxalq rabitə) haqlarını və digər kommunal xərcləri ödəyir.
15. Müqavilənin 3.1.5-ci bəndinə əsasən icarəyə verən vergi və digər öhdəliklərinə görə məsuliyyət daşımır.
16. Müqavilənin 4.1-ci bəndinə əsasən icarə haqqı ƏDV ilə birlikdə 944 Azərbaycan manatı təşkil edir.
17. Müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərti ilə icarəçi tərəfindən icarəyə verənə köçürmə və ya nağd qaydada ödənilməlidir.
18. Müqavilənin 4.4-cü bəndinə əsasən müqavilənin 3.1.4-cü bəndi ilə icarəçiyə aid edilən xərclər icarə haqqına daxil deyil və onlar icarəçi tərəfidən təyinatı üzrə ayrıca ödənilir.
19. Müqavilənin 7.1.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət əzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını icarəyə verənə ödəmək, habelə sahə il bağlı və müqavilənin 3.1.4-cü bəndində göstərilən bütün xərcləri vaxtlı-vaxtında ödəmək icarəçinin vəzifələrinə daxil edilmişdir.
20. Müqavilənin 10.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl aşağıdakı hallarda xitam verilə bilər: - 10.2.1. Hər iki tərəfin razılığı ilə; - 10.2.2. Tərəflərdən hər hansı biri müqaviləyə vaxtından əvvəl xitam vermək istdikdə digər tərəfə 1 ay öncədən yazılı məlumat verməlidir. - 10.2.3. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
21. 10 oktyabr 2019-cu il tarixli 51/19 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı əlavəyə əsasən iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 10 oktyabr 2019cu il tarixdə bağlanmış 51/19 nömrəli müqaviləyə tərəflər arasında qarşılıqlı razılığa əsasən 2.2 bəndinə aşağıdakı kimi dəyişiklik edilmişdir.
22. 2.2.Müqavilə xx.xx.2022-ci il tarixədək qüvvədə qalır.
23. 10 oktyabr 2019-cu il tarixli 51/19 nömrəli müqavilənin bu əlavə ilə əhatə edilməmiş bütün digər bəndləri öz hüquqi qüvvəsini saxlayır.
24. 10 oktyabr 2019-cu il tarixli 51/19 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixli 2 saylı əlavəyə əsasən iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 10 oktyabr 2019cu il tarixdə bağlanmış 51/19 nömrəli müqaviləyə tərəflər arasında qarşılıqlı razılığıa əsasən 2.2 bəndinə aşağıdakı kimi dəyişiklik edilmişdir.
25. 2.2.Müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədə qalır.
26. 10 oktyabr 2019-cu il tarixli 51/19 nömrəli müqavilənin bu əlavə ilə əhatə edilməmiş bütün digər bəndləri öz hüquqi qüvvəsini saxlayır.
27. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 31 yanvar 2023-cü il tarixində xx.xx.2019-cu il tarixli 51/19 nömrəli müqaviləyə əsasə ümumi sahəsi 160 kv.m. olan obyektin istifadəyə yararlı vəziyyətdə Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə təhvil verilməsinə dair akt tərtib edilmişdir.
28. İddiaçı QSC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən 10 oktyabr 2019-cu il tarixli 51/19 nömrəli icarə müqaviləsinə əsasən icarə haqqı borcu 11328 manat və kommunal xidmətlərdən istifadəyə görə yaranan borc isə 331 manat təşkil etmişdir.
29. xx.xx.2023-cü il tarixli əmrdən göründüyü kimi iddiaçı tərəfdən Cavabdeh MMC ilə bağlanmış 10 oktyabr 2019-cu il tarixdə bağlanmış 51/19 nömrəli müqaviləyə, ona əlavə olunan 1 saylı, xx.xx.2021-ci il tarixli və 2 saylı xx.xx.2022-ci il tarixli əlavələrə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir
30. İddiaçının Cavabdeh MMC-yə ünvaladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunda tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən 11328 manat icarə haqqı borcu və 331 manat kommunal xidmətlərə görə ödənilməmiş borcu qaldığı və borcun 3 gün ərzində ödənilməsinin təmin edilməsi xahiş edilmişdir.
31. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
33. İşdən göründüyü kimi "xxxx" QSC ilə Cavabdeh MMC arasında bağlanmış 51/19 saylı, 10 oktyabr 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən, iddiaçı Bakı ş. Nizami rayonu Q.Qarayev pr. 87 ünvanında yerləşən 160 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə vermişdir. Həmin müqavilə üzrə icarə obyektinin icarə haqqı ƏDV daxil olmaqla 944 manat müəyyən edilmişdir. Bundan sonra tərəflər arasında bağlanmış 1 saylı əlavəyə əsasən müqavilənin müddəti 10 oktyabr 2022-ci il tarixinədək uzadılmış, 1 oktyabr 2022-ci il tarixli 2 saylı əlavəyə əsasən isə müqavilənin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. Həmçinin tərəflər arasında 31 yanvar 2023-cü il tarixli Üzləşmə aktı imzalanmışdır, həmin akta əsasən cavabdehin iddiaçıya müqavilə üzrə 11328 manat icarə haqqına dair, 331 manat isə kommunal xidmətlərə görə ödənilməmiş borcu olması təsdiqlənmişdir.
34. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı və hüquqi əsaslandırma da qanunvericilikdə həmin müqavilə üçün nəzərdə tutulmuş normaların qarşılıqlı təhlili əsasında aparılmalıdır.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
36. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;
37. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;
38. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
39. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır;
40. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
41. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
42. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;
43. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
44. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
45. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş, o cümlədən müqavilə üzrə yaranmış borc məbləğinə dair üzləşmə aktını imzalamışdır. Bundan əlavə hazırkı iddia tələbinin əksini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddiaçı hazırkı iddia tələbini qaldırmaqda haqlı olmuşdur.
46. Beləliklə, yuxarıda qeyd olunan əsaslandırmalara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 11328 manat məbləğində icarə haqqı və 331 manat məbləğində ödənilmə kommunal haqqı iddiaçıya ödənilməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
49. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh X1 51/19 saylı, 10 oktyabr 2019-cu il tarixli icarə müqaviləsi üzrə 11328 (on bir min üç yüz iyirmi səkkiz) manat əsas borc məbləği, 331 (üç yüz otuz bir) manat kommunal xidmətlərə dair borc məbləği, cəmi 11659 (on bir min altı yüz əlli doqquz) manat və mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı X3 ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova